December 2, 2017

Qəribəm, qərib

Məni qərib olmaq yorub, əzizim,
Vətəndə qəribəm, qürbətdə qərib.
Gəncliyin vədəsi dolub, əzizim,
Fikirdə qəribəm, duyğuda qərib.

Qarları əriyən ölkədə bəyaz,
Yayda tir-tir əsən ruhum da qərib.
Bəlkə yaşayana yüz il gəlir az,
Körpəyə yanaşan ölüm də qərib.

Dəyişib yerini Xeyiri Şərlə,
Dostuma qəribəm, düşmənə qərib.
Sözümün üstünü cızdığım xətlə,
Kağıza qəribəm, qələmə qərib.

Havaya fırlayan oxam, əzizim,
Nə hədəf görürəm, nə geriyə yol.
Bir fələk qapımı bəlliyib mənim,
Bükdüyü belimdən gözləyir sağ ol.

Məni qərib olmaq yıxıb, əzizim,
Dağlara qəribəm, Palıda qərib.
Yoxluğun köksümü sıxıb, əzizim,
Sevincə qəribəm, kədərə qərib.

Gözlərdə parlasa, bircə damla yaş,
Silməyə qəribəm, öpməyə qərib.
Torpağa dikilsə, sinəmdəki daş,
Getməyə qəribəm, gəlməyə qərib.

No comments:

Post a Comment