April 7, 2012

Sondan əvvələ


Hekayədən uzun, romandan qısa


Bir günü dolduracaq səhvlərlə öz mənəviyyatına bu qədər ziyan vura biləcəyini düşünmüşdüsə də, çoxdan unutmuşdu. Boşluqlar parçalanıb ona əziyyət verirdi. Özündə müşahidə etdiyi qəribəlik ondan ibarət idi ki, yorğunluğunu və keyfsizliyini zahirinə yansıda bilmirdi. Əslində, bunun üçün onun nə isə etməsi gərəkmirdi, əhvalsızlıq təbii olaraq özü zahirə yansımalı idi, ancaq  Mələyin  suallara cavab verərkən üzündə təbəssüm, əyləncəli halından ayrılmağa qorxar kimi bir hiss var idi içində.
İş vaxtının tam ortasında bu qorxu onu tərk etdi, yerini isə daha böyük, sinəsində bağlanan qubarla ona daha da həyəcan qatan bir qorxu tutdu. Əsəblər təzyiqə davam gətirməyən şüşə kimi çilik-çilik olub hər tərəfə səpələnərək dəhşətini hər kəsə hiss etdirdi. İş yerində rəsmi qeydiyyata düşməyi yubandırdığı üçün heç bir ərizə yazmadan müdirin otağına girib işdən çıxmaq istədiyini elan etdi. Onun ani qərarı nə qədər təəccüblü olsa da, heç bir sözlə və təskinliklə dəyişdirilməyə meylli deyildi. Heç nə dinləmək istəmədiyini və bu qərarının qəti olduğunu bildirib üzr istəyərək müdirlə sağollaşıb arxasına baxmadan iş yerini tərk etdi.
Ünvanı xatırladığı üçün işdən çıxan kimi gedəcəyi yerdə görməli olduğu insanın evdə olması üçün dua edirdi. Ona deyəcəkləri artıq beynində formalaşıb diliylə hücuma hazır idi. Qapını çaldı. Bir neçə dəqiqə sonra səbrsizcə çalınan qapı zəngi orta yaşlı, yaşına görə çox qabarıq makyajlı bir qadının qapını açmasıyla susdu. Salamlaşıb içəri keçdikdən sonra qadına qaşlarını çataraq sərt baxışlarıyla baxan Mələk deyəcəklərinə başlamadan keçib oturdu.  Orta yaşlı və üzündə saxta ifadə olan bu qadın da masanın Mələklə üzbəüz tərəfinə keçib öz yerini aldı. Aralarında ancaq qadına məxsus kartlar və Mələyin anlam verə bilmədiyi bir neçə masaüstü əşya var idi.
-          Ən yaxın rəfiqənizi itirmək çox ağırdır. –deyərək qadın Mələyə baxdı.
-          Bunun sizi o qədər də narahat etdiyini düşünmürəm. Axı sizin məsləhətiniz sayəsində
o öz dünyasını qurmuş və onun qurbanına çevrilmişdir.
-          Başa düşmədim. Siz nə demək istəyirsiniz?
-          Mən? Mənim əslində burda olmamağım lazım idi. Sizin evdən çıxmağınızı gözləyib
sizi boğmağım lazım idi. Həyatımda heç vaxt heç kəsə qarşı bu qədər nifrət hissiylə dolu olmamışam. Sizə nifrət edirəm!
-          Bir dəqiqə...
-          Yox! Bir dəqiqə yox! Məni dinləyəcəksiniz! Nə əcəb, deyəcəklərimi və hətta buraya
gəlib sizi günahlandıracağımı kartlarınız sizə xəbər verməyib? Nə əcəb, onlar sizə Sənəmin ölümünə aparan yolun inşasında sizin də əməyinizin olduğunu göstərməyiblər?- deyən Mələk səsinin kifayət qədər çox yüksəldiyinin fərqinə varmışdı.
-          Mənim Sənəmin ölümündə heç bir günahım yoxdur.
Falçı qadın əsəbdən qeyri-iradi olaraq ayağa qalxdı, oturduğu stulun qarşısındakı kiçik ərazidə bir-iki addım atıb yenidən soyuqqanlılıqla ona baxan Mələyin qarşısına oturdu.
-          Günahınız var! Məgər ona deməmişdiniz ki, əlaqə saxladığın oğlan səninlə elə-belə
vaxt keçirir, onunla əlaqəni kəsməyin məsləhətdi? Məgər ona parlaq gələcəkdən xəbər verib yaşadığı zamanı səhvləriylə doldurmasına səbəb olan siz deyilsiniz? Siz onun ata biləcəyi ən axmaq addımların özəyini qoydunuz. Siz...
-          Rəfiqənizin ağlı harda idi? Demək ki, təskinlik tapmaq üçün ən doğru yerin mənim
yanım olduğunu dərk etmişdi. – deyən falçı qadın Mələyin sözünü kəsdi.
-          Bilirsiniz mənə nə maraqlıdır? Müştəriniz olan rəfiqəm haqqında ruhuna hörmət
etmədən danışmağınız və öz işinizdə mahir olmanıza inamınızın haradan qaynaqlandığı. Madam ki, belə ustasısınız işinizin, niyə ona vaxtında dayanmasa başına gələcəyi bədbəxtliklərdən xəbər vermədiniz?
-          Mən onu xəbərdar etmişdim. Demişdim ki, əgər istəyirsə dua yazım və oğlanı ona
əbədi bağlayım.Ancaq özü səhv addımlar ataraq başını bəlaya salmasın. Demişdim.
-          Nə? Sizin başınız doğrudan da, işləmir. Qıza nə təklif
etdiyinizi dərk edirsiniz? Onun çarəsizliyindən həm istifadə
etməyə çalışmısınız, həm də onu seçim qarşısında qoyaraq
bədbəxtliyinə birbaşa yol açmısınız. Sənəm Allahdan qorxan
insan idi. Bura gəlməsi də çarəsizliyindən və təskinlik axtarmaq
istəyindən qaynaqlanmışdı. Görünür, Ramizə olan sevgisi onun
içindəki Allah qorxusunu da şübhəyə salmışdı. Bilmirəm. O
çaşmışdı. Ancaq əminəm ki, sizin ona etdiyiniz təklif, həmin
qorxunu ona yenidən xatırladıb və o öz gücüylə nəyə isə nail
olacağına inam cücərtmişdi içində. Bu da onun bədbəxtliyinə səbəb oldu. Mən sizə nifrət edirəm. Siz
mənim həyatımdan ən gözəl anlarımı paylaşdığım və ən yaxın rəfiqəmi sildiniz. Siz günahkarsınız
və ən ağır cəza...-fikrini göz yaşlarının doğurduğu hıcqırıqlardan davam etdirə bilməyən Mələk
gözlərini silib falçı qadını nə demək istədiyini gizləyən baxışlarıyla qorxutdu.
     Qorxudan özünü itirən qadın Mələk qarşısında nə etməli olduğunu bilsə də, özünü
itirib daha da vahiməyə qapıldı və səs-küylü nitqiylə Mələyə evindən çıxmasını əmr etdi.
-          Narahat olma, gedirəm.
-          Get, evimin ətrafında bir də səni görməyim! Hər kəs layiq olduğu həyatı yaşayır.
-          Sus! Bir kəlimə daha etsən, bu evdən səni öldürüb çıxacam.
Mələyin son cümləsi falçı qadını qorxudub qarşılıq verməməyə məcbur etmişdi. Bu hadisədən sonra Mələk daha da keyləşmişdi. Hər gün Sənəmin qəbriüstə gedib ona gah ağlayaraq, gah  gülərək ürəyini boşaldırdı. Elə bil heç Sənəm ölməmişdi. Həmsöhbətinin ondan fərqi təkcə, torpağın altında səssiz yatması idi. Bu xoşagəlməz qarşılaşmadan sonra  da getmişdi.
-          Bilirəm Sənəm. Bilirəm ki, sənin bədbəxtliyində mənim də payım az olmayıb. Səni
anlamadığımı düşünməyəsən deyə, sənin hər atdığın səhv addıma haqq qazandırmağa çalışırdım. Bu gün o falçı qadının üstünə gedib onu günahlandırdığıma baxma, mən daha çox özümə əsəbləşdiyim üçün ona ağzıma gələni dedim. Demirəm, o günahkar deyil, amma mən daha çox günahkaram. Gərək səndən hər an nə etmək istədiyini, nə düşündüyünü soruşaydım. Bəlkə onda beynində baş verənlərlə, ürəyində baş verənlər qədər daha yaxından tanış olardım. Bəs mən nə etdim? Sənə verdiyim məsləhətlərə güvənərək, sənin hər addımdan sonra sevinclə və ümidlə mənim yanıma qaçdığını görərək sənə daha çox dəstək oldum. Kaş, səndən dəstəyimi üzəydim, yanında olmayaydım, haqsız olduğunu, səhv etdiyini deyəydim! Kaş, mənə nifrət edəydin amma indi sağ olaydın!
Sənəmin öldüyü gündən bəri halında anlamadığı qəribəlik indi bütün açıqlığıyla özünün sözdə ifadəsini tapmışdı. Mələk ürəyini boşaldırdı:
-  Həyatım boyu leksikonumdan çıxardığım iki sözdən biri idi “Kaşki”. Sən isə bu addımınla nəinki, mənim leksikonumu dəyişdin, hətta yaşadığım və özümü inandırdığım hər şeyin üstündən böyük bir xətt çəkdin.
-    Məni bağışlama! Yalvarıram! Məndən sənin yanına gələndə hesab sor. Səhvlərində əsl günahkarın mən olduğunu söylə. Onsuz da Allahın qarşısında heç nəyi gizlətmək olmayacaq. O da bilir ki, mən yaxşı bəndə rolunda fəaliyyət göstərsəm də, əslində yaxşı bir bəndəni həyatından etdim. Neçə gündür, əhvalıma anlam verə bilmirəm. Sənin ölümün ən çox məni üzməli idi və hər kəs mənim üzüntümdən yazıqları gəldiyi üçün ağlamalı idi. Ancaq mən özümü də təəccübləndirdim. Elə bil şüuraltım da səni itirəcəyimə hazır idi, sənin zəif olduğunu və məsləhətlərimin sənə ağır gələcəyini bilirdim. Sən mənim kimi güclü deyildin ki, mənim təcrübəmdən alınan məsləhətlərə də düzgün əməl edəsən. Xudbinliyimdən yenə də əl çəkmirəm. Bağışla məni! Ya da yox... Heç buna görə də bağışlama. Əslində, ikimizin də ortaq cəhəti bilirsən nədir? Biz ikimiz də seçdiyimiz şeylərdən əl çəkmək istəmir və onlara sahiblənmək istəyirdik. Mən indi dərk etmişəm ki, həmişə zorla sahib olmağa çalışdığım şeylərin heç birinə sahib ola bilməmişəm. Sahibləndiyim şeylər olub, bəlkə də mənim seçdiklərimdən daha üstün şeylərə sahiblənmişəm, ancaq mənim seçdiklərim olmadığına görə mən seçimlərimin siyahısını durdurmamışam. Fərqimiz isə, sənin bu xüsusiyyətinin hələ yeni-yeni ortaya çıxdığı, mənim isə gülməli ifadə olunsa da, artıq bu yolda “qoca qartal” olmağım idi. Düşündüm ki, mən keçmişəmsə belə bir yolu, sən də keçməyi bacararsan. Amma mən axmaq, bütün gücünə və istəyinə rəğmən sənin içindəki qorxunun böyüklüyünü anlamadım. Sən də nə o qorxuya sadiq qalıb mənim və o falçı qadının göstərdiyi yoldan getdin, nə də bizim yolumuzdan gedərək içindəki o qorxuya xəyanət etdin.
            - İntihar! Aman Tanrım! Buna necə ürəyin gəldi?! Səni bunu etdiyinə görə də qınamıram. Bu addım sənin zəifliyini bütün çılpaqlığıyla ortaya çıxarsa da, mənim kimi axmaqlara böyük bir dərs oldu. Özlərini güclü hesab edib həyatla “sinif-sinif” oynamağın asan olduğunu hesab edən “mənim kimilər” bundan sonra bir az daha ehtiyatlı davranacaq və verdikləri məsləhətləri süzgəcdən milyon dəfə keçirəcəklər. Düzü, mən bundan sonra çətin bir də danışam. Özümü iyirmi doqquz yaşıma gələnədək etdiyim bütün səhvlərə görə cəzalandırmalıyam( uşaqlığımı çıxa da bilərsən, çıxmaya da). Sənin özünü cəzalandırdığın kimi özümü cəzalandırmağı mən bacarmaram. Axı sən həmişə deyirdin “intihar-ən böyük günahdır”. Bunu təəssüf ki, sənin yerinə xatırlayan mən oldum. Sən bu addımı atdıqdan sonra gördüm ki, vicdanıma kəsilən cəza üçün bu çox rahat bir şey olar. Çünki, yenə də ruhuma sadəcə vicdan əzabı yükləmiş olacam. Onsuz da sənin yanına gələndə sənə nə cavab verəcəyimi bilmədiyim üçün və Allaha bütün şəxsiyyətimdən hesabat verəcəyim üçün vicdanım dinc durmur. Vicdanım o qədər əziyyət çəkir ki, hərarətdən əziyyət çəkən bədən kimi inildəməsə paramparça olacağını düşünür və məni danışmağa, ürəyimi boşaltmağa vadar edir. Ona görə də, düşünürəm ki, susmaq mənim ən böyük cəzam olar. Susacam.
 - Sənəm, bir həftə keçib, sən isə hələ də yuxuma girməmisən. Yəqin öldükdən sonra məni daha yaxşı tanıdın və incimisən. Mən yuxuda Ramizi görmüşəm. Görürəm ki, adını bilmədiyim hansısa rayonda, parkda oturub dostuyla söhbət edir. Sənin ona ən çox yaraşdırdığın zabit formasındadır. Doğurdan da, yaraşırmış. Bir qız görürəm, bəlkə də sənsən, ancaq nə üzünü ayırd edə bildim, nə də adını öyrənə bildim, gəlir mənim əlimdən tutur və parkda olan fəvvarəyə doğru aparmaq istəyir. Mən də heç nə soruşmadan onunla fəvvarəyə yaxınlaşıram. Mənə deyir ki, “Bax! Ordadır!Ordadır!”. Soruşmaq istəyirəm ki, “Axı kim ordadır?” ağzımı tərpətsəm də, səsim çıxmır. O da elə hey təkrar edir ki, “Ordadır! Bax! Ordadır”. Fəvvarəyə baxıram, suyun rəngi yamyaşıldır ancaq başqa heç nə görə bilmirəm. Tam da suya doğru əyilirəm ki, qonşumuzdaki ailə içi mübahisə məni yuxudan oyadır.
   - Yadındadırsa, sənə yuxularımdan  şikayətlənirdim. Deyirdim ki, elə bil döyüş filmlərini mən çəkirəm yuxuda, ya da baxdığım filmlərin davamını yuxuda görürəm. Bax, bu yuxu isə onların heç birinə bənzəmirdi. Mən yuxu yozmağı heç bacarmamışam, heç yuxularımı yozsunlar deyə başqalarından maraqlanmamışam da. Sənə danışıram, bəlkə sən ordan daha aydın yozarsan. Ah...Sənəm! Bir bilsəydin, indi özümə nə qədər gülmək istəyirəm! Heç hənanın yeri idi? Bu yuxunu mən niyə danışıram ki?! Uff... Nə isə.
 Bu gün səninlə söhbətim uzun çəkdi. Sənə ürəyimi boşaldıb sağollaşmalı idim. Yenə də yanına gələcəm amma susacam. Bunu günah yumağa çalışmaq hesab etmə. Belə etsəm rahatlığı yenə də tapmayacağımı bilirəm, ancaq etməsəm öləcəyimi də bilirəm. Bundan isə çox qorxuram. Hesab vermək üçün  siyahıda bircə dənə belə olsun yaxşı bir əməl saxlamamışam. Bəlkə bunu etməklə, o hesabata məndən bir ağ zolaq atılar. Bəlkə onda heç olmasa özümü də sənin yerinə qurtarmış olaram. Susacam. Qurtulacağıma olan inamım ip üstədir, hər an yıxılma təhlükəsiylə qarşı-qarşıyadır. Səndən sonra elə bir mənasız hal almışam ki ... Gah ümid edirəm, gah ümidsiz oluram. İnanmazsan, desəm ki, bəzən ikisini də eyni anda hiss etdiyim vaxtlar olur. 
-          Sənəm, əlvida! Səsimi eşitməyəcəyinə rəğmən, yenə bura gəldiyimi hiss edəcəksən.
Kaş bilsəydim, görəsən sənin üçün mənim bura gəlib-gəlməməyimin fərqi var? Bəlkə sən heç istəmirsən məni burda hiss edəsən. Bilmirəm, bilmirəm, bilmirəm. Gələcəm. Susacam və gələcəm ...


            Mələyi susduğu gündən bəri hər kəs danışdırmağa cəhd etsə də, qarşılıq olaraq bir söz belə ala bilməmişdilər. Susarkən insanın fikirləri danışarkən qoruduğu  bütövlüyü və əhatəliliyi qoruya bilmir. Bir fikirdən o biri fikirə, yaşadıqlarının bir anından digər anına atılaraq düşünürdü susarkən və anidən onu düşüncələrdən ayıran bir hadisə baş verəndə bir az öncə nə barədə düşündüyünü xatırlamırdı.
            Susmağa başladığı andan beyninin ən çox səyahət etdiyi yer uşaqlığı idi. Uşaqlıq- gənclik-uşaqlıq marşrutuyla kitab oxuyur, xalaqızının erköyünlüyünə dözməyə çalışır, bəzən də gecələr büründüyü gözəlliyə heyran olduğu şəhəri gəzməyə çıxırdı. Bu gəzinti təkbaşına o qədər keyfli gəlməsə də, bunun ağzına su alıb oturan insan üçün heç bir fərqi yox idi. Uşaqlığında şahidi olduğu hadisələrin təsirini hiss etsə də, uşaq olduğuna görə onlara anlam və ad verməmişdi. Baş verənlərin hansı sözlərlə izah olunacağını bilmədən onların təsiri ya  Mələyi üzmüş, ya da sevindirmişdi. İndi isə bəzi məqamları aydınlandıran fikirlərin işığı onu şübhə altına salırdı. Mələk şübhəni həmişə müdafiə kimi istifadə edirdi. İnanmalı olduğu məsələlərə bir müddət daha şübhə ilə yanaşıb özünü, inanmalı olduqlarının məsuliyyəti və əziyyətindən qurtarmağa çalışırdı.
            Babası 9 mərtəbəli binanın ikinci mərtəbəsində yaşayırdı. Uşaqlıq marşrutunun ilk dayanacağı da o evi xatırlamaq olurdu. Üç otaqlı, sadə təmirli, indi əntiq sayılacaq mebelləri olan, nə indi, nə də uşaq ikən üzərindəki naxışları anlamadığı xalçalarla həm divarları, həm də yeri döşənmiş bir ev idi babasının evi. Bu evdə onun ən sevdiyi  yer- qonaq otağını işıqlandıran geniş pəncərənin kənarında babasına aid stulun tutduğu yer idi. Mələk doğulduqdan 6-7 ay sonra avtomobil qəzasında həyatını itirən valideynlərini xatırlamaq ehtimalı belə yox idi. Nənə və babasının himayəsi altına düşən Mələk üçün ailə bu iki nəfərdən ibarət idi. Nənəsini də 6 yaşında ikən itirmiş və tamamilə baba himayəsində böyümüşdü. Bir də həmişə yaxınlıq etməyə çalışdığı xalası qızı var idi. Yaşca Mələkdən altı il böyük olan xalaqızının soyuqqanlılığına və zövqünə uşaqlıqdan həsəd aparırdı. Lakin, heç vaxt onun kimi ola bilmirdi. İndi bu barədə düşünəndə anlayırdı ki, əslində heç ona oxşamağa cəhd də etməmişdi. Yəqin ki, buna səbəb xalaqızının ona qarşı laqeyd davranması idi. Dəqiq təyin edə bilmirdi, xalaqızına olan duyğularını: ya onu həddindən artıq çox sevdiyi üçün onu öz idealına çevirmiş və özünü ona oxşatmayaraq onun ideallığını qorumağa çalışmış, ya da xalaqızının laqeydliliyindən doğan soyuqluğu uşaq olduğu üçün düzgün dəyərləndirə bilmədiyindən ona qarşı tam sevgi hissləri cücərdə bilməmişdi. Bu duyğular özündə sevgi, nifrət, laqeydlik, həsəd və s. hiss edib amma adını bilmədiyi hissləri cəmləşdirir və Mələyi xalaqızı heyranlığından tam asılı vəziyyətə salmırdı. Zaman keçdikcə, o belə bir qohumunun olduğunu unudurdu. Bugün  evdə həmin stulda oturub yan tərəfdəki divanda uzanan xalaqızına baxaraq çiyninə düşdüyü məsuliyyəti və həyatdan gözlədiyi təəccüblərin gözləmədiyi əkslərini görürdü. Uşaq vaxtı heyran olduğu insanı bir arada unutmuş, həyatının harda, necə cərəyan etdiyi barədə heç maraqlanmamışdı. Bu gün isə heyranı olduğu o qadın uşaqlıq marşrutunun ilk dayanacağı olan babası evində, atılıb-düşərək əldən saldığı divanda uzanmış və susmuş Mələklə ortaq həyatı paylaşırdı.
           

            İllər keçmişdi, Mələk böyümüşdü, ali təhsilli,4-5 dil bilən savadlı bir gəncə çevrilmişdi. Kifayət qədər yüksək maaşlı bir işdə işləyir, şəhərin mərkəz yerlərindən birində kirayə qalırdı. Geniş dost çevrəsi qazanmış, tək yaşamağa da artıq öyrəşmişdi. Babasını universitetin ikinci kursunda oxuyarkən itirmişdi. Babasının xəstəliyi ərəfəsində onu şəhərə həkimə gətirmişdi. Müalicə ərəfəsində xalalardan birinin evində qalırdı. Mələk də hər dəfə dərsdən çıxıb babasını ziyarət etmək üçün xalasıgilə gedirdi. Həyatında ən çox dəyər verdiyi və itirməkdən çox qorxduğu insan babası idi, lakin xəstəlik dövrünün uzun çəkməsi Mələyi onu itirəcəyi fikriylə barışdırmışdı. Babası rəhmətə gedəndə Mələk bir neçə gün heç kəslə ünsiyyət qurmamış, boş bir otağa çəkilib hönkür-hönkür ağlamışdı. Xalaları atalarını itirdikdən sonra Mələyə qarşı xüsusi münasibət bəsləməyə başlamışdılar. Sanki sevgiləri artmış və qayğıları çoxalmışdı. Babası rəhmətə getdikdən sonra xalasıgildə bir neçə gün keçirmiş, sonra da Bakıda kirayə qaldığı evə qayıtmışdı. Rayondakı evin babasının vəsiyyətnaməsində Mələyə miras buraxılmasına baxmayaraq, Mələk o evlə nə edəcəyinə qərar verənə kimi bağlı qalmaq məcburiyyətində idi. Universitet bitdi, iş həyatı başlandı, problemlərin öhdəsindən tək başına gəlmək bir şərtə çevrildi və Mələk demək olar ki, rayon barədə unutdu.


            Sənəm vəfat etdikdən sonra işdən çıxmış, susmağa qərar vermiş və hesabında olan bir miqdar pulla rayona qayıtmış Mələk üçün indi doğulduğu torpaqdan əziz yer yox idi. Mələk rayona köçmədən bir il öncə xalaqızı işiylə bağlı rayonda babasının evinə yerləşmişdi. Mələk buna heç bir etiraz etməmişdi. Rayonun daxil olduğu bölgədə beş ulduzu və yüksək səviyyəli xidmətiylə ad-san qazanmış mehmanxananın “Sales&marketing” şöbəsinin meneceri olaraq fəaliyyət göstərən xalaqızı erköyün xasiyyəti və rahatlıq sevər təbiətinə görə mehmanxana şəraitini yaşam tərzinə zidd hesab edərək orada qalmaqdan imtina etmişdi. Mələk babası rəhmətə getdikdən sonra Bakıda xalasıgildə qaldığı müddətdə xalaqızıyla münasibətlərində körpü yaranmışdı. Münasibətlərdə nəzərə çarpmayan isinmə hiss olunmağa başlamışdı və bir neçə il sonra bu körpüdə istəkləri naminə yaxınlıq etmək üçün ilk addımı Elza atmışdı. Mələk də onun xahişini yerə salmayaraq rayondakı evin qapılarını qarşılığında heç nə istəmədən ona açmışdı.

            Mələk rayona köçüb gəldikdən sonra 3 otaqlı evi paylaşmaq lazım gəlmişdi. İlk başda, bu Elzanın özünüsevər ruhunu narahat etmiş, Mələk də özünə qarşı onun uşaqlıqdakı soyuqluğunu hiss etmişdi. Lakin, susduğuna görə nə Mələk ona sual verir, nə də Elza Mələyin verdiyi qərarla bağlı suallarına cavab ala bilirdi. Hər birinin həyatının yenidən əvvəlkindən fərqli olsa da, yeni axara düşməsi üçün iki həftə kifayət etmişdi. Evdəki otaqların sayı hər kəsin arzu etdiyi rahatlığı təmin edirdi, ona görə də Elza Mələk gəldikdən sonra evdən çıxmaq istəyindən daşınmışdı. Günlər  Mələk üçün susqunluqdan, kitablardan, musiqidən və ev işlərindən, Elza üçün isə iş, ziyafət, əyləncə və nəhayət Mələklə paylaşdığı evdən ibarət idi. İş həyatında ciddi olmasına baxmayaraq, qeyri-iş həyatında Elza çox əyləncəpərəst, ekstrovert insanlar üçün olan mühitdə introvert şəxsiyyətiylə uğur qazanan biri kimi tanınmışdı.Yəni insanlarla ünsiyyət yaratmasına nəzər saldıqda Elzanı heç vaxt istiqanlı insan kimi dəyərləndirmək olmazdı. Çünki, ya üz cizgilərinin sərtliyinin verdiyi cazibədarlıq onun soyuqqanlılığından birbaşa xəbər verir, ünsiyyət zamanı da özündən razılığıyla başqalarını bəzən məyus (pərt) edən, ya da aldadan atmacaları  onun hər kəsə özünü sevdirən xasiyyətinin altından xətt çəkirdi. Bəlkə də özünü sevdirmirdi, sadəcə ondan qorxurdular və atmacalarının qurbanı olmasınlar deyə ona yaxın olmağa və gözündə hörmət qazanmağa çalışırdılar.

            Mələk kitablarını pəncərə ağzında babasına aid stulda oturub ayaqlarını da balaca stulun üzərinə qoyaraq oxuyurdu. Bu yer artıq onun vaxtının ən çox keçdiyi bir sığınacağa çevrilmişdi. Elzanın evə gəlib heç bir söz demədən öz otağına keçməsi, arada – sırada qonaq otağında televizora baxıb yenidən öz otağına çəkilməsi, Mələk susduğuna görə ondan nadir hallarda hal-əhval tutması Elzanın təbiətinin soyuq küləklərini hər gecə evdə əsdirirdi. Mələk pəncərə qarşısında dibçəkdə böyütdüyü kaktus bitkisini bəzən özündən fərqləndirmirdi. Susmağı evdəki varlığıyla-yoxluğunu eyni etmişdi. Elza iş qadını, Mələk də öz düşüncələrinin gündəlik marşrutuna sərnişin idi. Gah ön sırada, gah arxa sırada yer alan bu düşüncələr bəzən o qədər dərinə gedirdi ki, məcbur evdən çıxıb fikrini dağıtmaq üçün evlərinin yaxınlığında yerləşən parkda gəzintiyə çıxırdı.
           
            Yaydan bəri rayonda yaşayan Mələk qışın gəlməsindən qorxduğunu hiss edirdi. Qorxurdu ki, qış onun “şeytan”ı olar və o susacağına dair verdiyi sözə sadiq qalmaz. Ancaq bu fikirləri qovurdu, yerinə susqunluğuna öyrəşmək üçün geniş dünyalar yaradırdı beynində. O dünyalar genişləndikcə Mələyin sözləri də bir yerə otursunlar deyə ifadə olunmağa tələsmir, təxəyyülün yaratdığı dünyalarda özlərinə tapdıqları yerlərlə kifayətlənirdilər.  Mələk hələ bilmirdi ki, öz dünyasına çəkildikcə, uzaqlaşdığı reallığı özünə daha çox cəlb edəcək.
Pəncərə qabağında oturub kitab oxuduğu qış günlərindən birində Elza evə erkən gəldi. Keyfinin necə olduğunu təyin etmək gözlərindən mümkün olardı, lakin Mələk onun badamı şəkildə  boz rəngə çalan gözlərinə baxmaqdan həmişə çəkinirdi. Uşaqlıqdan o gözlər Mələyə özünü aciz və gücsüz hiss etdirirdi. Bu səbəbi qeyri-məlum çəkingənlik böyüdükdən sonra da öz köklərini qoruyub saxlamışdı. Mələyin oturduğu stuldan bir metrə yaxın məsafədəki divanda  Elza əlindəki jurnalın səhifələrini oxumaq istəməyən qərarsız biri kimi gah irəli, gah geri çevirirərək  oturmuşdu. Mələk gözünü əlindəki kitaba diksə də, Elzanın bu halını müşahidə edir və nə baş verdiyini təyin etməyə çalışırdı. Lakin, onun marağına nəhayət Elzanın ani sualı yardımçı oldu:
-          Mələk, sən niyə yaşamağa tələsmirsən?
Mələk başını qaldırıb onun sualına heç bir münasibət bildirməyən baxışlarla ona baxdı, sonra yenidən gözlərini yarıda buraxdığı abzasa yönəltdi.
-          A, bağışla. Düzdür axı, sən danışmırsan. Danışmamaq sənin yaşamını təxirə salır
yəqin. Amma yaşamaq lazımdır.
Mələk istəyirdi desin ki, axı mən yaşayıram, susmağım yox olmağım demək deyil. Elza isə  demək istədiklərini açaraq, onun tərəfindən nadir rastlanan ətraflı nitqinə davam edirdi:
-          Sənə yaşamırsan demirəm. Sadəcə, susmaqla sən, səni həyatla məşğul edəcək
fikirlərin qarşısına məhdudiyyət qoyursan. Onlar ağzından çıxsaydı, sən dərhal onlar üçün həyatdan reallıq payı qoparmağa çalışacaqdın. Məsələn mən öz fikirlərimə ...Hm...
            Mələk yenidən başını qaldırıb cümləsini niyə davam etdirmədiyini öyrənmək üçün ona baxdı. Elza bunu anlayaraq bir az susdu, sonra dərindən nəfəs alıb dedi:
-          Hə! Yəni demək istəyirəm ki, mənim fikirlərim həyatımın dizaynerləridir. Ağlıma
gəlməklə qalmır, yaşam tərzimə də təsir edirlər. Ancaq indi mən də sənin kimi susmaq istərdim, çünki fikirlərimdən qorxuram və istəyirəm ki, onlar əməllərdə azadlıq tapmasınlar. Mən gedim yatım. Hələlik.
            Elza getdikdən sonra Mələk kitabı kənara qoyub pəncərədən açılan darıxdırıcı mənzərəni seyr etməyə başladı. Elzanın gözlənilməz söhbətindən baş açmağa çalışırdı. Çöldə yağan qara, binadan çıxarkən sürüşüb qonşunun maşınına dəyən cavan oğlanın tez qalxıb qaçmasına, maşının yaydığı əsəbverici xəbərdarlıq siqnalının səsinə heç bir reaksiya vermir, “Elzaya nə olub?” sualının ətrafında mənzərə yaratmağa çalışırdı. Heç nə alınmırdı. Elzanı o qədər az tanıyırdı ki, onunla bağlı sualların ətrafındakı boşluqları doldura da bilmirdi. Elzanı düşünmək istərkən, ağlına öz macəralı həyatından xatirələri gəlirdi. Sualın boşluqlarını dolduracaq xatirə kimi heç uyğun olmayan bir arzusu düşmüşdü yadına. Universitet vaxtlarında səbəbini bilmədiyi bədbinliyə qapılaraq üç gün evdən çıxmamışdı. O ərəfədə əlinə baseball sopası alıb sevdiyi oğlanın maşınını əzişdirmək, sonra evə gəlib kitab şkafında saxladığı Amerikaya getmək üçün nəzərdə tutulan biletləri götürüb evdən kiçik bir çanta ilə çıxmağı xəyal etmişdi. Amerikaya getdikdən sonra yerləşdiyi otelin taxtında oturub həyatında ilk və son dəfə dadacağı siqareti içinə çəkəcək və otağa yaydığı son dumandan sonra oteldən çıxıb tanımadığı küçələrdə dolaşacaq, qulaqlarında qulaqcıqla küçələri dolduran laqeyd əhalinin arasında itəcək, bir-iki saatlıq gəzintidən sonra yorğunluğunu qarşısına çıxacaq ilk yaraşıqlı oğlanın dodaqlarından öpməklə çıxaracaqdı. Xəyalının ardını təxəyyülü mənzərəylə təmin etməmişdi. Xatırladığının üzərinə bugünki həyatı da əlavələr etmir, yenidən onu Elzayla bağlı suala qaytarırdı. Elzaya nə olmuşdu və o niyə bugün səmimiyyət qapılarını açmışdı?
           
            Qeyri-stabilliyi Elzaya həyatının əlindən sürüşdüyünü otuş beş yaşında hiss etdirməyə başlamışdı. Dolu-dolu yaşadığını düşünsə də, qırmızı bir SOS lampası beyninin bir köşəsində yanmağa başlamışdı. Yaşadıqları dolu kimi görünsə də, bilirdi ki, həyatı konkret mənzil başı olan düz bir yola deyil, hər döngəsində yaşıl işıq yanan, kəsişən dörd yola bənzəyirdi. Düşüncələrinə qoymadığı məhdudiyyət, hərəkətlərini də mövcud bəzi çərçivələrdən çıxarır, beləliklə, onlar da məhdudiyyətdən azad olunurdular.
            Bilmək, görmək, eşitmək, anlamaq, hiss etmək, dərk etmək, rahat olmaq, narahat olmaq, vaz keçmək, xəyal etmək, arzulamaq, ümid etmək - ən çox istifadə olunan mücərrəd anlamlı fellər olduqda, konkret anlam ifadə edən sözlərlə yola getmir insan. Bu mücərrədlər konkret sözlərdəki həqiqət yükündən qaçmağı təmin edir.
Elza sərxoş olduqda dediklərinin mənasını dərk edir, lakin hiss etdiklərində narahat olduğuna görə, sərxoşluğu əməlli-başlı nəzərə çarpırdı. Mələyin ağlında sual doğuracaq qəribə söhbətdən iki gün sonra Elza evə sərxoş gəlmişdi. Əlindəki paketin içindən daha bir pivə şüşəsi çıxarıb masanın üzərinə qoymuşdu. Mələk heç nə demədən onun əl-ayağına dolanmamağa çalışır, həm öz otağına keçmək istəyir, həm də onu qonaq otağında tək buraxmaq istəmirdi. Elza ingilis dilində zümzümə edə-edə masanın arxasında pivə şüşəsinə gözlərini dikmişdi. Aydın idi ki, gözləri ora dikilsə də, fikri başqa yerdədir. Qapı ağzında dayanıb onu seyr edən Mələyə üzünü tutaraq:
-          Gəl! Gəl, sən də otur burda.
Mələk sakitcə keçib Elzayla üzbəüz oturdu.
-          Hə ...Yəqin ki, niyə içdiyimi soruşmaq istəyirsən amma mən sənin bu sualına cavab
verməyəcəm.Tın,tın,tın...Now you’re just somebody that I used to know…Tın-tınn,tın-tın. Əvvəllər mən heç qazlı su da içmirdim. Yadındadı? Sağlamlıq, gözəllik mənim üçün ön sırada idi. İndi də belədir. İçkiylə isə mən ən qatı düşmənlərik. Ha çalışıram ki, içdikdən sonra özümü idarə edim, alınmır. Bir azdan görəcəksən, ya ağlayacam, ya da durub kompüterdə istədiyim mahnını açıb başlayacam rəqs etməyə, sonra yəqin ki, çox danışacam. Bir az da başın ağrayacaq.
            Danışdıqca əlinin altında o yana - bu yana oynatdığı parç əlindən sürüşüb yerə düşdü. Sınmadı. Mələk əyilərək qədəhi yerdən götürüb masanın üzərinə qoydu. Elza pivə şüşəsini açıb parça süzmək istədi, lakin Mələk onu durdurdu və gedib başqa bir parç gətirdi. Sonra yenə də sakitcə öz yerinə oturub Elzanın qarışıq, diskursiv nitqini dinləməyə davam etdi.
-          Çox saq ol, parç üçün. Sən yatmırsan? Sən niyə susursan ki? Hm... Belə də ki, özün
bilərsən. Ən yaxşısın sən edirsən. Mən o qədər çox danışıram ki, sözlərimin altından qalxmaq çətin olur mənim üçün. Məsələn, bir gün fikirlərim mənə dedi ki, gəl biriylə oyun oyna. Anında da oyunun formatını təxəyyülüm hazırladı, həyəcanlandım, sussaydım oyun başlamayacaqdı, amma restorandakı rəfiqəmlə paylaşdıqdan sonra oyun başladı. Saat neçədi? Hanı mənim telefonum? Aaa... Çantamdadır. Qəribədir, mən heç vaxt telefonu çantamda gəzdirməzdim. Rəfiqəmi tanıyırsan? İdil- türkdür. Mənə qarşı hansı hissləri olduğunu anlaya bilmədiyim, özümün ona qarşı laqeyd olduğumu düşündüyüm Sərxanın telefon nömrəsini İdilə verdim. İdilə dedim ki, Sərxana başqa bir qız adıyla sms yazsın. Oyun istədiyim kimi başladı, istədiyim kimi davam etdi, indi də deyəsən istəmədiyim kimi nəticələnmək üzrədir. Sərxan İdilin kim olduğunu bilirdi, telefonda  görüşəcəyik deyə razılaşmışdıq. Ancaq Sərxan məni qısqandırmaq üçün, yoxsa nə üçün bilmirəm, İdillə görüşmək istədiyini tez-tez dilə gətirir, görüşümüzün nə vaxta planlandığını öyrənmək istəyirdi. Biz də ona dəqiq vaxt deməmişdik. İndi İdil ona Günay adıyla Azərbaycan türkcəsində sərbəst danışaraq tanış olmağı təklif edəndə Sərxanın həyəcanlandığı hiss olunurdu. Sms-ləşmələri bir müddət davam etdi. Sərxanın “Günay”la görüşmək üçün etdiyi inad bəzən məndə anlamadığım qısqanclıq hissi oyadırdı. Amma əyləncə daha dadlı gəlirdi və mən mənfi hisslərimi unudurdum.  Mmm...Mələk, mən acmışam. Yeməyə nə var? Ya da yox, yeməyəcəm. Kökəlirəm.
            Mələk qalxıb mətbəxdən onun üçün yeməyə bir şeylər gətirmək istədi, Elza isə onu əlindən tutub yerinə oturtdu.
            - Qulaq as da... Mən hələ qurtarmamışam axı.Harda qalmışdım, harda qalmışdım? Harda? Eh, unutdum. Yox, dayan danışıram. Deməli, nəhayət ki, “Günay”la Sərxan görüşdülər.  . Now and then I think of all the times you screwed me over. But had me believing it was always something that I'd done… Tın-tın-tın… Görüşdükləri yerdən İdil mənə sms yazdı ki, “Birlikteyiz”. Mən  on-on beş dəqiqə sonra Sərxana zəng etdim, o da telefonu açmadan məşğula verdi. Bax! Məşğula verdi! Mənim zəngimi məşğula verdi!
            - Onların görüşünün yarım saata kimi davam etməsi üçün 10-15 dəqiqə də dözdüm və ardınca İdilə zəng etdim. Mənimlə danışarkən İdil başladı türkcə danışmağa. Nə isə. Yəqin ki, başa düşdün. Sərxanın nifrətini qazandım, onun “Günaya” yox, İdilə aşiq olmasını təmin etdim, özümü də bu oyunun qalibi elan etdim. İndi də buna görə içmişəm. Otuz beş yaşlı bir insanın bu cür  16-17 yaşlı yeniyetmələrin ağlından çıxa biləcək bir oyuna imza atması doğrudan çox gülməlidir. Özümə gülürəm. Mən həyatımı bənzətdiyim dörd yolu tıxaclarla doldurmuşam, indi də haqqlı-haqsız olduğum məqamları ayırd edə bilmirəm. Mən qürurluyam axı. Həm də mən ağılsızam. Sən indi fikirləşirsən ki, madam belə bədbəxtsən, içirsən,ağlayırsan, üzülürsən, niyə ailə qurmursan? Otuz beş yaşın var, niyə uşaqların başının altından çıxacaq oyunlara özün müəllif olmusan? Hm... Sən mənə bax e! Necə dil-dil ötürəm?! Bu fikirlər ayıq olanda çətin məni yaşada. Mən rahatlıq ölüsüyəm. Oğ....ş!  Oy, bağışla ha, baciş! Oldu? Ay sağ ol! Mən niyə ərə getmirəm? Ay axmaq Elza, ərə get də! Qorxuram e ...- göz yaşlarını tuta bilməyərək ağlamağa başladı. Bir neçə dəqiqə ağlasa da, sonra hıcqıra-hıcqıra nitqinə davam etdi:
            - Mələk, mən qorxağam e. Azadlığımı itirməkdən qorxuram. Bir də deyirlər e, insanın yaşı arta-arta tələbləri də artır, bax, mənim yaşım arta-arta həyatdan istədiklərim o qədər çoxalıb ki, ailənin yerini məni xoşbəxt etməyən hər şey tutub. O qədər doldurmuşam ki siyahını, hansından yaşamağa başlayacağıma qərar verə bilmirəm artıq. Mən məşhur olmaq istəyirəm. İstəyirəm çox tanınmış bir iş qadını olam və şöhrətimin tam zirvəsində öləm. Eşitməmisən? Səhnədən şöhrətin zirvəsindəykən uzaqlaşmaq lazımdır. Ay sağ ol! Mən də elə olsun istəyirəm. Yenə də qorxuram ki, birdən ölüm-ölüm deyərəm, sonra canı verənə acıq gedər və şöhrətsiz ölüb gedərəm.  Aaaaaaa!!! Bəsdir susdun da! Bezdirmisən e! Evə gəlirəm, varlığınla-yoxluğun arasında heç bir fərq olmur. Danış da! Nədən qorxursan? Güya belə etməklə sən həyatdan qaça biləcəksən? Həyatdan, məsuliyyətlərdən, öhdəliklərdən... Qaça biləcəksən? Yox!
           
            Nitqinin sonunu Mələyi qınamaqla, susmağın ona heç bir fayda verməyəcəyinə inandırmağa çalışmaqla natamam bitirən Elza stuldakı yerini kresloyla dəyişmişdi. Susduqdan beş dəqiqə sonra Mələk onun yuxuya getdiyini anladı. Yüngül payız adyalını gətirib onun üstünü örtdükdən sonra öz otağına gedib Elzanın dedikləri barədə düşünmək istəmədən yatdı.
            Səhər Elza gecəki sərxoşluğun baş ağrısından, Mələk isə dan yeri sökülmədən oyanıb onun dedikləri barədə düşüncələrin yaratdığı baş ağrısından dərman axtarırdı. Elza Mələklə yenə də əvvəlki kimi, sanki heç qohum deyillərmiş kimi davranmağa davam edirdi. Görünür, gecə barədə unutmuşdu.  Açılan səhərin daha bir özəlliyi ondan ibarət idi ki, Mələk də baş ağrısına baxmayaraq heç bir həyəcan ya da narahatlıq yaşamırdı. Hisslərin və düşüncələrin bu qədər ani dəyişikliklərə uğraması Mələk üçün yeni olmasa da, baş ağrısıyla bərabər, çatışmazlıq da hiss edirdi. Bu çatışmazlığın hisslərə, yoxsa fikirlərə aid olduğuna hələ tam qərar verməmişdi. Gecədən günorta yeməyinə nə hazırlayacağına qərar verib səhər qərarını unutmuş biri kimi çatışmazlığın hardan qaynaqlandığını öyrənməyə çalışırdı. Mətbəxdə özünə çay süzüb stəkan əlində, öz otağına keçdi. Orada gözü rayona gəldikdən bəri bağlı olan mobil telefonuna sataşdı. İstifadə etmədiyi üçün telefonu kitab rəfinin yuxarısına qoymuşdu. Qeyri-iradi olaraq gedib telefonu götürüb açdı. Bir neçə mesaj ard-arda gəldi. Heç birini açmadan yeni bir sms yazmağa başladı: “Salam. Necəsən?”
            Cavab özünü çox yubatmadı və “Kimdir?” sualıyla gəldi. Mələk də “Mələk. Unutmuş olarsan yəqin.” şəklində cavab yazdı. Yarım saat qarşı tərəfdən gələcək cavabı gözlədikdən sonra düşündü ki, hər halda daha cavab gəlməyəcək, nahaq yerə telefonu açıb sms yazdı. Elə telefonu söndürmək istəyirdi ki, sms gəldi: “Xatırladım. Yazdığına təəccübləndim. Sən necəsən?”
-          “Mənim necə olduğumun artıq çoxdandır ki, fərqi yoxdur. Sənəmi itirdikdən sonra
susmağa qərar verib rayona köçmüşəm”.
-          “ Susmaq? Bunu anlamadım. Yəni sən indi heç kimlə danışmırsan? Bakıya
qayıtmayacaqsan?”
-          “ Hm... Mən sms-imdə Sənəmin adını çəkdim, sən isə onunla bağlı heç bir reaksiya
vermədin. Görəsən, doğrudan da onun sənin gözündə heç dəyəri yox idi?”
            Bu sms-dən sonra Mələk Ramizin cavabını iki saatdan çox gözlədi. Gözləmək istəmirdi, istəyirdi ki, ürəyindən gələn bütün şikayətləri yazıb göndərsin ona. Amma susmaqla bərabər səbr etməyi də öyrənmişdi, gözləmək çətin olsa da, iki saatdan sonra Ramizdən nəhayət cavab gəlmişdi:
-          “ Mən belə olsun istəməzdim. Amma o da məni yanlış anladı...”
Sms-ləşmələr Mələyin şüuraltısının nizamladığı bir ardıcıllıqla davam edirdi. Nəticə isə
Ramizin bir həftəlik Mələkgili rayonda ziyarətə gəlməsiylə başladı. Bazar günü olduğundan Mələk də, evdən gec çıxmağı planladığı üçün Elza da evdə idi. Ramizə qapını Mələk açdı, baş hərəkətiylə salamlaşıb əl işarəsiylə onu içəri dəvət etdi.  Qapı səsinə öz otağından çıxan Elza Ramizlə salamlaşıb məcbur qonaq otağına keçməli oldu. Mələk susmağa davam etdiyi üçün qonaqla birinin həmsöhbət olması gərək idi.
-          Salam. Xoş gəlmisiniz – deyərək üzündəki soyuq ifadəni dəyişmədən Elza Mələk və
Ramizlə birlikdə qonaq otağına keçdi.
-          Mələk, sən həqiqətən heç kəslə kəlimə kəsmirsən?
Ramizin sualını gözlərini aşağı salaraq cavablandıran Mələk Elzanın bu suala
münasibətini gözlədi. Elza dedi:
-          Gördüyünüz kimi, hətta gələn qonaqlar üçün belə Mələk öyrəşdiyi haldan əl çəkmir. –
Sonra da üzünü Mələyə tutub onun gözlərinə baxdı. Heç bir reaksiya görmədi.
            Mələyin şüuraltısındakı cızmaqaralar hər şeyi doğru təxmin etmişdilər. Ramizin xarici görünüşü və davranışları bir kişi kimi hər bir qadının zövqünü oxşaya bilərdi. Elza da bu qadınların siyahısına əlavə edilməkdə idi. Mələk susurdu, Ramiz və Elzanın söhbəti isə ilk dəfə görüşdüklərinə baxmayaraq yüksək templə davam edirdi.
-          Eşitdiyimə görə, siz hərbiçisiniz, həm də nişanlısınız.Elə deyilmi?
-          Eşitdiyiniz zamanlarda hər ikisi idim. İndi isə nə hərbiçiyəm, nə də nişanlı.
Elza aldığı bu cavabdan dolayı qaşlarını çataraq sual dolu baxışlarıyla Ramizə baxdı.
Ramiz də bu baxışların gizlədiyi suala cavab verdi:
-          Nişanlandığım insanla yaşadığım problemlər özünü mənim işimə də yansıtdı. İndi
qarşınızda istehfa ərizəsini yazıb uşaqlıq arzularından əl çəkən bir siravi vətəndaş dayanıb.
            Elza bu cavabla kifayətlənmişdi. Mələk isə Ramizin nişanlısından ayrılmasına təəccüblənmişdi. Ramizin səsi və ümumiyyətlə, xarici görünüşü, üz cizgilərinin danışarkən aldığı şəkil Mələyin gözlərini indi də əvvəlki kimi özünə cəlb edirdi. Lakin, ağlında qurulan və özünün  də fərqinə varmadığı oyun onun ürəyinin səsini susdurmuşdu. Otelə yerləşmək istəyən Ramiz gözlənilməz bir razılıqla Mələkgilin qonağı olmuş və qonaq otağında ona ayrılan yerlə evin üçüncü sakini olmuşdu. Səhər yeməklərini həmişəki kimi Mələk hazırlayırdı. Yalnız həmişəkindən fərqli olaraq Ramizin də iştirak etdiyi səhər yeməyində Elza iştiraksız qalmırdı. Gəldiyi ilk iki gündə Mələyi susqun görməyə öyrəşməyən  Ramiz artıq Elzayla həmsöhbət olmağa öyrəşmiş, Mələyə verəcəyi sualları Elzaya ünvanlamağa başlamışdı. Gündüzlər qonaq otağı yenə də hər kəs üçün ortaq otağa çevrilirdi. Mələk iki gün kitablarına fasilə vermişdi, çünki Ramizlə Elza arasında baş verənləri müşahidə edərək ağlında qurduqlarına yekun düşünməli idi. Ən çətini də bu idi.
            Sənəm sağ ikən Mələyin Ramizlə tanışmaq fürsəti olmuşdu və bu tanışlıq onun ürəyinin bir küncündə xüsusi bir yer tutub kilitlənmişdi. O yeri tutan hisslərin danışmasına Mələk əvvəllər Sənəmə görə icazə vermirdi. Zaman keçdikcə, Sənəmin Ramizə bağlılığı artdıqca, Mələk ürəyinin bir küncündə tozlanan bu hissləri unutmuşdu. Elza ilə Ramiz arasında yaranmış olan səmimiyyət yenə Mələyə Ramizlə ilk tanışdıqları vaxtı xatırlatmışdı və bu xatırlatma qısqanclıq hissini oyadaraq illər öncə ürəyinin küncündə yatan o hisslərin tozunu almağa başlamışdı. Bəzən Elzayla Mələk yoxmuş kimi səmimi zarafatlar edən, Mələk qonaq otağında kitab oxuyarkən mətbəxdə çay içərək söhbətləşən Ramiz Mələyin susmasına dair verdiyi sözü hər an təhlükə ilə qarşı-qarşıya qoyurdu. Bəzən onların söhbətini şirin yerdə kəsib hər ikisini Sənəmin ölümündə günahlandırmaq istəyirdi. Sənəm yadına düşdükdə isə yenə sakit mövqeyinə qayıdırdı. Mələk öz xudbinliyi ilə rayona köçdüyü gündən mübarizə aparmağa başladığı üçün bir anlıq özündən çıxaraq ağlının qurduğu səhnələri dağıtmamağa da öyrətmişdi. Həyəcanla ürəyindən qopmaq istəyən hisslərə beş saniyə vaxt verib onları özündən uzaqlaşdırırdı. Belə edə-edə artıq Ramiz və Elza səmimiyyətinin tutduğu yolda maneə kimi yox, işıqfor kimi rol almağa başlamışdı. Onların baş-başa qalmalarına daha çox şərait yaradır, ürəyinin çox dərinliyində onu incitmək istəyən iniltinin səsini alırdı.
             Bir gün evdən Elzanın işdən gəlməsinə yarım saat qalmış çıxan Mələk evə qayıtdığında tapdığı kağız parçasını oxudu: “ Mələk, darıxma. Biz Elza ilə mərkəzdəyik. İstəsən sən də bizə qoşul.” Kağızı oxuduqdan sonra cırıb atdı. Keçib babasının stulunda əsəbi-əsəbi oturaraq özündən nə baş verdiyini soruşdu: “ Mələk, sən axı onu sevmirsən. Xudbinliyini susdurmuşdun, yenə niyə dindirdin? Sus, sus, sus artıq! Məgər telefonu açıb ona mesajlar göndərərkən bilmirdin ki, məhz bu səhnə üçün ssenari yazırsan? Bilirdin. O vaxt buna ad verməsən də, bilirdin. İndi bu səhnəni görmək səni niyə özündən çıxarır ki? Özünə gəl və oyundan çıx... Oyundan... Çıx... Hansı oyun? Nə oyun? Bu oyun deyil ki, Mələk. Bu həqiqətdir. Sənin barışmalı olduğun, qaydalarını dəyişə bilməyəcəyin bir həqiqətin sənə oynadığı oyundur. Onlar üçün isə oyun deyil. Elzanın xoşbəxt olması və qorxaqlığını aradan qaldırması üçün qarşısına özü kimi birini çıxardın. Ola bilərdi ki, özü kimi biriylə yola getməsin və xoşbəxt olmasın amma o zaman da mənim Ramizi tanımamağım lazım idi. Ramiz xudbin, əyləncəpərəst və azadlığına düşkün olsa da, ona məhdudiyyət qoymağı bacarır. Bunu ondan öyrənəcək insan isə Elza olmalıdır. Elza... Yox... Bu həqiqətdir... Həqiqətdə yalan varsa, bu həqiqətin yalanı - mən və mənim hisslərimdir. Bu qədər bəsdir. Sənəm, qayıdıram. Sənin yanına qayıdıram...”
            Ramiz Elza ilə evə qayıtdıqlarında yazdığı kağız parçasının yerində yeni bir kağız parçası tapacaqdı: “Mən Bakıya qayıdıram. Sizin üçün darıxacağam. Ancaq sizdən çox xahiş edirəm, məni bir müddət axtarmayın, çünki mənim özümlə mübarizəm hələ davam edir. Sadəcə bir-birinizi qoruyun. Nə demək istədiyimi anladınızsa, eqoistlik edib anlamamazlıqdan gəlməyin... Özünüzə yaxşı baxın. Saq olun”
           

-          Həəə... Sənəm! Sondan əvvələ qayıtdım. Sükunətim mənim sonum olacaqdı.
Xudbinliyimlə apardığım mübarizədə nə qədər çox müsbət keyfiyyətlər qazansam da, ona tam qalib gələ bilmədim. Sənə daha məni eşitməyəcəksən demişdim, demək ki, yalan demişəm. İndi səsimi eşidirsən yenə...- Mələk Bakıya qayıtdıqdan sonra ilk ziyarət etdiyi yer Sənəmin qəbri idi və artıq susmurdu. Bu dəfə ürəyində yox, öz səsini eşidəbiləcəyi səslə danışırdı.
-          Ramizlə Elzanın hekayəsinin davamını yazmadım. Onlar bizim romanımızda
bir parça idilər. Elzanın parçacıqlarını uşaqlığımdan bugünə kimi bir araya gətirib onun portretini yaratmağa çalışırdım. Portret həmişə yarımçıq alınır və soyuq təəssürat yaradırdı. Ramizin parçacıqlarını isə yarıdan toplamağa başlamışdım, o parçacıqların əvvəli məndə yox idi. Onun da portreti yarım alınır və həyatdakı zahiri gözəlliyini tam ifadə etmirdi. Mən də onu Elzanın portretindəki boşluğa yerləşdirməyə çalışdım. İnanmazsan, amma deyəsən bunu bacardım. Bu portreti sənin də görməyini istərdim. Nə əvvəlki soyuqqanlılığından, nə də çatışmazlıqlardan əsər-əlamət var, çox gözəl və mükəmmələ yaxındır. Mən mükəmməl görmədiyim üçün buna mükəmməl deyə bilərəm, çünki aciz təxəyyülüm nə bu portretə əlavələr edə bilir, nə də ondan səhvlər tuta bilir. Onların hekayəsini ifadə edən bu portret qoy bizim romanımız yazılan kitaba üz qabığı olsun. Ya üz qabığına görə oxunacaq, ya bizə görə ... Ya üz qabığı bəyəniləcək, ya biz, ya onlar anlaşılmayacaq, ya da biz qınanacağıq ...
-           Oh, sənə surprizim var. Mən sabahdan “Təbiətsevər velosipedçiler klubu” ilə
səyahətə çıxıram. Hələ dəqiq məlumatım yoxdur bu səyahətin sərhəddi keçib-keçməyəcəyindən. Bu səyahətə qatılmağımın yeganə səbəbi apardığım mübarizə üçün axtardığım yekundur. Susmaqla bu yekuna varacağımı düşünürdüm, alınmadı. Məni yenə gözlə, Sənəm. Hələlik...
            Sənəmi torpaq altındakı dünyasında daha bir neçə illik yalnızlığıyla baş-başa buraxan Mələk həyatının özünə məlum olmadığı gələcəyini xudbinliyi ilə apardığı mübarizəyə həsr etmək fikrində idi. Artıq düşməninin adını tapmışdı. “Xudbinlik”. Bu söz - ona həm paxıl, həm xeyirxah, həm qəddar, həm mülayim, həm xoşbəxt, həm bədbəxt maskalarını geydirib həqiqi üzünü unutdurmağa, silməyə çalışan söz idi. Mələyin mübarizəsi də bu sözü varlığından silməklə başlamışdı ...

No comments:

Post a Comment