February 3, 2013

Yəqin yenə də mənə elə gəlir

*** Dünyanın dərdini çəkənlərə "dəli" dedilər. Dəlilər getdi, dərdləri qaldı. Ağıllılarına zəncir vurub ön sıraya qoydular. Sonra hamıya "axmaq" deyib, zəmanədən şikayətləndilər. Ortalıqda isə həmişə "xalq", "millət" deyə böyük bir gücdən bəhs edilirdi... Vallah, ya ağıllısını gördüm zəncirli, ya dəlisini gördüm yalnız gəzən, yalnız dolanan...

*** Bəzi məqamlar var ki, mən onları kəşf edəndə paylaşmıram. Çünki, aydınlandığım məsələni səsli oxuyuram və görürəm ki, mən bu məqamın kəşfinə gecikmişəm. Bir az "uşaqsı" və "cahilteher" kəşf olur. Ona görə də, çalışıram onu bir az böyük fikirlərin içində itirim. İtirim ki, böyük fikirləri oxuyanlar, içlərində saxladıqları "uşaqsılıqlardan" və "cahiltəhərliklərdən" çıxmaq yolu tapsınlar.Bəzi insanlar var ki, kəşf etdikləri hər yeni düşüncəni yenilik və özünə məxsusluq bilirlər. Paylaşırlar və məni bir az şit gülmək tutur. P.S. TƏNQİD DEYİL, MÜŞAHİDƏDİR. MÜQAYİSƏ DEYİL, "BELƏ DƏ OLA BİLƏR" DİR...

*** Bəzilərinin bəzilərinə "bəziləri" olaraq xitabindan yarandı "üzə gülən dostlar"...Sonra da dəb düşdü...Uyğunlaşaq dedik...

*** Bəzən səhər açıldıqca gözlərim yumulur. Gecə onsuz da şəhərin eybini mənə göstərmir, ancaq səhər açıldıqca ele bil shüuraltım məni yuxuya verir ki, yenə qaranliq başımı aldatsın. Nəyə mi kömək etdi bu bənzətmə? Keçmişi düşündükcə ona qapıldığımı xatırlatdı, gələcəyin gətirəcəyi hər şeyə gözümü yumduğumu hiss etdirdi... Gecə mənə səni, gündüz isə mənə məni xatırlatdı...

*** Həqiqət bir gün bir insanın ağzından qaçdı. Sonra bütün insanlıq onun dalınca qaçdı,qaçdı,tuta bilmədi.

*** Gözlədikləri gələcək pis gələndə,indikilər keçmişin qiymətini bilməyə başlayarlar. Amma bəzən keçmiş qiymətli olduğuna göre deyil, sadəcə gəlmiş olan gələcəyə (indikinə) qarşı çıxmaq üçün.

*** Bağırmağına susmaqla qarşılıq veriləcəksə, ən yaxşısı bağırma. Çünki, hər dəfə yadına düşən öz səsin olacaq və ona öyrəşəcəksən. Bir də çətin bağırasan...

***  Səhvlərinə görə yalnız qalmaqla cəzalandırılan insanlar qədər heç kəsə ürəyim yanmir...

*** İndiki etirazçıların köhnə etirazçılardan tək fərqi-etiraz ediləni tanımamalarıdır.


No comments:

Post a Comment