January 30, 2014

Qartopu oynayaq?

Qar yağır. Sürpriz olmasa da, onun haqqında danışmaq istərdim. Təsəvvür edin ki, həyatınızda sevilməsi məhz sizə qadağan olan bir obraz var. Niyə qadağandır? Çünki onun artıq həyatı başqa obrazla qovuşdurulub. Yəni başqasına məxsusdur. Siz ürəyinizi sevməkdən məhrum etmirsiniz, sevməyə davam edirsiniz, amma o obraza bir addım belə yaxınlaşmırsınız. Təsəvvür etdiniz? 

İndi mənim də qar sevgim buna bənzəyir. Evdən çıxıb havada rəqs edən qar dənəciklərini izləmək, ayağının altında xışıltısını qulaqcıqlardakı musiqinin səsi eşitməyə qoymasa da, əzərkən hiss edərək “eşitmək”, yağmadan öncə yaşatdığı soyuğun, yağdıqdan sonra buzlarda gizlədildiyinə inanmaq, işə çatdıqdan bir saat sonra isti bir qəhvə içmək hər kəsin təxəyyülündə canlansa da, mən qəhvə sevmirəm, ona görə də isti bir çay içərək pəncərədən davam edən rəqsi seyr etmək, düşünmək, xatırlamaq, yaxını xatırlarkən uzağı unutmaq, uzağı xatırlarkən yaxını unutmaq kimi səni haldan-hala salan bu havanı sevməmək mümkün deyil. Ancaq onun yağmağına ürəkdən sevinə bilmir insan, çünki yadına evsiz-eşiksiz, skamyaları yataq, yollardakı qaz boruları isə istilik mənbələri olan insanlar düşür. Bəyaz görünsə də, vəziyyəti çətinləşdirən bir olaydır qarın yağması. 

İnsanlığı düşünən, fədakar obraz yaratmaq istəmirəm bunları yazmaqla, çünki zəmanənin qəhrəmana ehtiyacı yoxdur hər şeyə rəğmən. Çünki zəmanə hər kəsin ağlını elə oynadıb ki, hər kəs özü öz qəhrəmanına çevrilib. Qəhrəmanlar küçədə soyuqdan donan pişik görsələr, evlərinin bir küncündə ona yer ayırıb onu xilas edə bilərlər. Ancaq soyuqdan donan başqa bir qəhrəman görsələr, ona etibar etməyərək donmağına göz yuma bilərlər. Etibarsızlıq. “Təcrübə” adı verənlər də var.

İndi hər kəsdə bir “yalnız” abu-havası var.  Evlisinin də, nişanlısının da, sevgililərin də. Sanki, yarını tapan, özünü ona kimi tam hesab edirdi. Halbuki gecə-gündüz yalnızlıqdan şikayət edən qəhrəmanlar da elə bunlar idi. Deyirəm bəlkə, indi yalan danışmaq asanlaşıb, bəhanələr təkmilləşib, unutduracaq vasitələr də çoxalıb? Bəlkə  duyğular azadlığa çıxıblar? Bu “bəlkələr” var ikən, hamı nədən şikayət edir bəs? Yəni niyə şikayət edirlər ki? Anlamıram desəm, az düşünür deyərlər. Amma mən nə qədər düşünsəm də, nəticələrimi insanların qeyri-sabitliyi dəyişdirir.

Bu barədə uzatmadan demək istərdim ki, məktəb vaxtı əzbərlədiyimiz qara aid şeirlər üçün darıxdım. Sanki hamı o şeirləri bilirdi deyə, dərsdən çıxanda bir-birinə qar atsalar da, heç kəsin inciməyəcəyinə də əmin idilər. Sanki hamı eyni hissləri yaşayırdı. Hamı üçün bir həqiqət var idi: qar yağıb, sevinmək lazımdı. Uşaqlıq səmimiyyəti. İki sözün birləşməsi, amma oturub səhifələr doldurmaq olar yenidən xatırlatmaq üçün. Deyirəm axı, niyə müəllimlər bizə qoşulmurdular. Susaraq çatdırmaq istəyirdilər ki, bu zövqü yaşamağı böyüdükcə sadəcə xatirələrdə axtaracaqsınız. Yenə də müəllim. Necə də, vaxtında onların çatdırdıqları şüuraltı ismarıcları anlamaq qabiliyyətimiz kifayət qədər güclü olmayıb. Təəssüf. Yox, yox. Təəssüf etməyim. Onsuz da vaxtından tez böyüyürük hamımız, bir də qar yağarkən sevinci unudub düşünməyə başlasaydıq, məktəbdən universitet diplomuyla məzun olardıq. Ciddi qəbul etmədiniz hər halda? 

Bugün avtobusda bir oğlanın əlləri üşüyürdü. Tez-tez əlini tutacaqdan çəkib nəfəsiylə isidirdi. Mən isə əlimdə əlcəklə möhkəm-möhkəm yapışmışdım tutacaqdan. Çıxarıb əlcəyimi təklif etsəydim, nə o qəbul edərdi, nə də  sərnişinlər düz başa düşərdi. Amma Azərbaycan dilində yox, ingilis dilində danışaraq özümü xarici kimi aparsaydım, hamı “Əhsən! Nə ürəyi təmiz xarici vətəndaşdır!”  deyərək məni alqışlayardılar. Düzdü, oğlan yenə də qəbul etməzdi əlcəyi. Özünə sığışdırmazdı. Ya üşüdüyünü hiss etdirmə, ya da sənə uzadılan əli qəbul et çünki üşümək təbii prosessdir. Mən öyrəşmişəm soyuqda üşüməməyə. Atamla əzəldən hansı fəsil olursa-olsun, soyuducunun buzxanasından suyumuz əskik olmurdu. Yəni mən o əlcəyi fədakarlıq edərək təklif etməzdim, sadəcə daha çox ehtiyacı olan birinə uzatmış olardım. 

Bir açıqlaması var: Tanışlar və yadlar. Olarlar və olmazlar. Elə deyil mi? Yer kürəsinin içində bir yaşamağa etiraz etmirik, amma həqiqətən də ehtiyac duyulanda bir (eyni) düşünməyə etiraz edirik. İnsan xisləti. Nə? Pardon, yenə ağlıma başqa bir şey gəldi. Yayınmayım söhbətimdən.

Bildim! Bu yazını facebook-da məhz oxumasını istədiyim tanışlar, məktəb xatirələrimin qəhrəmanları, dostlar, o qədər də yaxşı tanımadığım insanlarla paylaşacam! “Tag” etməkdən xoşum gəlmir, amma məhz bu yazıya onları “tag” edəcəm. Bugün sentimentallaşdım deyəsən bir az. Hələlik.

2 comments:

  1. bloq yazısının hər iki hissəsində fikrlər gözəl və yerində qeyd olunub. uğurlar :)

    ReplyDelete
  2. Təşəkkürlər vaxt ayırıb oxuduğunuz və rəy bildirdiyiniz üçün.

    ReplyDelete