September 15, 2012

Lallığın Manifesti


Bəlkə bilirlər, həssas olduğum mövzuları toxunulmaz simlər kimi ürəyimin bir küncündə gizlətdiyimi. Onları gizlətdiyimi düşünəndə rahat oluram, gülürəm, əylənirəm, günümü qayğısız keçirirəm və birdən ... Nikbinliyim yolun başındaykən biri ehtiyatsız addımlarını düz ürəyimin toxunulmaz simlər gizlədilən küncünə basır və o simlər adətən çalındıqda ruhumu titrədən qəm, bu kobud addımdan sonra ürəyimlə bir olur. Xaos yaranır sanki. Qarşıma çıxan anonim cümlələr,bəzi müəllif cümlələri və bir sıra həyatdan narazılıq ifadə edən cümlələr kimi öz cümlələrimi də sıradanlaşdırmaq istəmirəm. Lakin yaşamım axarından çıxa bilmədiyim çaya bənzəyir, istiqamətimi dəyişsəm, coşub-daşıb bir çoxlarına ziyan verəcəyindən qorxuram. İndi bir filmdə Platonun “Müharibənin sonunu yalnız ölülər görür” fikri  qeyd olundu. Necə də mənim içimdəki “mənlə” mübarizədən xəbər verir – deyə keçdi ağlımdan.

Bəzən gözəl bir tütək səsi eşidirəm. Dinləyirəm. Qulağım bu avazın içinə qatılan kənar hıcqırıqları da eşidir. Boylanıram. Ağlayan insanı tanıdığıma görə onu tütək susmadan sakitləşdirməyə çalışıram. Dinirəm. Tütəyin avazı yenidən aydın gəlir, hıcqırıqlar dalğadan kənarlaşdırılmışdır. Dinləyirəm. Bir az sonra hıcqırıqlar təkrar duyulur. Boylanıram. Heç kəsi görmürəm. Dinləyirəm. Dalğa təmiz deyil. Əlimin üstünə düşən göz yaşına baxıram və anlayıram. Sən demə bayaqdan sakitləşdirməyə çalışdığım insanlar üçün sərf etdiyim sözlər mənim ruhumu susdurubmuş. Aha. Dəqiq. Belə də olur, təəccüblənməyin.Dinmədim. Tütək susdu. Xatirələr dilləndi...

Böyümə ərəfəsindəykən, yeniyətməlikdən çıxıb gəncliyin baharlarında at  oynatmağa başlamışkən görürsən ki, atını dəli edən problemlərin həllində iştirak hüququ qazanmağındır. Uşaq vaxtı belə bir hüquqa sahib deyildin, həlləri düzgün sözlərlə cümlə halına salıb valideynlərinin qarşısına qoya bilmirdin. İndi isə görürsən ki, söz var, cümlə var, həll var, lakin hələ də eşidən yoxdu. Qulaq asırlar, amma eşitmirlər elə bil. Öz həqiqətlərinin “xəyalına dalıblar”. Məhz bu zaman sənin ürəyində dar bir cığır açılır, qarşındakıların laqeydliyi, nümayiş etdirdikləri qayğısızlıq, özbaşınalıq və xudbinlik başlayır  səni o cığırın sonunda gözlənilən çıxmaza doğru qovmağa. Qovurlar deyəndə ki, qaçmırsan. İtələyirlər. İtələyirlər, itələyirlər və budur! Tam da üzünü cığırın sonundakı divara dayadığını hiss edəcəksən ki, divar aralanır və Təxəyyülünün canlanmış qolları səni qucaqlayır. Vəssalam! Bitdi! Problemlər yoxdu! Səni daha heç kəs itələmir! Hətta nə yaxşı ki, bu qucağa qədər itələnmisən!

Təxəyyül sənə sadəcə qollarını açmaqla qalmır, həm də bu nidalarla səni öz qollarının möhkəmliyinə, sabitliyinə inandırır. İnanırsan, amma inandırıldığına görə yox, itələnməkdən yorulduğuna görə, yeni rəng axtardığına görə, rəngsaz ruhunun öz sənətini unutmağa başladığına görə. Elə ki, başını Təxəyyülün çiynindən ayırıb onun qoynundan çıxırsan, dilin başlayır səni satmağa. Sən danışmağa başlayan kimi, Təxəyyül sənin ağzından yerə düşən hər sözə yer vermək üçün bir addım geri çəkilir. Sən danışdıqca öz qiymətini qaldırdıqca, Təxəyyül səndən uzaqlaşır. Bilmirəm o an O nə istəyir. Bəlkə ucuzluq axtarır, bəlkə də daha bahalı “can”.  Bilmirəm. Təxəyyülün zövqlüsüyü ilə zövqlülüyü arasında nazik, nəzərəçarpmaz bir pərdə var. Bəli ...  Təxəyyül! Nədir O? Yox! Kimdir O?

Hamının tanıdığı, amma çox az adamın tanış ola bildiyi “Sevgi”dir deyəcəkdim, tərəddüd etməsəydim. Hamının malik olduğu, amma çox az adamın sahib çıxdığı “Dostluq”dur deyəcəkdim, tərəddüd buraya da müdaxilə etməsəydi. Hamının tanıdığı, amma çox az adamın düzgün istifadə etdiyi “Hörmət”dir deyəcəkdim, ancaq “Hörmət”in “Qorxu”yla yeri səhv düşəndə tərəddüd də onlardan ayrı qala bilmir. Hamının tanıdığı, lakin çox az adamın “Sevgi”dən fərqləndirə bildiyi “Eşq”dir deyəcəkdim, tərəddüd etməsəydim yenə də.

Təxəyyül – uşaqlıqda ruhun əlinə verilən fırçanın illər boyu cızmaqa etdiyi kağızın üzərində canlanan və böyümüş Uşağın ilk əsəri olan “PORTRET”dir. Bu cümləni yazarkən tərəddüd mənə mane olmadı.

Portret! Ah, o Portret! Necə də canlı, necə də mənim zövqümə uyğun çalarlardan ibarət, necə də fərqli idi! Artıq başa düşürəm: Günahkar mənəm! Fırça əlimdə ikən heç vaxt bu rəsmə sahiblənmək keçmirdi içimdən. Fırçanı yerə qoyub, Portreti seyr etdikdən və onun müəllifi olaraq özümü dəyərləndirdikdən sonra, əsərə olan bağlılığımı ona sahiblənmək hissi ilə qarışdırdım. Axmaq! Onu itirməyəcəyəm sandım, O da çalarlarını dəyişdi! Onu satmayacağam sandım, O da ifadəsini dəyişdi! Onu heç kəsə bağışlamayacağımı sandım, Oda MƏNİ dəyişdi!  O getdikdən sonra mənə aid heç bir şeyin qalmadığını düşünəcəkdim ki, sağ əlimdə sol əlimə nisbətən ağırlıq hiss etdim. Fırça yenidən əlimdə idi! Təəccübləndim... Fırça yenidən əlimdə idi! Mən isə daha Portret çəkməyəcəyimə söz verdim. Fırça yenidən əlimdə idi! Mən isə boyalarla yazı yazdım. Fırça yenidən əlimdə idi! Yazdıqlarıma da sahiblənməyəcəyimə söz verdim və yazımı bloqumda paylaşdım. Fırça yenidən əlimdə idi! Axı fırça yenidən əlimdə idi!!! 

No comments:

Post a Comment