May 29, 2012

Səyyah


    “Ananı çox istəyirsən, yoxsa atanı?”, “Paytaxt yaxşıdı, yoxsa doğma şəhərin?”, “Məktəb maraqlı idi, yoxsa universitet?” – bu suallar birincisiylə uşaqlığından, sonuncusuyla indiki yaşına kimi onun ən sevmədiyi suallar idi. Ona bu sualları ünvanlayanları heç vaxt anlamır və sualların cavablandırılmasında tərəddüd edirdi. Nəticəsi də o olurdu ki, sualı ünvanlayanlar qəti seçimin məhsulu olan cavab almadıqdan sonra üzlərini başqa subyektə çevirir, diqqət mərkəzinə başqalarını salırdılar. Onun diqqət mərkəzində olmağı xoşlayan təbiəti isə zaman keçdikcə, üzərindən diqqətin çəkilməsini istəmədiyi və verdiyi cavablarla qarşısındakılarda daha çox sualın doğmasını istədiyi üçün  sevmədiyi bu üç suallara şirnikləndirici cavablar axtarmağa başlamışdı. Düzdü, zaman keçmişdi və yuxarıda sadalanan üç sual artıq gündəmdən düşmüş, yerlərini başqa suallar almışdı. Məsələn, “Ürəyinin sözünə daha çox qulaq asırsan, yoxsa ağlının?”, “Boş vaxtlarını necə keçirməyi xoşlayırsan?”, “Günün necə keçdi?” ...

Bu suallara veriləcək cavablardan insanların nə gözlədiyini anlamaq çətin idi. Bu suallardan sıxıldığını onlara birbaşa bildirmək də onun tərəfindən hörmətsizlik olardı. Onun üçün insanı söhbətə təşviq edəcək suallar sıxıntı yaradırdı. Əgər salamlaşma uğurlu alınıbsa, niyə söhbət öz ritmiylə davam etmir, əvəzinə isə bu yersiz suallarla canı saxılırdı?  Hər şey çox qarışmışdı, öz beyninin məhsulu olan sualların yerini boşluq, boşluğun da içini durmadan sıxıntı yaradan xarici təsirlər doldururdu.

Özünün hazırladığı suallarla rəqs etmək bəzən əyləncəli olur. Böyük bir meydanda sən və sualların, istədikləri hərəkətləri ürəyinin ritminə uyduraraq hərəkət edirlər və sən də bədəninin etdiyi rəqslərlə rahatladığın kimi suallarla etdiyin rəqslərlə də cavab tapmasan belə rahatalayırsan. Ancaq ifrata çatdıranda bu rahatlığı yorğunluq örtür fonu. Yorulursan. Cavablar rəqs etdikdən sonra dərdiyin nəfəs kimi, içdiyin su kimi sənə lazım olur. Onlar isə özlərini yubadırlar ki, yubadırlar. Belə hallarda ona elə gəlirdi ki, artıq nə ümidi qalıb, nə də inamı. Sadəcə ruhu zaman dedikləri boşluqda etdiyi səyahətini durdurmadığına görə, o da gözləyirdi ki, bəlkə bir gün hansısa yeni xəbərlərlə qarşılayar ruhunu. Beləcə, öz külündən yenidən doğan Simurq quşu kimi onun da ümidi özünə yeni sima qazanırdı. Amma qarışıqlığı yaradan bu ümidin doğması deyil, onun nə üçün doğması idi. Özü keyfini  “qəribə xoşluq” kimi dəyərləndirmişdi. “Yaxşıyam”-demir, “Qəribə yaxşıyam”-deyirdi. Bunun açıqlamasını  belə verirdi: “Əhvalımız yaxşı olanda, yəni keyfimiz kök olanda  buna həyatımızda baş verən hansısa hadisə səbəb olur. Uzaqdan da olsa bu “xoşluğun” baş verən hansısa hadisə ilə, mənzərə ilə əlaqəsi olur. Yəni bu “xoşluq” nəyə isə bağlanır. Yalnız melanxolik əhval-ruhiyyə heç bir səbəb axtarmadan, anidən insanı yaxalayır. Gəlişi kimi gedişini də heç bir açıqlamaya bağlamır. “Qəribə xoşluq” da melanxoliyanın “yaxşı əhval” ilə kamuflə olunmuş gəlişidir. Heç bir əsasa dayanmadan, səbəbini özünə açıqlamağı çatdırmadan gəlir və ürəyindəki ritmik notlar susanda, gedir.

Suallarının yaratdığı hava boşluğunda üzərkən insanların uşaqlıqdan böyüyənə kimi ona verdikləri yersiz sualların hansı dayazlıqlardan qaynaqlanıb, onu hansı dərinliklərə apardığını anlamağa çalışırdı.  Sanki həmin insanlar verdikləri suallarda onun qarşısına sərdikləri seçimə bağlı idilər. O, bir cavabı seçəcəkdi, ya onlardan olacaqdı, ya da onların maraq dairəsindən çıxacaqdı.  Valideynlərindən birini seçsəydi, onların olduqları mövqedə şüuraltılarına nankör övlad kimi, təhsil aldığı müəssisələrdən birini seçsəydi, onların tutduğu mövqedə vəfasız dost kimi dəyərləndiriləcək, şəhərlər arasında seçim etsəydi, “qınından çıxıb, qınını bəyənmir” statusu verib ondan uzaqlaşacaqdılar, həmçinin də aldıqları bu cavablar əslində onların istədikləri cavab olacaqdı. Onları aldatsaydı, onları öz gözlərində yüksəltmiş, həqiqəti desəydi, özünə xəyanət etmədiyi üçün onları alçaltmış olacaqdı. Özünə xəyanət edərək axmaq kimi görünməkdənsə, susub özü olmağa üstünlük vermişdi. Susqunluq yaradırdı bütün qarışıqlığı və bundan yaranan tərəddüdləri. Ortalıqda isə tərəddüd edəcək bir durum yox idi. Yenə də bəziləri ilə ortaq dil tapmağa çətinlik çəkir, onların udduğu havanı paylaşaraq zəhərləndiyini düşünürdü.

Öyrənməyə, çaşdırmağa, azdırmağa, tanımağa çalışdığı hər bir  fərddə “özlərindən razılıqlarını” qıracaq və sadiq olduqları bir çox şeyə xəyanət etdirəcək bir “zəiflik” tapa bilirdi. Tapanda gülümsəyir, sonra isə qaşlarını çatırdı. Üzülmürdü. Əsəbləri pozulurdu. Seyr etdiyi tarixi filmlərdə  ən qəddar və mənfi enerjiylə yüklənmiş sahiblərinə, onlara ehtiyacı olduğu zaman xəyanət edən qullara qarşı içində həmişə bir neqativ münasibət yaranmışdı, onların belə davranışlarını qəbul edə bilmirdi. Çünki belə davranan insanlar qul olmaqdan heç vaxt xilas olmur, xəyanət etdikləri bir quldarı digər bir quldara dəyişirdilər. Qul olmaqdan başqa heç nə bacarmayan birinin isə xəyanət etmək üçün ən uyğun zamanı seçməyi necə bacardığını anlamadığı üçün  “bu tip qulları” qəbul edə bilmirdi ...

Bugün başlanan rəqsin bitdiyi gün olmalı idi. Gözlərinin gördüklərini, qulaqlarının eşitdiklərini dilinə yansıtmadan geri dönən, səyyah ruhuyla görüşmək anı yetişmişdi. Seminar mətni hələ hazır deyildi, kağızlar hamısı cızmaqara edilib zibil qutusuna atılmışdı. Qərar vermişdi ki, tələbələrin qarşısına çıxanda improvizasiya edəcək. O an içindən bədahətən nə gəlsə, onu da danışacaqdı. Artıq nəticənin nə olacağını təxmin etməyə çalışmaq da, boş məsələ idi. Çünki seminar qaçılmaz, nitq də vacib idi. Əks halda, auditoriya qarşısında çıxış etmək qorxusunu bura qədər boğan cəsarətini yenidən itirəcək, yenidən başa dönəcək, yenidən özündən uzaqlaşacaqdı.  Buna imkan vermək olmaz...Buna imkan vermək olmaz...

- Salam... Mmm...Parçalardan ibarət olduğumuzu və onları birləşdirmək məcburiyyəti hiss etdiyimizi yəqin ki, dərk etmisiniz? 
Auditoriya bu suala heç bir reaksiya vermədi. Bir addım geri, iki addım önə atıb fikrinə davam etdi:
- Parçalardan ibarətik və həmişə çatışmazlıq hiss edirik. Axtardığımız şeylər zaman-zaman dəyişir, tapdıqlarımız isə mozaikanın çatışmayan hissəciyi kimi yerinə qoyulanda köpük kimi partlayır və mozaikamız natamamlığın bütün şəkillərini alır. Niyə parçalarımızı birləşdirə bilmir, niyə tam deyil, ruhumuzu parçalayaraq cismimizə sığışdırıb bu şəkildə  böyüyür və böyüdükcə də tam olmağı arzulayırıq? Əvvəldən sona tullanıb, oradan da geriyə “tetris” oyunundakı soxulcan kimi parçaları uda-uda böyüyərək qayıdırıq. Nəticə  bizi nə qədər böyütsə də, sonumuz “yenidən başqa soxulcanla başlanan oyun” olur. Biz yox oluruq... Hm... Niyə bənzətmələrin sonu gəlib yenə oyunlara bağlanır?  Niyə yaşadıqlarımızı real, konkret vasitələrlə anlayır amma nəticə çıxarmırıq, mücərrəd vasitələrlə anladanda isə hiss edir, lakin hiss etdiklərimizi konkret varlıqların təsirindən unuduruq? Mən deyəsən hələ cavab tapmadan qayıtmışam... Bağışlayın... Uzaqlaşmalıyam ...

Seminar bitdikdən sonra susaraq binanı tərk etdi. Qaşlarını çatdığı yerdə əmələ gətirdiyi düyünü vecinə almadan dar küçələrin sirrini addımlarıyla açmağa çalışdığı küçəyə doğru yeridi. Ruhu yenə də aid olduğu yeri tərk etmişdi.

No comments:

Post a Comment