December 4, 2015

"Gülür Dərviş"

Bircə öz vəfatı ağlatmır onu,
Yaşarkən insanı hər şey ağladır.
Yubanan göz yaşı, tələsən gülüş,
Gecikmiş görüşlə, tələsən öpüş.
Kiminin göz yaşı içinə axır,
Kimi başqa gözdən qisasın alır.
Kimi də gecələr baxaraq Aya
Özü öz üzünə min ləkə salır.
Sualla yaşayır yaşayan insan,
Cavabı həyatsız bədəni tapır.
Hərdənbir özündən adımı soruş
Gör keçmiş yadına nələri salır!
Hərdənbir üzünü tut mənə sarı,
Ömrümün izləri üzümdə qalır.
Heç kəsin əlindən silahı düşmür,
Barı sən at onu, özünlə döyüş.
Qələm ki, insanın canını almır,
Barı gəl kağızda mənimlə görüş.