January 27, 2014

Yüngülvari müşahidə

Qulaqlıqlar... Süni salınmış cığır  və təsadüfən qarşıma çıxan bu daşın üzərindəki yarpaq. Yalnız görünür.  İstəmirəm “ağıllı” görünərək deyim ki, bəs yağışlı havada çıxdığım piyada gəzinti məni çox düşündürdü və aşağıdakı fikirlərə gəlib çıxdım. Xeyr. Mən o anın zövqünü başqa düşüncələrlə yaşamışdım. Lakin rəsmini çəkdiyim bu yarpağa evə gəldikdən sonra nəzər saldıqda, ağlıma aşağıdakı fikirlər gəldi:

Insanı yalnız görəndə cəmiyyət üzvləri öyrəşib ki, səbəbini sevdiyin adamdan ayrılmağa bağlasınlar. Çox gülünc bir təxmin olsa da, belə anlaşılır ki, yalnızlığı sevməyən cəmiyyət yalnızları da sevmir. Bilmirəm niyə, ancaq beləcə yalnızlığın dəyəri gözümdə artır. Üzgün sifətlə səni görsələr, anında elə biləcəklər ki, sevdiyin adamla mübahisən düşüb deyə qəmlisən.

Yəni həyat o qədər tək budaqlıdır ki, orda sevgi uğursuzluğundan başqa gənc adam heç nəyə üzülə bilməz? Mənə elə gəlir ki, məhz bu qədər dar düşünən insanların düşüncəsidir tək budaqlı. Həyatın isə düşündürəcək çoxlu budaqları var. Bu budaqların üzərində ən azından bir neçə saniyə dayanıb onları tanımasan, çətin ağacın ən üst budağına qalxa biləsən. Çünki ayağını necə gəldi atsan, zəif budaq səni yenidən ağacdan sala bilər. 

Bir dəfə universitet vaxtı, qrup yoldaşlarımdan biri (qız) mənə birbaşa belə bir sual ünvanlandırdı: “ Ləman, sənin heç problemin olmur? Heç üzülmürsən?”

Qaldım baxdım sualı mənə ünvanlayan şəxsin üzünə və həmin anda nə çox problemimin olduğunu xatırladan bu suala. Cavabım belə oldu: 

“Əgər mən dərsə gəlib-gedə bilirəmsə, deməli problemdən güclü çıxıb yıxılmamışam. Əgər bura gələ biləcək qədər gücüm varsa, onda niyə üzgün olum? Guya mən bura üzgün gəlib problemimi səninlə paylaşsam, sən mənə kömək edəcəksən? Uzaqbaşı evə gedib yemək yedikdən sonra mən yadından çıxacağam...” 

Elə bunları demişdim ki, gördüm qız üzünü çevirib başqa qızın sualına cavab verir. Yəni diqqətini məndən uzaqlaşdırıb. Ona görə “İçim özümü yandırır, çölüm özgəni” qəlibinə uyğun insanlara daha çox rəğbətim var. Güya ki, hər kəs sənin dərdini bilsə, bir çarə qılacaq? Yox, əlbəttə ki. 

Yalnızlıq barədə danışaq bir az. Bəzi dırnağarası şəxslərin yalnızlığın yaxşı əlamət olmadığını iddia edərkən gətirdikləri “Yalnızlıq Allaha məxsusdur” fikri isə məni tamamilə hövsələdən çıxarır. Bu nə səbəbdir, ay insan?  Durub Adəmlə Həvvanı da sitat gətirirlər. Nə əlaqə? Hər kəs öz həyatına və seçiminə bir şeyə əsaslanaraq qərar verir. İndi siz deyirsiniz ki, kimsə yalnızlıqdan da zövq almağı bacarırsa, o artistlik edir? Niyə? Nəyinə lazımdı? Fərdin cəmiyyətə təsiri, cəmiyyətdəki rolu və s. “bla bla bla”larla çalışırlar insani evlilik fikrinə sürükləsinlər. Türklər demiş “Hadi be!”. Evlənmək istəyən evlənsin, istəməyən isə öz həyatını yaşasın. Çünki ailə qurmağa hazır olmayan şəxsi “tırkalayıb” evliliyə sürüklədikdən sonra heç biriniz gəlib onun yükünü daşıya bilmədiyi həyatda onunla çiyinbəçiyin dayanmayacaqsınız. Səhvi olsa, qınayacaq, boşansa dalıyca min cür şər-böhtan çıxaracaqsınız. Odur ki, daşın üstünə düşən bu yalnız yarpaqda hər hansı bir cazibə görürsünüzsə, yalnızlığa bir müddətlik də olsa önəm verən, onda gözəllik görən insanın düşüncəsində də o cazibəni sezməyə çalışsaq məncə daha yaxşı olar.  Əgər kütlə nəzəriyyəsi hər zaman hakim olsaydı, o zaman səhnədə alqışlanacaq heç bir obraz tapılmazdı.  İndi isə bir məsələ də var: Kütlə ayılıb və hamı fərd olmaq istəyir. Bu da səhvdi. Çünki bu istək ortaqlığı yenə də hamını gətirib kütlədə birləşdirir. Bu isə sonranın mövzusudur. Hələlik isə rəsmə baxıb yarpağın daş üzərindəki mövqeyindən zövq alaq.

No comments:

Post a Comment