July 18, 2013

Parçadan parçalar

Ruhumun çox qəliz bir xəyalı var,
Yolumun sonunda gözləyir, demə!
Yolun yarım qalma ehtimalı var,
Gecikdim, sən hələ gec deyil, demə!
Sən dinmə, dayan, mən açım qəlbimi,
Bu ruh çılpaq gəzir, titrəyir, demə!
Uzatsa üstümə Haqq öz kürkünü,
Çiyinlər kövrəkdir, daşımaz, demə!
Nə ad götürdüsə, Adəm özünə,
Haqq Nisyan deyibsə, sən İnsan demə!
İnsan nisgil çəkir, unudub sözün,
Təkəbbür söz deyir, sən de, ya demə!
Yaddaşdan silinsə, hər şey ard-arda,
Yaxşı doğulmuşdu, pis öldü, demə!
Unutdum, özüm də unudulacam,
Möcüzə gözləyir insan, sən demə!
Möcüzə!Möcüzə! Yaddaşım hanı?
Özümdən ayrı bir Öz var, sən demə!
Bu böyük boşluqda nə qədər yol var!
Bir tək cahil Haqqı görməzdir, demə!
Desəm qaytar məni, qopduğum Tama,
Ruhum çilik-çilik, götürməz, demə!

No comments:

Post a Comment