October 9, 2012

Bakıyla səssiz söhbət... Təəssüratlarım...




On  dördüncü mərtəbədə yerləşən mənzilimin balkonundan şəhərin gecə mənzərəsinə baxdım. Darıxırdım. Şəhəri dindirmək istədim, onun ruhunu duymaq, ruhundan kim olduğunu soruşmaq istədim. Bir neçə dəqiqə seyr etdim, şəhər susur, işıqları isə gözlərimi ulduzlardan ayırıb öz cazibələriylə qamaşdırırdılar. Bəlkə mənimlə bu işıqlar vasitəsilə danışır deyə düşündüm. Gözlərimi qıydım, işıqları birləşdirilməmiş nöqtələr hesab edib birləşdirməyə və hansı şəklin ərsəyə gəldiyini təyin etməyə çalışdım. Göz qapaqlarımı daha da sıxdım və napnazik xətt halına gələn göz nurum mənə timsah göstərdi. İşıqların tam açıq gözlərlə nəzərə çarpmayan əlaqəsi timsah şəkli çəkmişdi mənim üçün. Timsah... Nə əlaqəsi var? Bakının gecə köynəyində niyə timsah əks olunsun ki? Timsah qocadır, ağıllıdır, hiyləgərdir, tənbəldir, zəhmli və soyuqqanlıdır, gözlənilməzdir, təxmin edilməzdir. Bakı məni bağışlasın, ancaq onda timsahın bu keyfiyyətlərinin olmadığını deyə bilmərəm. Həm də mən niyə üzr istəyirəm? Məgər o özü mənə timsah şəklini göstərməyib ki? Demək istədikləri mənim saydıqlarımdan daha artıq nə ola bilərdi ki? Gözlərimi yenə qıydım və şəhəri izləməyə davam etdim. Yeni rəsm yox idi.Sayrışırdı işıqlar, yatırdı yuxusuzlar.
Hə, yuxusuzlar şəhəri! Onun bağrında yuxusuzlar çoxdur, nəinki gözlərini yummaqla yatdığını sananlar. Çarəsizlərin çarələriylə bir evdə yaşadığı şəhər! İnamlıların inamlarını maddiyyata kilidləyən şəhər! Bir də bizi özünə inandıra bilsəydin! Sənin içindəyik, sən isə bizdən uzaqlaşırsan. Gözümüzə görünürsən deyə, səni yaxın sanırıq. Dəli şəhər! Kimsənin sopasından, yumruğundan, baltasından, zərbəsindən qorxmadığını göstərib, yaralarını biriləri sarsın deyə bas-bas bağıran şəhər!  Yanlışlarını özü inşa edib, eyiblərini örtsünlər deyə yad toxunuş axtaran şəhər! Üzülməyən, məğrur şəhər! Özünü analı-atalı yetim  kimi aparan şəhər! Zəifliyinin doğurduğu hiylələrin qurbanı olan şəhər! Qurbanlığının fərqinə varmayan, gözəlliyinin hayına qalan şəhər! Qızların üzündə çıxan “sivilcə” onların gözəlliyinə zərər yetirdiyi kimi, Bakı da zahirinə “sivilcə”lərin çıxmasına izn vermir. Amma unudur ki, o “sivilcələr” qızların üzündə batindəki nasazlıqdan dolayı peyda olur.
Ey şəhər, sən zahirini təmizlədin, batininə heç baxdınmı? Mən baxdım sənin batininə. Səni boğaz ağrısından əziyyət çəkdiyimə görə içimə ala bilmədiyim dondurma kimi sevdim. Səni sevdim,amma sənə yaxınlaşmaq istəmədim, səni də özümə yaxınlaşdırmaq istəmədim. Mən səndə böyümədim, bəlkə ona görə tərəfimdən sevilsən də, mənim üçün “ögey ana” kimisən.
Bakının ürək döyüntülərini duymayanlar üçün kardioqrama rolunu sökülüb-tikilən binaların uzaqdan baxınca yaratdığı dalğa effektləri oynayır. Bu şəhər o qədər öz zahiri mükəmməlliyinə düşkündür ki, ürəyini çoxlarına açmır. Heç kəs onun ürəyinin əslində necə döyündüyünün şahidi olmasın deyə qucağında yaşatdığı hər kəsin başını özünəməxsus problemlərlə, dərdlərlə, ya da məftunedici sevinclərlə qatıb. Sanki bunu etməklə öz oyunbazlığının həvəskarlıqdan professionallığa keçməsinə işarə edir və kinayə ilə onun ürəyinin ritmini tutanlara göz qırpır ki, səslərini çıxarmasınlar. Ərköyün övlad! Hər kəsi öz istəklərinə tabe edən, ondan istənilənləri isə öz düzəlişlərini edərək verən şəhər! Gözəldir! Valehedicidir! Sərxoşdur, həm də Saqidir! Gələcəyin arzuladığı, keçmişin gizlətdiyi, günümüzün isə təhrif etməyə çalışdığı Mömindir O! Keçmişin südünə qatılan günahları içmiş, gələcəyin günahlarına susayan, günümüzün yalanlarına libas geydirib susuzluğunu artıran Gunahkardır O! Gah Məcnunun gözüylə sevilən Leyli, gah da Sezarın gözüylə sevilən Kleopatradır. Gah Kleopatranın məşuqlarından, gah da Şirinin dəlisi Fərhaddır O! Bakı gözəldir! Bakı tələdir! Bakı xilasdır! Bakı qürbətdir! Bakı doğmadır! Bakı yaddır! Bakı çoxdur! Bakı azdır! Bakı! Bakı! Bakı!
Ziddiyyətlərin ən gözəl nəqş olunduğu daşlar şəhəri! Məni bağışla,Bakı! Sənə sarılmaq üçün öncə, səni “ögey” edən şeylərdən danışmalı idim. Bəlkə sonra “ögey” sifəti aradan qalxar və bir isim – Bakı qalar.

Yaşıdım 22 etiraf edərkən…

Gözüm kölgəmə sataşdı. Gah məndən öndə,gah məndən arxada idi.Bəzən də içimdə gizlənirdi. Nə öndə olanda onu tapdalaya bildim, nə arxada olanda.Bircə hər kəsdən qaçıb içimə sığınanda,onu o qədər yüklədim ki,fürsət tapan kimi çıxdı içimdən,qaçdı məndən...Günəşlə görüşdü, Ayla görüşdü.Nədən danışdıqlarını anlamadım, heç kölgəm də çətin nəsə anlamış olsun,ancaq məni dinləməkdənsə,onları dinləməyə üstünlük vermişdi.
 27 Sentyabr... Mənfi hisslərlə yüklü bir gün idi. İş görüşməsinə getməli idim. Getdim və həyatımda kreslosunun verdiyi güvənlə başqalarına qarşı münasibətində alçaqlığını nümayiş etdirən biriylə görüşdüm. İyrəndim və əsəbdən titrəyən səsimlə o insana əslində hansı səviyyədə olduğunu başa salıb oradan uzaqlaşdım. Başqa heç yerə müraciət etməyə həvəsim qalmamışdı. Evə gəldim. Əsəb gözlərimin çoxdandır dolub, lakin boşalmağa fürsət tapmayan yaşlarına təzyiq göstərdi. Evdəkilər heç nə sezməsinlər deyə, hava alacam bəhanəsiylə evdən çıxıb şəhərə getdim. Çox sevdiyim parklardan birində oturub, tanınmış şairlərdən birinin heykəlinin etrafını süpürən orta yaşlı kişini müşahidə etməyə başladım. Buna müşahidə də demək olmaz. Sadəcə o təmizlik işlərini davam etdirərkən göyərçinlərin necə onun ətrafında uçuşduğu diqqətimi cəlb etmişdi.Gözlərim ona baxırdı, ağlımda isə məni özümdən çıxaran iş görüşməsindən 6-7 saat əvvəl yaşadıqlarımın lenti fırlanırdı.
Gecə saat üç idi. Artıq 27 sentyabr – sənin ad günün,mənim isə səni təbrik edib-etməyəcəyimə qərar verəcəyim tarix idi.Youtube-da əlində mikrofon, valehedici bir səslə ukraynalı bir müğənnini gördükdə donub qaldım. Alma almaya bu qədər bənzəməzdi. Onun üz cizgiləri necə də səni xatırladırdı. Gözümə yuxu getmirdi. Səni çox təbrik etmək istəyirdim,ancaq bacarmırdım. Telefonuma yüklədiyim "Şouşenqdən qaçış" filmini izləməyə başladım. Arada filmi saxlayıb, ukraynalı müğənninin linkini tapır, ona baxıb sənin üz cizgilərini yaddaşımda yeniləyir,sonra yenə də filmə qayıdırdım. Film bitdikdə səhər saat 07:00 idi. Filmdəki qəhrəmanlar, ukraynalı müğənni bütün gecə məni tek qoymadılar. Sənin ad gününü bərabər qeyd etdik. Üç saatdan sonra həmin iş görüşməsinə getməli idim. İşə çox ehtiyacım var idi, çünki şəxsi büdcəmdən yararlanaraq bir sıra işlərimi həyata keçirməli idim. Bir yandan ağlımda iş, bir yandan da səni tebrik edib-etməmək var idi. Birdən nəsə elə bil mənə dedi ki, bu iki seçimdən birini digərinə qurban verməlisən: Səni təbrik etsəm, iş görüşməsində uğursuzluqla qarşılaşacaqdım. Bilmədim bu fikir yel kimi hardan ağlıma əsdi. Gicgahlarımdakı damar sürətlə döyünməyə başladı.
Aldığım içkini evə girdikdən on dəqiqə sonra bitirmək üzrə idim. Sənə təbrik yazdım. Göndərdim. Sonra məni yuxu apardı. Səhər oyananda ilk etdiyim iş, telefonu açıb göndərilən mesajlara baxmaq oldu. Göndərilənlərdə heç nə yox idi. Göndərməmişdim. Buna qürurum sevindi, ancaq mənim sifətimdə heç bir cizgi tərpənmədi. Əgər gecə göndərmiş olsaydım,sənə təbriki heç olmasa, içkinin, sərxoşluğun boynuna atıb özümü iztirabdan qurtarardım. İndi yenə də ayığam və heç cür səni təbrik etməyə cəsarət edə bilmirəm. "Sənə lazım deyiləm" fikri ağlımdan çıxmır ki,onun yerini sənə olan ürək sözlərimlə doldurub səni təbrik edim. 28 Sentyabr heç bir xüsusiliyi ilə yadda qalmadı.
29 Sentyabr... Evdə yenə təkəm. Artıq sənə bənzəyən o artistin üz cizgiləri yaddaşımda tam yerləşdirilib. "Time is running out" mahnısını dinləyirəm, cəsaret mahnı davam edərkən içimə dolur, mahnı bitər-bitməz məni tərk edir. Bir qərar verməli idim. Başımı qatmaq üçün üç gündür ziyarət etmədiyim sosial şəbəkədəki səhifəmi açdım. Sən demə, sənə göndərmək istədiyim ad günü təbrikini orada "status" olaraq paylaşmışam: "Oxumasan da, doğum günün münasibətilə səni təbrik edirəm. Gözəlliyinin girdabına aldığı bir çoxlarına o əsirlikdən qurtulmağı, o girdabın Tək sahibinə isə səninlə xoşbəxt olmağı, o girdabın Turisti olan özümə isə səni unutduracaq maraqlı və uzun bir yol arzulayıram. Özünə heç vaxt xəyanət etmə. Qoy, gözlərin, üzün və ürəyin bir-birlərinin yalanını əvvəlki kimi mahircəsinə ört-basdır etməyi bacarsınlar.Doğum gününü təbrik edirəm".
29 Sentyabr. Ürəyimdə cinlər mübahisə edir elə bil.Heç biri düzgün yolu göstərmir, ancaq mübahisə edirlər. Nəticəsi sənə göndərdiyim aşağıdakı SMS oldu: "Doğum günün münasibətilə təbrik edirəm!".
5 dəqiqə... 10 dəqiqə... 13 dəqiqə... Sonra cavab gəldi səndən: "Çox sağ ol. Ancaq gecikmisən.Mənim ad günüm 27-si idi".
Nömrəmi tanımışdın. Daha da həyəcanlandım, lakin mesajıma yansıtmamağa çalışdım:  "Bu gün qərara gələ bildim"...
 5 dəqiqə... 10 dəqiqə... 15...20... Artıq səndən cavab gözləməyin mənasız olduğunu düşünürdüm. Nə yalan deyim, bununla bərabər içimdə yenə də çoxlarını aldadan bir ümid var idi.
30 Sentyabr... Sakitlik.Səndən səs yoxdu. Daha yazmadın. Mən də yazmadım.
Ayrılıq, ürəyə sancılan mərmi kimidir. Toxunduqda incidir. Ən yaxşısı qurdalamamaqdır unutmağa çalışarkən,bir də görürsən ki,o qədər qurdalamısan ki,o mərmini bütün bədənində gəzdirmisən. Hər yerini qanatmısan,bütün xatirələrin yaddaşa axın etməsinin aqressivliyi qanının rəngiylə özünə biruzə verir. 29 Sentyabrdan bəri mən o mərmini içimdə itimişəm. Məndə yaşayır o,heç çıxarmağa çalışmıram da.
14 Noyabr. Dünyaya gəlmək növbəsi mənimdi. 22 Yaşımı qarşılamalıyam. Ancaq 21 ildən ayrılmaqla mənə elə gəlir ki,özümdən ayrılıram. 1-dən 21-ə kimi bütün yaşlarım mənə haqlarını halal etsin. 22 - xoş gəldin! 22-nin keçmişi silə bilmə və  gələcəyi görə bilmə qabiliyyəti olmadığına görə onu yeni doğulan körpə kimi bağrıma basıb öz himayəmə alacağam. Mənimlə birlikdə böyüyəcək. Baxmayaraq ki, doğulduğu  gün üçün darıxacaq, o da böyüdüyünü sanıb gedən hər kəs kimi çıxıb gedəcək,növbəsini 23-ə təhvil vermək üçün tələsəcək.
22-ni təbrik edənlər çox oldu. Gözləmədiyim insanların belə xoş sözləri qapımdan keçdi könlümə yol tapdı, sevindirdi. Səndən səs gəlmirdi deyə,keyfimi pozmaqla o qədər insanın diqqətini puça saymaq mənim təbiətimə zidd hərəkət olardı.Sevinməyə davam edirdim, kölgəmdə isə böyük bir ümid gizlənmişdi. Ümidlə kölgə bir-birlərinə çox oxşayırlar, hərdən ayırd edə bilmirəm. Ümid bəzən içinə sığmaz, çıxsın, gözlədiyin baş versin artiq istəyərsən, lakin həmin gün günəş çıxmaz, kölgəyə ehtiyac olmaz, kölgə "məzuniyyət"də olar, ümid də onun yoxluğundan istifadə edib onun yerinə mənim içimdə gizlənər.
Mən hər halda uşaqlıqdan bəri babamın, atamın,əmimin,dayımın şəxsiyyətindən rənglər alıb sənin portretini çəkməyə başlamışdım. Əmimi və babamı səma mənden aldı, dayımdan çox uzaqlaşdım, atamı da artıq hər gün görmədiyim bir zamanda gördüm ki, fırçamı yerə qoyub barmaqlarımla sənin canlı obrazının simasını əzbərləyirəm. Sonra səni də itirdim. Səni məndən "qanunsuz" adı altında müsadirə etdilər sanki. Sən də etiraz etmədin. Sənin gəlişin axı mənim tozlanmış emalatxanamı gül bağçasına çevirmişdi,görəsən niyə getməyə bu qədər həvəsli oldun?  Hələ də bu suala cavab tapa bilmirəm. Soruşa da bilmirəm səndən. Sən belə sualları hemişə eşitməzlikdən gəlirsən. Daha bir etiraf edim ki, mən nə qədər mahir rəssam olsam da, həm də həyatımın "şah əsəri" əlimdən alındıqdan sonra bütün ilhamını itirən və emalatxanasındakı bütün əsərlərinə dəyər verən ancaq "şah"ın yerinə heç birini qoya bilməyən sadə insanam. Mən sənin portretini sevdiyim insanların real obrazlarından rəng alaraq çəkib, əməlli-başlı rəssamlıq etmişəm. Yəni aldığım rəngləri olduğu kimi yox, mənim gözümə yansıdığı kimi istifadə etmişəm. Bu da o deməkdir ki, portret mənim rəng zövqümə uyğun çəkilib, reallıqdakı rənglərlə heç bir elaqəsi olmayıb. Yəni "Sən" mənim uydurmamsan. "Sən"i Yaradanın mənə verdiyi Təxəyyül yaradıb. Təxəyyül özü mücərrəd olduğu kimi sənin konkretliyinə de çox alışmayım deyə səni də özünə çəkdi. Gec idi.
Bacımız,qardaşımız,dayımız,xalamız,əmimiz,anamız,atamız və s. qan bağıyla bizə əziz olan insanlar bəzən bizi qırmaqdan çəkinmirlər. Elə bil ki, hansısa gözə görünməz qüvvə onlara deyir ki, "əşi,narahat olma,qır!Rahat ol!Boşalt zəhərini!Sonra lazım olsa, yapışdırarsan, necə də olsa,yanındadırlar". Lakin, onlar unudurlar ki, insanı sadəcə qohum deyil,yad da qırır. Qohum qırdıqlarını yapışdıra bildi, bir dərd,bilmədi bir dərd. Bu dərdlərdən asılı olaraq yadın qırdığı parça çatdan dəliyə,uçuruma çevrilir. Onu yapışdırmaq,ört-basdır etmək çətin olur. Qohumlar yadın mümkünlüyünü, yad isə qohumların da insan olduğunu unudur. Amma nə qəribə ki, bütün insanlıq bir araya gəlsə, mənim dramatikləşdirdiyim bu mənzərəni məsxərəyə qoyub, məndən nikbin olmağı gözləyəcəklər. Bilirəm. Öz bədbinliklərinin,xudbinliklerinin yaşarkən maneəyə, təhlükəyə yol açdığının fərqində olmayıb, mənim nikbinliyimin onları əyləndirməsini istəyirlər. Təəcccüblənməlidirlər o zaman. Mən çox nikbinəm. Mən o qədər nikbinəm ki, yazdıqlarımı yazarkən gözümdən bir damla yaş gəlmir,ürəyimdə heç bir nöqtə sızlamır, bədənimdə keyimə,qıcolma baş vermir. Soyuqqanlılığı libas edib,üzümə təbəssüm qrimi etmişəm. Keyfim yerindədir. Əgər fikir vermisənsə, bütün həqiqətləri, ürəyindən keçən hər şeyi olduğu kimi ifadə etmək üçün ancaq soyuqqanlı libas geydikdə kağızına yansıda bilirsən. Çünki, bədbinlik alov kimi kağızını kül edir, dəyərsizləşdirir, arsızlığa çevrilmiş şadyanalıq isə kağızına yazılanları görünməz edir. Soyuqqanlılıq isə qələm və kağız kimi maddidir,olduğu kimidir,aldatmır. Mənim kimidir.
 Ən böyük arzunun nə olduğunu soruşmuşdum səndən. Cavabını nə sənə, nə də rütbənə yaraşdırmışdım, ancaq sevmişdim. Sən Rolls-Royce-la Las-Veqasdakı kazinolardan birinə baş çəkib, düz on min dollar oyuna qoyub, masanı tərk etmək istəyirdin. Mən soruşanda ki, udsan nə dəyişəcək, sən uduzub-uduzmamağın sənin üçün heç bir fərqi yoxdu demişdin. Sənin üçün önəmli olan ora kimi gəlib o miqdarı masaya yatırıb kazinonu tərk etmək idi. Sonra söhbətimizin məcrası dəyişdiyi üçün bu arzunun necə doğduğunu dəqiqləşdirməmişdim. İndi sual edirəm görəsən, maddiyyatın əskilib-artacağını vecinə almayan birinin, gözünü itkinin qorxutmayacağı birinin mənəviyyata baxan gözü də mi kazino görürdü? Görəsən, kazinoya "hədiyyə etmək" istədiyin on min dollar, mənə hədiyyə etdiyin on min hiss çalarımıydı əslində? Bilməlisən ki, kazinoda o pul dövriyyə etsə də, məndə tərk etdiyin bu çalarlar bir-birinə qarışır,yerlərini dəyişir, bir-biriylə oynayır, amma dövriyyə etmirlər. Mənim sənə qarşı münasibətimi dəyişmirlər.
Başım təxəyyülümdəki "Sən"lə söhbətə qarışmışkən, 22 yaşımın artıq 20 gündür həyatda olduğunu unutmuşdum. 24 Noyabr, saat 22:35. Telefonuma bağlı nömrədən zəng gəldi. Tərəddüdlə də olsa, cavab verdim. Məni salamlayan qadın səsi tanış deyildi:
- Bəli,Nilaydır.Buyurun?
- Nilay xanım, sizin kitabınızda yazdıqlarınız Erkin haqqındadır?
- Bağışlayın, Erkin kimdir?
- Erkin mənim hər şeyimdir-həyatım,sevgilim,canım, nişanlım...Hər şeyim.
-Lap yaxşı, xanım. Lakin sizin nişanlınızı mən tanımıram. Kitabımdakı obraz isə mənim qələmimin məhsuludur.
-Nilay, balaş, nədənsə mənə elə gəlir ki, sən Erkini tanıyırsan. Kitabındakı obraz tamamilə mənim Erkinimi xatırladır.
-Xanım...Adınızı da bilmirəm. Nə isə. Qulaq asın, birincisi yalnız Nilay deyə bilərsiniz,"balaş" filan deyəcək qədər məni tanımırsınız. Biz bəlkə də yaşıdıq. İkincisi isə, mənim nömrəmi axtarıb tapıb məni narahat etməkdənsə, öz Erkininizə etibar etməyi öyrənin. Bu sizə ailə qurduqdan sonra daha çox lazım olacaq.
Söhbətimizin davamı o qədər də ürək açan olmadı və ona sözünü bitirmək imkanı vermədən telefonu məşğula verdim. Sonra daha zəng etmədi. Bir neçə saat bu zəngin təsirindən çıxa bilmirdim. "Sən" reallıqda da var imişsən! Doğrudan da, bu qadının dediyi qədər oxşar idiniz? "Sən"i mücərəddlik demə özünə yox, mənim gözümdən, nəzərimdən uzaq bir yerə həbs edibmiş görəsən? Bir yanda bu suallar, bir yanda da o qadının həyasızca davranışının məndə doğurduğu mənfi təəssürat ağlımı da, hisslərimi də qarışdırmışdı.
Bir zəng daha gəldi. Erkin zəng edən qadının yerinə üzr istəmək üçün zəng etmişdi. Niyə üzr istədiyini anlamadım. Sənin səsini təxəyyül mənə duyurmamışdı ki, onun səsini eşidib onu sən zənn edim və bağışlayım. Bu iki nəfərin hekayəsindən bəzi şeylər anlamışdım,ya da ağlımdakı boşluqları uydurmalarımla tamamlamışdım. Günlər keçdi. Zənglər daha davam etmədi. "Sən" də mücərrəd,bilinməyən, təxəyyülümə aid dünyadan qopub heç cür yanıma gələ bilmədin. Erkin kim idisə, başqasının idi. "Sən" də mənim deyildin. Deyilsən.
Hər halda qeyd etməliyəm ki, dünyada bir çox maraqlı hadisələr baş verir. Dünya yerində durmur. Onları müşahidə və analiz etməklə təxəyyülün oyunlarına baş qoşmamağa çalışıram. Özüm qədər real yaşayan ikinci bir xəyalpərəst tanımıram. Bu da "Sən"i reallıqda axtarmamağımın növbəti səbəbidir. Bu mühafizəkarlıq mənə kimdən yadigar qalıb bilmirəm, amma xəyal dünyamla reallığı qarışdırmayacaq qədər güclü olan bir mənəviyyatla cəzalandırılmışam, ya da dəyərləndirilmişəm.

October 4, 2012

Ürəyimdən, ağlımdan Facebook-a püskürənlər...


Ey Qərib, özünü bu bəndələrin aləminə o qədər çox uyğunlaşdırdın ki,sənin arxanca su atdığım gündən yolunu gözləyirəm. Dərviş olsaydın, özündə qalsaydin.Tanıdıqlarım arasında tanıyaraq öldürmək istəmədiyimi itirmək mənim axtardığım macəra deyildi...Bir gün yağış yağar və sənin dalınca atdığım suyun izini itirər,geri dönə bilməzsən.Üzülərəm.

Uduzduğumu qəbul etmək üçün öncə uduzduğuma inanmalıyam.Di gel ki, qarşımdakının məni inandıracaq qədər təmkin və ağıl sahibi olmadığını biləndə, ona özünü qalib hiss etmək şansı verməkdən həzz almaq da başqa şeydir... Yəni bu "əzələsiz qolun" şişməsinə bənzəyir...Bir az fasilə...Və budur!Qol patladi.Mən qazandım...)))

Gülər Əhmədova belə çıxır ki, Milli Məclisin "Kamikadze"si oldu... Bizimkilərdə də dəbdi axı, yıxılana daş atmaq. İndi Allah bilir, daha nəyi onun boynuna yazacaqlar. Qadın videoda yaman "siyasət,siyasət" deyirdi, amma görünən o ki, bu sularda üzmək üçün püxtələşə bilməyib kifayət qədər...Kimin nəyə mesaji idi bu video, hələ də bəlli deyil, bəlli versiyalar olsa da...


Madam ki, Xeyir Xeyirlə savaşır,deməli Şərrin hiyləsi baş tutub. Amma yox, illa ki, Xeyir Şərlə savaşır deyirlərsə, onda gözləyək görək xəbərlərə  və seriallara necə yansayacaq. Onların həmişə qələbə çalacaq qəhrəmanı olur, reallıqda qəhrəmanlar sussa da...Heç olmasa, media üzümüzü "güldürür".

Reallıqlar keçmişdə qalmağa öyrəşdikcə, yuxuya daha çox bənzəyirlər... Heyf ki,bəzən heç görmədiyimiz yuxulardan olurlar...

Nə zamanın önündə,nə də zamandan geridə addımlamaq olar. Hər kəs zamanın içində addımlayır. Sadəcə kimini bu zamanın əqrəbləri itələyib irəli atır,kimini isə yıxıdır. Qalxıb-qalxmamaq da yıxılanın iradəsindən asılıdır.Zaman sağaldırmış yaraları. Yox. Zaman öyrəşdirir,aldadir,yeniləndirir.Buna da "sağalmaq" deyirlər.Ancaq bəzən doğrudan sağalırsan...

Ağlayan körpələrin halına gülen körpələr yanmadığı kimi, ölən böyüklərin qanına öldürən böyüklər doymaz...Ey Dünya, sənin güzgün sənin ətrafını nə qədər texnoloji inkişafla bəzəyərək müasir göstərmiş olsa da, acgözlüyün və qəddarlığım baxımından orta əsrlərdəki halından çıxmamısan...Müharibəni yalnız ölülər üçün bitirirsən...


Qeyri-real da olsa,səssizlik qulağima qışqırır.

Muzik konuşur,sen susarsın ya, en çok da ona kızıyorum...Ben susarım, sen habersiz yaşarsın ya, en çok da o zaman duyarım o muziğin sesini...Muzik konuşur, her kes duygulanır ya, en çok da o zaman gizletirim duygularımı...Evet, ben hep gizlettiklerimi hatırlamak için dinlerim muziği...Ama unuturum bazen yine de...

Ölmek-günahsız ve yalansız olmak kadar kolaydır. Ben en azından yalansız birini görmedim...Her kesin işi zor be, kardeşim!

Xahiş etmək,yalvarmaq və s. bu siyahıdan olan fellərdən istifadəyə ehtiyac duymamağım, başqalarının məni duymazlıqdan gəlməsine vadar edir? Yoxsa hər kəs istəyir ki, özlərinin belə etmək istədikləri şeyi başqası onlardan xahiş etsin?Bu əcaib psixoloji keyfiyyətlər bizə hardan aşılanıb?!

Özüm də mat qalıram,başqa cür tanıdıqlarımın gözlərini başqa cür bildiyim şeylər kor edəndə, inanmaq istəmədiyim məqamlardan başqa inanmaq istədikləri şey olmadıqda,onların ürəyini tanıdığımı düşündükdə,beyinlərini heç tanımadığım həqiqətiylə qarşılaşanda.Yox, xeyalların suya düşməsi  demirlər buna.Sadəcə,fərqinə vardım...

Hatasız olup özür dilemek zorunda kalmayım deyip bi' yaşa geliyorsun, bakıyorsun ki, hatasız kul da "hatasızlık"ta suçlanıyor ve seçilmiyor. Aslında, o kul kendi kendini hatasız sandı belki de.Yani diyorum ki,hata yapsak da özür dilemek için karşılaşsak?!hm?Belki söylemeye sözümüz olur?

Əslində bu dünyanın qucağının bəzən ən yaxın hesab etdiklərinin qucağından fərqi olmur.Baxırsan,kimsə ofis işi axtararkən, digəri arabayla yük daşımaqdan tərini silməyə vaxt tapmır, kimsə ayın sonu alacağı böyük miqdar maaşı gözlərkən,digəri gündəlik çörəyin pulunu almaq üçün vuruşur.Sonra baxırsan,hər ikisi istəyinə çatdıqda şükür edir ki, dünyanın bağrında qalsınlar.Dünya isə bilinmir laqeyd valideyndi,ya soyuqqanli?

Ağıllılar ifade olunmağa uyğun söz tapmayanda, axmaqlar onların bütün həyatını ifadə etdikləri bir kəliməyə sığdırırlar.Bu cəsarət onların deyəsən ağlın yoxluğundan yaranan boşluğunda gizlənib. Məni təəccübləndir,İnsanlıq!Təəccübləndir! Nədənsə, çoxdandır ki, eyni səhnədəsən...

Yaddaşımda hər kəsin portreti var.Sadəcə kimi canlıdır, kimi təhrif olunub, kimi isə tanınmaz haldadır. Ancaq özlərini görmədən elə bilirlər ki, gözümdən siliniblər...

Yaxşı ki, demədiklərim var, yoxsa dediklərimi anladığını düşünərdin...

Ölümdən beter diyenler,ölümün beter olduğunu ne zaman keşf ettiler ki, acılarına böyle benzetme buldular? Bunlar ya o dünyayı görüp geri dönmüşler, ya da kaybettikleri insanların dirisinin ölüsünden daha değerli olduğunun farkına varmışlar...İnsanlığın DNA-sında bi' sorun olduğunu anlamışdım,ama...Bu kadarını beklemeden...

Yaşarkən ruh olmaq mümkünmüş...Ruh kimi mövcud olub kiminsə həyatına girirsən,sonra isə o səni görməyib sənin həyatından çıxır. Ancaq ağır olan bu deyil. Sonra tərk eden getdikdən sonra yalnız qalan ruha can verilir və onun istifadə etməyi bacarmadığı ürək də, ağıl da başlayırlar sistemə tabe olmamağa...Ruhun nə vecinə? İstəsə tərk edər cismi...Amma yox..Onun da qadağasını qoyublar.Cismə həbs ediblər...

Özünü aldadırsan "yazıq" kimi baxırlar, başqasını aldadırsan "yalançıdan tutmus əclafa kimi" min cür adlandırırlar, aldanılırsan "saf" olduğunu düşünürlər. Mənim başım çıxmır, bu yalan taxtasında şahmat oyununa kim kimi dəvət edir ki, dalınca da ad yapışdırır...

Daxili gözəllik axtaran tanışlarımın,başqasının sevdiyi insanın xarici görünüşünə gülmələrinin çox şahidi olmuşdum.Belə təzadları insanları diqqətdən yayındırmayan Ç.Bukovski deyir: “Daxili gözəlliyi sevərik,amma zahiri ləkəli olan qarpızı almağa tərəddüd edərik.

"Kaş ki,mən dəniz olaydim" söyləyən mahnının heç olmasa,avazı olaydım.Bəlkə sən yanımda məni gördüyünə görə deyil,duyduğuna göre qalardın...

«Свобода» -единственное слово которое достоин оказаться рядом с твоим именем. Но, оказалось так, что ты из-за своего любопытства решил попробовать жизнь в «сапогах», то есть отказаться от свободы на время. И как видишь, это время по закону называется «вечность». Я не связывала твои руки, а Она завязала их «вечностью» … Черт! Есть же...

Всю свою жизнь  я  рисовала твой портрет подсознательно. Когда встретила тебя, сразу узнала. Подсознание меня не обмануло. Но, жаль... Как только я решила выставить этот портрет чтобы самой увидеть, его у меня отняли как «незаконное». Как же мне сейчас отчитываться перед своим подсознанием…

İstərdim fikirləşəm ki,insanlar sözlərdən əslində acılarının konstruktoru kimi istifadə edirlər.Yəni artıq uşaqlıqdakı "konstruktor" oyuncaqların yerini acılar,qəbuledilməz həqiqətlər aldığına görə onlar da sözlərdən "problem" ya da "dərd" tikmək üçün istifadə edirlər. Ancaq inan mənə, sözlər "oyuncaq" deyil.Oyuncaq deyil.Hisslər fikir olmayıb onlara yansıdığı kimi, sözlər də oyuncaq olmayıb həyatımıza yansayır.

Addımlarımıza cavabdehlik daşımaq öz boynumuza düşdükdən sonra cəsarətimiz məktəbdəki kimi özünü göstərəndə ya "dəlisən!", ya "zamanə adamı deyilsən", ya da "zəifsən" kimi aidiyyatsız sözlərin üzümüzə çırpılmasının şahidi ola da bilərik, o sözləri eşitməyək deyə cəsarəti məktəb xatirələri siyahısına əlavə edə də bilərik....

Hərdən fikirləşirəm bəlkə "əbədiyyət" mənim cəsarətsiz olduğum zamanlara deyilir? Demişdim axı, qürur insanı cəsarətsiz edir. Bəlkə dedim zaman da özünü cəsarətsizlikdən tənbəlliyə vurur.Sonra bir az da düşündüm...Darıxıram sən demə.Darıxıram...

Birinin derdine ağlamak için fon muziğin çalmasını bekleyenler, insanlığını kaybettin diye bazılarını suçlayan diğer "İnsanlar", hiç kafan neye karıştı da, insanlık elinden kayıverdi diye sormayanlar bugün kendilerini hangi gruba ait ediyorlar? Merak ediyorum da.... Belki içinizde bilenler vardır...

Torpaq mənim ayaq izlərimin üstünə başqalarının ayaqlarını basmasına izn verdiyi üçün mənim izlərimə xəyanət edir, amma insaflıdır çünki mənim izlərimi özü silmir,başqalarına sildirir. Sən isə arada-sırada yadıma məni dəli edəcək dərəcədə düşməklə,mənə öz izlərimi öz göz yaşlarımla sildirməkdəsən... "Sən" uydurmasan,amma bunu bacarırsan...

Ayaqlarım üstündə durmayı sərt torpaq və valideynlərin məni tutan əlləri öyrətdisə, hisslərim üstündə durmayı səndən öyrəndim amma yıxılmaqdan məni qoruyan əllər olmadan. İndi sən gör,mənim hisslərimin nə qədər çox çapığı var...