October 9, 2012

Bakıyla səssiz söhbət... Təəssüratlarım...




On  dördüncü mərtəbədə yerləşən mənzilimin balkonundan şəhərin gecə mənzərəsinə baxdım. Darıxırdım. Şəhəri dindirmək istədim, onun ruhunu duymaq, ruhundan kim olduğunu soruşmaq istədim. Bir neçə dəqiqə seyr etdim, şəhər susur, işıqları isə gözlərimi ulduzlardan ayırıb öz cazibələriylə qamaşdırırdılar. Bəlkə mənimlə bu işıqlar vasitəsilə danışır deyə düşündüm. Gözlərimi qıydım, işıqları birləşdirilməmiş nöqtələr hesab edib birləşdirməyə və hansı şəklin ərsəyə gəldiyini təyin etməyə çalışdım. Göz qapaqlarımı daha da sıxdım və napnazik xətt halına gələn göz nurum mənə timsah göstərdi. İşıqların tam açıq gözlərlə nəzərə çarpmayan əlaqəsi timsah şəkli çəkmişdi mənim üçün. Timsah... Nə əlaqəsi var? Bakının gecə köynəyində niyə timsah əks olunsun ki? Timsah qocadır, ağıllıdır, hiyləgərdir, tənbəldir, zəhmli və soyuqqanlıdır, gözlənilməzdir, təxmin edilməzdir. Bakı məni bağışlasın, ancaq onda timsahın bu keyfiyyətlərinin olmadığını deyə bilmərəm. Həm də mən niyə üzr istəyirəm? Məgər o özü mənə timsah şəklini göstərməyib ki? Demək istədikləri mənim saydıqlarımdan daha artıq nə ola bilərdi ki? Gözlərimi yenə qıydım və şəhəri izləməyə davam etdim. Yeni rəsm yox idi.Sayrışırdı işıqlar, yatırdı yuxusuzlar.
Hə, yuxusuzlar şəhəri! Onun bağrında yuxusuzlar çoxdur, nəinki gözlərini yummaqla yatdığını sananlar. Çarəsizlərin çarələriylə bir evdə yaşadığı şəhər! İnamlıların inamlarını maddiyyata kilidləyən şəhər! Bir də bizi özünə inandıra bilsəydin! Sənin içindəyik, sən isə bizdən uzaqlaşırsan. Gözümüzə görünürsən deyə, səni yaxın sanırıq. Dəli şəhər! Kimsənin sopasından, yumruğundan, baltasından, zərbəsindən qorxmadığını göstərib, yaralarını biriləri sarsın deyə bas-bas bağıran şəhər!  Yanlışlarını özü inşa edib, eyiblərini örtsünlər deyə yad toxunuş axtaran şəhər! Üzülməyən, məğrur şəhər! Özünü analı-atalı yetim  kimi aparan şəhər! Zəifliyinin doğurduğu hiylələrin qurbanı olan şəhər! Qurbanlığının fərqinə varmayan, gözəlliyinin hayına qalan şəhər! Qızların üzündə çıxan “sivilcə” onların gözəlliyinə zərər yetirdiyi kimi, Bakı da zahirinə “sivilcə”lərin çıxmasına izn vermir. Amma unudur ki, o “sivilcələr” qızların üzündə batindəki nasazlıqdan dolayı peyda olur.
Ey şəhər, sən zahirini təmizlədin, batininə heç baxdınmı? Mən baxdım sənin batininə. Səni boğaz ağrısından əziyyət çəkdiyimə görə içimə ala bilmədiyim dondurma kimi sevdim. Səni sevdim,amma sənə yaxınlaşmaq istəmədim, səni də özümə yaxınlaşdırmaq istəmədim. Mən səndə böyümədim, bəlkə ona görə tərəfimdən sevilsən də, mənim üçün “ögey ana” kimisən.
Bakının ürək döyüntülərini duymayanlar üçün kardioqrama rolunu sökülüb-tikilən binaların uzaqdan baxınca yaratdığı dalğa effektləri oynayır. Bu şəhər o qədər öz zahiri mükəmməlliyinə düşkündür ki, ürəyini çoxlarına açmır. Heç kəs onun ürəyinin əslində necə döyündüyünün şahidi olmasın deyə qucağında yaşatdığı hər kəsin başını özünəməxsus problemlərlə, dərdlərlə, ya da məftunedici sevinclərlə qatıb. Sanki bunu etməklə öz oyunbazlığının həvəskarlıqdan professionallığa keçməsinə işarə edir və kinayə ilə onun ürəyinin ritmini tutanlara göz qırpır ki, səslərini çıxarmasınlar. Ərköyün övlad! Hər kəsi öz istəklərinə tabe edən, ondan istənilənləri isə öz düzəlişlərini edərək verən şəhər! Gözəldir! Valehedicidir! Sərxoşdur, həm də Saqidir! Gələcəyin arzuladığı, keçmişin gizlətdiyi, günümüzün isə təhrif etməyə çalışdığı Mömindir O! Keçmişin südünə qatılan günahları içmiş, gələcəyin günahlarına susayan, günümüzün yalanlarına libas geydirib susuzluğunu artıran Gunahkardır O! Gah Məcnunun gözüylə sevilən Leyli, gah da Sezarın gözüylə sevilən Kleopatradır. Gah Kleopatranın məşuqlarından, gah da Şirinin dəlisi Fərhaddır O! Bakı gözəldir! Bakı tələdir! Bakı xilasdır! Bakı qürbətdir! Bakı doğmadır! Bakı yaddır! Bakı çoxdur! Bakı azdır! Bakı! Bakı! Bakı!
Ziddiyyətlərin ən gözəl nəqş olunduğu daşlar şəhəri! Məni bağışla,Bakı! Sənə sarılmaq üçün öncə, səni “ögey” edən şeylərdən danışmalı idim. Bəlkə sonra “ögey” sifəti aradan qalxar və bir isim – Bakı qalar.

1 comment: