March 26, 2014

Çağırış

Çooooox dərinə üzəndə, sahilə barmaq ucunun təkanıyla da qalxmaq olar. Odur ki, düşünənlərə emosiyalarınızla mane olmayın! Boğazdan yuxarı qayğınızla, qayğıları artırmayın! Düşünənləri qorxularınızla fikirlərindən yayındırmayın! Bilmirəm niyə amma qorxu, həyəcan pərdənizlə düşünənləri öz aləminizdə gizlətmisiniz. Nəsə görmürəm. Sizə də "düşünən" deyə bilmirəm, çünki müşahidə etdiyim natamamlıq düşünənlərin işinin yarıda qaldığından xəbər verir. Oh,yaxşı yadıma düşdü! Sizin və gizlətdiyiniz düşünənlərinizin yerinə düşünənlər isə sizlər üçün yaxşı şeylər düşünməyiblər. Nə isə... Oxuyan anlamasa da, düşünən anlar.
                                                                                       

                       Ləman Məmmədova
                                                                                                     Facebook status: 23.03.2014


Orijinali bulmak için yetişmemiz, onların kaybını kaldıracak kadar güçlü olmamızı sağlıyor. Bulana kadar geçtiğimiz yol, kaybettikten sonra geçeceğimiz yolun kılavuzudur. Sanki bi' balıkçı  bulutların üzerinde oturmuş ve  bulduğumuz "orijinal"in hangi yemle avlandığını biliyor ve böylece onu bizden alıyor. Acaip bi' sistem.  Bir  de şimdi "Karıncaları" okudum. Kafam karışıklığını tekrar karıştırdı. Yine sana ulaşamadım. Ne kadar derine saklamışım ben seni ya?!

Ləman Məmmədova
Facebook status: 26.03.2014



Gücündən ağırlıq düşdü çiyninə,
Beli yerə dəydi güclü insanin.
Poladdan qüruru geydi əyninə,
Gördü çılpaq imiş əyni dövranın.
Ləman Məmmədova
Facebook  status: 27.03.2014

March 19, 2014

Yenə "Sənə" yazıram#Ünvansız

Ay mahnı!

Bəlkə də səni heç kəslə paylaşmamalı idim. Ancaq sənin ürəyimdə qət etdiyin dərinlik, o dərinlikdə yaşayanların yerini dar edir. Qorxuram səninlə özümü aldadam. Yox, bugün ruhdan düşməmişəm. Sadəcə...

Ey Sən! 

Səninlə danışarkən nitqim gündəlik nitqdən fərqli olur.

Bəziləri ürəyimizdə dərinə getdikcə, biz dərində olanları daha da dərinə qaçırırıq ki, yeni gələnlər heç vaxt onların yerini tuta bilməsinlər. Nə həmin dərinliyə doğru yola çıxanlara "dur" deyirik, nə də dərinlikdə olanları tərk edirik. Eh...Bütün bunlar boş mülahizələrdir. 

Rəqs etmək istədim. Kölgənlə, ya da səninlə, fərqi yoxdu. Mən Məcnun deyiləm, Leyli deyiləm. Kölgənlə rəqs edəcək qədər öz dünyamdan xəbərdaram. Mənim dünyamda şişirdilmiş heç bir hissə yer yoxdu. Bu başqalarına qeyri-mümkün görünsə də, mənim dünyamda həqiqətən hiss edilmiş heç bir kölgə şişirdilməyib. İndi məsələn bütün cümlələr bir yana qalacaq, "mənim dünyam" sözünə ilişəcək gözlər. Eyniylə də mənim dünyamda sənin kölgəni heç kəs görməz amma mənim rəqsimə ilişər gözlər. 

Yenə sən oxumadın, Kəpənək. Yenə sən oxumadın. Yenə mənəm rəngini çəmənlərə dağıdan bahara, qapqara ürəyini aça bilməyən optimist. Təəccüblənəcəksən bu qədər ziddiyyətə? Niyə? Üzündəki təbəssümü doğuran optimist də mən idim, o üzdəki təbəssümdən ilhamlanıb optimist olan pessimist də mən idim. O pessimizmin, sənin gələcəkdəki yoxluğundan xəbər verdiyini yanında dərk edən realist də mən idim. Amma təbəssüm üzümdən əskik olmurdu. Bunu sevmək olardı... Məncə olardı...Rəqs etmək istədim...

İnsana başqaları “şair” gözüylə baxmağa başladıqda, bu şairin ürəyini boşaldacaq yeri olmur. Çünki yazdığı hər şey onun içində dərinə yol alan şeylərdir, amma dərində olanları çıxaracaq qədər hər yeni başlayan “şair” cəsarətli deyil. Yenə sənə yazmağa məcburam. Sən bədiisən. Bədiilikdir səni kölgə edən. Sənə sözlərlə toxunuram. Mənim başqa çarəm yoxdu, sənin isə heç nədən, heç mənim gizlətdiyim “Səndən” xəbərin yoxdu.  

Rəqs etmək istədim. 

Ay mahnı!

Fikrimi dağıdırlar. Fikrimi çox dağıdırlar. Dərinliyimdə qala bilmirəm. Mütləq sahildəki qum dənəciklərini qaldıran küləyi bəhanə edib məni sahilə çağırırlar. Dayaza çəkirlər. Onlar üçün çarə tapıram. Dərinliyimə qayıtmaq istədikdə isə yeni bir “külək qalxır”. Səni yarıda qoyub, dərinlikdə gizlətdiyimə səslənmək istəyirəm yenə də.

Ey Sən!

Bir gün bu mahnını mənimlə birlikdə dinləyəcəksən. P.S. Buna ancaq mən inanıram.

Bir gün qopacaqsan əl-qolunu bağlayan zəncirlərdən və ruhunun qidası olan azadlığına qovuşacaqsan. P.S. Mənimlə olmasan belə.

Bir gün bəlkə bərabər rəqs etdik. P.S. Narahat olma, bunun üçün yağışlı günü gözləməyəcəyik. 

Bir gün mənim azadlıq üçün açdığım cığırlarda sənin yeridiyini görəcəm. P.S. Mənə çata bilməsən də, mən səni görəcəm.

Bir gün yalnızlıq sözünə nə üçün hörmət etdiyimi anlayacaqsan.P.S. Bunun üçün ruhunun qidasına qovuşmalısan. Azadlığına qovuşmalısan. Təkliyinə qovuşmalısan.

March 15, 2014

Gözlərim keçmişi qaytara bilsə

Bu şeirim www.qafqazpress.az saytında yayımlanmışdır. 

Getdiyin  yollara baxmağa nə var?
Gözlərim gedəni qaytara bilsə.
Dərdlərdən bir günlük qaçmağa nə var?
Bir ömür o günü ovuda bilsə.

Barmaq uclarına köçən zəriflik
Bir iz saxlamadan çəkilə bilsə,
Keçmişlə bir ömür sürməyə nə var?
Əllərim istisin qoruya  bilsə.

Hər üzdə cizgini tapmağa nə var?
Ürəyim yüz yerə bölünə bilsə.
Sözlə körpü salıb keçməyə nə var?
Ünvanı körpülər tanıya bilsə.

March 13, 2014

Ruha da əyləc lazımdır

Çox göylə getməyin, "Azadlıq" deyə,
Bəzən lazım olur ağıl dəliyə. 
Dəlinin tapdığı cəsarət olur, 
"Azadlıq!" bağırıb xəsarət alır.