September 11, 2014

Payızın səssiz övladları adından...

Payızda doğulan insanlarıq. Necə olur ki, səndə fəsillər dəyişir, məndə isə həmişə payızdır? Necə olur ki, payızda mən səni xatırlayıram, sən isə ömrünə doğan Günəşin şüaları altında xoşbəxtlik axtarırsan? Necə olur ki, mən yağışın hər damlasında islanaraq hava olub o damlalara dolduğumu hiss edirəm, sən isə maşınının şüşələrinə çırpınan bu damlaları fırçalara sildirərək yolunda maneə olduğunu düşünürsən? Necə olur ki, sən dostlarınla içməyi iş gününün sonunda istirahət əlaməti olaraq təkrarlayırsan, mən isə hər qurtumda özümə sual verərək düşmənimi tanımağa çalışıram? Necə olur ki, buludlar mənim üçün gizlətdiyim sualların yorğanı olur, sən isə şimşək çaxmasa, başını bir dəfə də olsun qaldırıb onlara baxmırsan? Necə olur ki, mənim başladığım oyunun qaydalarını, sən məndən xəbərsiz dəyişirsən və özün də gedirsən? 

Öz-özünü təkzib edən insanlardan; başqalarının həyatıyla yeri gəldi-gəlmədi maraqlananlardan; xahiş olunmayan işlərdə kömək etməyə çalışanlardan; baxıb görməyən, dinləyib eşitməyən, anı qurtarmaq üçün yalandan söz verənlərdən; pafoslu məhəbbət axtaranlardan; pafoslu münasibət görməkdən öyünənlərdən; hər cümləsinə boğazdan yuxarı nidalar qatanlardan; "mən başqaları kimi deyiləm" deyib başqaları kimi davrananlardan; dörd gün yoldaşlıq edib, beşinci gün ən zəif nöqtəmdən sual verən və özümü itirdiyimi sezib məhz ordan vuranlardan - bir bilsən necə bezmişəm! Şikayət etməməkdən; uzağı yaxın görməkdən; "yaxşı olacaq" deyənlərin xətrinə dəyməməkdən; səbəbsiz yerə mənə qarşı cəbhə alanlara hövsələli davranmaqdan; soyuqqanlı görünməkdən; çiynində ağlamaq istədiyim insanların yanında zəifliyimi görüb uzaqlaşarlar deyə ağlamamaqdan; zarafatımla keyfini açmaq istədiyim insanların yanında yanlış qəbul edərlər deyə gülüb-danışmamaqdan; ən çox sevdiyim ətrin  adını bilməsəm də, onu gah maşın yolunu keçərkən havada, ya da avtobusda tanımadığım bir sərnişin düşərkən gecikərək duymaqdan; təsəlli üçün ən gözəl sözlərin müəllifi olub inandırıcı görünməməkdən qorxmaqdan, bir bilsən necə yorulmuşam!

Sən qayıtmayacaqsan, düzdü? Sentyabr ayının son günlərindən biri - sənin günündür. Doğum günündür. Sən qayıtmayacaqsan. Macərapərəst yaddaşında milyonların iz buraxmaq imkanı varkən, mənim kimi keçmişdə niyə ilişib qalasan? Sənə uzun ömür arzu edirəm və o uzun ömrün bir gününün on dörd dəqiqəsini bu arzum müqabilində səndən istəyirəm. Bu on dörd dəqiqə mənə vidalaşmaq üçün lazımdır. Vidalaşmadan heç nə adiləşmir. Nöqtə qoyulmur. Yeni abzaslara keçilmir. Yol uzanmır. Addımlar çoxalmır. Sistem işləmir - ürək və beyindən ibarət sistem. Fikir artır, yaş artmır. Vidalaşmaq lazımdır.

Bu on dörd dəqiqə üçün yaddaşımı barmaqlarıma köçürmüşəm. Portretini elə həkk etməlidirlər ki, beynimə, üstünə qara parça atıb bir də açmamaq yadımdan çıxmasın. Siqaretinin tüstüsünü elə çəkməliyəm ki içimə, sənin xatirələrini özünə həbs edən bütün canlı hüceyrələr ölsün. Məni yoran və bezdirən hər şey yenə də səssizliyimə qərq olsun. Yenə də söz tapmayım onları ifadə etməyə. Söz tapmayım ümumiyyətlə, ifadə olunmağa. Bəlkə ruhi əks təsirləri olar susmağın, bəlkə dəli olaram, bəlkə qatil olaram. Bilmirəm. Susmaq mənə mütləq yaraşmalıdır. Mütləq... 

Uşaqlıqdan sözlər dama-dama göl olur yaddaşımızda, bir az ifadə olunub, bir az anlaşıldığımızı düşündüyümüz məqamlardan başlayırıq səhv etməyə. Hansı səhvi? Çox danışırıq və sözlərdən çox istifadə edirik. Gənclik belə keçir. Orta yaş dövründə isə əgər beynindəki süzgəc işləməyə başlayırsa,yavaş-yavaş azaldırsan sözlərdən istifadə etməyi. Zaman keçir, saçlarına dən düşür, belin bir az bükülür, üzünün qırışları dost-tanış arasına çıxmaqdan çəkindirir və əgər bir anlıq fürsətin olarsa, beynində bir işıq yanır: oxuduğumuz əsərlərdə, sonluq həmişə bir, uzaqbaşı iki səhifəyə sığışdırılıb. Ürəyində deyirsən ki, o boyda kitab, sonluq isə belə ani. Amma di gəl gör ki, reallıqda insanın sonluğu da belədir. Bəlkə xoşbəxtlik budur? Bir ömür söz cambazı olub, birdən-birə sözdən imtina edəsən? Hamı üçün qəfil görünsə də, sənin bu sakitliyə, sözsüzlüyə qovuşmağın üçün bütün ömrün gedib. Bəlkə də xoşbəxtlik qırx yaşında qocalmaqdır? Təsəvvür edirsən? Qırx yaşında bir adam artıq sözlərə möhtac deyil, ifadə olunmaq ehtiyacı hiss etmir?  Oh! Sən məni anlamayacaqsan. Bütün bu yazdıqlarımdan sonra sənin beynində yəqin ki, aqressiv, introvert, mizantrop bir qoca canlandı. Axı sizin mühitdə dəbdir, susan adama "pessimist", "qəmgin", "bədbin"  tipli statuslar vermək.

Bəs mən bunları niyə indi sənə yazırammış kimi yazıram? Doğum gününü sən öz seçdiyin insanlarla qeyd edəcəksən. O mühitdən uzaqda isə mənim kimi fikirlərindən başqa dostu olmayan bir insan sənin doğum gününü qeyd etməkdən zövq alacaq. Vaxtından tez qocalmış insana bayram qeyd etmək üçün nə lazımdır ki? Hündürmərtəbəli binanın ən son mərtəbəsində yerləşən, yerdən tavana qədər hündürlükdə pəncərəsi olan mənzilində, işıqları söndürüb şam əvəzinə  bir-iki spot yandırmaq.
Boş masasını üzərinə dadlı sous əlavə olunmuş steyk yerləşdirilən boşqabla, içinə vişnə suyu süzülmüş, şəffaflığı zərifliyini artıran qədəhlə bəzəmək. Gülürsən? Yalnız mənim kimi insanlar başqalarının doğum gününü yalnız qeyd edərkən natamamlığı sadəcə o insanın yoxluğuyla deyil, nailiyyət içkisi hesab etdiyim şərabın əskikliyi ilə də yaşadırlar özlərinə. Bir çiynimdə xəyalpərəst mələk yaşasa da, digəri ayağımın yerdən üzülməsinə imkan vermir. Bu otaqda yayılan musiqinin maneəsi sadəcə yerə tökülən kitablar, divarlar, masanın və stulun ayaqlarıdır. Başqa heç nə...  Səncə belə bir mühitdə sən yoxsansa, mən niyə düşünməməliyəm? Niyə sənin anlamadığın şeylərdən danışmamalıyam? Sənin varlığındaki boşluğa sevindiyim kimi, yoxluğundakı bu dolu abu-havaya niyə sevinməməliyəm? Nə oldu? Təəccübləndin Payızım? Səni yıxıb sürüməyə başladığımı düşünürsən? Xəzanını tapdadığımı düşünürsən? Vişnə suyu bəlkə də mənə göstərməsi gərəkən təsiri göstərmir. Bəlkə mənim orqanizmim də, ruhum kimi əks təsirlərə qarşı tolerant deyil. Yoruldum. Yuxum gəlir. Doğum günün mübarək, Payızım! Doğum günün mübarək!


September 9, 2014

Körpələr əlində əsayla gəzir

Sanki ana bətni  dərd mantiyası,
Dərdin nüvəsi də, doğulan körpə.
Məndən soruşursuz, əllərim hanı?
Axı mən nə deyim, üç günlük körpə?
Göz açıb içdiyi südün dadıydı,
Hər gecə üstünə çökən qəm-qüssə.
Ruhu çör-çöpünü bağlayıb ipə,
Heç olmasa, üç gün təmiz yaşasın.
Körpə öz dərdini ha çəkə - çəkə,
Barı dualarda dərman arasın.
Zaman əsasını verib əlinə,
Daha yük qalmayıb belinə yığsın.
Bir gözü ilanın qəlbini görür,
İnsanlar zəhərin dərman edirlər.
Bir gözü insanın səhvini  görür,
Dil ilə körpəyə fərman kəsirlər.
Körpə də yol alıb əlində əsa,
Ruhu hər addımda sərhədlər aşır.
Cisminin ayağı qısadan qısa,
Bədəni əsir ki, günaha batır.
Körpə əlləriyçün ağırdır əsa,
Çiyninin bir yanı əyilib sola,
Ruhu ki, eşqin də dadına baxıb,
Qoymur ki, bu ürək bir nəfəs ala.
Siz yazın! Siz yazın! O oxuyacaq!
Silərkən  nə olar, məni silməyin!
Siz gülün! Siz gülün! O tanıyacaq!
Gülərkən nə olar, mənsiz gülməyin!
Körpə bir əlində əsayla gəzir,
O bilir, körpəsi axtarır Onu.
Həm sağda, həm solda həqiqət gəzir,
Körpədən gizlədir ən əsas yolu.
Tütün tüstüsüylə deyir yanıram,
Şərab turşusuyla deyir ahılam,
Hər addım bir düzdən uzağa atır,
Körpə çata bilmir, deyir çatıram.
Mən kiməm? Mən hardan gəlmişəm axı?
Məni mən eyləyən mənəm, yoxsa O?
Səmanı tər-təmiz görüb küsmüşəm,
Yer üzün mənimlə kirləyənmi  O?
Deyirlər körpənin gülüşü nurdur,
Bəlkə mən kir deyil, torpağa nuram?
Mən kiməm? Mən hardan gəlmişəm axı?
Gələndə yox olub, gedəndə varam.