October 9, 2012

Yaşıdım 22 etiraf edərkən…

Gözüm kölgəmə sataşdı. Gah məndən öndə,gah məndən arxada idi.Bəzən də içimdə gizlənirdi. Nə öndə olanda onu tapdalaya bildim, nə arxada olanda.Bircə hər kəsdən qaçıb içimə sığınanda,onu o qədər yüklədim ki,fürsət tapan kimi çıxdı içimdən,qaçdı məndən...Günəşlə görüşdü, Ayla görüşdü.Nədən danışdıqlarını anlamadım, heç kölgəm də çətin nəsə anlamış olsun,ancaq məni dinləməkdənsə,onları dinləməyə üstünlük vermişdi.
 27 Sentyabr... Mənfi hisslərlə yüklü bir gün idi. İş görüşməsinə getməli idim. Getdim və həyatımda kreslosunun verdiyi güvənlə başqalarına qarşı münasibətində alçaqlığını nümayiş etdirən biriylə görüşdüm. İyrəndim və əsəbdən titrəyən səsimlə o insana əslində hansı səviyyədə olduğunu başa salıb oradan uzaqlaşdım. Başqa heç yerə müraciət etməyə həvəsim qalmamışdı. Evə gəldim. Əsəb gözlərimin çoxdandır dolub, lakin boşalmağa fürsət tapmayan yaşlarına təzyiq göstərdi. Evdəkilər heç nə sezməsinlər deyə, hava alacam bəhanəsiylə evdən çıxıb şəhərə getdim. Çox sevdiyim parklardan birində oturub, tanınmış şairlərdən birinin heykəlinin etrafını süpürən orta yaşlı kişini müşahidə etməyə başladım. Buna müşahidə də demək olmaz. Sadəcə o təmizlik işlərini davam etdirərkən göyərçinlərin necə onun ətrafında uçuşduğu diqqətimi cəlb etmişdi.Gözlərim ona baxırdı, ağlımda isə məni özümdən çıxaran iş görüşməsindən 6-7 saat əvvəl yaşadıqlarımın lenti fırlanırdı.
Gecə saat üç idi. Artıq 27 sentyabr – sənin ad günün,mənim isə səni təbrik edib-etməyəcəyimə qərar verəcəyim tarix idi.Youtube-da əlində mikrofon, valehedici bir səslə ukraynalı bir müğənnini gördükdə donub qaldım. Alma almaya bu qədər bənzəməzdi. Onun üz cizgiləri necə də səni xatırladırdı. Gözümə yuxu getmirdi. Səni çox təbrik etmək istəyirdim,ancaq bacarmırdım. Telefonuma yüklədiyim "Şouşenqdən qaçış" filmini izləməyə başladım. Arada filmi saxlayıb, ukraynalı müğənninin linkini tapır, ona baxıb sənin üz cizgilərini yaddaşımda yeniləyir,sonra yenə də filmə qayıdırdım. Film bitdikdə səhər saat 07:00 idi. Filmdəki qəhrəmanlar, ukraynalı müğənni bütün gecə məni tek qoymadılar. Sənin ad gününü bərabər qeyd etdik. Üç saatdan sonra həmin iş görüşməsinə getməli idim. İşə çox ehtiyacım var idi, çünki şəxsi büdcəmdən yararlanaraq bir sıra işlərimi həyata keçirməli idim. Bir yandan ağlımda iş, bir yandan da səni tebrik edib-etməmək var idi. Birdən nəsə elə bil mənə dedi ki, bu iki seçimdən birini digərinə qurban verməlisən: Səni təbrik etsəm, iş görüşməsində uğursuzluqla qarşılaşacaqdım. Bilmədim bu fikir yel kimi hardan ağlıma əsdi. Gicgahlarımdakı damar sürətlə döyünməyə başladı.
Aldığım içkini evə girdikdən on dəqiqə sonra bitirmək üzrə idim. Sənə təbrik yazdım. Göndərdim. Sonra məni yuxu apardı. Səhər oyananda ilk etdiyim iş, telefonu açıb göndərilən mesajlara baxmaq oldu. Göndərilənlərdə heç nə yox idi. Göndərməmişdim. Buna qürurum sevindi, ancaq mənim sifətimdə heç bir cizgi tərpənmədi. Əgər gecə göndərmiş olsaydım,sənə təbriki heç olmasa, içkinin, sərxoşluğun boynuna atıb özümü iztirabdan qurtarardım. İndi yenə də ayığam və heç cür səni təbrik etməyə cəsarət edə bilmirəm. "Sənə lazım deyiləm" fikri ağlımdan çıxmır ki,onun yerini sənə olan ürək sözlərimlə doldurub səni təbrik edim. 28 Sentyabr heç bir xüsusiliyi ilə yadda qalmadı.
29 Sentyabr... Evdə yenə təkəm. Artıq sənə bənzəyən o artistin üz cizgiləri yaddaşımda tam yerləşdirilib. "Time is running out" mahnısını dinləyirəm, cəsaret mahnı davam edərkən içimə dolur, mahnı bitər-bitməz məni tərk edir. Bir qərar verməli idim. Başımı qatmaq üçün üç gündür ziyarət etmədiyim sosial şəbəkədəki səhifəmi açdım. Sən demə, sənə göndərmək istədiyim ad günü təbrikini orada "status" olaraq paylaşmışam: "Oxumasan da, doğum günün münasibətilə səni təbrik edirəm. Gözəlliyinin girdabına aldığı bir çoxlarına o əsirlikdən qurtulmağı, o girdabın Tək sahibinə isə səninlə xoşbəxt olmağı, o girdabın Turisti olan özümə isə səni unutduracaq maraqlı və uzun bir yol arzulayıram. Özünə heç vaxt xəyanət etmə. Qoy, gözlərin, üzün və ürəyin bir-birlərinin yalanını əvvəlki kimi mahircəsinə ört-basdır etməyi bacarsınlar.Doğum gününü təbrik edirəm".
29 Sentyabr. Ürəyimdə cinlər mübahisə edir elə bil.Heç biri düzgün yolu göstərmir, ancaq mübahisə edirlər. Nəticəsi sənə göndərdiyim aşağıdakı SMS oldu: "Doğum günün münasibətilə təbrik edirəm!".
5 dəqiqə... 10 dəqiqə... 13 dəqiqə... Sonra cavab gəldi səndən: "Çox sağ ol. Ancaq gecikmisən.Mənim ad günüm 27-si idi".
Nömrəmi tanımışdın. Daha da həyəcanlandım, lakin mesajıma yansıtmamağa çalışdım:  "Bu gün qərara gələ bildim"...
 5 dəqiqə... 10 dəqiqə... 15...20... Artıq səndən cavab gözləməyin mənasız olduğunu düşünürdüm. Nə yalan deyim, bununla bərabər içimdə yenə də çoxlarını aldadan bir ümid var idi.
30 Sentyabr... Sakitlik.Səndən səs yoxdu. Daha yazmadın. Mən də yazmadım.
Ayrılıq, ürəyə sancılan mərmi kimidir. Toxunduqda incidir. Ən yaxşısı qurdalamamaqdır unutmağa çalışarkən,bir də görürsən ki,o qədər qurdalamısan ki,o mərmini bütün bədənində gəzdirmisən. Hər yerini qanatmısan,bütün xatirələrin yaddaşa axın etməsinin aqressivliyi qanının rəngiylə özünə biruzə verir. 29 Sentyabrdan bəri mən o mərmini içimdə itimişəm. Məndə yaşayır o,heç çıxarmağa çalışmıram da.
14 Noyabr. Dünyaya gəlmək növbəsi mənimdi. 22 Yaşımı qarşılamalıyam. Ancaq 21 ildən ayrılmaqla mənə elə gəlir ki,özümdən ayrılıram. 1-dən 21-ə kimi bütün yaşlarım mənə haqlarını halal etsin. 22 - xoş gəldin! 22-nin keçmişi silə bilmə və  gələcəyi görə bilmə qabiliyyəti olmadığına görə onu yeni doğulan körpə kimi bağrıma basıb öz himayəmə alacağam. Mənimlə birlikdə böyüyəcək. Baxmayaraq ki, doğulduğu  gün üçün darıxacaq, o da böyüdüyünü sanıb gedən hər kəs kimi çıxıb gedəcək,növbəsini 23-ə təhvil vermək üçün tələsəcək.
22-ni təbrik edənlər çox oldu. Gözləmədiyim insanların belə xoş sözləri qapımdan keçdi könlümə yol tapdı, sevindirdi. Səndən səs gəlmirdi deyə,keyfimi pozmaqla o qədər insanın diqqətini puça saymaq mənim təbiətimə zidd hərəkət olardı.Sevinməyə davam edirdim, kölgəmdə isə böyük bir ümid gizlənmişdi. Ümidlə kölgə bir-birlərinə çox oxşayırlar, hərdən ayırd edə bilmirəm. Ümid bəzən içinə sığmaz, çıxsın, gözlədiyin baş versin artiq istəyərsən, lakin həmin gün günəş çıxmaz, kölgəyə ehtiyac olmaz, kölgə "məzuniyyət"də olar, ümid də onun yoxluğundan istifadə edib onun yerinə mənim içimdə gizlənər.
Mən hər halda uşaqlıqdan bəri babamın, atamın,əmimin,dayımın şəxsiyyətindən rənglər alıb sənin portretini çəkməyə başlamışdım. Əmimi və babamı səma mənden aldı, dayımdan çox uzaqlaşdım, atamı da artıq hər gün görmədiyim bir zamanda gördüm ki, fırçamı yerə qoyub barmaqlarımla sənin canlı obrazının simasını əzbərləyirəm. Sonra səni də itirdim. Səni məndən "qanunsuz" adı altında müsadirə etdilər sanki. Sən də etiraz etmədin. Sənin gəlişin axı mənim tozlanmış emalatxanamı gül bağçasına çevirmişdi,görəsən niyə getməyə bu qədər həvəsli oldun?  Hələ də bu suala cavab tapa bilmirəm. Soruşa da bilmirəm səndən. Sən belə sualları hemişə eşitməzlikdən gəlirsən. Daha bir etiraf edim ki, mən nə qədər mahir rəssam olsam da, həm də həyatımın "şah əsəri" əlimdən alındıqdan sonra bütün ilhamını itirən və emalatxanasındakı bütün əsərlərinə dəyər verən ancaq "şah"ın yerinə heç birini qoya bilməyən sadə insanam. Mən sənin portretini sevdiyim insanların real obrazlarından rəng alaraq çəkib, əməlli-başlı rəssamlıq etmişəm. Yəni aldığım rəngləri olduğu kimi yox, mənim gözümə yansıdığı kimi istifadə etmişəm. Bu da o deməkdir ki, portret mənim rəng zövqümə uyğun çəkilib, reallıqdakı rənglərlə heç bir elaqəsi olmayıb. Yəni "Sən" mənim uydurmamsan. "Sən"i Yaradanın mənə verdiyi Təxəyyül yaradıb. Təxəyyül özü mücərrəd olduğu kimi sənin konkretliyinə de çox alışmayım deyə səni də özünə çəkdi. Gec idi.
Bacımız,qardaşımız,dayımız,xalamız,əmimiz,anamız,atamız və s. qan bağıyla bizə əziz olan insanlar bəzən bizi qırmaqdan çəkinmirlər. Elə bil ki, hansısa gözə görünməz qüvvə onlara deyir ki, "əşi,narahat olma,qır!Rahat ol!Boşalt zəhərini!Sonra lazım olsa, yapışdırarsan, necə də olsa,yanındadırlar". Lakin, onlar unudurlar ki, insanı sadəcə qohum deyil,yad da qırır. Qohum qırdıqlarını yapışdıra bildi, bir dərd,bilmədi bir dərd. Bu dərdlərdən asılı olaraq yadın qırdığı parça çatdan dəliyə,uçuruma çevrilir. Onu yapışdırmaq,ört-basdır etmək çətin olur. Qohumlar yadın mümkünlüyünü, yad isə qohumların da insan olduğunu unudur. Amma nə qəribə ki, bütün insanlıq bir araya gəlsə, mənim dramatikləşdirdiyim bu mənzərəni məsxərəyə qoyub, məndən nikbin olmağı gözləyəcəklər. Bilirəm. Öz bədbinliklərinin,xudbinliklerinin yaşarkən maneəyə, təhlükəyə yol açdığının fərqində olmayıb, mənim nikbinliyimin onları əyləndirməsini istəyirlər. Təəcccüblənməlidirlər o zaman. Mən çox nikbinəm. Mən o qədər nikbinəm ki, yazdıqlarımı yazarkən gözümdən bir damla yaş gəlmir,ürəyimdə heç bir nöqtə sızlamır, bədənimdə keyimə,qıcolma baş vermir. Soyuqqanlılığı libas edib,üzümə təbəssüm qrimi etmişəm. Keyfim yerindədir. Əgər fikir vermisənsə, bütün həqiqətləri, ürəyindən keçən hər şeyi olduğu kimi ifadə etmək üçün ancaq soyuqqanlı libas geydikdə kağızına yansıda bilirsən. Çünki, bədbinlik alov kimi kağızını kül edir, dəyərsizləşdirir, arsızlığa çevrilmiş şadyanalıq isə kağızına yazılanları görünməz edir. Soyuqqanlılıq isə qələm və kağız kimi maddidir,olduğu kimidir,aldatmır. Mənim kimidir.
 Ən böyük arzunun nə olduğunu soruşmuşdum səndən. Cavabını nə sənə, nə də rütbənə yaraşdırmışdım, ancaq sevmişdim. Sən Rolls-Royce-la Las-Veqasdakı kazinolardan birinə baş çəkib, düz on min dollar oyuna qoyub, masanı tərk etmək istəyirdin. Mən soruşanda ki, udsan nə dəyişəcək, sən uduzub-uduzmamağın sənin üçün heç bir fərqi yoxdu demişdin. Sənin üçün önəmli olan ora kimi gəlib o miqdarı masaya yatırıb kazinonu tərk etmək idi. Sonra söhbətimizin məcrası dəyişdiyi üçün bu arzunun necə doğduğunu dəqiqləşdirməmişdim. İndi sual edirəm görəsən, maddiyyatın əskilib-artacağını vecinə almayan birinin, gözünü itkinin qorxutmayacağı birinin mənəviyyata baxan gözü də mi kazino görürdü? Görəsən, kazinoya "hədiyyə etmək" istədiyin on min dollar, mənə hədiyyə etdiyin on min hiss çalarımıydı əslində? Bilməlisən ki, kazinoda o pul dövriyyə etsə də, məndə tərk etdiyin bu çalarlar bir-birinə qarışır,yerlərini dəyişir, bir-biriylə oynayır, amma dövriyyə etmirlər. Mənim sənə qarşı münasibətimi dəyişmirlər.
Başım təxəyyülümdəki "Sən"lə söhbətə qarışmışkən, 22 yaşımın artıq 20 gündür həyatda olduğunu unutmuşdum. 24 Noyabr, saat 22:35. Telefonuma bağlı nömrədən zəng gəldi. Tərəddüdlə də olsa, cavab verdim. Məni salamlayan qadın səsi tanış deyildi:
- Bəli,Nilaydır.Buyurun?
- Nilay xanım, sizin kitabınızda yazdıqlarınız Erkin haqqındadır?
- Bağışlayın, Erkin kimdir?
- Erkin mənim hər şeyimdir-həyatım,sevgilim,canım, nişanlım...Hər şeyim.
-Lap yaxşı, xanım. Lakin sizin nişanlınızı mən tanımıram. Kitabımdakı obraz isə mənim qələmimin məhsuludur.
-Nilay, balaş, nədənsə mənə elə gəlir ki, sən Erkini tanıyırsan. Kitabındakı obraz tamamilə mənim Erkinimi xatırladır.
-Xanım...Adınızı da bilmirəm. Nə isə. Qulaq asın, birincisi yalnız Nilay deyə bilərsiniz,"balaş" filan deyəcək qədər məni tanımırsınız. Biz bəlkə də yaşıdıq. İkincisi isə, mənim nömrəmi axtarıb tapıb məni narahat etməkdənsə, öz Erkininizə etibar etməyi öyrənin. Bu sizə ailə qurduqdan sonra daha çox lazım olacaq.
Söhbətimizin davamı o qədər də ürək açan olmadı və ona sözünü bitirmək imkanı vermədən telefonu məşğula verdim. Sonra daha zəng etmədi. Bir neçə saat bu zəngin təsirindən çıxa bilmirdim. "Sən" reallıqda da var imişsən! Doğrudan da, bu qadının dediyi qədər oxşar idiniz? "Sən"i mücərəddlik demə özünə yox, mənim gözümdən, nəzərimdən uzaq bir yerə həbs edibmiş görəsən? Bir yanda bu suallar, bir yanda da o qadının həyasızca davranışının məndə doğurduğu mənfi təəssürat ağlımı da, hisslərimi də qarışdırmışdı.
Bir zəng daha gəldi. Erkin zəng edən qadının yerinə üzr istəmək üçün zəng etmişdi. Niyə üzr istədiyini anlamadım. Sənin səsini təxəyyül mənə duyurmamışdı ki, onun səsini eşidib onu sən zənn edim və bağışlayım. Bu iki nəfərin hekayəsindən bəzi şeylər anlamışdım,ya da ağlımdakı boşluqları uydurmalarımla tamamlamışdım. Günlər keçdi. Zənglər daha davam etmədi. "Sən" də mücərrəd,bilinməyən, təxəyyülümə aid dünyadan qopub heç cür yanıma gələ bilmədin. Erkin kim idisə, başqasının idi. "Sən" də mənim deyildin. Deyilsən.
Hər halda qeyd etməliyəm ki, dünyada bir çox maraqlı hadisələr baş verir. Dünya yerində durmur. Onları müşahidə və analiz etməklə təxəyyülün oyunlarına baş qoşmamağa çalışıram. Özüm qədər real yaşayan ikinci bir xəyalpərəst tanımıram. Bu da "Sən"i reallıqda axtarmamağımın növbəti səbəbidir. Bu mühafizəkarlıq mənə kimdən yadigar qalıb bilmirəm, amma xəyal dünyamla reallığı qarışdırmayacaq qədər güclü olan bir mənəviyyatla cəzalandırılmışam, ya da dəyərləndirilmişəm.

No comments:

Post a Comment