April 12, 2015

Sən məni sadəcə unuda bildin

Görəsən üstümdən çəkdiyin kimi,
Həyat da  üstümdən çəkərmiydi xətt?
Sən məni sadəcə unuda bildin,
Heç fələk etməzdi bu boyda qələt.

Qurbağa gölünə daş kimi düşüb
Elə bil sevginin gölün qurutdum.
Sən məni sadəcə unuda bildin,
Acığa sevməyin özün unutdum.

O qədər azmıdır ömürdə zaman
Sevildin, sevməyə vaxtın olmadı?
Sən məni sadəcə unuda bildin,
Ömürlük bir könül taxtın olmadı.

Ötürmək asandır, gözləmək çətin
Bir günü min günə bölə biləydim.
Sən məni sadəcə unuda bildin,
Bir deyil, min üzdə səni görəydim.

Bilsə də, baharda gələcək sonu
Qış da öz qarına yaman sevinir.
Sən məni sadəcə unuda bildin,
Ürəyim yayda da bəyaz geyinir.

Gözlərim o qədər güldü ki, içdən
Ağlaya bilmədi gedən dalınca.
Sən məni sadəcə unuda bildin,
Ağlatdı həqiqət, gözə batınca.