September 3, 2013

Gülüstan.info saytında yayımlanan yeni məqaləm "QINAQ DEMƏ, SINAQ DE"



Həyatın qollarına da yox, cahillərin ağzına atılan Azərbaycan dili, salamat qalmağa çalışır. Kim necə istəyir çeynəyir, kim necə istəyir dəyişir, kim necə istəyir qarışdırır. Oturub gündə bir mənasız məqamı qınamaqdansa, dilimizin dəbdən düşməsinin qaydına qalsaq? Məsələn, mən deyirəm ki, problem filoloqlarda deyil, beş azərbaycanlının içində rus, ya da bildiyi başqa bir xarici dildə azərbaycan dilini də qarışdıraraq danışan “fərqli müasirlərdədi”. Heç mən onları da qınamıram, belə baxanda. İndi zəmanə elə zəmanədir ki, kimə necə rahatdırsa, elə yaşamaq istəyir və danışanda da necə rahatdısa elə danışır. Axı heç kəs heç kəsin ağzından vurmur. Vuranlar da qələm əhlidir ki, onları da oxuyub sonra “boş verirlər”. İndi qloballaşma, yəni “çərçivə sındırma” dövrüdür. Məsələn, zövqlü insanlar məni qınaya bilərlər bu yazıya görə ki, “Ay Ləman ( ya da onların kasıb xitabıyla “ay qız!”), sən camaatı niyə asıb-kəsirsən? Dilçilərimiz niyə dilimizin aksessuarlarını qabartmırlar ki, biz də eşidib, oxuyub zövq alaq? Bəlkə zövq aldığımız avaza marağımız da artar?

 Bəli, bu dəb əhli, zövq əhli də bir cür haqlıdır. Günü televizor önündə keçənlərin Azərbaycan dilində olan dublyajla kinoya baxmaq istəməməsinin hər halda haqlı bir səbəbi vardır. Günü kompüter qarşısında keçənlərin hər halda “bəyəndikləri” statusların çoxunun xarici dəblə yazılması  da virtual azərbaycanlılara haqq qazandırır. Jurnalist söhbəti açmayacam, çünki onlarla ilk salamlaşmamda məni bəzilərinin “çörək ağacına balta vurmaq”da qınadılar. Yenə də “bəziləri” sözünü oxumadan keçsələr, deməli yenə də “salam” almayacaqlar. 

Rus dilində təhsil alıb, rus dili içində “bişən” ziyalılarımız da var ki, onların Azərbaycan dilində nitqini dinləməkdən insan zövq alır. Dinləyərkən hiss olunur ki, onlar ağıllarına xarici dildə gələn fikri çalışırlar ki, azərbaycan dilinə düzgün çevirib nitqlərini də təmiz azərbaycan dilində davam etdirsinlər. Məgər onlar “рускоязычный” olduqlarıyla öyünə bilməzlər?

Filoloqlar hələ sağ olan dili araşdıran arxeoloqlardır. Yəni onlar dilin bütün imkanlarını “qazıb” üzə çıxarmalı, söz bazasındakı ifadə vasitələrinin düzgün istifadəsini, sözlərin artımını nizamlamalıdırlar. Yoxsa ki, ancaq “ölü dili” araşdırsaydılar, onlara daha niyə “filoloq” deyirdik ki? Elə qatardıq “arxeoloqlar” sırasına, lazımlı-lazımsız hər sözü qazıb çıxarardılar meydana. Arxeoloqlar da inciməsin, uşaq vaxtı mən də arxeoloq olmaq istəyirdim. Sonra qonşumuzun ağzından süzgəcdən keçmədən çıxan “daha hər şeyi qazıb çıxarıblar da” cümləsiylə  “mənə heç nə qalmadığını” düşünərək istiqamətimin yönünü dəyişdim. Başladığım mövzudan arada uzaqlaşdığımı düşündünüzsə, bu fikrinizi dağıtmaq üçündür. Yoxsa sonra deyərsiniz ki, “dünənin uşağı durub bizə dil öyrədir”. Dili siz əlbəttə ki, özünüz öyrənməlisiniz, mən isə sizin içinizdəki dilə olan məhəbbət “nəbzini” yoxlayıram. 

Belə bir məqamı da qeyd edim ki, Azərbaycan dilinin qədrini bilməyi, onu qorumağı məsləhət görəndə, bəziləri elə bilir ki, onlardan bildikləri bütün dilləri unutmağı məsləhət görürlər. Xeyr! Ən azından xitab etdiyiniz kütləyə fikir verin. Xarici dildə məqalə yazırsınızsa, əla, yazın! Nitq söyləyirsinizsə, əla, söyləyin! Di gəl ki, yazılarınızı, nitqlərinizi, kitablarınızı “xarici makyajla” eybəcər hala salmayın. Qanı qarışan millətlərə nifrət edən Hitler, yenidən doğulsaydı, yəqin dili qarışan millətlərdən də qıcıqlanardı. Allah qorusun!

Ağzınıza düşən hər pendir, mədənizin aclığını yatırmağa xidmət etmir. Odur ki, nə edirsiniz edin, milliyyət (mənsubiyyət) kodunuzu sındırmaq istəyən “xaker”lərə macal verməyin. Dilimizin dəyərini bilin deməyəcəm, dilimizin dəyərini öyrənin. Öyrənin ki, “patriotik canfəşanlığınıza” çoxdan gözlənilən təbiiliyi gətirmiş olasınız.

Oxucuların ağlını çox qarışdırdımsa, üzrlü hesab etsinlər. Sözümü bu yazını yazarkən qəflətən rəhmətlik Ömər Xəyyama demək istədiyim bəndlərlə yekunlaşdırıram. Xəbərdar edim ki, yenə fikrinizi dağıdacaq:

Məni üzür sözləri çəp gələnlər,
Söz arşının düz ölçə bilməyənlər,
Üzdə gülüb ardımca söz deyənlər,
Sərxoş sözün ayıqla səhv salıblar,
Mən ayıqkən sərxoş görüb qaçıblar.

Ömər baba, deyirəm sağ olaydın,
Şərab içib yenə sərxoş olaydın,
Sözsüzləri söz oduna salaydın,
Eşidəydim səni yaman yorublar,
Söz ustasın sözsüzlüklə vurublar.

Oturaydıq bir yeyəydik, içəydik,
Bizə kafir deyənlərə güləydik,
Sonra dönüb üzümüzü gedəydik,
Görməyəydik içkimizdən içən var,
Qınadığı yoldan özü keçən var.

Şəhriyarın tərzi tutub qələmdən,
Sözlər yaman sərtləşiblər gələndən,
Siz dahilər bu həyatdan gedəndən,
Şairlərə nəsə olub bilən yox,
Oxuyub da dil işini çözən yox.

2 comments:

  1. Maraqlıdır, siz əlinizdəki gülü qoxladıqdan sonra ilham pərinizdən əsər-əlamət qaldımı ki, nəsə romantik və ya düşündürücü bir şey yazasınız. P.S. Gülü tanıyan.

    ReplyDelete
  2. Hörmətli Gülü Tanıyan xanım, qeyd etməliyəm ki, həmin gülün qoxusunun verdiyi əziyyət mənim ilham pərimi şikayətə ilhamlandırıb))))))

    ReplyDelete