May 23, 2012

64 yaşlı Gənc...

İçəri Şəhərin qədim küçələri, müasirliyi də öz ağuşuna alıb qocalmaqdan qorxan yaşlı biri kimi mənimlə bərabər addımlayırdı. Mən də onun kimi qocalmaq barədə düşünməyən, düşündüklərinin isə onu qocaltdığını hiss edən biri kimi İçəri Şəhərin görünüşdə “plastik əməliyyatlar”a yol verməsini anlayışla qarşılamağa çalışır, qulaqcıqları qulağımdan ayırmadan Rafiq Hüseynovun xatirələrə körpü salan səsiylə yaddaşımda var-gəl edirdim.  Evdə tək qalmağın üstünlüyünü iki-üç gün hiss etsən də, sonra qəribə bir  qabığın içinə sıxışdırılıb boğulduğunu hiss edirsən. Bu hissdən qurtulmaq üçün özümü evdən bayıra atmışdım. Ruhum nə qədər cavan qaldığını iddia etsə də, bədənimin ildən-ilə məhdudlaşmış imkanları, o cavanlığı lazımi şəkildə ailəmin gənc üzvlərinə çatdıra bilmir, hər gün səyahətlərdə, işlə bağlı ezamiyyətlərdə olan, gəncliyin limitini sürətlə dolduran övladlarıma və nəvələrimə müsbət həsəd aparmaqla məni sınağa çəkirdi. Həyat yoldaşım vəfat etdikdən sonra evdə yalnız yaşamağa öyrəşmiş olsam da, arada-sırada ziyarət etdiyim, məni ziyarət edən yaxınlarımla görüşmələrimin sayının get-gedə azalması da məni darıxdırır və bu hiss içimə üzgünlük, bədbinlik yükləyirdi. Cavanlıq təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bədbinliyə qapılmağın çox ağır və məhvedici bir hiss olması danılmazdır. Ona görə də, bir-iki günlük evdən çıxmamağıma nəyin səbəb olduğunun detallarına keçid almadan, açarları götürüb evdən çıxmışdım. 

Cavanlığımdan şəhərə və mənim xatirələrimə yadigar qalan “Alov Qüllələr” artıq bu şəhərin sıradan sakinlərinə çevrilmiş və cansızlığına rəğmən canlılar kimi gələcəyi gözləmədən şöhrət içində sürdürdüyü varlığının bir gün gələcək gəldikdə adiləşə biləcəyinin şahidi olmuşdu. Onların əsası qoyulanda gələcək üçün bəslənilən xoş ümidlər qidalanmağa davam edir, “gələcək, gələcək,gələcək” deyərək bütün yaxşılıqları ondan gözləyən cavanlığımız indi başa düşürdü ki, gələcək ancaq bugün yaşadıqlarımızın uzağa atdığı qırmaqların ucuna nə bərkitdiyindən asılı imiş. Bizim bugünümüz isə artıq dünəndə qalmışdı. Qırmaqlarımızı isə gələcək nəsillərə yəni hələ də bugünü olanlara ötürəsi olmuşduq və bu da bizi sıradanlaşdırmış, mənliyimizin, xudbinliyimizin sakitləşmək bilməyən atını əhilləşdirməyi bacarmışdı. 

Keçmiş də gələcəyin belə olacağını gözləmir, daha yaxşı nəticələrə ümid edirdi. Ancaq onun gözlədiyi gələcək bugündür və o hələ də qucağında bəslədiyi insanların tənqidindən, narazılığından qurtulmayıb. Yenə də tikinti işləri ərəfəsində küçələrdə “müvəqqəti narahatçılığa görə üzr istəyirik” xəbərdarlıqları plakatlarda deyil, ekranlarda “əbədi narahatçılığa görə üzr istəyirik” sözləriylə əvəz olunmasa da, varlığını qoruyub saxlamışdı, ictimai nəqliyyat cavabdehləri yenə də “mehriban olun” deyə-deyə planlarını doldurmağa davam edirdilər, dənizkənarı parkda bir-birinə sarılıb xoş-naxoş bütün hisslərini “sevgili” adı altında paylaşan gənclərin də sayı nə artmış, nə də azalmış, 2012-ci ildə olduğu kimi qalmışdı. 

2012-ci il... Bu il vətənimin gənclərinin qanını “Eurovision” abu-havası qaynatmışdı. İlk dəfə idi ki, belə bir nəhəng yarışmanı öz qoynunda keçirəcəkdi Azərbaycan. Həyəcan nə həyəcan! “Eurovision” həftəsi  insanları evlərindən çıxarmış, bayraqlara bürümüş, küçələri səs-küyə boğmuş, hər tərəfi patrullarla doldurmuş, şəhərin mühafizəsini gücləndirmiş, qonaqların sayını artırmış və daha nələr-nələr  yaşatmışdı paytaxtımıza. O vaxtlar təhsilimi davam etdirmək üçün vətəndən uzaqlaşdığıma görə, öz ölkəmdə bu yarışmanı sonuna kimi izləyə bilməmişdim. Ancaq eşitdiyim şikayətlər qədər də, təriflər var idi. Bilirdim ki, yarışmanın yaratdığı coşqu, gününü maaşından şikayət etməklə keçirəni də, maaş verənləri də, bədbinlikləriylə öyünərək “mən belə yerlərə getmirəm” deyənləri də, “diskoteka olacaq eee, bulvarda” cümləsindən ürəyi tup-tup döyünənləri də, Eurovision-i bəhanə edib sevgilisiylə hava almağa çıxanları da, öz otağına qapılıb ünsiyyətdən çəkinir deyə valideyni tərəfindən qohum-əqrabaya tapşırılıb hava almağa çıxarılanları da,  “saat 22:00-da evdə ol” əmriylə evdən çıxaraq “Eurovision-didaaaa, camaat səhərə kimi şəhərdədir, bir az gec gəlsəm nə olar?”  deyərək sübhə yaxın evə qayıdanları da, gecə həyatının “həmişəbaharlarını” da  öz bağrında uyutmuşdu. Bu yarışma varlı və kasıb təbəqədən ibarət olmağa üz tutmaq istəyən ölkənin təbəqələri arasında “titrəyən” bir körpü daha salmışdı. Buna baxmayaraq, öz vətəndaşlarımız çalışırdılar ki, bu körpüdən heç kəs yıxılıb xəsarət almasın, ancaq bəzi xarici qüvvələr bəzi vətəndaşlarımızın qulaqlarına üflədikləri “dualar”la  o körpünün dağılması yolunda “zəhmət çəkməkdən” çəkinmirdilər. Beləcə, 2012-ci il həyəcanlı keçsə də, mənim ahıl vaxtımdan baxanda yenə də “keçmiş” kimi görünərək  zamanında ələndiyi əllərdən qurtulmuş və tarix olaraq kitablara həkk olunmuşdu.

Düşüncələrimlə, musiqinin müşayiətiylə İçəri Şəhərin dar görünsə də, gəzdikdə açılan küçələrini qət edib “İçərişəhər”  metrosuna yaxınlaşmışdım. Filarmoniyanın yanından keçirdim ki, cavanlığımın həyata keçirməyə çatdırmadığı bir arzum yanımdan ötərək küləyini sərt şəkildə üzümə çırpdı.  İçimə çoxdandır ki, hiss etmədiyim bir həyəcan doldu. Bu həyəcan mənim addımlarımı qarşısına xətt çəkib məni durdurduğu kimi qaynağını da məndən üç-dörd addım aralıda durdurdu.  Ona yaxınlaşıb-yaxınlaşmamağa qərar verə bilmirdim. Ancaq ayaqlarım mənim qərarımı gözləməyib və hərəkət edib həyəcanımın  bir addımlığında dayandılar.

- Buyurun? 
Bu sualı eşidincə özümü itirdim, ancaq çalışdım ki, bunu qarşı tərəfə hiss etdirmədən cavab verim:
- Bağışlayın, sadəcə “Ducatti”-nin Azərbaycanda distribütorluğunun açıldığından xəbərdar deyildim. Sizin motosikletiniz isə o firmanın məhsuludur. Maraqlı gəldi deyə yaxınlaşdım. Bir daha üzr istəyirəm.
- Yoxlamaq istərdiniz mi? 
- Yox, yox. Çox saq olun... Nə? Zarafat edirsiniz?
- Yox. Niyə ki?

Bu gənc qızın tanımadığı 64 yaşında bir kişiyə qiyməti bir çox avtomobilin qiymətindən dəfələrlə artıq olan bu motosikleti idarə etməyi belə rahatlıqla təklif etməsi məni təəccübləndirdi.  Nə cavab verəcəyimi həm bilirdim, həm də çaşmışdım:
- Təəssüf ki, nə qədər təcrübəli görünsəm də, motosiklet idarə etmək həyat təcrübəmə daxil olmayıb. 
- Aydındı.  O zaman buyurun, sizi gedəcəyiniz yerə kimi aparım.

Bu təklif məni tamamilə çaşdırdı. Gənc qıza həm beynimə axın edən sualları vermək istəyirdim, həm də anın sehri qaçmasın deyə motosikletə oturmaq istəyirdim.

Gözəl hiss idi.Çox gözəl hiss idi. Bir anlıq ürəyim özünü ifadə etmək üçün ağzımdan yol tapıb çölə çıxacaq kimi hiss etdim. Sonra həyəcanıma, qorxuma da öyrəşdim. Əslində, qorxmurdum. Ruhum qorxmurdu. Sadəcə, yaşlılıqdır, olmadı belə-oldu belə, birdən ehtiyatsız bir hərəkət üzündən bədənim özünü idarə edə bilmədi və xəsarət aldı deyə bəzi nəzərəçarpar, həm də həyəcanın bolluğundan dumanlanan hisslər yaradırdı qorxunu. Buradan da, yüksək sürətlə hərəkət edən motosikletin üzərində həyəcan içində boğulmağıma rəğmən, qışqırmamaq və bu anı da susaraq yaşamaq səbəbi doğurdu.Gənc qızdan qışqıraraq neçə yaşı olduğunu soruşdum. Halbuki, xanımdan yaş soruşmağın ədəbsizlik olduğunu bilirdim. Unutdum. Sualımın uyğunsuz olduğunu bildirərək məni pərt etmək əvəzinə, 24 yaşı olduğunu bildirən gənc qızı bir anlıq sahib olduğum hər şeydən daha çox sevdim. Cinsiyyət fərqimizə baxmayaraq, onun cavanlığımdan məni götürüb cildimə girərək gələcəkdə qarşıma çıxdığını düşündüm. Özümə olan sevgim oyanmışdı və danışmağa başlamışdı. Ancaq bu sevgi tam deyildi,bölünmüşdü. O qıza qarşı da özündən parçalar ayırmışdı. Qəribə bir bağlantı, yaxınlıq hiss etmişdim onunla aramda.
- Hansı tərəfə gedirsiniz?
- Dənizkənarı parkda ensəm yaxşı olar.
- Eviniz yaxşı yerdədir. Yəqin bu sizin ilhamınızı həmişə qoruyur.
- Mən orada yaşamıram. Orada enmək istəyirəm. Bir az gəzişəcəm. Mənə yaşatdığınız bu duyğulardan sonra ...
- Sizinlə hər şey qaydasındadır? 
- Hə, hə... Narahat olmayın...Yolunuza davam edin.
Kukla teatrının yanında enib sağollaşmaq və qıza təşəkkür etmək üçün sözləri beynimdə düz-qoş edirdim. Amma öncə o danışdı:
-      Ümid edirəm, “Ducatti”-im gözlədiklərinizi doğrultdu.
-     Əlbəttə... Bu mənim birinci təcrübəm idi. Çox xoş hisslər yaşandı. Qızım, sənə çox minnətdaram. Çox saq ol. Əziyyətini halal elə.
-      Qızım? Hm... Siz mənə “qızım” demək üçün hələ çox cavansınız. Özünüz bugün şahidi oldunuz bunun. 
-      Çox saq olun ... 
Gülümsəyib kaskasını başına keçirdi və motosikletinə oturdu. O uzaqlaşmadan öncə ondan adını soruşmalı olduğumu hiss etdim. “Qızım!” deyə səslənib onu çağırdım:
- Qızım, mənə hələ də maraqlıdır, axı sən niyə belə rahatlıqla mənə etibar etdin? 
- Mən rəssamam. 
- Sən rəssamsan... 
Cavabını təkrarlayıb anlamağa çalışırdım ki, adını soruşmağı unutduğumu yenidən xatırladım.

Başımı qaldıranda isə o gülümsəyib motosikleti işə saldı. Heç nə demədim. Uzaqlaşdı. O
uzaqlaşdıqdan sonra mən də “Sahil” metrosuna doğru addımlamağa başladım. Adi günlərdə məni tez yoracaq bu uzun məsafəni necə qət etdiyimi, ayaqlarımın ağrısını düşüncələrimin dağınıq şəkildə axınından xatırlamıram.  Evə çatdıqdan sonra kresloda yuxuya getdiyim üçün səhər açılanda ilk ağlıma gələn cümlə “Mən rəssamam.” oldu. 

Mən bir ildir ki, təqaüdə çıxmış və əsərlərini emalatxanasında dustaq etmiş bir rəssam idim. Dünən yaşadıqlarım isə bugün bir il fasilədən sonra molbertin üzərindəki kağıza mənim yaşadacaqlarımın əsasını qoydu...

No comments:

Post a Comment