June 30, 2019

CƏSARƏT

Mənim şeirimdə cəsarət yoxdu,
Çırpmıram özümü sağa, ya sola.
Oxşayıb, yalayıb solğun bənizi,
Gözlərəm sözlərim bir dərman ola...

Cəsarət yumruğun, silahın deyil,
Cəsarət özündən ummadığındır.
Necə ki, nifrəti oyatmaq asan,
Sevgidən xilaskar doğurmağındır....

Məni oyatmağa heç çalışmayın,
Yuxumda nə görsəm mənə əzizdir.
Durulan zehnimə heç toxunmayın,
Çürümüş fikirlər daha ləzizdir.

Şıltaq ayaqlara yapışan yağış
Dırmanır çöhrəmin qırışlarına.
Ağzımdan şükürlər daha çıxmamış,
Damlalar köç edir baxışlarıma.

Bu dünya ya tamı tənə böləcək,
Ya cütü ayırıb yalnız edəcək.
Bir dua yüz ürək birləşdirəndə,
Hər ürək şükürün ayrı edəcək...

Mənim şeirimdə cəsarət yoxdu,
Nalə də, fəryad da, üsyan da yoxdu.
Bir gün ayrılacaq gecəm gündüzüm,
Səni oyatmaram deyən də yoxdu...

1 comment:

  1. Bir gün bütün gündüzlər gecələrlə ayrılacaq...

    ReplyDelete