February 11, 2013

Manifestimdən abzaslar

                                                                                           P.S

... Azadlığına düşkün olan insanlar üçün bəzən dəxlisiz məsələlərdə belə bir-birlərini düzgün anlamaq çətin olur. Nədənsə, mən kiminləsə danışanda, özümü onun yerinə də qoyuram və ola bilsin ki, bəzən mənə onun dedikləri qeyri-səmimi görünür. Bu məndən asılı bir şey deyil, yanlış belə olsa mən buna inanıram. Ancaq məsələ ondadır ki, qarşı tərəf mənim inamımda məni yanıltmağı bacarırsa, bir az çaşıram, yəni nə baş verdiyini anlamıram. Kobud da çıxsa, nədənsə mənə elə gəlir ki, yanıltmaq spontan alındı amma alındı. Sanki mən haqqlı idim ancaq həm də haqsız oldum. Qarışıq yazdım. Açıqlayıram:

Səni tanımadığımı düşünürsən, ancaq bir də tanıdığımı düşün. Tanımadan mən səni nədə isə iddiham edə bilmərəm axı. Ancaq tanıdığımı düşünərək reaksiyalarımı bir az sənin gözləmədiyin şəkildə göstərə bilərəm. Mən bilirəm ki, sənin səmimiyyətində dırnaqarası nümayişlər yoxdur, ancaq həm də bilirəm ki, tez sıxıla bilən insanlardansan, həm də bilirəm ki, hörmət etdiyin insanın xətrinə öz bir anlıq sıxıntılarına görə dəyməzsən, həm də bilirəm ki, qarşındakının sözdən anlayan biri olduğunu bilərək ona sıxılıram demədən başqa cür bu sıxıntını hiss etdirə bilərsən. Qürur, azadlığına bağlılıq və öz şəxsiyyətindən razılıq ortaq cəhətlərimiz ola bilər. Fərqlərimiz isə sadəcə üçüncüdədir. Mən bəzən özümə çox səhayət edib məni özümdən narazı salacaq məqamları taparaq bəzən özümdən narazı oluram. Qarşı tərəflə səmimiyyətim həqiqidirsə, elə bilirəm ki, bu narazılığı o da hiss edib, bu da məcbur edir ki, bu dəfə onun yerinə düşünüm və onun bəyənməyəcəyi bir qərar verim. Onun adına qərar verim. Özümə qıraqdan baxsam, görəcəm ki,  nə məni özümdən narazı salacaq bir vəziyyət var, nə də canını sıxdığım bir kimsə. Təəssüf ki, qıraqdan görüləcək bu vəziyyəti görmək istəsəm də, inanmaqdan qorxuram. Birdən inanıb “saf” yerinə qoyularam. O da qüruruma sığmır. Səndə də olur yersiz qürur qayğıları, əminəm. Hətta bəlkə yanlış insanlara qarşı onu sərgiləyirsən, mənim kimi.

İnanıram ki, mənə dəyər verən insanların diqqətini üzərimdə cəmləyə biləcək biriyəm. Ancaq insanların da qeyri-iradi hisslərinin, hallarının olduğundan xəbərdaram. Məhz, o hallara etibar etmədiyim üçün özümü insanlara məxsus ani, gəlib-keçəcək hisslərin, halların qurbanı etmək və kiminsə canını sıxaraq gözündən düşmək istəmirəm. Məni tanıyan və dəyər verən başqalarının gözündə “özümü” itirmək istəmirəm. Özümlə mübarizəmi başqalarıyla münasibətimə aid meydanlara da çıxarıram. Bu qarşı tərəfi çaşdırır, meydandan uzaqlaşdırır, mən isə anlaşılacağımı düşünərək suallarımla qalıram. Necə alınırsa, yenə özünü günahkar hiss edən mən oluram, halbuki “bağışla” deməkdən heç xoşum gəlmir. Deməyəcəm də. Çünki özümü günahkar hiss etməyimin də bonusları var. Məsələn, bilirəm ki, mən dəyərlərimə verdiyim dəyəri onlara  düzgün çatdıra bilmirəm. Təəssüf ki, onların  mənə verdikləri dəyəri ünvansız saxladıqlarını da bilirəm. Öyrənirəm. Axı, heç kəs bu dünyaya anasının bətnindən təcrübə diplomuyla  gəlməyib... 

No comments:

Post a Comment