August 15, 2014

Gəl

Hardasan? Dayanıb olduğun yerdə,
Gözünün çəkdiyi yola doğru gəl!
Payızda ağacdan düşən yarpağın
Yerini tutmaqçun yaza doğru gəl!
Qəlbimin qışında donan əllərin
Əridən istinlə buzun açmağa
Yazından sürünüb yaya doğru gəl!
Kimləsən? Yanında olduğun kəsin
Bağrından sıyrılıb mənə doğru gəl!
Məni saxlamayan qəfəslərimin
Açarın dəryadan almaq üçün gəl!
Yollarda iz qoyub gedənlərimin
Qayıdıb izlərin silmək üçün gəl!
Məni mənsiz qoyan ziddiyyətlərin
Sirrini açmağçün mənə doğru gəl!

August 9, 2014

Ziddiyyət

İnsana insanlar nağıl danışır,
Bir nağıl duymadım ömrümə uyan.
Hamı xoshbəxtlikçün yaman yarışır,
Qırx qapı yoxdur ki, divdən oğrayam.

İndi sən hava ol, istəsən su ol,
Nəfəsim getdiyi yolu qayıdır.
Ya mənlə diri ol, mənsiz ölü ol,
Onsuz da əcəlim sənsiz sayılır.

Bizim alnımızda yazılıb ölüm,
Yunan dabanında gəzdirir onu.
İstər dabanıyla, istər başıyla,
Bir köpək oğlu da siləmmir onu.

İndi mən sən olum, sən də ki mən ol,
Kim kimin ürəyin daşıya bilər?
Qoy Yer Göy üzüylə yerin dəyişsin,
Bir görek kim harda yaşaya bilər?

August 3, 2014

Soyuq Silah

Üstünə basdığım hər xatirənin
Mərmisi beynimi dağıdır mənim.
Bu qədər yarayla mən necə sevim
Ey soyuq silahlı qəddar qatilim?!

Səmada parlayan daşlara baxdım,
Sayrışdı gözümdə ulduz adıyla.
Qonur gözlərinə doya bilmədim,
Öyrətdi nifrəti sevmək adıyla.

Hər anın öz hökmü, dedi böyüklər,
Hakim olmasam da, məhkum edildim
Hakimin adildir, təkrar etdilər,
Məhkəmə qapısın tapa bilmədim.

Günəşə qürubda, Aya zülmətdə,
Gözünü dörd açıb seyrə dalan var.
Saralmış hisslərin oxşayan yerdə,
Ürəkçün nə payız, nə də xəzan var.

Qığılcım

Kult.az saytında yayımlandı.

Gözümdə keçmişdən qığılcım qalıb,
Yaddaşdan silinsən, sönəcək o da.
Deyəsən yaddaşım borc qanad alıb,
İzindən getdikcə qısalır o da.

Bir kibrit yanacaq sönənə qədər,
Mən qapı ağzında hazır duracam.
Keçmişim qayıdıb gələnə qədər,
Kibrit atəşitək sönmüş olacam.

Bilirəm gedənçün illər tez keçir,
Mən də hər anımla ömrümü yedim.
Bəlkə qayıtmaqçün hələ gec deyil,
Gələcək yaşayıb keçmiş istədim.

Bugün bir dahiyəm, sabah bir dəli,
Əllərim yaradır xariqələri.
Ya sözlə açılır bugünüm mənim,
Ya şəklin çəkirəm hər dünənimin.

Səsimin duyulmaz sədasına bax,
İçimdən nələri oğrayıb yayır.
Sən keçmiş səhvlərin cəzasına bax,
Məni də cücətək payızda sayır.