April 30, 2012

DİALOQ


Ləman: - Deyə bilərsən, niyə çoxdandır ki, həyatımın heç bir sahəsində sənə aid bir şeylərə rast gəlmirəm?
Anonim: - Siz ikiniz elə böyümüsünüz ki, inanmıram həyatınızda mənim olub-olmamağımın sizin üçün hansısa fərqi olub.
Ləman: - Mənim necə böyüməyim birbaşa sənin görünməyən varlığının təsirində olub.
Anonim: - Bəs O ?
Ləman: - O? Hm...O, səni gözdən itirdiyi uşaqlığın tıxacında necə ilişib qalıbsa, böyüdüyünü göstərmək üçün qəribə səyləriylə məni üzür.
Anonim: - Sizi tanımaq fürsətim heç olmadı...
Ləman: - Mən isə düşünürəm ki, bizi çox yaxşı tanıdığına görə bu neçə ildə bizim üçün narahat olduğunu bildirmədin. Sənin ağrıların olanda mən onu həmişə üzündəki ifadənin dəyişməsindən anlayırdım, sən isə heç vaxt acı çəkdiyini söyləməz, nə ağrın olduğunu soruşduqda da hər şeyin qaydasında olduğunu deyərdin. Yəqin ki, sahib olduğun gücün və dözümün bizdə olan toxumlarının böyüdükcə bəhrəsini görəcəyimizi bilirdin. Uşaq vaxtı səni çəkdiyim iztirablara görə qınayırdım. Böyüdükcə isə özümü uşaq olduğuma görə qınayır
Anonim: - Mənə kitablarımı gətirmisən?
Ləman: - Gətirmişəm. Bir-iki detektiv və Oscar Uayldın əsərləri toplanmış kitab. Hərdən o kitablara paxıllığım tutur. Onlara sərf etdiyin vaxtın bizimlə keçirdiyin vaxtlardan daha çox olduğunu, onlarda yaşadığını bilmək və bunun acısını qısqanclığa yaşatmaq gəlir əlimdən.
Anonim: - Bir gün desələr ki, inandığın hər şey boş imiş, bugünə kimi nəyə inanmısansa hamısında yanılmısan, nə edərsən?
Ləman: - Buna indi cavab verə bilmərəm axı ...
Anonim: - Səbəb?
Ləman: - Əgər bu suala indi cavab tapsam, səhərə inandığım bir şey qalmaz deyə qorxuram.
Anonim: - Sən bir az da böyüməlisən ...
Ləman: - Mən nə qədər böyüsəm də, sənin yanında olanda səndən ayrıldığım yaşıma qayıtmış olacam. Arzu etmək ziyan deyil deyə-deyə arzular siyahımın aşıb-daşmasında böyük rolun olub, mən də o arzulardan hansı birinin reallaşması üçün dua edəcəyimi qarışdırmışam.
Anonim: - Qarışdırmısan?
Ləman: - Bəli ... Çünki arzularımın aşıb-daşmasına baxmayaraq reallıqla yaşamışam. Xəyallarım mən susarkən başqa, danışarkən başqa cür əks olunublar. İçinizdə hamıdan daha çox realist mən olmuşam. Sənə isə məni reallığın qurbanı olmamağı öyrətdiyinə görə borcluyam.
Anonim: - Məndən nə öyrənmisən?
Ləman: - “Laqeydlik” sözünü  tanıdım və sayəndə onu səndən fərqli şəkildə öyrəndim.
Anonim: - Necə öyrəndin?
Ləman: -  Müşahidələrlə. Siz yaşarkən əməlləriniz ifadə olunan fikirlərinizdən daha tez özünü göstərirdi, mənim əməllərimə də növbə çatmırdı. Beləcə, mən müşahidə mövqeyini tutub sərhəd qoruyan əsgər kimi sizi fikirlərimdə o başa- bu başa gedərək analiz etməyə çalışırdım.
Anonim: - Nə oldu? Birdən susdun? Gözlərin də yol çəkir...
Ləman: - Heç nə. Sizin atdığınız addımları müşahidə edib nəticə çıxarmağa öyrəşdiyim üçün axırıncı dəfə nə vaxt təəccübləndiyimi  xatırlamadığım yadıma düşdü. Bir bilsən “Təəccübləndim!” demək üçün və onun həyatımın ahəngini pozması üçün nə qədər darıxmışam!
Anonim: - Nəyə təəccüblənərsən?
Ləman: - Bu sualı verməyərək məni təəccübləndirə bilərdin. Kaş verməsəydin. Arzumun sehri  qaçdı. Təəccüblənmək üçün bir müddət daha gözləməli olacağam.
Anonim: -  Hələ də hər şeyin əvvəlki kimi olacağına ümid edirsən?
Ləman: - Əvvəlki kimi? Bu sözdə həmişə nə isə bir çatışmamazlıq sezmişəm. Heç bir şey əvvəlki halına yenidən qayıtmır ki... Hər şey dəyişir, pisdirsə yaxşı olur, yaxşıdırsa pis olur, pislə-yaxşının qarışığından da bir şeylər olur, ancaq heç nə əvvəlki kimi olmur. Necə ki, rəssam çəkdiyi rəsmi yenidən nə qədər çəksə də, əvvəlkindən fərqi əvvəl-axır ortaya çıxır, ya da bəzən heç çəkə bilmir, yaşadıqlarımız da öz orijinallığını qorumaqdan əl çəkmir. Yəqin çoxları məhz buna görə həyat təcrübəsinə indi dırnağarası baxırlar. Onların dəyərləndirmələrindən elə anlaşılır ki, həyat təcrübəsi bir daha heç vaxt rastlaşmayacağımız hadisələr haqqında beynimizdə yığılan tullantılardır ki, gələcəkdən gözləntilərimiz üçün onlardan yararlanaraq təxmin yürütməyə çalışırıq.  Bilmirəm, razılaşım, ya yox. Sən razılaşardın?
Anonim: - Bilirsən axı, mən seçim etməyi, doğru, ya da yanlışa dair dəyərləndirmələr etməyi çoxdan tərgitmişəm. Mənim üçün heç bir fərqi yoxdur.
Ləman: - Üzməyi 5-6 yaşından öyrəndiyimi bilirsən, bunu mənə öyrədəni də tanıyırsan. Əgər yadındadırsa, hələ 6-7 yaşım var idi, dənizin çox dərinlərinə üzməyi də hələ öyrənməmişdim.Bir gün səni uzaqda görüb sənə tərəf üzməyə başladım. “Mən də gələcəm!” deyə qışqıraraq səni xəbərdar edirdim. Sən isə “Geri qayıt, üzə bilməyəcəksən bura kimi!” deyib məni fikrimdən döndərməyə çalışırdın. Bu cümlə mənim inadımı daha da gücləndirmişdi, sənə doğru üzməyə başlamışdım. Biz tərəflərin Xəzərini sevirəm də. Sahilə üç-dörd addım atdıqdan sonra sinəyə kimi suya batırsan. Bir az da üzdükdən sonra ayaqların qumdan üzülür, tamamilə suyun altında qalırsan. Bu dərinliyi keçdikdən sonra isə sahildən çox uzaqlaşmış olsan da, çatdığın yerdə su yenə sinəndən olur, ayaqların quma dəyir. Sən həmin uzaq dayazlıqda ikən, mən o dərinliyi dəf edərək sənə doğru üzməyi məqsəd qoymuşdum. Ta həmin dərin yerə kimi üzdüm və batdım. Suyun altıyla üzməyi bacarsam da, uşaq idim,yelləncəkdə yellənməyi nəzərə almasaq, birinci dəfə idi ki, ayaqlarım yerdən üzülmüşdü və boğulmaq qorxusu bütün canımı sarmışdı. Suda çırpınmağa başlamışdım. Bir də sən məni sahilə çıxaranda özümə gəlmişdim.  O günü və o mənzərəni hələ də xatırlayıram. Bircə, sənin laqeyd, özünə qapalı birinə çevrildiyin anı xatırlaya bilmirəm. O an sənin yanında olsaydım, yenə də özümü boğuluram deyə artistliyə vurardım ki, sən özün olaraq qalasan. Amma görünən o ki, mən sənin yalnızlığını uşaqlıqda dərk etmək şansına sahib olmamışam. Heyf... İnan ki ...
Anonim: - Məncə, sən avtobusa gecikirsən. Bir də nə vaxt gələcəksən? Yeni kitablar gətirməyi unutma, ha!
Ləman: - J Mən nə vaxt geri dönəcəyimi öncədən bilmirəm ki. Hər halda, iki-üç ay sonra yenə gələrəm. Kitab da ki,həmişəki kimi... Özünə yaxşı bax. Hələlik.


            P.S. Onu qucaqlayıb vidalaşarkən bir də heç vaxt söhbətimizi yarıda kəsməməsini istəyəcəkdim. Ancaq ona xahiş və istəklərimi bildirməyəli o qədər çox zaman keçmişdi ki, yenə də ağzımı açıb danışa bilmədim. Sadəcə bərk-bərk sarıldım və getdim...
                                                                                                 

No comments:

Post a Comment