October 27, 2013

Manifestimdən abzaslar#2

Var ikən güc, yok ikən zəiflik olan ruh, hərdən gözümə görün. Barı gözlərim işıldasın, təəssüratla dolsun, ilham pərim sözlərini itirsin, sən yenə getdikdən sonra başlasın küncdən-bucaqdan sözlərini toplamağa. İndi kimin yanındasansa, o insan məndən daha güclüdür. Mənim isə səni istəyim ondan daha güclüdür. İstifadəyə yararsız gücümü içimdə saxlamağın nə ağır bir yük olduğunu sənə anlatmalıyam. Amma necə? Yuxunamı gəlməliyəm? Sənin olduğun evdə başqasının açacağı qapınımı döyməliyəm? Təsadüfən küçədə qarşına çıxıb sözlərimi udaraq, gözlərimi qaçıraraq, qucağımı sənə açıb amma qorxumdan qaçaraqmı anlatmalıyam? Hər şey bir tərəfə... De görüm, gözlərimdən nə oxudun qaçmaq üçün zamanını haqladın? Mən onları özümdən də gizlədirdim. Görünür çox dərində gizlətmişəm. Sən bir anlıq oralara qədər endin, mən isə gözlərindən uzağa gedə bilmədimmi?

Bugün illah da gözəl görünməli idim. Səni görməsəm də, sənə səndən yazıram axı. İstəyirəm biləsən hansı gözəllik ölçüsünün hansı gözəllik ölçüsündən bəhs etdiyini. İstəyirəm biləsən səni neçə qat yüksəyə qaldırıb özümün də niyə məhz o yüksəkliyə can atdığını. İstəyirəm biləsən mənim xəyallarım sənin reallığında nələri redaktə edib. İstəyirəm biləsən. Amma bilməsən də olar. Bəlkə bilsən, mən gözəlliyimdən utanaram. Gizlənərəm. Dalğa....Dalğa... Dalğa dəyişdi.

İnsanlar çox vaxt həyatı teatra bənzədirlər. Razılaşmıram. Əgər Yaradan tamaşa istəyirdisə, onda hər rol üçün bir aktyor/aktrisa yaradardı. Məsələn, 1 kasıb, 1 varlı, 1 detektiv, 1 həkim, 1 hakim, 1 vəkil, 1 aktyor, 1 aktrisa və s. Amma nədənsə O milyonlarla kasıb, yüz minlərlə milyonçu, yüz minlərlə həkim, minlərlə cani, milyonlarla müğənni və sairlərin doğulmasına izn verib. Mənə maraqlıdır, məgər bu qədər səhnə Ona dünyanı tamaşaçıyla doldurmaq üçün lazım idi? Axı bunların çoxu öz rolunu oynamağı bacarmır. Etiraf edim ki, çoxu məni qıcıqlandırır. Etiraf edim ki, bəzən məhz onlardan asılı vəziyyətə düşməyim məni daha çox qıcıqlandırır. 

Yəqin ki, sıralamamda gözlərin “1 aşiq”, “1 məşuq” sözlərini də axtardı. Yox, onlardan 1-1 var idi, şeytan azdırdı və nəticəsi bugün bizik. Çoxalırıq. Çoxu da narahat deyil bununla bağlı. Çətin məsələdir, qarışıqdır, mücərrəd olduğu qədər də realdır. Bilirəm ki, mücərrəddən danışana çox vaxt ya “romantik” ya “filosof” ya da “nağılbaz” deyirlər. Gəl, bu “deyənbazlar”ın şərindən uzaq olaq və reallıqdan danışaq. 

Hardasan? Adını çəksəm, gələrsən? Minlərlə adaşın var və adını çəksəm, məni tanımadıqlarına görə heç biri hay verməz. Sən də. Məni xatırladığına inanır, xatırlamaq istədiyinə inanmıram.

Siyasəti niyə sevirəm, bilirsən? O da sənin kimi oyunçularını özü seçir, natiqlərini özü seçir. Özü. Seçir. Sənsizlik gəlir, gəlir, gəlir və düz  ağlımda sən olmayan yerdən keçir. İndi siyasəti, diplomatiyanı sevməyən varmı? Hamı bir cür bulaşıb. Əvvəl müğənni olmaq istəyən, arzusuna çatıb deputat olur. Əvvəl kosmonavt olmaq istəyən, arzusuna çatıb yazıçı olur. Əvvəl siyasətçi olmaq istəyən, arzusuna çatıb şair olur. Nə isə qəribə-qəribə hallar baş verir. 

Rəhmətlik M.Ə.Sabir demişdi ki, "Səs salma, yatanlar ayılar, qoy hələ yatsın..." Mənə elə gəlir ki, bugünə qədər gəlib çıxmağı bacaran bu cümlə yeganə cümlədir ki, xalqın qulağına batıb. Ancaq o dövrdə olduğu kimi, indi də "əmmasız" keçinməyib. Yatanlar ayılıb ancaq başqalarının həyatına müdaxilə etmək üçün, öz həyatlarında çöpü görmürlər. Mən indi misal çəkməyəcəm, amma dünən elə bir "aciz" insanın başqasının həyatı haqqında fikrini duydum ki, gülməkdən az qala insan olduğuma nifrət edəcəkdim. Amma sonra düşündüm ki, məsələ hələ insan olmaq deyil, məsələ "qərarsız zonada qalmaqdır" yəni "İnsanam?" ya "Deyiləm?" sualları arasında gedib-gəlmək. Məncə, yuxudan ayılanların növbəti mərhələsi də güzgüyə baxmaq olmalıdır. Bu suala bəlkə cavab taparlar. Hm... Hey! Gedib üz qırışlarınızı göstərən güzgüyə baxmayın ha! Daxildə də biri var. 

Eh, Bağışla. Yenə də fikrim başqalarına yayındı, səni unutdum. Əslində, səni unutmadım, səni susdum. Yoxluğun zəbt etsə-etsə, gəncliyimin böyük bir hissəsini zəbt edər. Əskilmərəm. Özümü səndə itirmərəm. Səni özümə hopdurub yenə də mən olaram yoxluğunla. Esas işim susmaq olar. O da çətin işdi. Hər qələm bacarmır. Yuxum gəldi. Mən qaçım...

No comments:

Post a Comment