June 12, 2014

Ya az yaşadıldım, ya az yaşadım

Kimiyçün ölüyəm, kimiyçün diri,
Kimi yol saxlamır qayıdım geri,
Yığaram ovcuma qərib kədəri,
Qoy mən gedən olum, salamat qalın!

Kimiyçün indiyəm, kimiyçün sonra,
Kimisi yol verir, kimisi yola,
Mən dönsəm dönərəm sağa, ya sola,
Qoy mən dönən olum, günahsız qalın!

Kiminin ömründə kəpənək kimi
Kiminin ömründə bir ləçək kimi,
Ya az yaşadıldım, ya az yaşadım,
Mən qoca gedirəm, siz cavan qalın!

Kiminin ağına rənglər qatmışam,
Kiminin qarasın ağ boyamışam,
Desələr bir kəsə böhtan atmışam,
Dostlar! İnansanız, salamat qalın!

Kiminin əlindən tutduğum kimi,
Kiminin əlini umduğum kimi,
Gələni keçmişlə qovduğum kimi,
Mən torpaq oluram, siz uzaq qalın!

Kimini çəkmişəm həsrətlə dara,
Kimiylə çıxmışam bir uzun yola,
İstədim sənsizlik bir yuxu ola,
Gör nələr deyirəm, siz oyaq qalın!

Kimi doğma üçün qəribəm, qərib,
Kimi yad ürəkdi, qəflətən gəlib
Qəhqəhə çəkərək ömrümə girib,
Gözümdən yaş çəkib mənalar alın!

Kimisi daxilən təmizdi güya,
Kimisin gizlədir üzdəki boya,
Yalnızlıq bənzədi səssiz kinoya,
Mən səssiz baxıram, siz səs-küy salın!

June 2, 2014

AQNESSA VƏ SİMRAN

Onun səsini əlimə ala bilsəydim, yüksək elektrik cərəyanından həlak olacaqdım. Çox güclü, titrəmələrinə axıcılıq qata bilən, eyni zamanda sinədən ağıza maneəsiz süzülən, sanki qarnının dərin boşluğundan özünü çölə göz qırpımında atan səsi var idi. Maneələr də o səsin nə zaman ətrafa süzüldüyünü yaxalaya bilmirdi. Onu öldürdüm. 

Başqa çarəm yox idi. Ona sahiblənmədən, nifrət etdiyim cəmiyyətdən onu qorumağın başqa çarəsi yox idi. Öldürmək ən uyğun çıxış yolu idi. Aqnessa ölmüşdü və artıq birlikdə bütün dünyanı idarə edə bilərdik. Mənim gözüm insan olduğum vaxtdan bəri tox olub, o ki qaldı meydim acgözlüyüylə ortalığa səs salsın. Ona görə də zövqümü oxşamayan əhatə dairəsini təmizləmək kifayət edərdi. Aqnessa məndən fərqli olaraq daha ambisiyalı idi. Ölümlə itirilən səsinin gücü nəfsinə köçürülmüşdü. Aqnessa hər şeyi dadmaq istəyirdi. İştahına təəccüb edirdim. İlk günlərdə qarşısına çıxan cılız rəssamın, süpürgəçi qadının, ucuz fahişənin, bank işçisinin həyat enerjisini tükətmişdi. Bir neçə gün onu əhilləşdirməyə, daha doğrusu cilovlamağa, sakitləşdirməyə çalışdım. 

Sakitləşmişdi. Gecəni təmiri bitməyən parklardan birində, hündür ağacın ən yüksək budağında keçirmişdik. Sübh yaxınlaşdıqca, halımız uzaqlaşırdı. 

Aqnessa: -  Vampirlər sarımsaqdan qorxduğu kimi, mən də alçadan qorxuram. 
Simran: - Niyə?
Aqnessa: -  Vampirlər Günəş şüalarıyla məhv olduqları kimi, mən də hətta alça yeyən insanları gördükdə büzüşürəm və sanki məhvimin tam həyata keçməsi üçün Günəşin mənə də vampirlərə təsir etdiyi kimi təsir etməsi lazımdı. 
Simran: - Amma heç biri baş verməyəcək. Alça bizim qidamız deyil və sən də onu heç vaxt dadmayacaqsan. Onun dadı da getdikcə yadından çıxacaq.
Aqnessa: - Mən sağ ikən iyirmi yaşıma kimi elə bilirdim ki, alça ancaq Azərbaycanda yetişir. Sən demə, bu Prunus Cerasiferanın vətəni Anadolu yarımadası olsa da, iqlim şəraitinə görə Cənubi Qafqazda daha çox yayılaraq məşhurluğunu bu ərazidə qazanıb. Başa düşmürəm adı niyə latınca belə xüsusidir. Hələ sağ ikən, bu qədər gözümü qorxudan meyvə haqqında maraqlanmamışdım. Öldükdən sonra deyəsən cismimin tənbəlliyi axtarışda olan ruhuma heç bir təsir etmir. İnformasiya özü axır yaddaşıma. Fəvvarə kimidir bu informasiya axını. Yaddaşım dolur, boşalır, dolur, boşalır , nəticədə yaddaşımda həmişə nələrsə var və mən hər şey haqqında sənə məlumat verə bilərəm. 
Simran: - Yenilər üçün bu təəssürat həyəcanvericidir. Zaman keçdikcə onu da idarə etmək məcburiyyətində qalacaqsan. Ölü mövcudiyyəti üçün hələ təcrübəsizsən.

Aqnessa bu gün bibisigili ziyarət etməli idi. Onların növbəsi çatmışdı. Mən tələsməyini istəmirdim. Ancaq hələ də tərgidilməyən, bizim dildə desək, unudulmayan vərdişlərindən biri də tərslik idi. Bibisigildən qayıdanda gözlərindəki boşluqdan anlamışdım heç kəsi bağışlamadan işi bitirdiyini. 

Aqnessa: - Bilirsən, bibimi öldürmədən öncə nəyi dinləmək məcburiyyətində qalmışdım?
Simran: - Paylaş, öyrənim.
Aqnessa: - O utanmaz qadın mənim səsimin itirilməsində atamı günahlandırırdı. Onlarla bir masa ətrafında oturduğum müddət ərzində, çənəsi ancaq atamı, öz doğma qardaşını qınamaqla məşğul idi. Ailəmiz bankrot olub? Atam günahkardı. Anam bizi tərk edib? Atam günahkardı. Heç birimiz bədxərcliyə fasilə verməmişik? Atam günahkardı. Dostlar vəfasız çıxıb? Atam günahkardı. Bu axmaq qadın mənim  bütün əsəblərimlə oynadı son günündə.
Simran: - Əsəb? Aqnessa, sənin vərdişlərini və xasiyyətinin çalarlarını üzərindən silməyin yaman uzun çəkir. 
Aqnessa: - Ah! Bilirəm! Bilirəm! Məni qınama! Sadəcə ölü mövcudiyyəti üçün dirilərin lüğətindən istifadə etməliyəm bir müddət. Qarşılaşdıqlarımı ifadə etmək üçün düzgün sözlər tapa bilmirəm hələ.
Simran: - Susmaqla da ki, aran yoxdu. 

Aqnessa bibisinə qarşı dərin nifrətlə ölmüşdü. Bibisini və onun bütün ailə üzvlərini öldürdükdən sonra onlardan heç birinə ölü mövcudiyyəti bağışlamamışdı. Bunun onlar üçün böyük bəxşiş ola biləcəyini deyirdi. Diriykən o qədər çox kitab oxumuşdu ki, yaşadığı hər bir təəssüratı lazımi şəkildə ifadə edə bilirdi və məni heyran edirdi bu bacarığıyla. Bir var ki, kitab cümlələriylə ifadə edəsən özünü, hər dediyin kəlimə süniliyiylə canını sıxsın, bir də var ki, oxuduğun cümlələri bütün mənalardan, yüklərdən azad edib onlara öz mənanı və ağırlıqlarını yükləyəsən. Aqnessa sözlərə və cümlələrə özünü və özünə aid olanları yükləməyi çox gözəl bacarırdı. Bir az da həsəd aparırdım ona. Çünki birlikdə keçirdiyimiz günlərin çox hissəsini onun nitqi, mənim səssizliyim və nadir hallarda suallarına verdiyim cavablar, ya da suallarına qarşılıq olaraq verdiyim suallar təşkil edirdi. 

İki gün sonra qohumlarla “qidalanmaq üçün” mənim növbəm idi. 

Simran: - Aqnessa, mənə elə gəlir ki, Gənclikdəki o qülləli evdə biz yaşamalıyıq. Mənim qohumlarımın orada yaşaması məni qıcıqlandırır. Düzünü desəm, onları o evə layiq görmürəm. 
Aqnessa: - İki gün sonra işini bitirib mənə onlar haqqında danışarsan. Necə də olsa, onlar da ölsələr, haqlarında danışmağın qeybət sayılmayacaq. Çirkin ruhları hər yeri gəzib, hər kəsi dinləyə bilər, əlbəttə ki, səmaların ali mərtəbəsindən başqa. Ümumiyyətlə, görəsən oralarda kimsə var? Əşi, nəysə. Qoy, bizə də qulaq assınlar bu cahillər. Ha ha ha. Ölünün ölüyə gücü çatmayacaq, mən buna gülürəm. Oh! İndi məlumat axını Dmitri Şostakoviçin Vals №2 əsəriylə neyronlarımı sığallayır. Həqiqətən sığallayır. Gəl, gəl! Gəl bu gölün üzərində rəqs edək. Gəl!

Aqnessa! Aqnessa! Səsini itirsə də, musiqi duyumunu itirməmişdi. Parkdakı musiqili fəvvarənin sədaları altında parkın digər başında salınan süni göldə rəqs etməyə dəvət edirdi məni. Qışın şaxtasında donan gölün insan çəkisi altında çatlamayacağına şübhə etsəm də, bu təhlükənin bizim üçün qorxulu olmadığını xatırlayıb Şostakoviçin əsərinə forma verməyə getdik. Aqnessayla rəqs məni qorxudurdu, çünki diriliyimin çalarları yadıma düşürdü. Son dəfə onun  səsini eşitdiyim günü xatırladım. Onu öldürdüyüm anın xatirəsinə kimi hər şey yolunda gedirdi. O xatirə yaddaşımda canlandıqda isə Aqnessanı özümdən uzağa itələdim. Öldükdən sonra bircə ölümünü xatırlamırdı. Bu mənə bir az təəccüblü gəlirdi. Sonra də təsəllim olsun deyə min cür bəhanə gətirərək təəccübümü dağıdırdım. 

Aqnessa ayaq hərəkətlərimin ahənginə uyur, lakin əllərimdən tutmurdu. Əllərini havaya qaldırıb dalğayabənzər şəkildə hərəkətləndirirdi. Valsın stilini niyə dəyişdiyini mənə belə izah etmişdi: “ Onsuz da biz ölülərin əllərində ötürüləcək isti qalmayıb, odur ki, əllər rəqs zamanı bizə lazım deyil. Amma gözlərimizdə gözəllik görəcək itilik qalıb, sən mənim əllərimin hərəkətindən zövq ala bilərsən.” Aqnessa saçlarını boz rəngə boyatmışdı. Ağ bənzi bu rəngin qeyri-adiliyini sığortalasa da, dirilərin gözündə bu qapqara gözlü “maddə”nin ağ bənziylə, boz saçları qəribə abu-havasıyla yadda qalırdı. Xarici görünüşünü ifadəli etmək Aqnessa üçün çox rahat başa gəlirdi. Bir gün gözlərinə boz rəngli linza taxıb, saçlarını qapqara rəngə boyayıb, dümdüz forma verib çıxırdı qarşıma, bir gün saçlarını burdurub yaşıl linzasıyla görkəmini dəyişirdi.  İndi də gölün üzərini örtən,  mavi rəngə çalan buzun üzərində rəqs zamanı onun boz saçlarını dalğalandıran külək, ətrafdakı qar dənəciklərini də havaya qaldıraraq ağ rəngin çalarlarını çoxaldıb Aqnessanı öz aləmindən bir varlığa çevirirdi. Onun bu görkəminin daxil olduğu məhz bu mənzərə ömrüm kimi əbədi donmuşdu gözlərimdə. Bir gün Aqnessa qarşıma elə bir şəkildə çıxdı ki, gözlərimdə kristala çevrilən o mənzərə az qala çatlayacaqdı. Saçlarını tamamilə qırxdırmış, keçəl kəlləsinə “kəpənək” tatusu döydürmüşdü. Sağ qulağında da sırğa üçün nəzərdə tutulan deşiklərin sayı  yeddiyə qaldırılmışdı. Həmin gün onunla ümumiyyətlə kəlimə kəsmədim. O da, danışmağa istəkli deyildi. Bütün gecə dünyanın ayrı-ayrı yerlərində ov etsək də, gündüz yenə başını mənim dizlərimə yaslayaraq gözlərini yummuş və növbəti gecəni gözləyirdi.

Rəqs zamanı ictimai əsayişi qoruyan patrullardan birinə gözüm sataşdı. Bir neçə saniyə gözlərimi onun üzərindən çəkmədim. Yaxınlaşıb mənə problem mi var deyə sual verdi. Mən də səssiz baxmağa davam etdim. Aqnessa isə məsələnin böyüyəcəyindən qorxub patrula mülayim nitqlə hər şeyin yolunda olduğunu, onu bir tanışa bənzətdiyimi bəhanə gətirərək əlimdən tutub parkdan uzaqlaşdı. 

Aqnessa: - Sən nə etmək istəyirsən? 
Simran: - Mənə maraqlıdır niyə polislər insanları qorumaq məcburiyyətindilər? Yəni bu gün bir cinayət hadisəsi işlənsə, hər kəs polisdən cinayətkarı yaxalamağı tələb edəcək. Polis bu işdə yubansa, hər kəs onun işində mütəxəssis olmadığını iddia edəcək, az
qala bütün cinayəti onun boynuna yazacaqlar. Yox, əslində onun boynuna yazmırlar, sadəcə məsələni o qədər şişirdib, polisin performansından o qədər çox şey gözləyirlər ki, məni bu insanların acizliyi qıcıqlandırır. Cəmiyyət yaranıb, onu bölüblər və indi də hər fərddən bütün cəmiyyətə xidmət etməyi tələb edirlər. Təsəvvür elə, doğulursan və sənə aşılananlar nəticəsində böyüyüb polis olmaq istəyirsən. Polis olursan və qoruduqlarına aşılananlar nəticəsində onların xilaskarı kimi davranmalısan. İşinin öhdəsindən gələ bilmirsən və ilk nifrət obyektlərindən biri sən olursan. Niyə? Qoy hamı özündən tələb etsin ki, heç nəyə rəğmən cinayət işləməməlidir. Yox! Bunu heç kəs etmir. İllah da polis sistemi olmalıdır və bunları qorumalıdır. Mən bilmirəm....Bilmirəm... Bu gün Ay çox gözəldir. İştahım da artıb. O polisi məsuliyyətdən azad edəcəm.
Aqnessa: - Simran, lazım deyil. Bu gün artıq qidalanmışıq. Sübh də yaxınlaşır. Risk etmə!
Simran: - Mən ölkəyə qayıdanda saat hələ səkkiz idi. Marşrutlardan birinə oturdum, ən son dayanacağa qədər getmək keçdi içimdən. Sağ tərəfimdə 14-15 yaşlı məktəbli oturmuşdu. Cibindən gediş haqqını çıxarıb əlində hazır tutmuşdu. Ancaq avtobusdan düşmək üçün ayağa qalxmağa tələsmirdi. Bir dilənçi mindi. Qozbel, əlləri şikəst idi. Başladı dua etməyə və “Allah rızası üçün” deyib yalvararaq nəzir toplamağa. Öz görkəmi insanlarda onsuz da, mərhəmət hissi doğurur. O isə, görkəmiylə kifayətlənməyib insanları “Allah” sözünü istifadə etməklə daha çox özünə qarşı mərhəmətli olmağa çağırırdı. Yanımdakı məktəbli qız əlində hazır tutduğu gediş haqqını ona uzatdı. Dilənçi bir neçə nəfəri də beləcə soyub düşdü avtobusdan. Mən buna soymaq deyirəm. Əlini cibinə atmayanlar “Allah rızası üçün” ifadəsini eşidib qorxunun aşıladığı adrenalinlə mərhəmətli görünməyə çalışırlar və Allahdan xəbəri olmayan dilənçi metoduyla öyünərək avtobusdan düşür, ona qəpik uzadanlar isə qorxduqları Allahın yanında artıq mələk olduqlarını düşünürlər.  Dilənçini təqib etdim.  
Aqnessa: - Qaranlıq dalanlardan birində arxadan yaxınlaşıb onu çağırdın. Üzünü sənə çevirən kimi sol qulağında soyuq hava axını hiss etdi. Sən dodaqlarını onun qulağına yapışdırıb göz almasının rəngi ağarana kimi enerjisini sovurmağa başladın. Bütün həyat enerjisini çəkdikdən sonra isə öz metodunla qürur duyub oradan uzaqlaşdın. Sən də onu soydun. Afərin!
Simran: - Oho! Aqnessa! Sən az qala məni acgözlükdə günahlandıracaqsan. Az qala məhkəmə çağırıb məni öz əllərinlə insan ədalətinə təslim edəcəksən. Ha ha ha. Sən ki, məndən daha soyuqqanlısan! Bəlkə deyəsən ki, sol qulağından enerjisini çəkib onu öldürdükdən sonra sağ qulağıyla da ona öz enerjimdən üfürüb onu özümüzdən biri edəydim?  Bu gün nə yaman insan ehtiraslı çıxışlar edirsən?!

Mənə heç nə demədən üzünü çevirib getdi. İştahım daha da artmışdı və patrulun enerjisini almağa qərarlı idim. İşimi bitirib Aqnessanın yanına qayıtdım. Onu metronun tunelində relslərdən aralıda gizli otağa qalxmaq üçün nəzərdə tutulmuş balaca pilləkəndə oturarkən tapdım. Qatarların səsindən zəhləm gedir. Bir şəkildə Aqnessanın etirazıyla qarşılaşmadan onu oradan uzaqlaşdıra bildim. 

Simran: - Niyə məhz kəpənək tatusu döydürdün?
Aqnessa: - Onlardan milyard dəfə güclü olsaq da, bir çox məsələdə oxşarıq. 
Simran: - Biz? Kəpənəklə? Ha ha ha! Hansı məsələlərdir onlar belə?
Aqnessa: - Kəpənəklərin qanı olmur. Doğulduqdan sonra yaşamaq üçün vaxtları da çox olmur. Ona görə də çatdırdıqları qədər uçmağa, başqa canlıları yoldan çıxarmağa, ov olmağa, ovçu olmağa və s. bir çox şeyi etməyə çalışırlar. Şüursuz olduqları üçün biri öldükdən sonra onun yerinə tırtıldan çıxan hər yeni kəpənək digərinin natamam ömrünün davamını, ya da təkrarını yaşamış olur. Yəni kəmiyyət sayəsində keyfiyyətlərini tamamlayırlar.

Simran: - Qanları yoxdur, bu məsələdə oxşarıq. Ancaq ondan sonrakı cümlələrinin nə qədər bizimlə oxşarlığa aid olduğunu təyin edə bilmədim. Daha doğrusu, o cümlələrdə bizi xatırladan bir fikrə rast gəlmədim. Biz ki, ölümsüzük!
Aqnessa: - Ölümsüzlük. Təsəvvür edirsən, bizim mövcüdiyyətimizin axarı bizi nələrə vadar edəcək? Çox şeyə. Çox. Çox. Çox. Nəticə? Bizim keyfiyyətimiz özünü nədə göstərəcək? Məncə bizim nəticəmiz yüz kəpənək ömrünün keyfiyyətinə dəyməyəcək. 
Simran: - Vampir-filosof. 
Aqnessa: - Mən vampir deyiləm. Mən qaniçən deyiləm ki, mənə vampir deyirsən?
Simran: - Bəs kimsən? Aqne! Aqne! Məlumat axını sənə bizim də vampir olduğumuz barədə heç bir material ötürməyib? Biz də vampirik, insanları həyatda saxlayan başqa bir mücərrəd maddəylə qidalanırıq. Amma qida olduğuna görə, o da qan kimi maddidir. Məncə, sən özünü başqa varlıq zənn etməyi dayandırsan, yaxşı olar. Vampir təbiətinlə barış artıq! İnsan – Vampir – Qeyri-müəyyən varlıq aralarında gedib-gəlişlərin məni də yorur. 

Özünə qarşı edilən hər bir narazılığı tənqid hesab edən Aqnessa bir həftə idi ki, gündüzləri keçirdiyimiz mehmanxana otağına gəlmirdi. Bizim əbədi ömrümüz üçün bir həftə nədir ki, narahat olum? Axrı gələr. Hələ ölü mövcudiyyəti onun üçün yenilikdir, məndən öyrənməli olduğu çox şeylər var idi. Axrı mənim yanıma qayıdacaqdı. Aqne!

Aqnenin yoxluğunda da macərasız qalmırdım. Qurbanlarımdan biri
qan içən vampirlərdən çıxmışdı. O anda anladım ki, Aqnenin yoxluğu diqqətimi dağıdır. Belə təhlükəli vəziyyətlərdən çıxış yolu həmişə olmur. Bəxtim onda gətirdi ki, qurban ikimizin də sağ olduğu həyatda tanışım idi. Aramızda bir-birimizə qarşı pərdə arxasında gizlənən simpatiya var idi. Bu “yenidən” cərəyan edən görüşü qeyd etmək üçün birlikdə metkartinqə getdik. Orqanizmdə baş verən fövqəladə dəyişiklik bu əyləncə növünü  mənim üçün daha da maraqlı etmişdi. Əlbəttə ki, sürüşdə səliqəmiz və oranın işçilərinə işıq sürətində görünən sürətimiz təəccüb doğurmuşdu. Lakin üç dövrədən sonra oranı tərk etdik.  Köhnə tanışın adı Rza idi. Vampir Rza. Bir az da gülməli çıxır bu tələffüz. Kim? Vampir Rza. Ha ha ha.

Vampir Rza: - Neçə vaxtdır bir qız var, gözüm ondan su içmir. Təqib edirəm. Bir görsən! Keçəl, kəlləsində də “kəpənək” tatusu, boz rəngli gözləri var. Eşitdiyimə görə, vampirlərə nifrət edir və qan içirik deyə bizə həmişə istehzayla yanaşır. Onun dərsini vermək lazımdı. Tanımırsan?
Simran: -  O da vampirdir. Bizdəndi. Buna görə dərsini verməlisən? Harda görmüsən?
Vampir Rza: - Uzun müddətdir bir məmurun villasında yaşayır. Daha doğrusu, sübhə yaxın hardansa qayıdıb villanın balkonundan məmurun qızına aid otağa girir. Dəqiq məlumatlanmaq üçün çox da yaxınlaşa bilmirəm. Əgər bizdən biridirsə, şübhələnib özünü sığortalayacağına əminəm. 

Söhbət əsnasında gəlib həmin villayla üzbəüz binanın mansardına qalxmışdıq. Bir neçə saat da ordan-burdan söhbət edib Aqnenin ovdan qayıtdığının şahidi olduq. Daha sonra Vampir Rzanın diqqətini Aqnessanın üzərindən çəkmək fəaliyyətimi davam etdirərək  mehmanxanama doğru hərəkət etdim. Vampir Rza tez alışıb tez sönən tiplərdən idi. Aqnessanın maraqsız və təhlükəsiz qurban olacağına onu inandırmağı bacarmışdım. Artıq hər gecə özüm villanın yaxınlığında dolanır, Aqnessanın qarşısına çıxmaq üçün fürsət qollayacağım anı gözləyirdim. 
Bir neçə gün sonra qəflətən qarşımda onu gördüm.

Aqnessa: - Daha neçə gün buralarda məni izləyəcəksən?

Sağ olsaydım bu qəfil görüş mənim tarazlığımı itirərək ağacdan yıxılmağıma səbəb olacaqdı. 

Simran: - Çoxdandır görünmürsən. Yeni macəraların ömrü uzanıb deyəsən.

Aqnessa cəld hərəkətlə arxa tərəfə keçdi və ayaqlarını boynumdan sallayaraq boynumda oturdu. Bu qəribə və gözlənilməz bədən hərəkətlərinə öyrəşmişdim. Bu dəfə də təəccüblənmədim. 

Aqnessa: - Sual!
Simran: - Buyur.
Aqnessa: - Öldükdən sonra heç elə bir insanla qarşılaşmısan ki, onun yaşadığı bütün ağrılar sənə səni xatırlatmış olsun və o insanla doğmalıq hiss edəsən? Bununla da qalmayıb onun yaralarını sağaltmaq istəyəsən?
Simran: - Yox. Səndən fərqli olaraq mən bu cür insanaməxsus sentimentalizmi, tolerantlığı və b. nə deyirlərsə bu hisslərə, ya da bu vərdişlərə, onları unutmuşam, tərgitmişəm. Bu da ölü mövcudiyyətimi daha zövqlü və daha rahat edir.
Aqnessa: - Yəqin mənim orqanizmim regenerasiyaya çox da meylli deyil. Natamam qalır bütün prosesslər. Mən Leylanı görən kimi onu sağaltmaq istədim. Onunla oxşar olmasaq da, yaraların bu qədər bir-birinə bənzəməsi məni təəccübləndirmişdi. Onun yanından ayrılmaq istəmirdim. Heç indi də istəmirəm. O da mənə öyrəşib.
Simran: - O sənin kim olduğunu bilir? Ona özün haqda danışmısan?

Aqnessanın baxışlarının ötürdüyü mesajda Leylanın da artıq bizdən biri olduğu siqnalı var idi. Natamam regenerasiya? Bu mümkün deyil axı. Mən harda səhvə yol vermişəm? 

Simran: - O sənə diri həyatını xatırlatdı?

Bu sualdan sonra qulağımın arxasındakı nazik dərinin keyiməyə başladığını, dartıldığını hiss etdim. Bütün bədənim isə ağrı içində qovrularaq büzüşməyə başlamışdı. Aqnessanın səsi dalğalı gəlirdi.
Aqnessa: - Mən sağ ikən çox dəyərli səsim var imiş. Bir gün biri o səsdən aldığı həzzi təhlükə sayaraq məndən o səsi alır və üstündə də həyatımı götürür. Mən o kəslə yeni mövcudiyyətə başlayıram və onu öz xilaskarım hesab edirəm. Demək olar ki, tamamilə ona məxsus oluram. Sonra Leylanın ağrıları beynimdə köhnə lentlərin tozunu alaraq böyük ekranı yandırır. Nə görsəm yaxşıdı? Mən ölü mövcudiyyətimə göz açdıqdan bəri qatilimin qollarında böyüyürmüşəm. Sənin məni tapacağını bilirdim. Səbrsizliklə özünün ayaqlarıma gələcəyi günü gözləyirdim. İndi əbədi ömrünün davamını mən sürəcəm. Sənin isə yolun bura qədər imiş. 

Aqnessanın səsinə məhlədəki xarici maşınlardan birindən gələn mahnının səsi də qarışmışdı. Bu mahnını hardansa tanıyırdım. Eşitmişdim. Bir az da fikirləş. Fikirləş. Tapacağam. Twin Shadows? Hə! Əminəm! Twin Shadows – Run my heart!  Amma Aqnenin nitqi bu mahnıyla uzlaşmır axı. Aqne?! Sən nə vaxt belə qəddarlaşdın? Natamam regenerasiya? Ah! Ah! Ah! Bu ağrı uzun çəkməsin! Bitsin artıq!
Aqnessa: - Məlumat axını sənin bütün həyatını mənə ötürüb. Sənin sağ başlayıb, ölü bitirdiyin hekayəni mən yekunlaşdıracağam. Əlvida Simran!

Simranın bütün həyatını yaddaşıma köçürdüm. Bunu mənə Livanda tanış olduğum qaniçən öyrətmişdi. Bizimkimiləri öldürmək bir az fərqlidir. Simranın boynunun arxasını dırnağımla çərtib oradan çıxan bozumtul maddəni içib, sonra oraya qurbanlarımdan birinin külünü tökməli idim. Onun dərisi külü qəbul etdikdən sonra getdikcə soyulmağa başladı. Daha sonra isə yaddaşıma güclü məlumat axını hücum etdi. Onun ana bətnində olduğu andan bu dəqiqəyə kimi yaşadığı hər şeyi artıq bilirdim. Yazıq! Yarımçıq qalan hekayəsini indi mən bitirirəm. Mən! Aqnessa! Simranın Aqnesi!

Leylanın yaralarını sağaltdıqdan sonra ondan istəmişdim ki, tamamilə sağalıb ölü mövcudiyyətinin regenerasiyasını da tamamladıqdan sonra məni qəflətən məhv etsin. Simranın yekunundan istəyirəm özüm üçün.  Bir tərəfdən insanlığımı xatırlayan ölümümlə mövcud olsam da, digər tərəfdən ölü mövcudiyyətini mənə sevdirən müəllimimin sonluğundan istəyirəm. Leyla etiraz etmədi.  Hər gündüz gözlərimi onun sümüklü dizlərində yumurdum. Bədəninin sümüklü hissələrindən doymurdum. Onun yerişinə bu sümüklərin nəzərəçarpar şəkildə görünməsi, xüsusi cazibədarlıq qatır. Bəzən koridorun bir başında dayanıb onun mənə doğru gəlməsini istəyirəm. Yerişindən aldığım zövqü heç nəylə əvəz edə bilmirəm. 

Bir gün Leyla da müəlliməsini günahlandırmağa səbəb tapacaq. O bunu tapdıqda isə mənim qəfil qeybim, məhvim baş tutacaq. Hələ ki, o günü gözləyirəm. Əbədiyyətin darıxdırıcılığından çıxış yolu var imiş. İşə bax! Sağ insanlar övlad dünyaya gətirirlər ki, qocaldıqca o övlad onlara baxsın və ömürlərini uzatmaqda kömək olsun. Biz vampirlər isə dünyaya gətirdiyimiz ölünü özümüz üçün əbədiyyətdən qurtuluş olaraq yetişdiririk.

Unutmadan qeyd edim ki, Simranın yarım qalmış işini yekunlaşdırmışam. Artıq qülləli ev mənimdir. Leylayla bəzən gündüzləri orada keçiririk. İçini mebellərdən boşaltmışıq. Boş və soyuq evdir. Ən böyük otağın küncündə kaktus var. Qaranlıqdır. Divarda hörümçək rəsmi asmışam, filmlərdəki effekti versin deyə. Bir də həmin otağın tam ortasında hovuz var. Xoşum gəlir saatlarla suyun altında qalmaqdan. Qan içənlərin tabutda yatmağına inananlar, mənim də suda yatdığıma inansınlar. Bəzən də Leyladan canım sıxılanda o evə çəkilirəm. Qəfləti də burda qarşılayacağam.