“... Xoşbəxtlik-ölüm-xoşbəxtlik” – oxuduğum bədii romanlardan birində bu düsturu görmüşdüm. Maraqlı formula idi. Yaşadım. İzahını yazıçı belə verirdi: “ Paradoksal möhkəmlənmə - sən öncə insanı ümidləndirirsən, sonra onun ümidini kəsirsən, həmən ardınca yenə ümid, ardınca yenə ümidsizlik və bu təkrarlanma davam edir. Bu şəkildə insanı özünə bağlamaq olar. Formulası belədir: Xoşbəxlik-ölüm-xoşbəxtlik”.
Mən də
səhvimə bağlanmışdım, nəticəsin görüb ölmüşdüm, indi də özümü inandırmağa çalışıram
ki, mən bu zamanların hər ikisində xoşbəxt idim. İçimdə nifrət hissi
doğmamışdı, əlimdən oyuncağım alındı deyə xudbinliyim də özünü daha göstərmirdi,
qürurum uduzmuşdu ancaq reaksiyası gözlədiyim qisas olmamışdı, çox həyəcanlanmamışdım,
bir sözlə öz qarşıma tamamilə əksim olaraq çıxmışdım. Öldüyümü düşündüyüm an
fikirlərimi kağıza tökə bilmədiyim an olurdu. Məni xoşbəxt edən isə günlərcə
beynimi məşğul edən “İnsan bir gündə böyüyə bilər ?” sualı idi. Yaşananların mənə
hiss etdirdiklərindən anlamışdım ki, olur. Yaşananları necə anladacağımı bilmirəm.
Bəzən onların bədii, elmi ya da başqa cür ifadəsi olmur. Onlar sadəcə
yaşanmışlar olurlar. Öldüyümü düşündüyüm an “yaşanmamış” olduğumu düşündüyüm an
idi. Lakin məni xoşbəxt edən
yaşadıqlarımın məni böyüdə bilmə
ehtimalı idi.
Ölülər
dirilib mənə düşündüklərimə görə gülsəydilər, bəlkə mən də ölümü özümə belə
rahat təsəvvür etməzdim. Ona görə də haradan qaynaqlandığını bilmədiyim bir
siqnal sayəsində ölüm sözündən imtina etmişdim. Yerinə isə “Bir gün içində böyümək
olur?” sualına cavab tapmağı məşğuliyyət etmişdim.
Oxuyursan dünya görüşün artır, işləyirsən həm
dünya görüşün, həm də təcrübən artır, bircə sevgi adlandırdıqları, mənim isə ad
vermək istəmədiyim o hisslər ruhuna hakim olanda zəifliklərin bir-bir ortaya
çıxır. Zəifliklərin üzə çıxması isə gur-gur ötən qürurun səsini alır.
Anlamışdım ki, baş verənlərin məni susdurmasına və laqeyd birinə çevirməsinə səbəb-
doğulmasına izn verdiyim zəifliklərim idi.
İnsanın
özünü bəyənmişliyi, şəxsiyyətinə hörməti və sevgisi qürurun səsini artıran
vasitələrdir. Potensiallı qürur isə bəzən bədxassəli çıxır və təxəyyülündə
qurduğu oyun meydanına reallıqdan çağırışlar etməyə başlayır. Onun
çağırışına seçdiyi insandan cavab gəldikdə
isə güvəni daha da artır və qürur həyəcanla başladığı oyununa davam edir.
Seçdiyi insan yəni qarşı tərəf oyun bitmədən açıqlamasız meydanı tərk etdikdə
isə qürur özündən çıxır. Təhqir olunduğunu, əzildiyini düşünür. Xəstələnir və
istəyir ki, qarşı tərəfdən bu təhqirə görə qisas alsın. Bunun üçün o başlayır
meydanı diqqəti cəlb edəcək şəkildə bəzəməyə, orada qarşı tərəf üçün təhlükəsiz,
özü üçün isə təhlükəli tələlər qurmağa, beyni yuyacaq nitqlər söyləməyə. Bütün
bunlara qarşı tərəfdən cavab yenə də susqunluq olur. Yorulan qürur bir müddət
sakitləşir, kənara çəkilir, yeni fikirlərlə silahlanmağa başlayır və sonra yenə
meydan onun təxəyyülünün təcəssümünə çevrilir. Nəticə:
Qarşı
tərəfin niyə açıqlamasız getdiyini öyrənmək istəyən qürurun önünə qarşı tərəf
ağır amma qürurun meydandan çıxmasına səbəb olacaq bir nöqtə ilə çıxır. Mənim
qürurum onun qoyduğu bu nöqtəylə susur, sanki əbədiyyətə qədər meydana ayaq
basmayacağına söz vermiş kimi özünə qapanır. Eyni zamanda da mən bu məğlubiyyətimi
çoxlarıyla paylaşaraq hardasa qalib olduğuma dair təskinlik axtarmağa
başlayır. Bu proses davam edir və
bataqlıqdan çıxmaq istədikcə daha da batan insan kimi öz fikirlərimdə batıram.
Yenə də qayıdıram öldüyümü düşündüyüm ana.
Mən nə
baş verdiyini hələ də yazmamışam. Çünki qarışqadan fil düzəltmiş olmaq da istəmirəm.
Bəlkə ancaq mən hər şeyin bu qədər dərininə gedirəm? Bilmirəm. Həm də susmuş
qürurumu yenidən oyatmaq istəmirəm. Çünki planımda bədxassəli qürurumun
susmağından istifadə edərək bir müddət ona toxunmamaq, sonra isə ona xoşxassəli
fikirlər yükləyib oyatmaq var. Buna görə isə ilk öncə fikirlərimin nizama düşməsi
lazımdır. Mənim vaxtımı ən çox alan da bu məqamdır. Ön sırada nizam yaratmışkən
arxa sıradakı fikirlər önə keçib qurduğum nizamı dağıdırlar. Son zamanlar
nitqimin də korlandığını hiss etmişəm. Dilimin sürəti fikirlərimin təzyiqinə
tab gətirmir, nəticədə dilim “sınır”.
Elə
qışqırmaq istəyirəm ki... Nə isə... Harada qalmışdım? Hə...Mmm... Sonralar
anladım ki, böyüdüyümü düşünmək ani bir parıltıdır. Şüaları beynini elə dəlib keçir ki, gözlərini
işıqlandırır, görmədiklərini aydın
görürsən və dərk etdiyin şeylər arasından özünü aldatdıqların silinir, yerini
isə həqiqət alır.
O işıq
söndükdən sonra isə mənim kimi xudbinliyinin oyuncağı olan insanlar yenə də artıq çoxdan ahıllaşmış dünyanın gözündə
uşağa çevrilirlər. Aha... Mən bilirəm. Bilirəm ki, parıltı üçün bir heç vaxt
darıxmayacam, amma yenə də ən xoşbəxt olduğum an o parıltıdan gözlərimin
açıldığı an idi. Bilirəm ki, həyatın mənim kimi uşaqlara yaşatdığı həyəcanlardan
vaz keçməyəcəm qalan bir neçə saatımda, amma o parıltının məni keçirdiyi sərhəddin
o tayı üçün- həyəcansız, hisslərin dincəldiyi, həqiqətlərin sıralandığı tayın ən xoşbəxt olduğum yer olduğunu da
unutmayacam.
İndi
yaşamaq gözəldir deyib qalan saatlarımı xoşbəxt olmağa çalışacağam. Mən axı yenə
də uşağam.
Bu
arada, hanı mənim oyuncaqlarım? Bu dəftəri götürün əlimin altından, yoxsa
cızmaqaralarımdan burda təmiz yer qalmayacaq...
İmza:
Kəpənək
No comments:
Post a Comment