October 14, 2016

Düşüncə

Axı mən kiməm ki, yadında qalım?
Nə qızıl balığam, nə qızılgüləm.
Nə külək ətrimi hər yerə yayar,
Nə qırmaq nəfsimi özünə çəkər.
Axı mən kiməm ki, yadında qalım?
Ne Aydan gözələm, nə də Gözəlçə.
Axı mən kiməm ki, yadında qalım?
O dayaz yaddaşa sığmaz düşüncə.
Axı mən fikirəm, mən cümlələrəm.
Axı mən kimsəyə boyun əymərəm.
Mən heç bir qəfəsə yuvam demərəm.
Axı mən kiməm ki, yanında qalım?
Addım at, uzaqdan səni çəkərəm.
Bir uzun yol düşün, çox uzun bir yol,
Mənimlə başlayar, səninlə bitər.
Axı mən fikirəm, mən cümlələrəm.
Sonunda səni də mənimsəyərəm.
Axı mən kiməm ki, uzaqda qalım?
Düşünsən, beynində qana dönərəm.
Özümü unudub sənə dönərəm,
Səni də unutsam, qanadlarım var
Çırpınıb yağışa qara qarışıb
Yarpağa, torpağa, palçığa dönüb
Özümden keçərək, sənə dönərəm.
İnan ki, dönərəm sən olaram mən.
Axı mən kiməm ki, yadında qalım?
Çox böyük fikirəm, kiçik düşmərəm.
Yadında qalmasam, köçüb gedərəm
Başqa bir yaddaşın kilidin qırıb
Anını ömrünə düyünləyərəm.

No comments:

Post a Comment