July 19, 2012

İpək labirint


    Böyüyərək uşaqlığımızın qatilinə çevrilən bizlər, qocalanda uşaqlıq xüsusiyyətlərimizi geri qazanaraq cəzalandırılırıq. Gənclik və orta yaş dövrlərində ayağımıza dolanan həqiqətləri necə kəsib atdığımızı qocalanda görürük, amma bəzən yenə də anlamağa tələsmirik. Uşağa da valideyni əlini oddan uzaq tutsun deyə xəbərdarlıq edəndə, uşaq anlamağa və buna əməl etməyə tələsmir, ta ki əli yanmayınca. Qocalmaq – həyatın boyu üst-üstdən yanan əlinin külə dönməsinin qarşısını almaq üçün insana verilən ən böyük hədiyyədir . Kimi bu hədiyyəni qəbul edir, kimi qəbul etmir. 
Seçimlərinə nifrət etməyə öyrəşərək, öyrəşdikdən sonra nifrətin yerini boşluq və ya “sevgi” nikiylə avaralanan hissə verərək səbrli olmağı öyrənmişdi. Əgər həyat həvəskar oyunçu idisə, o həvəskarın yetişdirdiyi ən mahir rəqib idi. Həvəskarın yetişdirdiyi mahir rəqib... Hm... Qəribədir,amma bu həyatı məhz belə absurdlarına görə sonuna kimi müşahidə edərək yaşamağa dəyərdi. 
Ümumiyyətlə, bir tək zamana həsəd aparırdı. Gələcəkdən keçmişinə hər gün eyni şəkildə saat əqrəbləri sayəsində qayıda bilən zaman, insanlardan fərqli olaraq yaddaşını yaxşı qorumuşdu. Hər gün eyni istiqamətdə əqrəblər eyni yolu gedir, bu səyahət isə onu yeni günlə qovuşdururdu. Zamana heyran idi. İnsanlar vərdişlərinə sadiq qalaraq divar saatlarını kəşf etməklə zamanı da əhilləşdirməyə, onun hakiminə çevrilməyə cəhd etsələr də, zaman onların hazırladığı saatlara ruh verib özü isə durmadan yoluna davam edir. 
Özünə də təəccüb edirdi. Qanadlarımı itirib azadlığımı, anlamadığım hisslərə görə qurban verməkdən qorxuram dedikdə, onun qanadlarını itirməsinə heç vaxt izn verməyəcəyi qarşılığını verən bir insanı qanadları və azadlığının yerinə qurban verən biri kimi tanıyırdı özünü. Peşman olmaq üçün heç vaxt gec deyil, ancaq  peşmançılıqla yaşamaq onun yaşında gələcəyin yolunu bağlamaq idi. Xatirələr sonrakı peşmançılığı yaradan səbəblərdən olsa da, bəzən məhz onları beynində təkrar-təkrar fırlanaraq peşmançılıq, üzüntü və s. bu kimi hissləri unutmağa kömək edirdi. Həyatını günəş kimi işıqlandıran və isidən insanı həyatından çıxarıb, süni, keyfi istədiyi vaxt yanıb-sönən işıqlarıyla həyatına sızan “lampa”larla isə günəşin boşluğunu doldurmağa çalışmışdı. 
Ömrünün qırx altıncı baharını yaşayan Vüqar Canməmmədov, həyatını o qədər çox mənzərələrlə, sözlərlə, hadisələrlə, fikirlərlə, “fəaliyyətdə olan” və “fəaliyyətdə olmayan” hisslərlə doldurmuşdu ki, orta yaş dövrü sayılan bu yaş dövründə qocaldığını hiss edirdi. Daha doğrusu, qocalmaq onun üçün yaşlanıb taqətdən düşmüş və fiziki imkanları məhdudlaşmış birinə çevrilmək anlamına gəlmirdi. Özü üçün “qocalmaq” sözünü “köhnəlmək” sözü ilə əvəz etmişdi.  
İş otağında oturub üzərinə qara parça atdığı rəsm əsərini müşahidə edirdi. Rəsmi o qədər çox müşahidə etmişdi ki, üzərinə qara parça atdıqdan sonra da orada canlandırılan mənzərəni görə bilirdi. “Qadının üç yaş dövrü” adlanan,  müəllifi avstriyalı rəssam Qustav Klimt olan əsər, Vüqarın otağına orijinalı olmasa da, üzərinə qara parça atılan bir çərçivə kimi  qəribə abu-hava gətirmişdi. Sanki gözəl mənzərəyə sahib olan təbiətin qoynunda yanıb külə dönmüş bir daxma idi. Əsərdə təzadlarla canlandırılan üç qadın və onların arxasındakı fon Vüqarı düşündürəndə, o başlayırdı rəssamı qınamağa ki, niyə qadınların yerinə bu fonda kişilərin rəsmini çəkməyib. Əslində, bilirdi ki, əgər o qadınların yerinə kişilər əks olunsaydı, çərçivə və onun ifadə etmək istədikləri Vüqar üçün heç bir əhəmiyyət daşımayacaqdı. Qadınları çox yaxşı tanıdığını, onlarla necə rəftar etmək lazım olduğunu, onları necə sevindirməli olduğunu bildiyinə inanan Vüqarı bu rəsm çaşdırmışdı. Bütün bildiklərinə şübhə ilə yanaşmağa başlamış, lakin şübhədən çıxmaq üçün də heç bir tədqiqat aparmır, araşdırmır və özünün inandıqlarını yadında saxlamağa çalışırdı. Dünyagörüşü nə qədər inkişaf etmiş, zamanın ritmini nə qədər tutmuş olsa da, belə bir rəsmin iş otağında açıq-açıq nümayiş olunmasını qəbul etmirdi. Onun üzərinə atdığı qara parça isə gələn qonaqların diqqətini daha çox çəkirdi. 
İş otağında kondisioneri söndürüb pəncərələri açmışdı. Bugün üzünü güldürən amma canını sıxan bir çox şeylər yadına düşmüşdü. Əlinə üzərində qartal şəkli əks olunmuş alışqanını və nikotin miqdarı az olan siqaretini alıb təkərli kreslosunu da pəncərənin önünə çəkib on altıncı mərtəbədən şəhərin gecə mənzərəsini izləyirdi. Siqaretin tüstüsünü içinə çəkib əvvəlkindən daha çox  ciyərlərinin əsiri etdi. Ofisin binasında demək olar ki, Vüqardan və mühafizəçidən başqa heç kəs qalmamışdı. Yaşadığı şəhəri gəncliyi dövründə dəbdə olan düşüncəylə müqayisə edirdi. O vaxt oğlanlar nədənsə qızları iki hissəyə: evlənmək üçün olan qızlar və vaxt keçirmək üçün olan qızlara ayırmışdılar. Vüqarı əzəldən öz taylarının belə bir düşüncəylə seçimlər etməsi təəccübləndirirdi. İndi isə yaşadığı şəhərin gündüzlərini evlənmək üçün uyğun olan qızlara, gecələrini isə vaxt keçirmək üçün seçilən qızlara bənzədirdi. Ancaq bu şəhərin gecələrinə olan sevgisi, gündüzünə olan sevgisindən qat-qat üstün idi. Necə ki, vaxt keçirmək üçün seçilən qızlar bəzən seçimi edənlərin qurbanı olub bu səviyyəyə layiq görüləcək hala düşürlər. Vüqarın ağlı təmiz qarışmışdı, ancaq pəncərədən çölə atılan və sui-istifadə olunan bu şəhər eyni zamanda, onun ürəyinə aydınlıq, qəribə bir sərinlik gətirirdi öz mənzərəsi  ilə. 
Düz iyirmi il bundan əvvəl siqaretin dumanını paylaşdığı insan yadına düşmüşdü. Gülnarə tanışmaları uzaq, fasiləli, sonradan intensivləşən bir keçmişə dayansa da, yaşadıqları sevgi hekayəsinin ömrü qısa olmasına baxmayaraq çox maraqlı olmuşdu. O vaxt sevsə də, münasibətlərini hisslərinin soyumasıyla bitirən Vüqar indi səbəbi naməlum qalan bir peşmançılığa qapılmışdı. 
Yeni macəra axtarışı ilə ürəyi həyəcanlananda, Vüqar sonrasını düşünmədən bu hissin dalınca düşürdü. İtirmək istəmədiklərini itirmək, sadəcə həyatında olan insanlara qarşı qüvvədə idi. Axırıncı dəfə Gülnarə ilə parkda görüşmüşdürlər. Bu mənzərə olduğu kimi heç bir detalını unutdurmadan dirilmişdi yaddaşında. Hər şeyin açıqlaması keçmişdə gizliliyini itirməli idi, ya da gələcək keçmişə hesab sormadan yoluna davam etməli idi.  Nə edəcəyinə qərar verə bilməyən Vüqar, siqareti bitdikdən sonra otağının işıqlarını söndürüb ofisi tərk etdi. 
Xatirələr içində yaranan peşmançılığı öldürsün deyə, evə gəldikdən sonra iki dilim limonun üzərinə istiot səpib qabığıyla birlikdə yedi. Hər dəfə özünü hansısa mövzüda haqsız hiss edəndə, limonla istiot onu bu yükdən qurtarırdı. Ancaq bu qurtuluş müddətli idi. Subaylıq həyatını yenidən geri qazandıqdan sonra, yaşam tərzində nizam-intizam yaratmağa çalışmışdı. Nə qədər çalışsa da, bu nizamı gecə həyatına da tətbiq edə bilmirdi. Hər gün səhər evinin balkonundan günəşin dan yerini sökməsini izləyib yaşadığı binanın önündə yerləşən parka enirdi. Səhərinin 40-45 dəqiqəsini bu parkda mütaliə etməyə həsr edən Vüqar, elə olurdu ki , bəzən hər iki gündən bir kitabı bitirib  yeni kitaba başlayırdı. Təkcə bazar gününün səhərləri mütaliədən azad idi, sadəcə yemək saatlarında 10-15 dəqiqə qəzet oxuyurdu. Günün qalanını isə ağlına əsən külək onu nəyə həyəcanlandırırdısa, onu reallaşdırmağa sərf edirdi. Son iki ay isə həyatına daxil olan bir insanla keçirdiyi anları təcəssüm edirdi.
Sentyabrın 9-u hava yağışlı idi. Çölə çıxmağa tələsmirdi. Axşama kimi gününü televizorun qarşısında heç bir verilişə sonuna kimi baxmayıb kanalları çevirməklə keçirmişdi. Saat 20:00 idi. Qapının zəngi çalındı. Vüqar tənbəlliklə yerindən qalxaraq qapını açmağa getdi. İçəriyə tələsərək, telefonla danışa-danışa daxil olan Hökümə onu başıyla salamlayaraq qonaq otağına keçdi. Danışığı bitdikdən sonra qonaq otağı qapısının ağzında siqaretini yandırıb onu izləyən Vüqara sarılıb onun öpüşlərinə qarşılıq verdi. Hökümənin sual eşitmək və onlara cavab vermək həvəsində olmadığı halından bəlli idi. İki aylıq tanışlıqları ərzində onun özünə xarici görünüş kimi geydirdiyi özündən razılığı və azadlığına düşkünlüyünə Vüqar öyrəşmişdi. Bu geyimin “aksesuarlarına” isə Hökümənin istəmədiyi vaxtlarda ünvanlanan suallara cavab vermək istəməməsi idi. Vüqar ona çox öyrəşmişdi, ona görə də narahatçılığa səbəb olacaq və ya onu özündən çıxaracaq suallarla Hökümənin canını sıxmaq istəmirdi. Gecələri həmişəki kimi hər ikisinin üzündə təbəssüm doğuracaq rəngarənglik içində keçmişdi. Təbiət Höküməyə  insanları xoşbəxt etmək bacarığını deyəsən heç bir qarşılıq gözləmədən vermişdi. Vüqar düşünürdü ki, təbiətin  məhz bu hədiyyəsi Höküməni heç yerə, heç bir ürəyə bağlı saxlamır, onun anı yaşamasına səbəb olur. Belə düşünəndə isə anındaca qarşısına bu fikrin ziddi olaraq, Hökümənin də ona qarşı laqeyd olmadığı, güclü hisslərlə ona bağlı olduğunu düşünürdü. Bu get-gəllər Vüqarı öz hisslərində də çaşdırırdı, ona görə də bir neçə dəfə içinə dolan sevgi etirafını təxirə salmalı olmuşdu. Bu gecə isə təxirə salınan hər söz öz növbəsini pozmuşdu. Etirafını etdikdən sonra Hökümənin anlamsız baxan baxışlarına min cür anlam yükləyən Vüqar üzündə donmuş təbəssümlə yuxuya getmişdi. 
Səhər dan yeri sökülməmiş gözlərini açan Vüqar, Höküməni yanında görməyib və bir neçə dəqiqə onu yerində gözləyib gəlmədiyinə təəccüblənmişdi. Bu qədər tez getmək onun adətində deyildi. Vüqar ayağa qalxıb qonaq otağına keçdi. Gördüyü mənzərə isə onu daha da çaşdırmışdı. Otağı bəzəyərək bu başından o biri başını görməyə mane olan ipək parçalar qəribə bir labirint yaratmışdı. Rəngbərəng olan bu parçaları Vüqar, şirkətlərinin ərəb ölkələrindən birində fəaliyyət göstərən nümayəndəliyinə gedərkən Hökümə üçün gətirirdi. Lakin Hökümə heç vaxt onları öz evinə aparmır, Vüqargildə saxlayırdı.  Bugün isə qonaq otağında saatların əməyinə bənzəyən bir labirint halında cəmlənmişdilər. 
- Haki... Haki.... Hardasan? – adəti üzrə Höküməni “Haki” deyə çağırmağa başladı.
Heç bir cavab almadığına görə parçaların arasından keçərək, geniş qonaq otağının o biri başına 
doğru addımladı. Otağın ortasında, yazı stolu və divanla vəhdət təşkil edən kresloda oturan Hökümə Vüqarı görən kimi sakitçiliyini pozmadan, televizor pultunu əlində fırladaraq soruşdu:
- Sən bilirdin ki, Yupiter o qədər böyük planetdir ki, içinə Yer kürəsini 1300 dəfə sığışdıra bilər?
- Sənin ağlını ürəyin öz içinə sığışdırdığı kimi...
- Anlamadım? Nə demək istəyirsən?
- Heç nə demək istəmirəm. Bilmək olar bu mənzərə nə ifadə edir?
Hökümə Vüqarın sualını nəzərə almayaraq diqqətlə ona baxmağa davam etdi. Vüqar bunun nə   
demək olduğunu anlayıb dedi:
- Demək istəyirəm ki, sən də ağlının sözünü o qədər kəsərli etmisən ki, ürəyinə sığışaraq ürəyin sözlərini oradan sıxışdırıb çıxardıb. Yəqin ki, hələ də mənim gecəki etirafıma cavab vermədiyini fərqindəsən?
- Sən məndən nə cavab gözləyirsən? İstəyirsən mən də sənin kimi münasibətlərimizi etirafına qarşılıq verərək adiləşdirim?
- Adiləşdirmək? Sevmək nə vaxtdan münasibətləri adiləşdirmək olub?
- Axı niyə belə etdin? Doğrudan, mənə çox maraqlıdır. Sən mənə bu etirafı etməklə nəyə nail
oldun axı? Sən də eynilə mənim qohumlarıma oxşayırsan. Qohumlar üçün sevgi “məsuliyyət”, yadlar üçün isə sevgi ya “ehtiras” ya da ki, “keçən yaxşı anları qorumaq üçün vasitə”dir. Bilirsən məni niyə çox adam sevir? Çünki mən öz istəklərim və problemlərimlə onları narahat etmirəm, öz “skeletlərimi” öz şkafımda qoruyuram və onlar bundan xəbər tutmadıqca mənə olan sevgiləri özünü göstərməyə davam edir. Amma bir gün şkaf dözməsə və bütün skeletlərini atsa ortalığa, əminəm ki, onların mənə münasibətində danışan “sevgi” olmayacaq. Səhvlərimə verdikləri reaksiya, öz qürurlarını və şərəflərini qorumaq üçün doğan təşvişin səsi olacaq. Güldürmə məni, öz sevginlə...
- Sən mənim sevgimə inanmırsan?
- İnanmayacağam. Bunu istəmirəm. Hm... Həm sən narahat olma, əgər mənə sənin yanında 
xoşdursa, burda da qalacağam istədiyim qədər, yox əgər getmək istəsəm, o zaman sənin sevgi sübutların da məni saxlaya bilməz.
- Sən səhər-səhər alkoqol qəbul etmisən?
- Görürsən? Sən də onlar kimisən... Sən də! Nifrət edirəm hamınıza... Həm də sevirəm...
- Hökümə, sən də mənə qarşı laqeyd deyilsən... Və..
- Sus...Danışdıqca məni daha çox qıcıqlandırırsan. Sus!- deyə Hökümə Vüqara cümləsini bitirməsinə izn vermədi.
- Evlən mənimlə...
Hökümə gözlərini qaldırıb diqqətlə Vüqara baxdı. Heç nə demədi. Gözlərini ipək parçalardan açıq
mavi rəngdə olanına dikib sükuta qapıldı. Vüqar həm onun reaksiyasını bilmək istəyir, həm də artıq bir söz istifadə edərək onun etirazına səbəb olmaq istəmirdi. Ona görə də Hökümənin yanında oturub başını onun dizlərinə qoydu. 
İyirmi dəqiqəlik sükutunu özü bölən Hökümə Vüqarın saçlarını sığallamağa başladı:
- Dünən bir rəfiqəmi Sabir bağında gözləməli oldum. Qız gecikirdi, mən də oturub qarşı 
skamyadakı bir neçə yeniyetməni müşahidə edirdim. Aralarında bir-birinə sarılmış cütlük qıraqdan sevgi çərçivəsinə çox yaxşı yerləşmişdi. Bir az sonra mən diqqətimi yayındırdığıma görə o cütlük arasında nə baş verdiyini anlamadan gördüm ki, qız ağlayaraq oğlandan ayrılıb dostlarının yanından uzaqlaşdı. Qızlardan biri də rəfiqəsini tək qoymamaq üçün ona qoşulub getdi. Oğlan isə dostlarıyla qalıb zarafat edir, gülüb danışırdı. Sanki, beş saniyə əvvəl yanından ayrılan insanın onunla heç bir əlaqəsi yox idi. Mənim yanımda oturan iki orta yaşlı qadın bu mənzərəni oğlanın yeniyetməliyinə bağışlayaraq o qədər də yanlış qiymətləndirmədilər. Bax, buna təəccüblənmişdim. “Bəlkə qız sadəcə onun zaman keçirdiyi bir qız idi? Sevsəydi belə etməzdi...”- bu cümlələrlə oğlanın xeyrinə hesablar yazılırdı. Qız isə... Ağlayan tərəf haqqında heç bir mülahizə yürüdən yox idi. Mən bilmirəm, bəlkə də fikrimin yayındığı o məqamda baş verənlərdə ən çox xəta qızda olub, amma yenə də ağlayan tərəf o qız idi... Hm... Bilmirəm bunu sənə niyə danışıram.Yeganə insansan ki, səninlə,  özümün belə baş çıxarmadığı şeyləri paylaşıram... Axı niyə hər şey adiləşdirməyə çalışırsan? Eh... Bilirəm ki, sənin təklifini rədd etsəm, sonra nə olduğumdan daha xoşbəxt olacam, nə də qəbul etsəm sonra səni xoşbəxt edə biləcəm. 
- Səni belə düşünməyə nə vadar edir? Biz bir yerdə onsuz da xoşbəxtik, bunu əbədiləşdirəcək bir 
imzanın münasibətlərimizə nə ziyanı ola bilər axı? Niyə hər şeyi qəlizləşdirirsən?
Hökümə susdu... Sonra ayağa qalxıb ipək labirintdə gəzməyə başladı.Gah görünür, gah gözdən itirdi. Otuz saniyədən çox çəkməyən bu gəzintisini yekunlaşdırıb Vüqarın qarşısında dayandı və dedi: 
- Bu otağı mən bu ipək parçalarla bəzəyib bu labirinti yaratmadan öncə, biz bu otaqda xoşbəxt 
idik. Bir-birimizi görməyimizə heç nə mane olmurdu. Gördüyün bu ipəklər gözəldir, elə deyil? Çox gözəldirlər... Lakin biz otağa girən kimi bir-birimizi görmədik, bir-birimizə səslənməsək bəlkə də heç bu otaqda varlığımızdan xəbərimiz olmazdı. Evlilikdən də mən artıq, bu parçalardan qorxduğum kimi qorxuram ...İkimiz də uğursuz ailə sahibi olub, azadlığımıza yenidən qovuşmuş insanlarıq. Mən inanmıram ki, bir-birimizə olan bu bağlılığımız evliliyimizi ömür boyu sürdürəcək amillərdən olsun. İnanmıram. Sən inanırsan? Bu ipək parçalar – evliliyin qayğıların, bu otaq isə - bizim keçmişimizi təcəssüm etdirir. Sən inanırsan ki, bu otaq özündə ediləcək təhriflər üçün uyğundur?
- Mən səni sevirəm ... Səni inandırmaq üçün başqa sözlər istifadə etsəm də, onlar bu otağa və bu
ipəklərə hopub qalacaq. Mən isə sənin mənim ürəyimə hopduğun  kimi  həyatımın hər anına hopmanı istəyirəm. 
- Başqa vaxt yəqin ki, bunu sənə demək üçün gec olacaq. Mən artıq evliyəm. 
- Nə?!
- Mən artıq evliyəm. Bunu sənə demirdim, çünki sən də istəmirdin biz o biri həyatımızı, ikimizin 
yaratdığı dünyayla qarışdıraq. Bir müddət sonra demək üçün gec oldu, bir müddət sonra da səndən ayrılmaq üçün gec oldu. İndi isə hekayəmi danışmaq üçün gecdir. Bağışla məni!
Hökümə getdikdən sonra otaqda yırtılmış parçalar və Vüqar var idi. Rənglər bir-birinə daha da qarışmış, Vüqarın göz yaşları isə onların yaratdığı mənzərəni bulandırmışdı ...

No comments:

Post a Comment