September 18, 2012

Sanki ONSUZLUĞU dadmamış kimi ...


                                               Bədii məktublarım silsiləsindən


Salam DOST!
İş masamın arxasında, noutbukumun qarşısında, 40-50 yaşlarında olan nəslin dinlədiyi və “nostalgiya” adlandırdığı mahnıları dinləyərək ona olan gənc sevgimi böyüdərkən, sən də bilmədən mənim yanımda oldun. Böyüyər, qocalar və sonunda ölər sanmışdım. Böyüdü, böyüdü, böyüdü, məni böyütdü, qocaltdı və indi də ölmək üzrəyəm. Yox, narahat olma, səhətim qaydasındadır, amma ruhum onun sevgisiylə böyüyərək özündə o qədər geniş bir boşluq yaradıb ki, içinə məni alıb gözlətməklə sınağa çəkir. Yəqin bilirsən, boşluqda gözləmək çətin olur, zaman durur sanırsan. Ondan başqa heç nə düşünmür, onu düşünməkdən başqa heç bir işlə məşğul olmuram sanma. Xeyr! Çox şey araşdırmış, çox şey öyrənmiş, bildiyim çox şeyləri yenidən beynimin süzgəcindən keçirib onlara yeni dəyərlər yükləmiş və ya dəyərdən məhrum etmişəm. Ancaq bunların içində ona  aid olan bir mühüm məqam var:

İnsanın özüylə baş-başa qaldığı anlar düşüncələrə daldığı, etdiyi mütaliələrin ağlında var-gəl etməsini izlədiyi anlardır. Mənim o anlarımın yekun nöqtəsi ağlımın gücüylə dırmandığım zirvədən məni “guruguruppaz” aşağı çırpan – ona aid fikirlərin oyanması olur.

Sən bir az öncə  göndərdiyin SMS-də qeyd etmişdin ki, balkonda oturub bizim evə tərəf baxır və mənə yazırsan. Tək olub-olmadığını soruşdum. Elə bil ki, birinci dəfə öyrənirdim sənin həyatını başqasıyla paylaşdığını. Qəribə fikirlər keçdi ağlımdan. Sənə smayl göndərib yatmağa hazırlaşdım. Yuxum gəlmirdi ki, gəlmirdi. Bir anlıq düşündüm ki, yeni köçdüyünüz evin bəxş etdiyi xoş abu-hava sənin ağrayan başını sakitləşdirmək üçün həm də sənin içinə həyatı paylaşdığın insana qarşı tazə sevgi, ya da mehribanlıq hissləri aşılayıb və sən indi ona sarılıb yuxuya getmisən. Çox qısqanmaq istərdim. Ancaq bacarmadım, özümə isə buna görə nifrət etdim. Düşüncələrimdə səni həyat yoldaşınla başbaşa buraxıb, gözlərimi yumdum. Burnumu çəkib bugün işdən evə qayıdarkən metronun çıxışına çataçatda məni yaxalayan hava boşluğunu dolduran ətrin qoxusunu gülməli də olsa, xatırlamağa çalışdım. Bunu da bacarmadım. Onun qoxusu idi. Sənə daha əvvəllər də belə bir hava boşluğuna düşdüyümü demişdim. Onun qoxusu idi və çox maraqlıdır ki, mən onun qoxusunu həmişə onun keçmədiyi yerlərdə, onun istifadə etmədiyi nəqliyyat vasitələrində təsadüfən duyurdum. Burnumun mənimlə etdiyi uğursuz və xoş zarafat idi hər halda.

Oyandılar. Mən yuxuya getmək əvəzinə, yuxuya verməyə çalışdığım xatirələr oyandılar. İndi artıq onlar oyananda, sən öyrəşilməklə təsirini itirmiş yuxu dərmanı kimisən. Ha istəsəm də, düşüncələrimi sənə yönəltməklə, onunla bağlı hər şeyi unudum, bacarmıram. Artıq bacarmıram. Onsuz çox darıxıram, məni qınama.

Bu cümlələri oxuduqda elə bilərsən ki, sənin mənə olan sevginin mənim gözümdə heç bir dəyəri yoxdur, amma yox. İnan ki, sənin sevgin atdığın  hər addımda, söylədiyin hər sözündə, mənə qarşı göstərdiyin hər səbrli davranışında  özünü o qədər göstərir ki, çiyinlərimin bu yükü daşıya biləcəyini düşünməz olmuşam. Mənim sol çiynimdəki mələyin yazdığı kitab daha qalındır, nəinki sağ çiynimdəki mələyin yazdıqları. Sənin sevgin isə bu yazılanları oxuyaraq korlanmağa layiq olmayacaq qədər məsum, təmiz və realdı. Öz sevginə bəlkə özün də təəccüblənirsən. Məni heyrətləndirdiyinə rəğmən, sənə qarşı keçmişimi unutmamaqla haqsızlıq etmiş olacam. Bağışla!

Məni həmişə nikbinliyə motivasiya edən dilinin necə susduğunu, üz cizgilərinə yaraşan təbəssümün necə uzaq köşələrə çəkildiyini, kişi cinsindən olduğuna görə rəqabətdə səni kiminsə üstələdəyini düşünərək onu mənə unutdura bilmədiyin üçün özünü qınamaqla üzünü bürüyən əsəb qızartısının necə nəinki sifətinə, həm də bütün bədəninə hakim olduğunu hiss edirəm. Bu cümlələrin ağırlığını yaşayanın daha sərt hiss etdiyini də bilirəm. Buna görə də bağışla!

Hər halda, mən səndən üzr istəməklə, vicdanımı susdura bilməyəcəm. Nə edim? Axı nə edim? Dostum, mənə bir yol göstər! Məni maddi itkilərimdə, qarşılaşdığım uğursuzluqlarda, əsəbimin pozulduğu anlarda ürəkləndirdiyin kimi, indi də ruhumu titrədən bu hisslə və bu qərarla baş etməyə ürəkləndir! Səni itirmək, onunla bağlı xatirələri fasilələrlə də olsa, səninlə paylaşmaqdan səni qurtarmaq qərarımdan vaz geçirməməyə çalış məni! Bu qərarımı qorumağım üçün, sənə görə narahat olmamağım üçün ürəkləndir məni! Cəsarətləndir! Özün məndən uzaqlaş! Ya da mən gedərkən sevginin gözləriylə mənə baxma!Baxma! Məni getməyə cəsarətləndir !!!

Elə birincisi, bu məktubun sonunda necə sağollaşmaq gərəkdiyini öyrətməkdən başla, sağollaşmağa da cəsarətləndir !!!
            
Bütün anlaşılmaz hisslərini "Sevgilərlə" 
imzası altına alan Dostun - Kəpənək!

No comments:

Post a Comment