March 13, 2012

Şeir əvəzinə "Sən"i yazdım...

Dünyaya göz açıb böyüdüyü torpağı tərk edərək yeni torpağın uzunmüddətli sakininə çevrilən və anidən ayılıb öz doğma torpağı üçün darıxan birinə bənzəyirəm. Bilirəm ki, bir neçə günlük görməyə gəlsəm də, yenə yeni torpaqda qurduğum nizama geri dönəcəm amma yenə də görmək istəyirəm. Yeni nizamımda hər şey var, təkcə hisslərimin göy qurşağında bir rəng çatmır- o da Sənsən.

 Niyə Sən? Ona görə ki, göy qurşağındakı rənglərin hər birinin özünəməxsus xüsusiyyətləri və anlamları olsa da, sən olmadan hamı bir-birinə qarışır. Tarazlıq pozulur.

 Səni hisslərimin təmtəraqlı ifadəsiylə aldatmaq istəmədiyim üçün ən sadə sözləri seçməyə çalışıram. Lakin bilirəm ki, yüksək zövqünün qarşısında pis vəziyyətdə qalmayasan deyə mənim sözlərimi dəyərsiz qılacaqsan. Ümid axtaran gözlərimdən, cavabını da özündə gizlədən və qarşısındakından onunla qarşılıq verməyi gözləyən suallarımdan yorulduğumu və utandığımı sən yəqin ki, anlamazsan. Göy qurşağının ən önəmli rəngi olan qürur, sən olmadan başqa rənglərlə qarışdığına görə necə əziyyət çəkir, sən anlasan da yaşadıqlarımı özünlə əlaqələndirməmək üçün onları mənasız olaraq dəyərləndirəcəksən.

No comments:

Post a Comment