July 18, 2013

Cızmaqaram

İstəsən, mənimlə dünyanı izlə,
İstəsən, məndə öz dünyanı gizlə,
İstəsən, dünya ol, axrını gözlə,
Bircə özgə olub, məni gözləmə!

                ***
Gündüz əllərini gecə uzatmaz,
Gecə Ay işığın, Gündüzə satmaz,
Aciz insanoğlu, düsturu qanmaz,
Gecəsi cinayət, gündüzü qandır.

                ***

Deyəsən  arzumu borc istəmişdim,
Verən də üstündə faizin aldı.
Dedim alırsansa, yaddaşdan da sil,
Günü günə satıb ömrümü aldı.
        

Parçadan parçalar

Ruhumun çox qəliz bir xəyalı var,
Yolumun sonunda gözləyir, demə!
Yolun yarım qalma ehtimalı var,
Gecikdim, sən hələ gec deyil, demə!
Sən dinmə, dayan, mən açım qəlbimi,
Bu ruh çılpaq gəzir, titrəyir, demə!
Uzatsa üstümə Haqq öz kürkünü,
Çiyinlər kövrəkdir, daşımaz, demə!
Nə ad götürdüsə, Adəm özünə,
Haqq Nisyan deyibsə, sən İnsan demə!
İnsan nisgil çəkir, unudub sözün,
Təkəbbür söz deyir, sən de, ya demə!
Yaddaşdan silinsə, hər şey ard-arda,
Yaxşı doğulmuşdu, pis öldü, demə!
Unutdum, özüm də unudulacam,
Möcüzə gözləyir insan, sən demə!
Möcüzə!Möcüzə! Yaddaşım hanı?
Özümdən ayrı bir Öz var, sən demə!
Bu böyük boşluqda nə qədər yol var!
Bir tək cahil Haqqı görməzdir, demə!
Desəm qaytar məni, qopduğum Tama,
Ruhum çilik-çilik, götürməz, demə!

July 13, 2013

Zaman səni məndən borc alıb əlbət

Zaman səni məndən borc alıb əlbət,
Xərcləyib indi də qaytara bilmir.
Kimisi səsini dənizdən alar,
Kimisi qoxunu küləkdən çalar,
Kimisi islanar yağan yağışda,
Hər kəs səni bir cür yadına salar.
Yoluna çıxmağa etsəm cəsarət,
Zamanlar qarışar, qiyamət qopar.
Səsinçün, qoxunçun darıxan kəslər,
Məndə olan sənə, tamahın salar.
Dəyərli miras tək bölərlər səni,
Sonunda yenə də sənsizlik qalar.
Yenə də qulaqlar dənizə möhtac,
Yalvaran dilləri küləyə möhtac,
Quruyan qəlbləri yağışa möhtac,
Səni məndən sorub, cavab alarlar.
Yaddaşdan söz alıb, xəyal qurarlar.
Elə bir sirsən ki, ağzımı açsam,
Gözümdən nurunu çəkib alarlar.
Bu zaman təxəyyül yardıma qaçar
Nə zaman gizlənsəm söz arxasında,
Nə olar, sən məni onlardan qurtar.
Səndən uydurduğum gözəl rəvayət,
Qorxuram sirrimi yadlara açar.
Mən pünhan etmişəm səni özümə,
Gərək sipərin də elə mən olam.
Yoluna davam et, ey gözəl Yolçu,
Bu sipər yadları biçarə qoyar.

July 4, 2013

Özündə gizli

Qulağın pərdəsi nazikdən nazik,
Həqiqət susur ki, biz kar olmayaq.
Necə də öyrənib lalların dilin,
Uzağa qaçsa da, ünvan sormayaq.
Necə də gözləri anlamsız baxır,
Qorxur anlasa da, biz anlamayaq.
Həqiqət yerində yalanı görüb
Qorxur ki, yerindən onu qovmayaq.
Bu insan öyrəşib əyri belinə,
Düzəlsə qəddimiz, gərək yatmayaq.

July 3, 2013

Bir Gün

Bir gün məndə də söz qurtarar əlbət,
Susaram, yaşamaq düşər yadıma.
Əlimi uzadıb keçmişə xəlvət,
Uzanar onlar da, səndən uzağa.
Dünənim edərmi məndən şikayət?
Qoymadın gözucu baxsın sabaha.
Bilmirəm nə edim indi rəvayət?
Yaşamaq gözəldir ancaq susana.