October 24, 2019

Dünya

Sınıq bir qələmin olmayacaqsa,
Mürəkkəb ünvansız axmayacaqsa,
Fələk baş götürüb qaçmayacaqsa,
Çarxını döndürən nədir, a dünya?

Analar bətninin sancılarından,
Atalar biləyin ağrılarından,
Gözümüz görmənin ağırlığından,
Çarxına ilişdi qaldı, a dünya!

Bir qarış torpağa sığmaz üç kişi,
Dörd divar otağa sığmaz beş kişi,
Gələn min nəfərdir, gedən bir kişi,
Haqqınla hesabın tutmur, a dünya !

Ağaclar uzanır nəm olan yerə,
Səhrada bir qurtum suyun çatışmır.
Kimə yol salırsan, kimə uçurum,
Bircə sirr saxlayan quyun çatışmır.

Nə üçün özünə gətirdin bizi?
Elə hey səninlə savaşacaqdıq.
Sağımız qırıqdır, solumuz uçuq,
Güya dərman tapıb sağalacaqdıq