July 13, 2013

Zaman səni məndən borc alıb əlbət

Zaman səni məndən borc alıb əlbət,
Xərcləyib indi də qaytara bilmir.
Kimisi səsini dənizdən alar,
Kimisi qoxunu küləkdən çalar,
Kimisi islanar yağan yağışda,
Hər kəs səni bir cür yadına salar.
Yoluna çıxmağa etsəm cəsarət,
Zamanlar qarışar, qiyamət qopar.
Səsinçün, qoxunçun darıxan kəslər,
Məndə olan sənə, tamahın salar.
Dəyərli miras tək bölərlər səni,
Sonunda yenə də sənsizlik qalar.
Yenə də qulaqlar dənizə möhtac,
Yalvaran dilləri küləyə möhtac,
Quruyan qəlbləri yağışa möhtac,
Səni məndən sorub, cavab alarlar.
Yaddaşdan söz alıb, xəyal qurarlar.
Elə bir sirsən ki, ağzımı açsam,
Gözümdən nurunu çəkib alarlar.
Bu zaman təxəyyül yardıma qaçar
Nə zaman gizlənsəm söz arxasında,
Nə olar, sən məni onlardan qurtar.
Səndən uydurduğum gözəl rəvayət,
Qorxuram sirrimi yadlara açar.
Mən pünhan etmişəm səni özümə,
Gərək sipərin də elə mən olam.
Yoluna davam et, ey gözəl Yolçu,
Bu sipər yadları biçarə qoyar.

1 comment: