June 27, 2016

Get

Sən get, yalnızlıq da daha tək deyil,
Məni də sevginin əlindən alıb.
Sən get, gedənlərin sayı az deyil,
Hər gedən məndən də bir az aparıb.

Sən get sağ cığırla, sol mənə qalsın,
Nə günah işləsəm, ömrümdən alsın.
Sən quş qanadıyla, mənsə kəpənək,
Yağışlar isladıb tozumu alsın...

Sən get ürəyinin qaçdığı yerə,
Mənə öz ürəyim çata bilməsin.
Sən get xoşbəxtlərin yatdığı yerə,
Ölsə də yanına yata bilməsin.

Sən get, gözlərini keçmişdən çəkib
Yaddaşın adımı ana bilməsin.
Sən get, mən də gedib qarışım elə,
Ruhum öz odunda yana bilməsin.