June 2, 2013

Gülməzdim amma belə alındı

Hər kəsdən biri olmaq istəyirsinizsə, özünəməxsus bir söz deyin və əlinə daş alan camaatın arasına qatılın. Ən üstün varlıq hesab edilən insanı, xəzinəsi kimi dünyada gizlədən Allah, bəlkə vaxtı yetişdiyində hamısını qazıb çıxaracaq. O vaxta kimi isə mən ruhumu elə bir aləmdə azdırmışam ki, mənə geri qayıdarkən döydüyü hər qapının açılacağını gözləyir. Gözləyir, ümid edir, inanır, inanmaq istəyir, səbr edir... Bu qədər bir-birinə bağlı fel yaratmaq insanoğlunun nəyinə lazım idi ? Nitqi gözəl olsun deyə, bir sürü sinonim kəşf edib. Onsuz da bütün həqiqətlərini gözəl nitqiylə təhrif edir. Nədənsə insan üçün yalan yaratmaq daha zövqlüdür. Nədənsə insan üçün həqiqəti itirib onu axtarmaq daha əyləncəlidir.

Ah... Başlanacaq indi. Hər sözümə görə təqib başlanacaq. Hər sözümün qarşısında müdafiə başlanacaq amma öz fikirlərini demədən. Məni danacaqlar amma öz düşündüklərini deyərək yox, məni öz həqiqətimdən azdıracaq bir ensiklopediya gözəl sözlərlə.

Gözəl sözlər də var. Amma bahalı əlavələrinizlə gözəllik vulqar şəkil alır. Ya da çox ucuz əlavələrinizlə gözəllik zövqsüzləşir. Onsuz da gözəlliyin zövqlə əlaqəsi var sizin üçün, bir də gözəlliyi təhrif etməklə zövqünüzə keyfiyyət qatdığınızı düşünürsünüz. Əslində, indi mənim də sizdən bir fərqim yoxdu. Üç abzasdır ki, sizin kimi “qınaqla” danışıram. Üç abzasdır ki, hədəfə vurmuram. Bir də ki, niyə mən vurmalıyam hədəfə? Yoxsa bu da boynuma yüklədiyiniz yazılmamış, “uydurmanız” olan məsuliyyətlərdəndi? Bəlkə mənim işim sizi hədəfə doğru yönəltməkdir? Yoxsa belələrinə siz “ilana zəhər verən kərtənkələ” deyəcəksiniz? Ola bilər. Ola bilər. Deyə bilərsiniz. Axı siz fərd, şəxsiyyət, insan, insanoğlu, ali varlıq, şüurlu varlıqsınız. Balinadan, əjdahadan fərqiniz var. Onlardan daha güclüsünüz şüurunuzla. Düzdü? Əlbəttə, düzdü. Doğrudur? Bilmirəm, siz deyin. Fərqi varmı bu iki sözün sizin üçün?

Eybəcərlərə özündən razılıq heç yaraşmır. Saxta alınır. Çünki bilirlər onları görünüşlərinə görə qarşılayacaqlar. Başqa reaksiyasımı var insanın? Fərdi gözlərini oxşamaqdan başqa nə istəyir ki? Ürəyini oxşasınlar? Yox... Eybəcərlər ürəyi yox, ancaq ağıl oxşaya bilərlər. Sonra enərlər ürəyə, yolunu tapsalar, ağlınızın torundan çıxa bilsələr. Bu qədər ziddiyyətli məxluqu (insanı) şeytanın yanına da göndərsən, şeytan dözməz. Qaçar. Axı o Allah deyil.  Kimi kimin yanına göndərirəm mən? Saydıqlarım hamı bir yerdə yaşamır məgər?

Həyat təcrübənizə hörmətim var. İstəmədiyini yaşamaqla dolu olan bir şey hörmətə layiqdir. Necə bacarmısınız bunu? Barışmaqla? Öyrəşməklə? Unutmaqla? Nə qədər köməkçi sözləriniz var!!! Bu qədər söz lazım olsaydı, O da hər il bir kitab yazmazmıydı? Niyə ancaq dörd kitabı var?  Mən də bilmirəm. Deyən lazımdı, bilmədiyini niyə danışırsan? Mən də deyirəm də, bilmədiyimizi niyə danışırıq? Bilmədiklərimizlə bu qədər sözü necə kəşf etmişik? Bilmədiklərimizin yerini doldurmaq üçün? Hamınız “nağılbaz” olduğunuza görə, inandığınız da nağıldan dərin deyil. Nağıldan möhkəm deyil.  Hamımız cahilik – gücümüz inandıqlarımızın sübutuna bağlıdır.

İndi həyatdan narazı qalan hər kəs Allahla dalaşır. Ona üsyan edir, yazılarını onunla bəzəyir. Niyə? O ki, həqiqəti bilir. Niyə sizə açıqlamalıdır? Açıqladıqlarını öz istəklərinizdən nə vaxt üstün tutdunuz? Bəlkə sizin həqiqəti bilməyiniz məsləhət deyil? Yəni bizim həqiqəti bilməyimiz bəlkə heç lazım deyil? Axı ali varlıq olaraq onu özümüz də uydura bilirik. A-ha-ha-ha... Gülməzdim, amma belə alındı. Bağışlayın.
             

Hekayə yazmağımı gözləməkdə haqlısınız. Nümunələrlə, faktlarla danışmaq  qınayan insan üçün daha əlverişli olardı. İllah da obraz olmaq istəyirsinizsə, onda xitabımdakı obraz olun. Axı bu yazı da ünvanlanıb kimlərəsə? Kimsə oxumalıdır, ya yox?  A-ha-ha-ha... Gülməzdim amma belə alındı.  Bağışlayın.

Bezdiniz? Mən bezdim. Hələlik. 

No comments:

Post a Comment