Qocaldığını,
artıq səhnədən uzaqlaşmağın vaxtı çatdığını anlayırdı. Səhnədən şöhrətin zirvəsində
uzaqlaş ki, səni hələ çox xatırlasınlar. Lakin bəzi şeyləri bu dünyada yeni məskən
salanlara öyrədib getmək lazımdır. Səhər güzgünün qarşısına keçdi. Üzünə baxdı.
Gülümsədi. Sonra əlini üzünə aparıb artıq neçə ildir bərkimiş maskanı çıxardı.
Gözlərinə inanmadı. Maskanın örtdüyü sifət uşaq sifəti idi. Özü idi. Məgər bu
neçə illəri uşaqlığını unutduran bu maska imiş. İndi o uşaqlığı ilə
baş-başadır. Güzgüdə balaca uşaq ora-bura qaçırdı, etmədiyi dəcəllikləri
edirdi, durmadan gülürdü. Birdən dayandı. Şüşəyə yaxınlaşdı və dedi:
-
Səni gözləyəcəm. İndi isə get söyləmək istədiklərini
söylə...
Aktrisa heç nə demədən səhnəyə çıxdı. Bu gün Tozlu elektrik lampasını oynayacaqdı. Qəribə bir epizodik rol verilmişdi ona bu səfər. Tamaşanı onunla paylaşan robotu yanına çağırıb dedi:
Aktrisa heç nə demədən səhnəyə çıxdı. Bu gün Tozlu elektrik lampasını oynayacaqdı. Qəribə bir epizodik rol verilmişdi ona bu səfər. Tamaşanı onunla paylaşan robotu yanına çağırıb dedi:
-
İndi heç nə soruşmadan məni dinlə. Sözümü də kəsmə,
vaxtım azdır. Yəqin ki, mən sözümü
bitirmədən pərdələr salınacaq.
Robot susurdu. Nə o, nə də rejissor Tozlu işıq
lampasının öz rolunu deyil, reallığı oynadığının fərqində deyildilər. Lampa
işığını yandırıb çoxdandır görünməmiş bir işıltıyla parladı. Sonra sözünə
başladı:
-
Ürəyinin açarını heç kəsə etibar etmə! Onlar çox
şey vəd edər, azına əməl edərlər. Çox söz verər, azının arxasında durarlar.
Uzun bir yola səninlə çıxar, yarıyolda səni başqa bir yoldaşa dəyişər, başqa
bir istiqaməti tutarlar. Yad insan sənə doğmalardan da çox yaxınlaşa bilər,
ancaq doğmalar kimi sabit mövqedə qalmaz. Bu təbiətin pis qanunlarındandır. Nə
qədər can versələr də, doğma ola bilmirlər. Bir uçurumu səninlə qət edərlər,
ikincini də səninlə keçərlər, üçüncüdə isə səninlə bu qədər şeylərə
qatlandıqlarını sənin başına qaxıb, geriyə - öz doğmalarının yanına qayıdar, ya
da yeni yol yoldaşlarıyla yeni uçurumlar axtarmağa başlayarlar. Sənin gözlərinin
içinə baxıb oradakı
paklığı oğurlayıb, bir daha baxmazlar.
-
Heç kəsin
qarşısında, hətta ən yaxın hesab etdiyin insanın qarşısında özünü əyməyəcəksən.
Sınmayacaqsan! Bir dəfə ki, sındın, “yəhər”in başqasının əlinə keçəcək. Həyatında
cızdığın bütün yollarını çaşacaqsan. Nəyin doğru, nəyin yanlış olduğunu
xatırlamayacaqsan. Narazı qaldığın çox şeyə qatlanmalı olacaqsan. Çox söz demək
istəyəcəksən, dillənməyəcəksən. Sən etiraz edəcəksən, səni palaza bürüyüb özləri
ilə sürüyəcəklər. Bədənində, üzündə, başında bütün çətinliklərdən xatirə “tattoo”
olacaq, hansını ki, yalnız sən görəcəksən, hansı ki, yalnız səni ağladacaq.
-
Unutma! Heç kəs özünü şər hesab etmir. Hər kəs
başqalarından narazıdır. Heç kəs özünü görmür. Hər kəs başqasının ətini yeyir.
Odur ki, sən özünü və yerini tanı.Sözünü möhkəm et. O zaman nəyə isə etiraz etməyə
haqqın olacaq. O zaman dostunu da tanıyacaqsan, düşmənini də. Bircə, sən heç kəsdən
asılı olma. Bilirəm, layiq olduğundan daha artığına layiq görəcəksən insanları.
Bu da insanın ixtisara sala bilmədiyi ən önəmli cəhətlərindən biridir. Sənə də
öyrədiblər bunu. O zaman, amandır, peşman olduğunu dilinə gətirmə! Çünki içinə
bir gəmirici buraxmış olarsan və bunu yalnız puç olduğunda anlayarsan.
-
Gülümsə. Heç kəslə problem paylaşma. Onlar səndən
daha zəifdirlər. Ona görə də səni eşitməyəcəklər. Dinləyəcəklər, sənin sözlərinin
havasını udacaqlar, sonra yenə sənə qaytaracaqlar, sağ əlləri də ciblərində
qalacaq. Bəri başdan insanları özünlə
bezdirmə.
Lampa
danışdıqca Robot onun işığının necə tükəndiyini görürdü. İşıq getdikcə zəifləyirdi.
Lampa isə buna fikir vermir, olan-qalan enerjisini də nitqini bitirmək üçün sərf
edirdi:
-
Çarəsiz uşaq kimiyik. Həmişə. Çıtma vursalar,
ağlayarıq. Uşağın bəxti onda gətirib ki, istədiyi vaxt ağlayıb, istədiyini əldə
edə bilər. Biz isə... Bizə isə “uşaqdır da, ağlamalıdır” deyən olmayacaq.
Bacardıqca hisslərimizi təhrif etməyə çalışacaqlar. Yalandan bizdən güclü
görünüb bizi əzməyə çalışacaqlar.
-
Cəmiyyət aralarından fərqli olanı ya ən yüksək zirvəyə
qaldırır, ya da ən aşağı səviyyəyə salır. Sən özünlə üstün ol, maddiyyatını
ağılla idarə et və ən başa keç ( yəni uzatdığın əlini gəmirtmə). Sonra başda
olan “azlıq” onu yuxarı qaldıran “çoxluğu” da öz yoluyla apara bilər. Hər kəs təmizlik
işlərinə başlasa, o yol parlaq və işıqlı olar, hər kəsi özünə cəlb edər. Yol
qırağında olanlar da qoşularlar bu “təmizlik karvanına”. Kim ki, qaranlığın övladıdır- əzab çəkmək,
qandallanmaq, başqalarından özünə qarşı heyfslənmə görmək ona xoşdur və sənin
getdiyin yolla getmək istəmir- özü bilər. Sən ona artıq qalib gəlmisən. Bu tip
insanlar həqiqəti sözlə yüz dəfə bu qulaqdan alıb, o biri qulaqdan verərlər. Əgər
möhkəmcə əzişdirsən, yenə də anlamayacaqlar. Ruha edilən müsbət təsiri duymayan
insan, vücuduna vurulan zərbələrin ağrısını necə hiss edəcək? İçindən bixəbər,
çölündən nə xəbər tutar? Maddiyyat səfilləri! Unut onları! Mən olsam, insanlara bəzi məqamlarda seçim
hüququ verməzdim. Çünki ya qaranlığı seç , ya işığı desəm, əminəm ki, qaranlığı
seçməyə ürək edənlər olacaq. Ah...Nə çox ... Sən "nöqtə" qoysan da, fələyin sevimli işarəsi "vergül"dür.
Damla-damla
göz yaşları Robotun gözlərindən axmadı. O, işıltıdan qalan dəmir parçasını, əşya
tullantısını əlinə alıb eyvana doğru addımladı. Zibilliyə atmaq üçün onu çox
yaxşı tanımışdı və bunu etməzdi. Eyvana çatdıqda son dəfə lampanı öpüb doqquzuncu
mərtəbədən yerə buraxdı. Ani bir qısa qapanma, hər yer qaranlıq, ya da alov,
sonra yenə qaranlıq. İşığın utopiyasına da son.
Pərdələr
endikdə Tozlu işıq lampasını ifa edən aktrisa teatr binasından çox uzaqda idi.
Gedəcəyi yeri isə ancaq yeni tanış olduğu uşaq bilirdi...
No comments:
Post a Comment