May 23, 2013

Hörmətlə, Zamansız biri


Balkondan  “şəhər yarımadası” açılır. Dəniz də görünür yəni. Uzaqdan görünən o gəmidə də ola bilərdim, təyyarədə də, parkda skamyada da oturmuş ola bilərdim, dəniz qırağında da, ağacda da, kölgəsində də, hündürmərtəbəli binanın mansardında da, zirzəmidə də, zavodda fəhlə də ola bilərdim, müdir də, ölkənin prezidenti də ola bilərdim, səfil də, səfir də, memar da, tələbə də, cahil də, təbiətin qoynunda ola bilərdim, dəli də ola bilərdim, fövqəlzəka sahibi də.

Mən isə  indi mətbəxdə oturub Rene Aubrinin “La Grande Cascade” musiqisini dinləyərək divardakı xarab,  06:50-ni, ya da 18:50-ni göstərən saata baxıb bayaqdan susan krantdan düşən damlanın səsində gözünü qırpmağı xatırlayan zamansız biri kimi musiqinin təsiri altında mətbəxdə öləcəyini təsəvvür edərək ölüm saatının divardakı bu dayanmış saatın vaxtıyla təyin edilməsini  istəyir, bununla da gələcəyini, keçmişini, bugününü hər kəsin ağlında təhrif edən birinə çevrilməkdəyəm.  

Bu musiqini sosial şəbəkədə öz səhifəsində paylaşan dostuma rəyimi bildirərkən, “melanxoliklər üçün effektli ölüm” təsəvvür etdiyimi yazmışdım, özümün isə sanqvinik olduğunu qeyd etmişdim. 

İndi bilmirəm mən kiməm? Dünən kim idim? Bugün kiməm? Sabah kim olacam? Bilmirəm azam, ya çoxam, ya kifayət qədərəm? Bilmirəm hardayam: Evdə? Qəfəsdə? Çöldə? İçəridə? Bilmirəm fərqli düşüncəli insanları bir araya gətirərək onları “ailə” adı altında birləşdirməkdə Uca Varlığın məqsədi nə idi? Bilmirəm bu fərqli düşüncəli insanları bir-birinə sevgi ilə bağlayıb ortaya ziddiyyət salmaqda məqsəd nə idi? Bilmirəm onlar bir-birlərini qorumağa çalışaraq bir-birlərini hara qovurlar? Bilmirəm əlli il sonra təsadüfi biri tərəfindən tapılan bu yazılar “gündəlik” adını niyə alacaq? Bilmirəm niyə oxucuları üçün dəyərli olacaq? Ölmüş birinin gündəliyi olduğuna görəmi? Yazıları anlaşıldığına görə bəlkə? Bəlkə anlaşılmadığına görə?  Bilmirəm niyə bu yazıları indi
özüm paylaşmaq cəsarəti tapmıram? Bilmirəm dəliyəm yoxsa ağıllı? Bilmirəm niyə insanlar qəlibləşdirməyə bu qədər meyllidirlər? Bilmirəm şeirlərimi bəyənən hekayələrimdən, hekayələrimi bəyənən şeirlərimdən niyə qaçır? Bilmirəm onlar şeirimi bəyənsələr hekayələrimdə, hekayəmi bəyənsələr şeirlərimdə  gördükləri çatışmazlıqları nə ilə doldururlar? Niyə mənə izah etmirlər? Niyə izah etməyə cəsarət tapanlar düşünürlər ki, qələmi bir istiqamətdə qüvvətləndirmək lazımdır ? Bilmirəm niyə ilhamımı seçim qarşısında qoyurlar? Bilmirəm həm hekayəmi, həm şeirimi bəyənənlərlə ortaq nəyim var? Bilmirəm tamamlanmaq istəyəni natamam saxlamaqda nə məqsəd güdürlər? Güdürlərmi? Güdmədənmi belə alınır onlarda? Sevgiləri natamam, dostluqları natamam, gözəllikləri natamam, yaşadıqları natamam, seçimləri natamam. Hər kəs düşüncəsində xəsisdir bəlkə? Bəlkə bu xəsislik hamını natamam edir? Bilmirəm “xəsis” sözünü yenə maddi xəsisliyə yozacaqlarmı?  Bilmirəm yanlış anlaşılmağıma səbəb nə olacaq? - Mənim natamamlığım? Bilmirəm məni tam olmağa nə qoymur? Sürünün içində olmağım? Fərqlənsəm də, sürünün məni özündən sayması? Bilmirəm fərqlənməyi niyə fərdiləşmək hesab edirlər? Bilmirəm fərd ictimaiyyəti, yoxsa ictimaiyyət fərdi çaşdırır? Ya azdırır? Ya mane olur? Bilmirəm əlimdəki sahib olduqlarım güclüdü, ya ağlımdakı sahib olmadıqlarım? Bilmirəm mən  çox lazımam, ya mənə daha çox lazımdı? Kimlər? Nələr? Bilmirəm kimlər yoxsa nələr?

Bir də “O” var. Kim? Onlardan biri. Bilmirəm “O” hardadır? Gəmidə də ola bilər, təyyarədə də, kazinoda da, çayxanada da, tam da ola bilər, natamam da, tək də ola bilər, başqasıyla da, kafedə də, restoranda da ola bilər, paraşütdən tullanma ərəfəsində də ola bilər, tullanmış da, barda dostlarıyla pivə içə bilər, mətbəxdə oturub çay da içə bilər, balkonda siqarət çəkə də bilər. Bilmirəm niyə mənimlə yolları kəsişmir? Bilmirəm mənimlə yolları kəsişənlərin növbəti dayanacağı hardadır? Bilmirəm niyə özümü dayanacaq hiss etmirəm?  Bilmirəm yol mənəm, yoxsa piyada? 

Eyni anda ağlamaq da istəyirəm, gülmək də, qışqırmaq da, susmaq da, qaçmaq da, dayanmaq da, baxmaq da istəyirəm, kor olmaq da, görmək də istəyirəm, baxmamaq da, bəzənmək də istəyirəm, çılpaq olmaq da, yıxılmaq da istəyirəm, qalxmaq da, bunların hamısını eyni anda istəməklə yanılmaq da istəyirəm, oyanmaq da, yanılmamaq da. Yox, bunların hamısını eyni anda istəməklə beynimdəki fəal neyronlara qarşı sui-qəsd törətmək istəmirəm. Ancaq yaşamaq da istəyirəm, yaşamamaq da.  Bilmirəm niyə ölüm mələyinə verəcəyim cavab “beş dəqiqə daha yaşamaq” olacaq? Olacaq? Bəlkə olmayacaq? Bilmirəm belə düşünərkən öləcəm, yoxsa düşüncəmi dəyişməyə hələ vaxtım var? Qocalara görə hələ vaxtım var, cavanlara görə isə qocalara
ölmək olar. Bilmirəm yaşamaq hər ikisi üçün şirin olduğu halda bir-birlərinin ölümünü niyə fərqli dəyərləndirirlər? Bilmirəm cavan öləndə qocalar niyə fəryad edir? Bilmirəm qoca öləndə cavan niyə bununla tez barışır? Bilmirəm “barışmaq” sözünü niyə hər kəs sevmir? Bilmirəm bu sözü sevmək lazımdı , yoxsa öyrənmək?

Bilmirəm niyə sözüm bitmədən yazmağı durdurmaq istəyirəm? Düşünmək üçün? Elə biləcəklər düşünmədən yazırdım bayaqdan. Yenə gülmək istəyirəm, eyni anda ağlamaq da. Bilmirəm niyə nöqtə qoymaq istəyirəm, eyni anda vergüllə başlamaq da? Vergül ilə başlamaq olmur, davam etmək olur. Bilmirəm mən niyə başlamaq istəyirəm? Bilmirəm niyə üç nöqtədən xoşum gəlmir? Bilmirəm bəlkə xoşum gəlir az-maz? Bəlkə də divardakı bu xarab saat kimi dayanmaq vaxtıdır. Susuram.

Hörmətlə,
Zamansız biri

No comments:

Post a Comment