January 10, 2016

Elə deyil?

Bu gün bayırda havanın necə olduğundan xəbərim yoxdur. Pərdələri çəkib oturmuşam dörd divarın içində və tüstünün necə rəqs etdiyinə baxıram. Etiraf edim ki, heç kəs tüstü qədər gözəl rəqs edə bilmir. Hətta mən də. Yəqin bizi heyran etdikdən sonra başlayır  səsimizi və gülüşümüzü dəyişməyə. Çay da içirəm arada. Onun da rəqs edən buxarı var. Ona məxsus tüstüsü var. Bircə, insan "təpəmdən tüstü çıxdı" deyəndə ətrafda heç bir tüstü müşahidə olunmur. Həmişə özünə aid olmayanlara sahiblənir də bu insan. Xisləti dəyişməzdir deyərdim, amma mən sahiblənə bilmirəm. İstəyirəm mənim bəxş etdiyim azadlıq məni də azad etsin. İnanmıram ki, insanın doğuşdan azad olmadığı barədə fərziyyə həqiqət olsun. İnsan yolunun başlanğıcından bitdiyi ana kimi azaddır. Önəmli olan nəticədirsə, azadlığı olmasa, o nəticənin heç bir anlamı qalmaz.Elə deyil?

Deyildən sonra vergül qoyub xitab da yazacaqdım. Amma mən çoxdandır ki, sənə xitab etmədən danışmağa başlamışam. İlk və son xitabım sənə hardasa, dörd il bundan öncə yazdığım məktubun əvvəlində olub.

Gah deyirlər insan dəyişir, gah deyirlər dəyişmir. Heç kəs bu mövzuda deyəsən, qəti qərara gəlməyib. Amma məncə, təbiətə baxıb yarpaqların, meyvələrin keçdiyi yolu izləsələr, cavab taparlar. Yəqin ki, bu cümlədən sonra ağlında mənim dəyişib-dəyişmədiyim barədə heç bir sual qalmaz. Sadəcə onu vurğulayım ki, təbiətdə müşahidə etdiklərin keçdikləri dəyişmə mərhələsindən asılı olmayaraq, onları "öz" edən mənanı dəyişmirlər. Yəni meyvə kal olduqda da meyvədi, yetişdikdə də meyvədi, çürüdükdə də meyvədi. Yarpaq yaşıl olanda da yarpaqdı, saralanda da, xəzan olub yerlərdə əziləndə də yarpaqdır.

Biri deyir hamımız eyniyik, biri isə deyir nəinki insanlar, hər şey bir-birindən fərqli yaradılıb. Kim hansı ölçülərlə fərziyyələrini doğurur, bilmirəm. Əminliklə deyə bilərəm ki, biz səninlə həm eyni, həm də fərqliyik. Təsəvvür et ki, sənin iki üzün var. Güzgüyə baxanda sən özünə aid olanı, üzünü çevirəndə isə mən özümə aid olanı görürəm. Amma bir-birimizi görmürük, eyni "gövdə"ni paylaşsaq da. Bir az fantastik izah oldu, amma təxəyyülə əziyyət verib məni başa düşmək olar. Bir fərqimiz də var.

Mən səni görmək üçün az qala boynumu sındıracam, sənin isə məndən xəbərin yoxdur. Deyərsən ki, "eyni gövdədirsə, bu necə olur bəs?". Sən heç Hollivud filmlərini izləyəndə, oradakı "boşluqları" suallarla doldurursan? Sadəcə izlədiyinə inanmağa çalışırsan. Bir az da mənə inanmağa çalış. Bu ki, o qədər də çətin deyil.

Hələ də ümid edirəm ki, bir gün kompüter arxasına keçib hansısa dostunun səhifəsində mənim bloquma rast gələcəksən və bütün yazdıqlarımda özünü tapacaqsan. Bəlkə də özünü tanımayacaqsan. Axı səni heç kəs mənim qədər qanadları üzərində daşımayıb. Mən isə hərflərin köməyiylə sözlərdən elə böyük qanad toxumuşam ki, səni bundan sonra yüz il də daşıya bilər.

Zamanı görmədiyimizdən şikayətlənirik. Amma bəlkə Yaradan heç "zaman" deyə bir şey yaratmayıb? Bizi yaradıb və bizi geri qaytarana kimi nəfəs alacağımız bir şərait qurub. Sən nə vaxt qayıtsan, cismimi həmin zamana aid görəcəksən. Amma ruhum yenə də başqa yerlərdə olacaq. Bu gedişlə və bu sözlərlə bəlkə heç mən də səni tanıya bilmədim.

İndi uzun zamandır özümü üstünə qovduğum bir ruh halındayam. Laqeyd, vecsiz və hamının sevdiyi söz olan "xoşbəxt". İndi durub halımdan şikayətlənsəm, bir az kobud desək, "şit" çıxar. Halımdan məmnunam. Ölkədə onsuz da heç kəsin keyfi yerində deyil. Sən facebook-da yoxsan. Olsaydın, görərdin ki, uzun zamandır hamını "başı çıxdı-çıxmadı siyasətə qarışmaqda" ittiham edən adamlar belə, indi sevgi statusu yazanlara qəzəblənirlər. Yəni indi hamı bir-birindən "xilas" təklifi, ya da "xilas" gözləyir. Amma hiyləgərlik də edirlər. Off-line olanda sevməyə və gülümsəməyə həvəsləri qayıdır. Qınamıram, əşi. İnsan bekar qalmamalıdır. Xeyirdən udduğu kimi, Şərdən də udmalıdır. Axı içindəki cərəyanlar yalnız biriylə alışmaz.

Bir də göz qapaqlarımdan əlini çəksən, sevinərəm. Tez-tez mənə gözlərimi yumdurub özünü xatırlatdırmağa çalışırsan. Buna ehtiyac yoxdur. Həyatda  yolları ayrılanlar üçün yuxular düşünülüb. Gəl yuxularımda görüşək. Beləcə, həyatımda qalmaqdan qorxmayacaqsan. Yuxular hər kəs üçün pulsuz, məsuliyyətsiz və zamanı məhdudiyyətsizdir. Sənə verilən 7-8 saniyəni, uzun bir gün kimi keçirə bilərsən. Oyanmaq isə sənə çıxış yolu olaraq verilib. Yəni qalmaq istəsən də, oyanırsan və bunu yuxuya getmədən öncə də bilmiş olursan. Həyat kimi sərt deyil yuxular. Həyata doğulmaq istəmədən doğulursan, ölmək istəmədən ölürsən və heç birinin vaxtından da öncədən xəbərin olmur. Axı reallıqda sən insansan, yəni zamansan. Yəni sən hara gedirsənsə, zaman da səninlə gedir. Nə arxanca düşür, nə də önündə gedir. Zaman sənin içində səninlə birlikdə hərəkət edir.

Yoxluğundan başqa heç nə yoxdur deyə, məcburam vida öpüşünü tüstünün doldurduğu boşluğa göndərirəm. Qoy tüstü də elə bilsin ki, onun rəqsinə bu şəkildə qiymət vermiş oluram. 

January 4, 2016

Dostlar, yuxularda görüşəcəyik!

İtkisiylə barışmadığımız dostumuza - Nərmin Əzizovaya  ithaf edirəm. Allah hər kəsə səbr versin!

Dostlar, yuxularda görüşəcəyik!
Oraya fələk də əlin uzatmır.
Məni ayrı salıb, sizdən qoparır,
Ürəyim içindən sizi buraxmır.
Dostlar! Üzülməyin, tutun əlimi!
Soyumuş əlimdə qalsın iziniz.
Siz məndən sonra da qoruyun məni,
Qəhrimdən dəyməsin yerə diziniz.
Dostlar! Yuxularda görüşəcəyik,
Yenə də gülərək gəlin yanıma,
Biz bizə düşəni bölüşəcəyik,
Boynunu bükməsin, deyin yarıma!
Dostlar! Gözünüzün yaşını silin!
Bugünün göz yaşı sabaha qalmır.
Mən yaman tələsdim, deyə bilmədim,
Gedənin yerini kimsələr almır.
Hərəniz bir sətir yaza bilsəniz,
Elə söz yazın ki, sevgi qoxusun.
Anama təsəlli ola bilməsəz,
Verin o sevgini anam oxusun.
Şəkillər danışar indi yerimə,
Hıcqırıq yerini gülüşüm alsın.
Dostluq barışmaz ki, əlvida ilə,
Hələlik! Dostlarım salamat qalsın!