November 29, 2013

TABLO

Kult.az saytında da yayımlandı. Linkə tıklayın:  "TABLO"


- Gəl, sənə ondan danışım: 

Üzünün sərt, düzgün cizgiləri, seyrək amma sıx saçları və sifətində həddini aşan ciddi ifadəsi var idi. Tədbirdə hər kəsin nitqi bitdikdən sonra o mikrofonunu yandırdı. Səsini eşitdim. Xarici dildə olan nitqi gözlərimi onun üzərinə kilidlədi. Qərarsızlıq, ziddiyyət, “e, mmm..” kimi artıq ifadələr onun nitqinə kölgəsini belə salmamışdı. Təmiz, hətta yad dilin fonetik qaydalarına da riayət edərək süzülən avazıyla,  üzündəki özüylə barışıq və özündən razı ifadəylə iyirmi dəqiqəlik nitqini bitirib qonaqlarla birlikdə zaldan çıxdı. Yaxınlaşıb “Sizi təbrik edirəm. Nitqinizi çox bəyəndim. Bəlkə də ilk nitqiniz deyil… Bəlkə mən öz qüsurumun mükəmməlləşdiyi günü görmək həvəsindəyəm… Bəlkə də ilk nitqinizdir..Nə isə.. Gözəl idi. Çox saq olun” demək istərdim. Amma bu cümlələri kim başa düşər ki? Yenə özümlə dalaşacaq və başqasının anlamazlığı səbəbindən gülünc vəziyyətə düşəcəkdim. Nədənsə içimdə məhz bu nitqimlə onun diqqətini çəkəcəyimi düşünürdüm. Uzun sözün qısası, yaxınlaşmadım. Heç nə demədim. Çünki bilirəm, bilirəm ki, öyrənməyə başladığım bir şeyin dərinliyinə getsəm, dibinə endikcə enəcəm və daha sonra … Sonrasını özündən bilirsən. Bəlkə o insanda da səni görmüşdüm. Bəlkə sadəcə zahiriylə deyil, ruhuyla da səni xatırladacaqdı?  Bilmək istəmədim. 

Gözlərimi dikmişəm nitqini dinləyirəm. O xarici ticarətdən danışır, mən isə o mətni əzbər bilirəm. O danışır, mən isə o an məhz onu əzbərləyirəm: vurğularını, əl hərəkətlərini, su içməyini, nadir hallarda hiss olunmayacaq qədər üzünə düşən təbəssüm kölgəsini.

 Laqeyd. Soyuq. Diqqətli.

Sanki daha vacib bir işi varmış buraya gəlmədən öncə. Ancaq  daha gəlibsə, burdakı işini də ən yaxşı şəkildə görüb getməli idi. Birinə qarşı incə detallarına kimi düşünülmüş bir sui-qəsd hazırlamış və gözlənilmədən iştirak etməsi vacib olan bu tədbir onun bütün planlarını pozmuşdu. Ancaq o geri addım atmaq fikrində deyildi. Tədbir bitər-bitməz əvvəlki işini yekunlaşdıracaqdı. Aha. Üzündəki ifadəni özüm üçün belə açıqlamışdım. Sanki tədbirdə yox, stulumu çəkib onun beynində oturmuşdum. 

Çox su içirdi. Bircə bunun səbəbini öz beynimdə quraşdıra bilmədim. Heç dərinə də getmədim. 

Qarderoba yaxınlaşdı, şərfini və paltosunu aldı. Hər tərəfi şüşəli binanın pəncərəsindən çölə baxaraq paltosunu geyindi, şərfini boynuna çənəsini gizlədəcək qədər doladı və çiynindən dizinə qədər sallanan klassik/sport tərzi çantasını götürüb foyedəki divana yaxınlaşdı. Yanımdan keçərkən iki dəfə burnunu çəkdi və anladım ki, xəstəlik səbəbindən susuzluq çəkmiş ola bilərdi. Təəccübləndim. Divandakı xanıma çox yaxın oturmuşdu deyə onu qısqanmışdım. Amma sən də ağlımda idin. Nədənsə diqqətimi yayındıra bilmirdin. Sonra başım mənə yaxınlaşan jurnalistə qarışdı və bir az sonra ətrafa göz gəzdirdikdə onu görmədim. Getmişdi. 

Niyə sual vermirsən? Canını sıxdım? Darıxdın?

- Ona nifrət edirəm.
- Mən də. 
- Ona görə bu qədər həvəslə danışırsan?
- Çünki səni dörd ildir ki, gözləyirdim. Hər gün xatırlayırdım. Hər səssizliyi sənsizlik sənin haqqında düşüncələrlə doldururdu. Qaçmaq üçün ya şərab var idi, ya məqsəd, ya da xəyallar. Heç biriylə uzun müddət qala bilmirdim. Heç biriylə özümü aldada bilmirdim, səndən başqa. Ümidimi üzmək istəyirdim, o hardansa peyda oldu və ümidimi yaraladı. Yaranı da özü sağaltmağa başladı. Əlbəttə ki, hər yaranın sağaldıqdan sonrakı şəkli yaralanmadan öncəki şəklindən fərqli olur. Mən axı hardan biləydim, sən nə vaxtsa dostlarına mərc uduzacaqsan və əlində ingilis dilində “hug me” yazılan kağızla düşəcəksən Tarqovi ərazisinin “canına”  və camaatdan birinin cəsarət edib səni qucaqlamasını gözləyəcəksən? Sən! Qüruru özündən öndə gedən insan! Bunu necə edə bilərdin? Hər şey bir kənara, mən də səndən geri qalmıram. Nə biləydim ki, o cəsarətli ilk insan özüm olacağam? Nə biləydim ki, səni qucaqlamaqla bütün dörd ilə sarılmış olacağam? Nə biləydim ki, saçlarının qoxusunu içimə çəkməklə səni məndən alan həqiqətin hələ də var olduğunu öyrənmiş olacağam? 
- Mən nə edim? Axı məni səndən uzaqlaşdıran həqiqət, məni sənin kimi sevir. Sənin qədər mənə bağlıdır.
- Mənim kimi? Mənim kimi! Hah! Bir də heç vaxt belə müqayisə etmə! Mənim kimi! O heç vaxt mənim kimi hiss edə bilməz. Çünki mən sənə yoxluğunla bağlanırdım, səni yoxluğunla böyüdürdüm, o isə sənə “canım, hər şeyim, ürəyim” deməklə özünü sənin sahibin hesab edirdi. O sahiblənə bilirdi ən azından. Mən? Mənim isə bilirsən əzəldən sahiblənmək məfhumundan acığım gəlir. Amma görünür sənin kimi dərvişlər onlara sahiblənsinlər deyə yaşayırlar bu həyatı. Demə ki, onun səni qısqanmağı sənin xoşuna gəlmirdi! Demə ki, canın sıxılırdı onun yanında! 
- Hə.
- Nə hə? 
- Onu sevmirdim. Sevmirəm... İndi də. 
- ...
  
Düşdüyüm vəziyyəti özümə necə açıqlamalı idim?  Sevdiyim insanın sevərkən üzə çıxan dayazlığındanmı imtina edim, yoxsa sevmədiyim ancaq hər gün məni özüylə dərinlərə sürükləyən birinin əlini buraxım? Axı mənə “sən dərində yaşamaq üçün doğulmusan” deyirdilər. Sahildə ölərdim. Ölmək üçün sahildəkinə yaxınlaşmalı idim yenidən. 

Tədbirdən sonra daha bir ziyafətə qatılmalı idim. Ancaq öncə evə gedib paltarımı dəyişəcəkdim. Şirkət maşınından imtina edib, metroyla vaxta qənaət edəcəyimi düşünərək metroya düşdüm. Xətai metrosundan ən son nə zaman istifadə etdiyimi xatırlamıram. Platformadakı skamyayabənzər oturacaqlardan birində oturub qatarı gözləyirdim. Platformanın sağ başında mən, sol başında isə o dayanmışdı. Qeyri-iradi şəkildə qalxıb sol tərəfə doğru addımladım. Qatar demək olar ki, boş idi, iki-üç gənc xaricində. 

- Bağışlayın, 20 Yanvara getmək üçün doğru qatara minmişəm? 
- Bəli, xanım. 28 May stansiyasından keçid edərək getməlisiniz.
- Çox saq olun. 
- Buyurun.

Yenə qərarsızlığım əlimdən tutub ona arxamı çevirməyə və oradan uzaqlaşmağa məcbur edəcəkdi. Buna icazə verə bilməzdim. 

- Bu arada, tədbirdəki nitqinizi bəyəndim. Nə yalan deyim, sizin təşkilatdan bir neçə şəxsin nitqini dinləmişdim eyni mövzuda, ancaq bu qədər zövq almamışdım. 
- Təşəkkür edirəm diqqətiniz üçün. Siz də tədbir iştirakçılarından idiniz?

Laqeydliyini bu qədər qorumaq məcburiyyətində idimi bu adam? Guya məni tədbirdən xatırlamır.

- Bəli. Bizim şirkət sizin təşkilatın infrastruktur mövzüsünda olan bütün tədbirlərinə qatılmağa çalışır. Bu arada, özümü təqdim etməyi unutdum: Nigar
- Məmnun oldum, Nigar xanım. 
- Mən də. 

Daha sonra 28 May metrosundan yollarımız ayrılmışdı. Daha sonrası asan oldu. Gah müxtəlif aralıqlarla keçirilən işgüzar görüşlərdə, gah da ziyafətlərdə görürdüm onu. Hər tədbirdən bir-iki cümlə mübadiləsi və nəticə:

Onun xarici dillərə olan həvəsindən xəbər tutmuşdum. Beş dil bilirdi, üstəgəl yeni öyrənməyə başladığı ərəb dili. Onun azadlığını əlindən heç nə ala bilməzmiş. Əmin olub-olmadığını soruşanda mənə düz, məna dolu amma şifrəsini sındıra bilmədiyim baxışlarla baxmışdı. Gülümsəmişdim. Gülümsəməyim qorxumu gizlətmək üçün idi. Keçmişdəki “insan”ımı xatırladırdı bu iddiası ilə. Yenə itirmək növbəsinə yazılmışdımmı görəsən?

Ölkəmizdəki səfirliklərdən birinin təşkil etdiyi ziyafətdə başı çox qarışıq idi. Mənimlə sadəcə salamlaşmağa vaxtı olmuşdu. Bütün qonaqlarla salamlaşır, söhbət edir və nadir hallarda rastladığım gülüşünü bağışlayırdı onlara. Mən də qədəhimi əlimə alıb tanıdığım qonaqların bəzisiylə söhbət edərək, məkanı gəzərək onu müşahidə etməyə çalışırdım. Siqarət çəkmək üçün mehmanxananın iyirminci mərtəbəsində yerləşən bu restoranın balkonuna çıxmışdı. Açılan mənzərə ekvalayzerə bənzəyirdi. Şəhərin ritmini yaddaşa nəqş edən mərtəbə. Mən də çıxdım. Siqarətin tüstüsü məni narahat etməsin deyə məndən aralı dayanmaq istədi. 

- Yox. Narahat olmayın. Yəni əgər “Sobranie” çəkirsinizsə, onun tüstüsü məni narahat etsə də, olar.
- Qəribədi.
- Niyə? Qadınlar siqaret çəkə bilirsə, tüstüsündən niyə qaçırlar ki? Anlamıram.
- Bu sualı mən verəcəkdim. Siz də çəkirsiniz?
- Xeyr. Tərzimlə uzlaşmır. Bir də mən siqarəti qırx yaşına kimi yaşamağı bacaran insanlara, əsasən də 40+  kişilərə yaraşdırıram. 
- Anlamadım. Niyə?
- Çünki adətən bu yaşlarda onların saçına düşən dən boz rəngə çalır və siqarət çəkərkən tüstüsüylə yaranmış vəhdət boşuna yaşamadıqlarına inandırmaq istəyir insanı. Həyatda sadəcə mövcud olmayıblar, öyrəniblər, sözün əsl mənasında həyatı “yaşayıblar” anlamına gəlir mənim üçün. Əlbəttə, bu əslində belə deyil. Ancaq mən bəzi mənzərələrə öz dizaynımı biçməyi xoşlayıram. 
- Ahaha.

Onu güldürməyi bacarmışdım. Oynadığım oyunlarda da ən çox dolanbacı və düyünləri açmağı sevirəm. Bu insan da mənim üçün içindən çıxmaq istəmədiyim bir labirint idi. Lakin içində irəliləmək də çətin idi. Sanki bəzi yolları şifrəli idi və mən qətiyyən o yollarda nə olduğunu görə bilmirdim.

Biz ziyafətdən çıxanda o bizi görməmişdi. Salonda yox idi. Mən də onu görmək üçün şirkətimizin əməkdaşlarını yubatmaq istəsəm də, heç kəsi yubada bilmədim. Getmək istəyirdi həmkarlarım. Bir müddət, təqribən bir ay onlar tərəfindən təşkil olunan tədbirlərin arası kəsildi. Bir gün onun rəhbərliyi altında işləyən şəxslərdən biri üç gün sonra keçiriləcək tədbirə qatılıb-qatılmayacağımızı dəqiqləşdirmək üçün zəng etmişdi. Biz də şirkətimizdən üç nəfərin qatılacağını təsdiq etdik. Bir ay və üç gün sonra onu görəcəkdim. Həyəcan? Yox. Maraq? Bəlkə də. İstək. 

Bu dəfə qonaq kürsüsündə yox, iştirakçılar üçün ayrılmış oturacaqlarda, ön sırada oturmuşdu. Üç sıra arxada idim. Arxaya baxmırdı. Niyə baxmalı idi ki? Mən olsam, baxardım? Bəlkə də bir bəhanəylə geri boylanardım. Tədbir bitdi, salamlaşdıq. Ona gülümsədim, qarşılıqsız olsa da. Yenə burnunu çəkirdi. 

- Deyəsən, yenidən soyuqlamısınız?
- Bəli.

Bu qədər qısa cavab? Davam edimmi görəsən?

- Özünüzə yaxşı baxın, deyərdim amma artıq gecdir deyəcəksiniz hər halda.
- Yaxşı baxsam, sağalaram. Haqlısınız.

Mənimlə razılaşdı. Təəccüb? Yox. Sakit. Davam et.

- Sizi çaya dəvət etsəm? Soyuqdəyməyə faydası olar, ziyanı olmaz.
- Olar. 
- Yəni? Ziyanı olar?
- Yəni olar. Gedək. Öncə bəzi işlərimi yekunlaşdırmalıyam.
- Oh... Əlbəttə. Buyurun. Bağışlayın, vaxtınızı aldım.
- Xoşdu.

Yaxşı, bəs mən indi nə etməliyəm? Foyedə valideynini gözləyən uşaq kimi o tərəf-bu tərəfə addımlayır, “reception”da oturan qızlara gülümsəyir və özümü narahat hiss edirdim. Yarım saatın necə keçdiyini anlamamağım bir yana, yarım saat gözləməli olduğumla necə barışdığımı anlamamışdım. “Bağışla, gözlətdim” filan kimi cümlələrə onun formatında rast gəlinmədiyi üçün bu dəfə də onlarsız keçindik.  

Binadan çıxanda maşınını gətirmək üçün yenə yanımdan ayrıldı. Mənim sual gizləyən baxışlarımı sezib cavabı mənə çox görmədi: 

- Keçən dəfə maşınımı qardaşıma verdiyim üçün metrodan istifadə edəsi oldum. Həm də getdiyim yerə bir stansiyalıq yol var idi, vaxta qənaət etmək istədim.
- Aydındı. 

İçərişəhərdə müdavimi olduğum kafelərdən birinə gəldik. İnteryeri kitab və çiçəklərlə dekor edildiyi üçün bu yerin xüsusi abu-havası var idi. Bəzən istəyirdim ətrafımdakılardan soruşam ki, qəhvə qoxusunun arasından süzülən kitab qoxusunu da hiss edə bilirsinizmi? Sonra təxəyyülümün oyunu olar deyə, çəkinirdim. Hər zamankı seçimim olan küncdə pəncərənin yanında olan masanın boş olduğunu görəndə sevindim. Orada oturduq. Mən çay və “Blackforest” şirniyyatı, o isə yalnız qəhvə  sifariş etdi. 

- Xoş abu-havası var buranın. Deyəsən, sizi tanıyırlar burada?
- Bəli. Tez-tez gəlirəm. Bəyəndiyinizə sevindim. 

Yenə təbəssüm kölgəsini saldı üzünə və mən bu anı yaxalamaq üçün necə diqqətli olduğumun fərqinə vardım. Ona nə isə demək ehtiyacı hiss etdim:

- Sizi izləməkdən zövq alıram.

Qəhvəsindən bir qurtum alaraq uzun kipriklərinin  altından iti baxışlarıyla mənə baxdı. Təbiətin işindən baş açmaq olmur. Bu sərt cizgilər, soyuq baxışlar hara, o uzun kipriklər hara? Sonra isə :

- Birbaşa? – deyə soruşdu
- İstəyirsiniz söyləmək ehtiyacı hiss etdiyim fikirləri bəzəyərək söyləyim?
- Yox. Amma gəlin, bu etirafı daha maraqlı edək.
- Olar. Buyurun.
- Sizə sual verəcəm. 
- Buyurun.
- Öncə  bu “sizli”- “bizli” münasibəti ortadan qaldıraq.

Mənim bu təklifə münasibətimi gözləmədən davam etdi.

- Başqa nədən zövq alırsan?
- Yemək bişirməkdən.

Qısa pauzadan sonra dedim:

- Duzu ölçülü, istiotu nizamlanmamış yeməklər. 

Əlindəki qəhvə fincanını nəlbəkiyə qoydu. Dodaqlarını baş və işarət barmaqları arasına alıb pəncərədən çölə baxdı. Sol ayağını sağ ayağı üzərinə aşırmışdı. Səssizliyi pozmağa tələsərək davam etdim:

- Cərrahiyəylə bağlı videoları izləməkdən zövq alıram.
- Oho! Təəccübləndim. Sizin marketing şöbəsi hara, cərrahiyə hara?
- Siz də yolunu şaxələməyi xoşlamayanlardansınız?
- Bəli. 

Özümü bir az itirdim. Ancaq cəld:

- Mən zövq alıram dedim, cərrah olmağa hazırlaşıram demədim.-cavabıyla qarşılıq verdim.
- Daha çox hansı orqanın cərrahiyəsiylə maraqlanırsan?
- Nevrocərrahiyə. Hematomanın xaric edilməsi və s. Amma fərq qoymuram o qədər də, çalışıram hər orqana aid video tapıb izləyim.
- Ürəklisən.
- Yox. Sadəcə həkim bıçağı altında yatan mən deyiləm. Bu bir az sakitləşdirir.
- Eqoistsən.
- Oh! Səndən eşitdiyim ilk kompliment.
- Eqoistdən öncəki sayılmadı?

Gülümsədim. Başımı aşağı saldım və şirniyyatdan bir tikə aldım. Hardansa söhbət sosial şəbəkədən istifadəyə gəlib çıxdı. 

- Facebook istifadə edirsən?
- Yox.-deyə cavab verdim.
- Xüsusi bir səbəbi var? Yoxsa sən də bir aylıq diqqət çəkmək üçün bağlamısan?
- Xeyr. Bağlayacaqdım səhifəmi, ancaq deaktiv etmək istəyim üçün tam olaraq bir qəlib tapmamışdım. 

Bir gün Rusiyanın məşhur intellektuallarından biri dəvət olunduğu verilişdə “Sosial şəbəkədə daha çox reallığından xoşbəxtlik çatışmazlığı çəkən insanlar oturur” cümləsinə bənzər bir cümlə işlətdi. Tam olaraq xatırlamıram, lakin o cümlə axtardığım qəlib oldu və akkauntumu deaktiv etdim.

- Özünü xoşbəxt hiss edirsən?
- Belə görünmək istəyirəm.
- Bu səmimiyyətdir, yoxsa naməlum bir şeydən qaçmaqdır? Təyin edə bilmədim.
- Çalışma. 
- Məncə sən də, o intellektual da yanlış yoldasınız.
- Ahaha... Doğrudan? Öyrənə bilərəm niyə? Alternativin nədi?
- İndiki zəmanədə ətrafımızdakı insanlar əziyyət çəkib balanslarındakı manatları mesajlara və ya zənglərə xərcləməzlər. İnternet, facebook, wi-fi, whatsapp  və s.  miksi varkən... Sosialdan uzaq insan, de görüm sən darıxmazsan?
- Sevdiklərim yanımda olur, balansları mənim üçün xərclənəcək qədər olur, darıxmağa da çalışıram vaxt saxlamayım.
- Tərs keçi.

Soyuq notlardan, həddindən artıq səmimi notlara keçidini tutarkən nə cavab verəcəyimi bilmirdim. Bu keçidi üzə vursam, onun səmimiyyətinin qarşısını almaqdan qorxurdum. Ona görə susaraq qarşılıq verməyi qərara aldım.

- Mən də xəstəyəm.

Sərt döngə idi. Başa düşməyə, cümləni beynimə oturtmağa çalışdım. Sual ver! Sual ver! Tez ol!

- Bu soyuqdəymələr boş-boşuna deyil, eləmi?
- Afərin. İmmun sistemim artıq məni qorumaqdan imtina edir. Tolerantdır, bilmirəm mənə qarşı yoxsa mikroblara qarşı.
- Müalicə?
- Cəhd var. Nəticə yoxdu.
- Bəlkə cəhd də kafi deyil. Bəlkə daha yaxşı həkimlərə müraciət etmək lazımdı.
- Başlama, xahiş edirəm. Bunu səninlə təsəlli almaq üçün paylaşmadım. Birbaşa etiraflarını bir daha eşitməmək üçün paylaşdım. Məndən zövq almağını istəmədiyim üçün paylaşdım.

İnsan bir anın içində beyni və ürəyinin dialoqundan necə belə tez nəticə çıxarıb kobudlaşa bilər?  İtirəcək heç nəyi yoxdur deyəmi belə danışır? Qərar verə bilmirdim. Söhbətin axarı məni çaşdırdı. Üzə vurmamağa çalışdım. İnsanlığın kəşf etdiyi iki sözdən nifrət edirdim: “yazıq” və “bəxtəvər”. Ona görə də xəstəliyini öyrənməyimin məni sarsdığını göstərməməli idim. Ona yazığım gəldiyini düşünməməli idim. Onun analiz sürətinə heyran qalsam da, söhbətin ani dəyişən axarı mənim analiz etmə qabiliyyətim üçün də adrenalin oldu. Nə istədiyimi, nə gözlədiyimi daha aydın görməyə başladım.

- İstəyirsən sabah Müasir İncəsənət Muzeyinə baş çəkək?
- Sən məni eşitmədin? 
- Eşitdim. 
- Bəs muzey ziyarəti mövzumuza niyə qarışdı?
- Səmimi olmağım sənin xoşuna gəlməyəcək. Amma madam inad edirsən, gəl sənə bir şey deyim:

Məncə sən hələ çox yaşayacaqsan. Adi soyuqdəyməni  şişirib ölümə bağlamağının mənasız olduğunu düşünürəm. Hətta əgər haqlısansa belə, düşünürəm ki, səni izləməkdən aldığım zövqü, bu şəkildə pozmağın düzgün deyil. Çünki ölüm xəstəlik olmadan da hər birimizin qapısını döyəcək qonaqdır. Öz varlığını mənim gözümdə şişirməyəmi çalışırsan? Sən dünyanın ən bədbəxt insanı, mən isə demək olar ki, tanımadığı birinə onu izləməkdən zövq aldığını etiraf edən uşaq. Mənim haqqımda belə düşünürsən? Etiraf edim ki, uşaqlıqda küçədə gedərkən tanımadığım insanlara da salam vermək vərdişim var idi. Bir dəfə anam məni danladı ki, sən tanımadığın adama niyə salam verirsən? Uşaq idim deyə anama deyə bilmədim ki, “Axı sən bu dayını tanımasan da, mən onu babamla bazara gedərkən tez-tez görmüşəm”. O danlaqdan sonra daha o dayıya salam vermirdim. İndi isə xatırlayanda, deyirəm kaş o dayıyla yenə qarşılaşaydım. Ancaq kim bilir, bəlkə də artıq rəhmətə gedib. 

- Nigar xanım, sən həqiqətən də uşaq kimi safsan. Düşünürdüm ki, məni özün üçün macəra olaraq görürsən və səni öz oyununla labirintə salmaq istədim ki, oradan çıxa bilib-bilməyəcəyini yoxlayım. Saflığın və səmimiyyətin çıxardı səni o labirintdən. Çox saq ol.

Fincanımın dibini qurutsam da, boğazımdakı quraqlıq çəkilmədi. İmtahan edərkən, imtahan edildik. Bircə bu çatmırdı. Ümumiyyətlə, həyatda sevgidən, ehtirasdan, kiməsə bağlanmaqdan daha önəmli hisslər var. Məsələn? Cavab ver Nigar! Qınananda biləcəksən cavablarını. Onların müşahidəsindən daha önəmli məsələlər var. Məsələn? Nigar?! Qarşımda oturan bu insanın qəlibini zaman elə gözəl yoğurmuşdu ki, mən onun jestlərində, mimikalarında qorunan, soyuqluq gətirən buz qayasının altındakı dərin sularda üzməkdən həzz alırdım. Aysberq cazibəsi. Məni “Titanik” kimi parçalayıb batırmaq istəyən buz qayası. Üzməyi bacaranı donduracaq qədər şaxta var onda. Nigar! Sevinməlisən, heç kəs ölməyəcək. Onun
soyuqdəymədən başqa heç bir sağlamlıq problemi yoxdur. Bax! Zarafat edirmiş! Səni yoxlayırmış. İmtahandan keçdin. Əhsən!

Ertəsi gün onunla birlikdə Müasir İncəsənət Muzeyinə baş çəkdik. İncəsənət şedevri sağ tərəfimdə dayanıb mənimlə birlikdə əsərlərə baxırdı. Qarşımızdakı tabloda qara rəngli divarları olan xəstəxəna otağında süni nəfəs aparatına bağlanmış insanın bir tərəfində  evtanaziya ilə onun həyatdan bağını kəsən ağ xalatlı, digər tərəfdə arxasını “yarım ölü” insana çevirmiş, ümidsiz görünən üç nəfər təsvir olunmuşdu. O üç nəfərdən birinin pencəyi yaşıl, birinin köynəyi ağ digərinin isə paltarı qırmızı idi. Pencəkli və köynəkli nəfərlərin ayaqları otağın divarlarıyla və qaranlığıyla həmrəng olduğuna görə yox kimi görünürdü. Rəssam niyə bir-iki ton rəng açmağa cəhd etməmişdi? Əlində deyilmiydi? Qırmızı paltarda olan qadının saçları və dizdən aşağı ayaqları həmrəng idi otaqla. Əllərini belində birləşdirərək gül dəstəsi tutmuşdu. Bir kala və bir qızılgül. Qızılgülün qırmızısı ilə onun paltarının qırmızısında ton fərqi var idi. Rəssam, niyə bu qədər oynamısan görəsən?

- Mən də evtanaziya tərəfdarıyam belə hallarda.
- Bağışla, amma “evtanaziya” sözüylə tanış olmağın, sənə ondan istifadə etmək ixtiyarı vermir. Bu barədə danışmaq istəmirəm. Yenə zövqümü korlamağa çalışırsan.

Hiss edirdim ki, onun məndə oyatdığı həyəcan, alışdırdığı naməlum qığılcımlar onunla danışarkən qar dənəciklərinə çevrilirdi. Lazımi hədəfə yapışırdı ancaq məni də soyuqqanlı göstərirdi. Mənim nələr çəkdiyimi, içimdə apardığım mübarizəni, keçmişdəki “insanı”mı unutmaq üçün diqqətimi onun üzərində cəmlədiyimi, içimdə axtardığım “özümü” tapa bilməməkdən qorxub onun “mən”ini öyrənməyə çalışdığımı bilmirdi. Bir anlıq istəyirdim ona deyim ki, gəl sən bu soyuqluğunla donub mənim həyatımda qal. Amma yox. Onu da yola salmalı idim. Mən axı heç kəsi səfərindən saxlamıram.

Tablonun önünə keçib onunla üzbəüz dayandım. Gözlərimi gözlərinə dikdim. Üzündəki bütün cizgiləri əzbərlədim. Bütün üz xətləri dodaqlarında birləşərək ağzından çıxardığı hər sözlə onun xarakterini ifadə etsəydi, bütün psixoloji testlərdən daha düzgün ifadə edərdi. Bu cizgilərin sahibi isə ruhunun dilini dəyişmişdi.Gözlərimə baxarkən nə düşünürdüsə, o buz kristallarının parıltısı məni qorxutmağa yetərli idi. Baxışlarının bir anlıq gözlərimdən alnıma doğru qalxması da qorxutmuşdu. Mən onu əzbərləmək istərkən, yenə məndən öncə davranmağa cəhd etmişdi. Qanadlarım olsaydı, məni bu qədər yüksəyə qaldıra bilməzdi.

Bir anlıq bu insanın həyatımda əbədi qalacağına inandım. Düşündüm ki, onun bu soyuqluğunda yaşaya biləcək yeganə canlı mənəm və o bunu bilir. “Keçmişdəki insanımı” həyatımdan siləcəm və bütün keçmişimi gələcəyimin soyuğunda donduracam. Yaşayacam. Donmuş maddələrdə də yaşaya bilən canlılar kimi. Onun da əriməmək səbəbi mən olacam.  Fikirlərimi açaraq uyğun cümlə halına saldıqca onlara daha çox inanmağa başlamışdım. Tablonun önündən çəkildim. Əlimdən tutdu və birlikdə muzeydən çıxdıq. 

- Mənim üçün duzu ölçülü, istiotu nizamlanmamış yeməklərindən bişirə bilərsən?
- Gəl mənimlə.
- Tək yaşayırsan?
- Bunun bir fərqi var? Sən məndən bunu şəraitdən asılı olaraq istəyəcəkdin yoxsa artıq istəmisən?
- İstəmişəm artıq. 

Evə gəldikdə marketdən aldığım məhsullarla mətbəxə keçib işə qoyuldum. İlk dəfə idi ki, birinin məni seyr etməsindən çəkinməmişdim. Başqa vaxt olsaydı, başqa biri olsaydı mən heç cür mətbəxdə onun  müşahidəsi altında yemək hazırlaya bilməzdim. Əlim ayağıma dolaşar, ən dadsız yeməyi servis edərdim. Onun baxışları mənim şüuraltıma “mübarizə apar!” əmri vermişdi. Mübarizə aparırdım. Doğradığım tərəvəzin hər diliminə hisslərimdən bir qığılcım qurban edərək hazırlayırdım duzlu-istiotlu şah əsərimi. Məndən nə içəcəyimi soruşduqda, meyvə şirəsi istəmişdim. “Evində bir bar spirtli içkisi olan insan, bu yeməklə meyvə şirəsi içməkmi istəyir?” deyə soruşmuşdu. Cavabım hazır olsa da, bir neçə saniyədən uzun çəkən səssizlikdə onun gözlərinə baxmışdım. Sonra isə “Ayıq adam müşahidə altında iş görə bilməz. Bunu ancaq sərxoşlar bacarır”- söyləyib qarşımdakı ət taxtasına əlimdəki bıcaqla işarə edərək “Fərqində deyilsən?” əlavəsini etmişdim.

Yeməyin dadına baxdıqdan sonra balkona çıxmışdı. Ondan hər hansı bir rəy gözləmirdim. Əslində, əlbəttə ki, gözləyirdim, hiss etdirməkdən özümü saxlamışdım. Siqaret çəkirdi. Masanı yığışdırarkən belimdə əllərini hiss etdim. Məni qucaqlayaraq təşəkkür etdi. Rəyə bir bax! “Nuş olsun”-dedim mən də. 

- Sabah axşam “MCL” mehmanxanasının önündə görüşək. Sənə surprizim olacaq.
- Maraqlıdır. Görüşərik.
- Mən gedim. 
- OK.
- Çox saq ol.
- Nuş olsun.

Yenə də nə isə demək istəyirdi, lakin fikrini dəyişərək sağollaşdı. Bütün gecə surprizini təxmin etməyə çalışdım desəm, yalan olar. Bir yandan bilirdim ki, belə bir təxmin mümkün deyil, bir yandan da onun məni təəccübləndirməyini çox istəyirdim. Öncədən təxminlərimlə yaşanacaq anın sehrini qaçırmaq istəmirdim.

Razılaşdığımız kimi saat 21:00`da mehmanxananın həyətində onu gözləyirdim. Ətraf maşınlarla dolu idi. Bir neçə gənc maşınlardan birinə dayanaraq söhbət edirdi. Xüsusi bir gecə deyildi. Bakının səması yenə ulduzsuz, küçələri isə lampalarla bərq verirdi. Bütün mənzərə ətrafdakı yeganə əzəmətli bina olan bu mehmanxanaya arxa fon olsun deyə yaranmışdı və mənim ağlıma bir-birinin ardınca gələn reklam cümlələriylə öz möhtəşəmliyini yerləşdirirdi: “Sayrışan lampalar küçəsində yerləşən mehmanxanamız qonaqlarının yolunu gözləyir”, ya da “Səmanı sizə yaxınlaşdıran mehmanxana” və s...

Gecikirdi. Nömrəsini yığmağa qərar verdim. Zəng etdiyim şəxs müvəqqəti olaraq əhatə dairəsi xaricində idi. Görəsən niyə gecikir? Mehmanxanayla üzbəüz parka getdim. Skamyalardan birinə oturub ətrafı geniş miqyasda seyr etməyə başladım. Mehmanxananın önündəki gənclərin başlarını yuxarı qaldırıb nəyəsə tamaşa etdiklərini gördüm. Başımı eyni istiqamətdə qaldırdım və çox böyük, hər biri təqribən üç metr hündürlükdə olan qanadların mehmanxananın damından havaya açıldığının şahidi oldum. Möhtəşəm mənzərə idi küçə lampalarından çox yüksəkdə olan bu qanadların qaranlığı fosforlu yaşıl konturlarıyla bəzəməsi. Telefonuma zəng gəldi. O idi. Tez açıb:

- Hardasan? Gəl çıx, görüş yerimizdə möhtəşəm mənzərəyə birlikdə tamaşa edək.
- Nigar... Sənə söz verdiyim surprizin qanadlarıdır qarşında. 
- A... Az... – adını çəkmək istəsəm də nitqim qurudu. Yenə bir hürkü düşdü canıma. Qorxdum. Hardasan? - deyə soruşdum.
- Gözlərinin baxdığı və heyran qaldığı nöqtədə. Məni yox, qanadlarımı gördüyün yerdə. Evtanaziya ilə yuxarıya yol axtaranların xəbəri olmayan bir yerdə. 
- Gəl aşağı. Xahiş edirəm. – səsim əsə-əsə heç vaxt ayıq olmayan altıncı hissimin dilindən danışırdım. Təhlükənin an içində özünü göstərəcəyinə əmin idim.
- Gələcəyəm. Öncə məni dinlə. 
- Gəl.
- Dinlə!
- Nigar! Soyuq davranışlarımın dondurub öldürmədiyi, əksinə yaşatdığı insanın varlığına ölsəm də inanmazdım. Sən isə məhz mən ölmək ərəfəsindəykən gəlib məni belə bir insanın varlığına inandırdın. Sən var idin. Mənim isə səninlə ən azından bir il paylaşmağa vaxtım qalmamışdı.İndi isə vaxtım daha da azalıb. Sən mənim həyatıma girmək üçün atdığın addımla, möhtəşəm parladın. Parıltın gözlərimi qamaşdırdı. Borclu qalmağı sevmirəm. Sənin həyatından sadə insanların bir-birini tərk etdiyi kimi çıxa bilmərəm. Mən hər işinə mükəmməl yekun vuran insanlardanam. Bilirsən, düzdü?  Bilməsəydin məgər mənimlə buralara qədər gələrdin? Sən zövqlü insansan. İncəsənət yaradan olmasan da, incəsənət yaşayan insansan. Bəzən nə istədiyini bilməsən də, istəmədiklərindən əmin olan bir insansan. Sənə çox hörmət edirəm. 

- Düş aşağı, xahiş edirəm. 
- Sözümü kəsmə! Mənimlə birlikdə burda olmağını çox istərdim. Qanadlar çox ağırdır. Burdan uçmaq cəhdi etsəm, onlarla yerə çırpılmaq ehtimalım daha çoxdu. Sən burda olsaydın, bəlkə birlikdə onları hərəkətə gətirər və cahanı paylaşardıq.
- Gözlə məni!Qalxım yuxarı , birlikdə qanadlanaq!
- Nigar! Başa düşmürsən? Bu artıq mümkün deyil. Mən səni qanadlarla yarıyolda buraxıb sənin məhvinə səbəb olacağam. Ona görə də indi sənin gözünün önündə  gələcəyini məhv edəcək qədər ağır qanadları “incəsənət”ə çevirəcəm.  Diqqətlə izlə və unutma: “Mənim əsl qanadlarım sənsən. Təəssüf ki, sənin varlığını gec öyrəndim. Suda dünyaya gələn, qanadlarından bixəbər quş kimi. Dalğalar məni sahilə gec atdı  küləklə tanışmaq üçün. Qısacası,unutma! Mənim əsl qanadlarım sənsən!”. Mənə bir söz de:

Nə deyim? Bu sözləri mənim hansı sözlərim məhvdən xilas edə bilər ki? Nə demək istəyirəm? Dayan orda! Gözlə məni! Gəlib əllərindən tutub heç vaxt buraxmayacam! Birlikdə bütün zamanları təmizləyəcəyik. Gözlə! Nə olar?! Nə deyirəm mən? Dahini bu sözlərləmi durduracaqdım?

- Mən “incəsənət” yaşayan insanam. Sən isə mənim şah əsərimi ömrümdən oğurlayırsan. Etmə bunu!
- Ah, Nigar! Xilaskarsan! Sən xilaskarsan! Şeytanım səndən güclü olmasaydı kaşki! Əlvida! 

30-40 mərtəbəli binanın damında yaşıl fosforlu konturlarıyla birdən-birə tamamilə alışan və ətrafa od saçan
qanadlar sürətlə aşağı enməyə başladı. Onun soyuqluğunda əriyib, istisində donmuşdum. Ayaqlarım yerə yapışmışdı. Mən cəsədi görmək istədikdə isə küləyin külü sovurduğunu söylədilər. Kiminsə uğursuz zarafatı idi bu cümlə. İnsan belə tez külə dönməzdi axı. Ya dönə bilərdi? Yoxsa o da ruhun bunu nə qədər istəməyindən asılı idi?  Dünyanın şah əsərləri bir-birini məhv etmişdi. Yüksəklik qanadları, alov buzu, külək Onu, O da...  O da məni...

Sonradan qulağıma gələn səsləri xatırlayıram. Kimsə qarşıdan gələn festival üçün mehmanxananın damında quraşdırılan qanadları bağlandığı dayaqdan ayırıbmış. biri intihar edibmiş. Biri... O... Yazıq... Aydaaaa... Və daha bir kitabxana cümlələr axışırdı bir-birinin dalınca insanların ağzından, mətbuatdan və s.

Hekayə bitmişdi. Girişdə isə keçmişdəki “insan”ım özünə yer axtarmaqla məşğul idi. Mənim məhvim onun dizlərini bükmüşdü və bu nailiyyət məni də “şah əsəri” səviyyəsinə ucaltmışdı. Korlanmış zamanmı? Korlanmış zəmanəmi? Sözləri dağıtmışdım. Bədbəxt deyildim. Yazıq da deyildim. Mən yox idim. Keçmişdəki “insan”ımı həyatıma qaytararaq süni nəfəs aparatına bağlamışdım özümü bu yazını yazmaq üçün. Evtanaziya üçün otağıma girəcək dörd nəfərin yolunu gözləyirdim.

November 25, 2013

Sarı Not#2

Kirlendik. Paslandık. Biri parmağıyla tozlanmış yüzümüze tebessüm çekti, sandık ki, kalbimiz de gülümsedi. Fakat, kalbimize ne acılar çizdi bu parmak?! Evet! Yüzümüzde tebessümü taşıya bilmek için, kalbimize hüznü taşımayı öğretmeliyiz. Biri ağlarken diğeri güler, biri gülerken diğeri ağlar, böylece geçinir giderler. İnsanoğlunun işi kendini kandırmak ve başkalarını aldatmaktan geçmez mi? 


... Dualarla geri dönmeyecek bir geçmiş saklıydı bavulunda. Elleri açmak için dokunur, aklı açtıracak cesareti vermezdi. Özlerdi. Hep özlerdi. Özlerdi ve beklerdi. Ya git, diyorlardı. Uzaklaş, diyorlardı. Uzaklar unutturur, diyorlardı. O da sormak isterdi hep: insan unutsa bile, bavulunu bıraktığı yere eninde sonunda geri dönmez mi?

Yanıtından doğar özlem,
Yanlışlara iter özlem.
Korkular cesaret olur,
Akla zarar verir özlem.

Garip... Uyanmak istemediğimiz rüyaya "geçmiş" ismi takmayı, nasıl beceriyoruz? 

November 23, 2013

Yaşından qabaqda qaçanlar üçün

Əlini tutduğum günlər uzaqda,
Onların  istisi hər qışımdadır.
Üzünə baxdığım günlər uzaqda,
Cizgisi hər yeni tanışımdadır.
O vaxtı üstümdə qürur çox idi,
Üzümdən sevginin izini sildi.
Nə həvəs var idi, nə söz var idi,
Ayıq qalmaq üçün şərab içirdi.
Yaddaşım keçmişə uzun yol aldı,
Həsrətə verdiyim möhlət də bitdi.
Günahlar ömrümə yolunu saldı,
Gün günü azdırdı, ömür də bitdi.
Ağ birçək kölgəsin saldı üzümə,
Ruhumla həmyaşıd oldu bədənim.
Sənsizlik bir zəhər qatdı dilimə,
Çətin mən bu dillə sevilə bilim. 

November 18, 2013

Sarı Not#1

... Ve onlar anlamadıkları şeyden korktular.
... Ve onlar anlamadıkları şeyi sevdiler.
... Oysa aslında, Anlatan korkuyla sevgiyi bir arada düşünemiyordu.
... Anlatan ismini tarihe yazsa da, kalbindekileri kendisiyle beraber götürdü gitti.
... Ve onlar boşluğu farkettiler. Doldurmak için acele ettiler. Bi` duman çıktı. Kendi yangınlarından kaçmaya bile cesaret edemediler. O kadar korkmuşdular ki, kendilerini yeniden doğuracak kuvvenin sevgi olduğuna az daha inanacaklardı.
... Oysa Anlatan şu "cahillerin" yeniden dünyaya göz açmasını hiç istemiyordu.
... Ve günler seneler, seneler asırlara, asırlar bin yıllara kavuşarak kelepçelendiler. Dağlar çimenleri, çimenler ormanları, nehirler denizleri, okyanuslar buzlakları, şelaleler ırmakları vazgeçilmez yaparak "tabiat" adı altında birleşti. Bir tek insanlar  "insanlık" başlığı altında birleşse de, "lık" şekilçisini insan olmadan kullanmaya karar verdi: hırsızlık yaptı, huysuzluk yaptı, çapkınlık yaptı, kırgınlık saldı ve daha neler neler.
... Oysa İNSANLAR  da vardı. Ama bir birlerini tanıyamadılar. Tanışamadılar. Kavuşamadılar. Her biri başka bir alem oldu. Her alem de kendisinin "lık"lar tarafından darp edilmesine isyan etti ama acılara dayandı.
... Ve bir gün İNSANLAR bitti. Tükendiler.
... Geçmiş yeni kuşağa "zombi" ismini taktı.
... Ve bir gün.

November 14, 2013

Bəlkə ardını da yazaram

İsimlər, sifətlər dolu dünyada,
Bir onun felinə yer tapılmadı.
Hər kəs əvəzliyin oxşayan yerdə,
Tamamlıq özünü tamamlamadı.

Gözlərim cümlənin mübtədasıydı,
Baxmayan onlara, sən ey Tamamlıq!
Xəbərdən xəbərsiz baxan məniydim,
Sirrimi oğrayan, sən ey Tamamlıq!

İstəsən "kimi?" ol, istəsən "kim?" ol,
Cümləmdə cavabın yeri boş qalıb.
İstər təsirli ol, ya təsirsiz ol,
Mübtəda hamıdan əvvəl qocalıb.

Bəlkə ardını da yazaram bir gün...

November 13, 2013

Sarı Qeyd

#Sarı Qeyd 2:

Sanki vidalaşıb getmək üzrə olan amma bəhanə tapıb ev sahibiylə qapı ağzında söhbəti uzanan qonaq kimiyəm. Əsl səbəb – görmədiyim ev sakinlərindən birini görmək ümididir. Bəlkə gələr? Bəlkə görmədən getmərəm? Amma bir ayaq içəridə, bir ayaq çöldə və qərar verib getmək lazım ikən, ümidin səsini qaldırması heç doğru deyil. Yoxsa ele doğru olan odur? Bəlkə ən çox səbr tələb edən ümiddir? En az diqqət görərərək küsüb gedən də ümiddir bəlkə? Bəlkə doğrularımıza xəyanətin səbəbi onları bizə fani göstərən yalanlardır? Fanı həqiqət və yalan. Sizə elə gəlmir ki, bu iki anlayış mövcuddur? Fani...Həqiqət...Yalan... Bəlkə belə bölünür?

#Sarı Qeyd 3:

"Uzun sözün qısası" dövründəyik. Məsələn, hisslər uzun-uzun anlatılsa -bekarcılıq, fikirlər uzun-uzun açıqlansa-filosofluq, hərəkətlər uzun-uzun nəql edilsə-özündənrazılıq adlandıracaqlar. Müasir zəmanənin kamil insanlara şüuralti məsləhət gördüyü tək cümlə: mənəvi paylaşım ehtiyacınızı içinizdə gizlədin. Amma maddi paylaşımlarınız varsa, onlar bunun əleyhinə olmaz.#UzunSozunQisasi-deyənlərdir onlar.

November 7, 2013

Sarı Qeyd#1

"Parfümer" olacağam axırda. Yox, qatil anlamında deyil, ətir qoxuları arasında xüsusi bir qoxunu axtarmaq anlamında. Bugün yenə piyadaların çox , nəqliyyatın da canlı olduğu bir yerdən keçdim, aram addımlarla. İnsanlar aralarından ruh kimi keçdiyimin fərqinə varmadılar.Ya da mən onları sezmir, xüsusiliklərini ətirləriylə təyin etməyə çalışırdım. Əslində, mənə onların ətri lazım deyildi. Məni hava boşluğuna düşürən və asvalt yolda bir-birinə imkan verməyən maşınların arasından gözübağlı keçirən xüsusi bir ətir axtarışında idim.  

Şəhər mənə bahalı siqaretlərin yaydığı tüstünün ucuz siqarət qoxularıyla dəyərsizləşdirildiyini, keyfiyyətli ətirlərin yaşatdığı həzzin ucuz və tər qoxusuna bənzər qoxularla basdırıldığını hiss etdirmək istədi. Sheikh, Moschino, Gucci, Parlament, Sobranie, Captain Black və s. kimi sanballı adlar şəhəri tərk etmişdilər sanki. Yerlərini  "made in China"cümləsi doldurmuşdu.  Mən də gözlərimi açdım və səni axtarmadım. Qoxunu axtarmadım. Ətrini axtarmadım. Darıxdığımı unutmamaq üçün yenə də ruhumu  qulaqcıqlara təslim etdim. Qaçdım yenə də. Reallıqdakı axtarışımdan qaçdım.