September 5, 2013

Müşahidə

İnsanlara mənəviyyat dərsi keçməkdənsə, insan olmaqdan usanmamaq lazımdır ki, insanlıqdan uzaqlaşanlar özlərini xatırlamağa mənbə tapsınlar. Bəlkə də bu cümlə dildə qazandığı cazibəni, əməldə itirən nadir cümlələrdəndir. Nadir əməllər, nadir cümlələr qədər tez-tez təzahür etsəydi, məncə “İnsanlıq hissi”  tükənmək təhlükəsiylə üz-üzə qalmazdı. 

Bugün də gündəmdəki bəzi mövzülara baxanda fikirləşirəm ki :

Ölən insanların ardınca bilib-bilmədən danışanların mədəniyyətinə həmişə şübhə etmişəm. Bəzən bu “danışanlar” elə danışırlar ki, elə bil “südlə doldurulmuş ağ qələmlə” qara səhifələr üzərində yazı yazırlar. Etməyin, eləməyin! 

Çox arzu edirəm mənə də desinlər ki, “sən vəkilsən?”. Hüquqşünas olmasam da, mətbuatda bəzi mövzuların vəkilə ehtiyacı varsa, mən  vəkil olaram. Nə olsun? Yoxsa siz ancaq anlamadığınız hüquq terminləriylə qane olur və fikir dəyişirsiniz?

Başqalarının etdiyi səhvləri qınamağa başlamadan beş dəqiqə öncə, öz həyatınızın və o həyata daxil olanların keçmişinə, bugününə və gələcəyinə nəzər salın. Bəlkə özünüz və ya yaxınlarınız üçün “qınaq nitqi” hazırlayırsınız? Bəlkə özünüz üçün “yəqinlər”, “bəlkələr”,
“görəsənlər”, “vay vaylar”, “ç-ç-ç-lər” hazırlayırsınız? Yazımda dırnaq içində yazılan sözlərin çox olmasına yəqin ki, fikir verdiniz. Baxın, hər kəsin həyatında sizin bilmədiyiniz, sezmədiyiniz vurğular, dırnaqarasılar, vergül yerinə qoyulan nidalar, nöqtələr var. Əlinizə o həyatları almadan, onları yüksək səslə oxumağa cəhd etsəniz, ən azından mənim gözümdə gülməli vəziyyətə düşəcəksiniz. Çünki mən qınamağın və tənqid etməyin əleyhinə olsam da,  bəzi mövzuların can acıdan sərt uclarını elə çox sevdiyim insanlığın xeyrinə rəndələməyi özümə borc bilirəm. 

Bəlkə də qınağınızda haqlısınız, bəlkə də mühakimələrinizdə doğrunun payı çoxdur, ancaq unutmayın ki, qınaq obyektlərinizin səhvlərindən çıxardığınız nəticələri öz mənəviyyatınızda süzgəcdən keçirərək şəxsi gələcəyinizdə tətbiq etsəniz, ölənin ardından yaydığınız söhbətlərinizi gəvəzəlik səviyyəsinə çatdırmasanız, mərhumların hələ sağ olan
yaxınlarının da canını ikiqat, üçqat acıtmazsınız. Axı biz “qılınc yarası sağalar, söz yarası sağalmaz” deyən xalqın nümayəndələriyik. Niyə qılınc əsri keçdikdən sonra, sözlərlə yaralamağa başlamışıq? Qorxmuruq ki, çox ümid bəslədiyimiz gələcək bu gedişlə düzəlməyəcək?  Gələcəyi yetişən insan qurur. İNSAN! Gələcəyin binalarını möhkəm bünovrələr zəlzələlərdən qoruyacaqsa, o bünövrələri quracaq insanların da möhkəm mənəvi bünövrəsi indidən qurulmalıdır. Məncə! Və bəlkə də bir çoxlarınca! Və s. Və ilaxır!

Çox uzatsam bu yazını, olacam “mənəviyyat müəllimi”, bu imicə isə meyli olanlar çoxdur. Dama – dama göl olar deyək, mənəviyyata olan meyillərini qaçırmayaq. Hələlik bu qədər. 

No comments:

Post a Comment