October 9, 2013

İYİRMİ ÜÇ - 23

Bu dəfə nədən bəhs edirsən et, fikrin 20 yaşa qayıdacaq. Nədənsə yenə ordan bəhs etmək istəyəcəksən. necə ki, 19 yaşında dilinə nədənsə 20 demək gəlir, eləcə də 23 yaşında, yaddaşında nədənsə yenə 20 yaşı oyatmaq gəlir. 19-la, 23 arasında olan oxşarlığı ayırd etməyə çalışmıram, heç maraqlı da deyil. Ona görə də susub daha bir 9 oktyabrı yola salmaq üzrəyəm, ya da qarşılamaq. 

Qəribə də olsa, Prezident seçkilərinə görə doğum günümü unutmayanlar var. Sevindim ki, dünyaya gəlməyimin bu il təbriksiz qalmaq üçün bəhanəsi olmadı. Yox, yox, melanxolik abu-havada deyiləm, əslində payızın rəngarəng və oynaq havasındayam. Yəni ürəyimə yağış yağsa, gözlərimdə gün çıxacaq, parlayacaq. Yox, yox, ürəyə yağış yağması pis əlamət deyil, əslində ürək quraqlıqdan əziyyət çəkməmək üçün bəzən özü-özünə islanmaq əziyyəti verir, ya da zövqü yaşadır. Məsələn, indi birbaşa blog`a yazıram içimdən gələnləri. Heç nəyi redaktə etməyəcəm.

Böyümək. Mənim nədənsə bu sözdən xoşum gəlmir. Sanki daha məsum bir şeyi öldürür şüuraltında. Sanki lazımsız çərçivələr yaradıb insanı kiçildərək, kiçildərək salır bir-bir o çərçivələrin içinə. Sanki çiyninə yaraşmayan məsuliyyətlər yükləyir. "Böyümək" sözünü mən sevmirəm, qınamayın. Bilirəm, uşaq qalmaq da adətdən deyil. Amma ən azından əlimizdən gəldiyi qədər ömrün çağlarına ad verməyə bilərik. 

Yaşamaq. Bu məfhumu sevirəm. Di gəl ki, "böyümək" sözüylə çox vaxt uzlaşmayan "yaşamaq", bəzən həvəsimi məndə saxlamır. Ancaq sevgi elə bir şeydir ki, onu yaşatmaq üçün  min cür bəhanə taparsan. Mən də "yaşamaq" sözünə olan sevgimi xırda-xırda mozaik hissəcikləri bəhanə edərək də olsa, qorumağa çalışanlardanam deyə bilərdim. Amma yox. Mənim "yaşamaq" sevgim  oktyabr ayında mənimlə birlikdə payızın rəngarəngliyinə məni bürüyərək dünyaya gəlib. Bir sözlə, qurtuluşu yox kimi bir şeydir. Çünki yaşamağı sevməsən, düşünmürəm ki, onun sonunu gətirən ölümə layiqincə baxarsan. İnsan başladığı işdən zövq almasa, o işin sonunu məgər maraqla bitirər? Ya da o işin nəticəsi kiminsə diqqətini cəlb edər? Yaşamaq lazımdır, dostlar! Yaşamaq lazımdır...

Azadlıq. "Sərbəstlik" sözü qəfəsdə qalmağa layiq olsa da, "azadlıq" sözü qəfəslər üçün doğulmayıb. Arzu edirəm ki, sərbəstlik qəfəslərinin açıq qaldığı zəmanədə, həyat mənim azadlığımı sərbəstlik qədər ucuzlaşdırmasın. Özümə arzu etməyin vaxtıdır hər halda... Görüm nə arzulayıram:

Mənə  "Ləman" adını babam verib və mənim üçün bu adın önəmi, babamın itkisini xatırladığımda hər dəfə tazələnən acı kimi önəmlidir. Mənim babam isə qürurlu, heç kəsə baş əyməyən biri,  tamamilə fərqli dünyagörüşünə və fəxr ediləcək  zəkalara sahib iki övladın atası idi. Arzu edirəm ki, Ləman düşüncə azadlığını borclu olduğu damarındakı hər damla qanın sahiblərinə heç vaxt xəyanət etməsin. Bəziləri onun həyatında sadəcə xatirəsiylə qalmış belə olsa.  

Ləman, arzu edirəm ki, qələminin ucu heç bir qəlbi qırmasın amma sərt uclara sahib qəlbləri korrektə edə biləcək qədər güclü olsun. Sənin ürəyinin demək olar ki, məhrum olduğu qorxu hissi, qoy hər zaman mənəvi dəyər daşıyanların itkisiylə barışmamaqla məhdudlaşsın. Uşaq vaxtı  gah rəssam, gah arxeoloq, gah alpinist, gah detektiv, gah vəkil, gah da diplomat olmaq istəyən ürəyin, əgər bugün böyüdüyünü hiss edirsə, qoy axtarışlarıyla zirvələri fəth edərək hər zaman vicdanının səsinə qulaq asıb onu həyəcanlandıran şeylərlə həyatındakı harmoniyanı qoruyan bir ürək olsun. Sənə təəssürat bolluğu arzu edirəm. Axı ilham pərisi  üçün təəssürat flaş kimidir. Gözləri qamaşmasa, görməyən növlərdəndir sənin ilhamın hər halda. Bu barədə çox düşünməmişəm, bəlkə daha aydın olardı arzularım.

Mən sənə o qədər çox şey arzu edə bilərəm ki, Ləman! Lakin qoy mənim demədiklərim aramızda sirr qalsın. Yaşayaq bəlkə? Yaşayaq Ləman! Ad günün mübarək, MƏN!


No comments:

Post a Comment