February 12, 2013

İldırım sürətli dialoq. Ziddiyyətli.


- İstəyirəm oxumadığım əlli ədəd kitabı götürüm və dəniz sahilində yerləşən balaca bir 
daxmaya köçüm. Kotec də olar.  Gündüzləri kitabları oxuyum, gecələr isə bir qədəh şərab içib beynimi “ürəkləndirim” və ay işığı altında suya girim. Üzüm, üzüm və daxmama qayıdıb yerimə uzanım. Bir az musiqi dinləyim, beləcə də  yuxuya gedim.
- Beynini “ürəkləndirsin”? Yəni gecələr suya girməkdən qorxursan?
- Afərin! Cümlələrimi izah etməyimə ehtiyac saxlamayan insanlarla söhbət etməkdən 
həmişə zövq almışam. Mən dənizi sevirəm, ancaq ona etibar etmirəm. Gecələr dənizin qoynuna atılmaqdan da qorxmuram. Burada tək olacam və yaşadığım həzzin dənizin xəyanəti ilə bitməsini istəmirəm. 
- Bəs niyə bu istəyini həyata keçirmirsən?
- Axı mənim bir ay ortalıqdan qeyb olmaq imkanım yoxdu. Məsuliyyətlərim var.
- Dəlisən? Niyə heç olmasa, bir gün istədiyini etmirsən?
- Bir gün? Bir günə mən əlli kitabı oxuyub bitirə bilməyəcəm axı.
- Olmasın əlli, olsun iki. Əsas o anı yaşamaq deyil mi?
- Haqlısan. Amma ... Nə isə. Mənə fikir vermə. Yadındadırsa, demişdim ki, mən xəyalpərəstin reallığa adoptasiya edilmiş şəkliyəm. Təəssüf ki, macərapərəstliyim də elə dildə özündən razıdır.
- Ekspressiv insansan. 
- Ekspressiv? İfadə olunmağa çalışan? Yəni demək istəyirsən ki, ancaq danışmağa üstünlük verirəm? Yoxsa?
- Yox. Ekspressiv insanlar nə hiss etdiyini və nə düşündüyünü, nə bədən dilində, nə də 
sözdə gizlətməyən insanlardır. Ünsiyyət qurmaqda sərbəst olan, əziyyət çəkməyən insanlardır.
- Bura çox gözəldir, yeri gəlmişkən. Çox saq ol. 
- Bura mənim hər şeydən uzaqlaşmaq üçün gəldiyim gizli ünvanımdır. Yayda burda yaşlı
insanlar da olur. Onlarla söhbət etmək çox zövqlüdür. Əvvəlcə, etibar etməsələr də, sonradan bütün həyat yollarını iyirmi dəqiqə içində sənə ixtisarla danışa bilərlər. Sənin aran necədir yaşlılarla?
- Parklarda beş-altı nəfər yaşlı insanı  skamyada oturub söhbət edən və ya nərd oynayan
görəndə istəyirəm gedib yanlarında oturum və söhbətlərini dinləyim. Ancaq heç vaxt belə bir risk etməmişəm. “Ay bala, get işinlə məşğul ol” cümləsini eşitməkdən qorxmuşam.
- Məncə, sənə bu sözü deməzdilər.Hətta danışmağa başlasaydın, bəziləri düşünərdi ki, sən
onlardan daha yaşlısan.
- Ha ha. Sənin bu motivasiyanla deyəsən, əhatəmdəki dostları yeniləyəsi olacam.
Sahil boyu söhbət edə-edə qayalıqlara tərəf gəlib çıxmışdılar. Daşların üstündə oturub söhbətlərinin kursunu tez-tez dəyişərək maşına qayıtdılar. Düşdükləri tıxacda iş yoldaşlarından birinin maşınını tanıdı, sükan arxasında oturan dost. Siqnal verib salamlaşdılar. İkisi də bir-birindən hara getdikləriylə maraqlandılar. Yollar açıldı, iki dost maşında yollarına davam etdilər.
- Sən çox ağıllı adamsan. 
- Birdən-birə nə oldu belə? 
- Qabaqda oturmamaqla düz etdin. Onun sənə necə baxdığını gördün? Allah bilir, indi beynində nə fantaziyalar doğub.
- Hm... Sığortalı davranmaqda fayda var. Bir də ki, bizim prezidentin mühafizəsində deyəsən hələ qadın yoxdu. Mən cangüdənə oxşayıram ki, qabaqda oturum? Ha ha...
- Əşi, boş ver. Fikir vermə.
- Görmürsən, zarafatımdan qalmıram? Mən niyə fikir verirəm? O düşüncələrinə fikir versin.
- İncimədin?
- Mən insanların düşüncələrindən incimirəm. Onların ki, mənim nə düşündüyümdən xəbəri yoxdur. Bəlkə özləri inciyərlər.
- Oho... Yaxşı sözdür. Sevmədiyim bir insan var, ona deyəcəm bunu.
- Hara gedirik?
- İndi də mənim hər kəsdən gizləndiyim yerə sür. 
Hündürmərtəbəli binanın qarşısında ikisi də maşından düşüb, binaya girdilər. Mansarda qalxıb küləklə salamlaşdılar.
- Elə bilirsən külək salamını eşitmədi?
- ???
- Eşitdi. O, hər şeyi eşidir, ancaq sirr saxlaya bilmir. Bu eşitdiyin səs var e, o, küləyin səsi 
deyil, küləyə açılan bütün sirrlərin xışıltısıdır.
- Mən necə biriyəm?
- Yenə ani sual oldu. Səninlə dostluğum fərqli-fərqli fonlara malik deyil axı. Sənin necə 
biri olduğunu yanlış təyin edə bilərəm. Mənə elə gəlir ki, sən həm hər kəs, həm də heç kəs ola bilmək iqtidarındasan.
- Açıqla.
- Yəni sən həm yaxın, həm uzaq ola bilərsən. Eyni anda. 
- Yuvarlaq danışırsan. Aç bir az. 
- Mənim bu diskursiv nitqimi niyə zorlayırsan? Fikrimi toplamalıyam. Bir də ki, mən bu 
sualı deyəsən bir neçə gün öncə cavablandırmışam.
- Onda da yuvarlaq danışmışdın. Sənin nitqin axı, səlis olmalıdır. Mənə yazdığın o yazını 
hər hansı bir psixologiya fakultəsinin məzununa versəm, oxuduqdan sonra bir də oxumaq məcburiyyətində qalar. Çox maraqlı və ilk oxunuşda anlaşılmayacaq fikirlərin var. 
- Təşəkkür edirəm. Ancaq bununla sualına cavab verim deyə məni yoldan çıxara bilməyəcəksən.
- Bilirsən, mən bu sualı iki növ insana verirəm. Birindən onsuz da cavab gözləmirəm.
Çünki, dayanıb gözünü döyəcəyini bilirəm. Birindən isə əhatəli və məni qane edəcək şəkildə bir cavab gözləyirəm. Sən ikinci qrupa daxilsən. 
- Səni qane edəcək şəkildə? Dediklərim səni qane etməzsə, deməli əslində bu sən deyilsən?
- O mənada demədim. Yəni cavabın açıqlaması da içində olacaq şəkildə. 
- Aydındı. İcazə ver, bir az fikirlərimi nizama salım. 
- Qurban olaram, natiqliyimə.
- Təbiət sənə qarşı xeyirxah davranıb, neynəyək?
- Təbiət qədər də olmadın e.
- Mən təbiət qədər olsam, qaldıra bilməzsən. 
- Qaldırmasam da, darta bilərəm.
- Mən kiminsə dalınca sürünəcək biri deyiləm, dostum olsa belə .
- Sən sürünməzsən ki, mən daşımaq üçün dartaram.
- Nə isə. Keçmə də, sənin bu özündən razılığının dil tapdığı zamanlardan.
- De görək, mən necə biriyəm?
- Təbiət qədər deyilsən, əmin ol.
- Çox saq ol.
- İncidin? 
- Kişi inciməz. 
- Kişiyə nə oldu bəs?
- Heç nə. 
- Bilirəm nə oldu. Sən təbiətlə də rəqabət aparacaq qədər cəsarətli sayırdın özünü. 
- Sayırdım?
- Cavabım qarşılıq olaraq “çox saq ol” alıb səni susdurdusa, deməli cəsarətinin səsini alıb.
- Sən elə say.
- Fələk bizi sayırda hər gün, mən niyə əziyyət çəkim?
- Ha ha ha... 
- Aha, aha, aha.
- Fələk bizim nəyimizi sayacaq?
- Ölülərlə dirilər arasında balans qorunsun deyə, fələk sayı işinə nəzarət edir.
- Sən dəlisən.
- Sən də analitik.
- Darıxıram.
- Kimin üçün? Ya da nə üçün?
- Özüm üçün.
- Kişilər də keçmişləri üçün darıxarmışlar...Puah!
- Nə? Sən elə bilirdin ki, kişilər insan deyil?
- Söhbət insanlıqdan getmir. Mən elə bilirdim ki, kişilər ancaq gələcəkdən ötrü darıxırlar. 
- Yanılmısan, demək ki.
- Mən nadir hallarda yanılıram. 
- Bu da o nadir hallardandır,DEMƏK Kİ. İnsan xəbəri olmadığı zamandan ötrü necə darıxa bilər? Özün fikirləş.
- Dünən gecəni bir yerdə keçirdiyin qadın üçün darıxırsan?
- Bunun nə əlaqəsi ?
- Cavab ver!
- Yox, əlbəttə. Bir günlük qısa qapanma üçün mən niyə darıxmalıyam. Darıxmıram. Bu isə keçmiş demək deyil. Qarışdırma!
- Ancaq sabah səni anlayacaq, səndən çox sevəcək birinin gələcəyinə inanmaq istəyirsən. O gələnə kimi isə növbəti axşamı kiminlə keçirəcəyinin fikrini çəkirsən. Uzaq keçmişi gözləməklə məşğul olub, yaxın saatların da necə nəticələnəcəyinin marağındasan. 
- Bu darıxmaq deyil ki.
- Darıxmaqdır. Özüm üçün darıxıram dedin. Gecə sahiblənəcəyin insanı da qane edib-etməyəcəyinin, sevdiyin insan gəldiyində onu nə qədər özünə heyran edəcəyinin fikrini çəkərək sən gələcək üçün darıxırsan.
- Mən necə gələcək üçün darıxa bilərəm ki? Özün də hiss etdinsə, gələcək məni qocaldacaq və bununla da düşmənimə çevriləcək. Mən onun üçün niyə darıxım?
- Sən ... Necə başa salım? Mmm... Ümumiyyətlə, mənə elə gəlir ki, sən yaşda olan kişilər, nə olduqlarını deyil, nə olacaqları üçün daha çox darıxırlar. Çünki indi necə deyərlər, “çapıb talayan” vaxtlardır, hər meydanın onlara dar gəldiyi yaşlardır yəni, özlərinin çox böyük bir qələbə ilə qarşılaşacaqlarına inanan vaxtlarıdır yəni. 
- Sən kişiləri tanımırsan. Heç tanımırsan. 
- Əlbəttə. Onları tanısam, onlara marağım qalmaz ki. 
- Niyə? 
- Siz qadınları tam tanıdığınızı nə vaxt düşünməyə başlayırsınız? Sahibləndikdən sonra, 
düzdü? Mənim isə sahiblənmək kimi bir xüsusiyyətim yoxdu. Sahiblənmədiyim şeydə isə həmişə mücərrəd bir məqam saxlayıram ki, sahiblənmək həvəsinə düşməyim. Ondan çəkinim. Kişiləri deyə bilmərəm, ancaq qadın kişiyə sahiblənsə, özünü o insanda itirəcək. Mən isə bunu istəmirəm. Sənin kimi bir gün yenə bura gəlib “özüm üçün darıxıram” demək istəmirəm.
- Sanki indi özünsən?
- Keçmişdəki “mən” olaraq qalmasam da, itməmişəm heç olmasa. Dəyişmişəm. Dəyişmə
prosesini də xatırlayıram və nəyi nəyə dəyişdiyimi bilirəm. Parça-parça olsam da, hissəciklərimi bütövün içində itirdiyimi bilirəm. Mmm... Yəni toparlanmaq istəsəm, asan olacaq. 
- Sən niyə belə qəliz cümlələrlə özünü ifadə edirsən?
- Bunlar qəliz deyillər əslində. Sadəcə, mənim “bütöv” dediyim ağlıma o qədər yayılıb ki, cümlələr bir-birinin üstünə çıxaraq ifadə olunmağa çalışırlar.
- Sən nə daşırsan?
- Pufff... Ancaq özüm başa düşürəm? Axı burda çətin nə var e? Dediyim kimi, parça-parça olsam da, hissəciklərimi bütövün içində itirdiyimi bilirəm. Toparlanmaq istəyirəmsə, o bütövün də sərhədlərini bilirəmsə, hissəciklərimi bir araya gətirmək asan olacaq.
- Yəni yenə də keçmişdəki “özünü” qaytara bilərsən.
- Yox.
- Bəs nə danışırsan?
- Keçmişi qaytarmaq mümkündür?
- Yox.
- Deməli, keçmiş qayıtmasa, oradakı “mənə” də ehtiyac olmayacaq.
- Mən sənə dəli demişdim. Amma sən xəstəsən. 
- Oğuz Atay bir əsərində deyir ki, insan susarkən ağıllıdır. Danışdıqda isə axmaqlığı ortaya çıxır. Sənin dediyin xəstəlik isə bulaşıcıdır. Dəlinin gözündə də, hamı dəlidir.
- Dur, gedək. Yoruldum. Yordun məni.
- Mən səni keçmiş qədər yora bilmərəm. O keçmiş bir gecəlik olsa belə.
- Son sözündə kinayəli nöqtə qoymasan, evə gedə bilmirsən, elədir?
- Elədir, elədir.

No comments:

Post a Comment