April 25, 2014

Sahibindən bəndəsinə

Mən sənə azadlıq üfləyən kimi,
Sən gedib meyvəmin köləsi oldun.
Mən sənə ruh verib, can verən kimi,
Sən gedib cansıza aludə oldun.

Qırışlar bənzinə yol salan kimi,
Aynalar üzünü görməz oldular.
Mən sənin gözünə nur verən kimi,
Gözlərin nurumla görməz oldular.

Bugündən sabaha dərd qalan kimi,
Səsin də kəsildi qulaqlarımdan.
Mən dərman yetirib, dərd alan kimi,
Yerlə Göy sədd çəkdi şah damarından.

Mən sənə hərf ilə söz verən kimi,
Sən ruhu ağla və qəlbə ayırdın.
Mən qəlbə sevgini saf qoyan kimi,
Sən durub saflığı ondan ayırdın.

April 23, 2014

“Balaca” ya da “Sahiblənməyən qərib”

KULT.AZ`da yayımlandı.

“Balaca”nın  evi  gündüz vaxtı da elektrik lampalarıyla işıqlandırılırdı. Ağır və tünd rəngli pərdələr günəş işığını içəri buraxmamaq üçün illərini xərcləmiş təqaüdçüyə bənzəyirdi. Qonaq otağının sol küncündə, divardan asılan televizora yaxın yerdə üçayaqlı yazı taxtası, texnoloji avadanlıq üçün nəzərdə tutulmuş xüsusi masa və üzərində kompüter görməyə öyrəşdiyimiz bu masanın hər boşluğunu dolduran  kitablar və dəftərlər diqqəti çəkirdi.  

- Lap müəllim evinə bənzəyir.- demişdim.
- Yazı taxtasını görən hər kəs belə düşünür. Ancaq qeydlərimi yapışqan, rəngli kağızlarda və ya
dəftərdə saxlamaqdan xoşum gəlmir. Mənim hər fikrimin ömrü növbəti dəyərli fikir gələnə kimidir. Bu yazı taxtası da mənim fikirlərimin müvəqqəti mehmanxanasıdır. – qarşılığını vermişdi.

Həmin gün yazı taxtasında adlara və həftənin günlərinə bölünmüş cədvəl çəkilmişdi. Cədvəlin sağ küncündə isə “eqoizm şkalası” yazılmışdı. Nailə, İradə və Sahil adlarının qarşısında həftənin hər gününə aid müxtəlif miqdarda ulduzlar çəkilmişdi. 

- Bu ailə üzvlərim üçün nəzərdə tutulub. 
- Mən sənin yalnız yaşadığını düşünürdüm. 
- Doğru düşünürsən. Bu ailə üzvləri yaddaşımda qalanlardır. 

Bacısı, anası və qardaşını nəzərdə tutmuşdu. Harda olduqlarını və niyə onlardan ayrı yaşadığını açıqlamasını istərdim, ancaq tələsməməyə qərar verdim. 

- Gördüyün bu cədvəldə hər kəs gündəlik eqoizm hesabatını ulduzlarla qeyd etməlidir. Beş ulduz nəzərdə tutulub bunun üçün. Hər kəs atdığı eqoist addımı neçə ulduzla qiymətləndirirsə, öz adının önünə o qədər ulduz çəkəcək. 
- Bəs sənin adın burda yoxdur?
- Mənim yalnız yaşamağım ulduzlara ehtiyac saxlamadan məni xudbin etmirmi?

Yenə də özü haqqında mənfi məqamı vurğuladı. Bu insanın özünü hamıdan çox sevdiyini, yoxsa hamıdan çox özünə nifrət etdiyini, müəyyən edə bilmirdim.  Diqqətsizliklə masanın kənarındakı qəhvəyi qeyd dəftərini yerə salacaqdım ki, refleksim vaxtında vəziyyəti qurtardı. Dəftəri yerinə qoyduqdan sonra bir müddət gözlərimi üzərində saxladım. 1998-ci ilin çapı idi. Dəftərin sahibi haqqında məlumat, aylar və həftənin günləri türk dilində yazılmışdı. Türkiyə istehsalı bir qeyd dəftəri idi. Bir az da hərbiçilər üçün nəzərdə tutulmuş dizaynı var idi. 

- Sən nə içəcəksən? Çay? Qəhvə?
- Çay, zəhmət olmasa.
- Okay.

O çıxdıqdan sonra dəftəri açıb içinə baxdım. Üçüncü səhifədə səliqəli xətlə “Sahiblənməyən qərib” başlıqlı qeyd  yazılmışdı: 

Sahiblənməyən qərib:  "Zaafımın üzerine siyah perde çeksem bile, beklediğim ışığa hayalimde öyle bir güç verdim ki, ışınları yaklaştığında perdeyi yaka bilir" – denebilirdi, eğer yaşım daha küçük olsaydı. Ama birinin kafasına "olgunlaşmak" kelimesini sokarlar ve o insan da bu kelimeyi tam anlamıyla yoğurursa, onun siyah perdeleri çelikten (poladdan) olur. O çelik öyle bi' parlar ki, gizlettiği zaaflar diri diri gömüldükten sonra ölen cisme benzerler. Yani heyecanı kalmaz. İşte, ruhun bu çelik kabuğa alışması biraz zaman alır ve kavrulur kalırsın ince düşüncenle başbaşa...Evet. Karanlık veya ışık fark etmez. Beynin içten ışınlanması lazım.

Başqa heç bir yazıya rast gəlmədim. Başqa heç bir səhifədə cızmaqara, rəsm və ya qələmdən hər hansı bir iz yox idi. Dəftəri yerinə qoydum. Görünür çox qorunan bir dəftər idi. Hər halda belə ağıllı insanın onu göz önündə saxlamağı da, hər kəsdən gizlətdiyi üçün idi. Dəftəri yerinə qoydum və mətbəxə onun yanına getdim. 

- Darıxdın deyəsən.
- Əlbəttə, sənin səsin mənim olduğum əraziyə yayılmayanda hava axınının da düzgün dövriyyə etmədiyini düşünürəm. Anomaliya.
- Ha ha ha. 

Onun evini ilk ziyarət etdiyim gün ona toxunmağıma izn verməmişdi. Gecə mənə sarılaraq yatmışdı. Açığı, mən onunla ruhumu paylaşdığım qədər cismimi də paylaşmaq istərdim. Lakin ona etiraz edə bilmirdim. Heç bir şeydə, onun heç bir istəyində ona etiraz edə bilmirdim. Ən şəhvətli arzularımın üzərinə kölgə salmağa təbəssümü kifayət edirdi. Bütün gecə sinəmdə nəfəsini hiss edərək yuxuya getmək istəsəm də, o nəfəsin ruhumu genişləndirdiyini düşünürdüm və yataraq anı durdurmaq istəmirdim.  Səhər onun oyanmasını gözləmədən getmişdim. Bilirdim ki, məndən bunun hesabını sormayacaq. Bəlkə heç bir də evinə dəvət etməyəcəkdi? Onun xasiyyəti, əhvalı mənim üçün mücərrədliyini qorumağa davam edirdi.

Bir neçə gün keçmişdi. Telefon zənglərindən və ismarıclardan başqa ünsiyyətimiz yox idi. Oktyabrın 14-ü məni yenidən evinə şam yeməyinə dəvət etdi. Çiçək və şokolad alsam, onun sevmədiyi romantizm abu-havası yaratmış olacaqdım. Spirtli içki alsam, ondan nəsə gözlədiyimi düşünəcəkdi. Bəlkə sadəcə bəyaz qızılgüllər alım? Ona nə qədər bağlandığımı ifadə etməyə qoymasa da, ağ qızılgüllər bağlılığımı onun şüuraltısına ötürər.  

Qərarsız qaldığım üçün ikinci ev ziyarətinə də əliboş getdim. Məni sehrli təbəssümüylə qarşıladı. Yazı taxtasındakı cədvəl silinmişdi. Bu gün yazdıqlarından diksinmişdim. Milyonların qarşısında çılpaq qaldığımı düşündüm oxuduqdan sonra: 

Sahiblənməyənlərin   qısqanclığı:  Sahiblənməyənlər heç vaxt onlara dəyər verən birini başqa birinə dəyər verməyə başladığı üçün qısqanmazlar. Çünki sahiblənməyənlər qarşılarındakı insan üçün “dəyərli” olduqları zaman bunu ifadə edən o şəxsin sözlərini xatırlayarlar. Bir gün öz sözlərinin əksinə davranan hərəkətlər isə sahiblənməyənlərdə qısqanclıq yox, təəssüf hissi oyadır. Bu təəssüfü isə insan qarşısındakının üzünə əlbəttə ki, vurmaq istər. Lakin daha bir təəssüf ondan ibarətdir ki, cəmiyyətdə və elə qarşındakı insanda sahiblənmək instinkti yüksəkdir və o bu “təəssüf silləsini” qısqanclıq silləsi olaraq qəbul edəcək və sevinəcək ki, dəyərlidir. Əzəldən bir şeyi dəqiq bilirəm: kartla qarşına çıxanın gərək ən son “kozır”ini gözləyəsən. Çünki oynaya bilməyənin vaxtından əvvəl qələbə sevinci qədər heç nə, onun boğazına yapışdıracağın “qalstuk”u dəyərli etmir.
  P.S. Oyundan anlayanlar anlar.

Keçən dəfə qeyd dəftərini icazəsiz oxuduğum üçün məni utandırmaqmı istəyirdi? Axı o məni həmin an görə bilməzdi. Mətbəxdə idi. Ağzımı açıb söz deməyə çalışsam, səsim məni ələ verəcəkdi. Susub heç bir reaksiya vermədən kresloda oturdum. Gəlib yanımda oturdu alnımdan öpdü. Özümü lap uşaq kimi hiss etdim. O iyirmi üç yaşında, mən isə iyirmi səkkiz yaşındaydım.  Buna baxmayaraq bəzi hərəkətləri məni qəflətən aciz duruma salırdı. Bilmirdim qarşılığında nə deyim və ya, nə edim. Başımı qaldırıb onu öpmək istədim. Dəri kreslonun kənarından yavaşca sürüşüb məndən uzaqlaşdı. Mənim üçün rəqs hazırlayıbmış. Ancaq hələ tamamlanmadığı üçün bugün nümayiş etməyəcəkmiş. Təəssüfləndim. Heç olmasa, hansı musiqini seçdiyini soruşdum. O da notebook`da reggae janrında ən sevdiyim mahnılardan birini açdı. Seçimini bəyəndiyimi söylədim. Gülümsədi və yenidən gəlib yanımda oturdu. Bu gecə danışmağa meyilli deyildi. Əhvalında isə naxoşluq hiss olunmurdu. Şəxsi məsələlərini mənimlə paylaşmamağı məni üzürdü. Bu ideya deposu olan insanın fikirlərinin haradan qaynaqlandığını, necə bir həyat tərzinin təcəssümü olduğunu bilməmək məni tanımadığı ölkəyə dil bilmədən gələn turist vəziyyətinə salırdı. Qorxumdan, bəli, onu itirməmək qorxusundan hər bir anı gözümdə böyütmədiyimi göstərirdim. 

- Səncə, birinə həqiqəti deməmək, onu aldatmaq anlamına gəlir?
- Daha doğrusu?
- Məsələn, birini incidəcəyini düşünüb ona həqiqəti demirsən sadəcə. Əgər sən deməsən, o da bilməyəcək. Amma əgər bir şəkildə öyrənsə, sən də deyəcəksən ki, soruşmadın deyə mən də demədim. Səncə bu aldatmaq sayılır?
- Fərdə görə dəyişir, məncə. Mənə qarşı belə bir şey olsaydı, mən aldatmaq kimi dəyərləndirərdim. Əgər məndən bir şeyi gizlədirlərsə, deməli mənim onu bildikdən sonra verəcəyim qərardan və ya reaksiyadan çəkinirlər. Mən bu həqiqətdən uzaq olsam, deməli onlara layiq olmadıqları varlığımı bəxş edəcəm. 

Eşidiləcək şəkildə udqundum. Gözlərimin içinə baxaraq soruşdu:
- Mənimlə paylaşmağı unutduğun bir şeymi var?


O gözlərdə insanı qorxudacaq heç bir aqressiya, heç bir kin, nifrət, həyəcan yox idi.  Məsumiyyət o gözlərdə o qədər sakit yaşayırdı ki, insan yatanlar oyanmasın deyə barmaq ucunda hərəkət etməyə məcbur hiss etdiyi kimi hiss edirdi özünü, təki o gözlərdəki sakitlik pozulmasın. Ancaq hər şeyi onunla paylaşmağa, onun fikrini almağa öyrəşmişdim. Artıq altı aydır ki, həyatıma sızan hər şüadan onun xəbəri olurdu.  Bu dəfə isə udqunaraq gözlərimi qaçırdım və unutduğum bir şey olmadığını vurğuladım. Yenə mənə sarılaraq yuxuya getdi. Axı nədən qorxursan? Düzü, mən də özümdən qorxurdum. Boşanmadan altı ay keçməsinə baxmayaraq, heç kəslə “əlaqə”də olmamışdım. Əlimdən gələni edirdim ki, ondan aqressiyamı və özümdə olmadığımı gizlədim. Son zamanlar tanımadığım bir qadından gələn ehtiraslı və tanışlıq istəkli mesajlar da, təbiətin orqanizmimə yerləşdirdiyi biozəngi çalmışdı. Qucağımda yuxuya gedən bu balaca canlıya xəyanət edəcəyimi düşünürdüm. O mesajları cavabsız qoymağa davam edirdim. 

Səhər yenə o oyanmadan çıxdım evdən. Bu dəfə dərin bir həsrət çökmüşdü içimə. Qapıdan çıxdığım andan növbəti görüşə kimi vaxtın uçmasını arzu edirdim. Bir neçə gün daha yubansaydı, özümlə bağlı bütün qorxularım özünü doğruldacaqdı. Bəlkə ona özüm yazım hər şeyi? Yox, yox... Gözləyərəm. Gözləyərəm əlbəttə. 


“Bilirəm, bilirəm məni eşidirsən. Bilirəm, məni hər kəsdən daha çox hiss edirsən. Ağlıma və ürəyimə bu qədər hakim ikən, niyə mənə yaratdıqlarının əziyyət verməsinə icazə verirsən?! Niyə istəmirsən mənim ruhumu onların təsirlərindən ayırmaq? Nə olar, al əllərimi və  hirsimi bəndələrlə paylaşmaqdan məni məhrum et! Nə olar, al ürəyimi və onu bəzədiyin qüruru ona geri qaytar. Mən onu nə vaxt itirdiyimi xatırlamıram. Niyə məni bu bəndələrə, sevmədiyim, iyrəndiyim, uzaq durmaq istədiyim bəndələrə möhtac saxlayırsan? Niyə onlara izn verirsən mənim sahiblənmək istəmədiyim hər şeyi gözümün önündən çəksinlər. Sahiblənmək istəmədiyim hər şeyi özlərinə aid etsinlər? Niyə onlara bu icazəni verirsən? Mən yoruluram axı! Mən burda təkbaşına günlərlə ağlamalıyamsa, gözlərimə dərya qədər su ver, ağlayaram amma nə olar məni ona yazmaqdan qoru! Qoru! Bax , əllərim yenə telefonun üstünə gedir! Məgər mən o qədər pis bəndəyəm? Məgər mən o qədər sevilməz hala salmışam ruhumu? Məgər bu cism özünü sənə verdiyin kimi qaytarmaq istəməkdə günahkardır? Məni ... Mən... Bilirəm, eşidirsən. Eşidirsən! Bilirəm ...”

Qapı ağzında bunları eşitdikdən sonra qapını döymədim. Gözlərimdən düşən iki damla yaşın izini silib qulağıma onun hönkür-hönkür qışqıran göz yaşlarını yığıb oradan uzaqlaşdım. Ondan ayrı qala bilmirdim, onun yanına qayıtmağa cəsarət etmirdim. İstərdim ki, yanına qayıtsam məni parçalasın, öldürsün, məhv etsin, hirsini töksün, ancaq bilirdim ki, qayıtdıqda məni yenə də o məsumiyyətin susan baxışları qarşılayacaqdı. Bu isə mənim üçün cəhənnəm əzabına bərabər bir an olardı. Mən günahkar idim. 

Ondan zənglər yubanır, ehtiraslı mesajlar yazan qadın isə dayanmırdı. Hətta bir dəfə qarşıma çıxıb özünü təqdim etmişdi.  Adminstratoru olduğum restoranın yaxınlığındakı mağazada satıcı-konsultant imiş.  Bir həftə keçmişdi və mən üçüncü dəfə aldığım dəvətə etiraz etməmişdim. Yenidən onun sinəmdə nəfəsini hiss etdikdə dözə bilmədim və ona ehtiraslı mesajlar yazan qadından bəhs etdim. Başını sinəmdən qaldırıb üzümə baxdı. Heç nə demədi, yenidən əvvəlki vəziyyətinə qayıtdı. Bir neçə dəqiqə sonra:

- Ona etiraz etmək düzgün deyil. Bu sənin səhətinə mənfi təsir göstərəcək. Madəm ki, fürsət qapına qədər gəlib , bu könüllünü qaçırmamalısan. Neçə vaxtdır bunun stresidir üzünə yansıyan?
- Mən onunla olmağı sənə qarşı xəyanət hesab edirəm. Neçə vaxtdır məhz bu xəyanəti sənə
yaşatmamaq üçün onun mesajlarına cavab yazmır, onu saymıram. Əgər onun ucbatından səni itirəcəyəmsə, mən səhətimə yansıyacaq hər mənfi təsirə razıyam. Mənim ən əsas dərmanım, vitaminim sənsən.
- Yenə başlandı sənin bu pafoslu nitqin? Mən səndən kiçiyəm, 14-15 yaşlı yeniyətmələrdən böyüyəm.

Hər halda bunun fərqindəsən ? Sən bilirsən axı, mən söz vermişəm, heç vaxt “məsumiyyətimi” itirməyəcəyəm. Sənin sevgin mənə qarşı nə qədər böyük olsa da, əbədiyyətə qədər məni gözləyəcək orqanizmə sahib deyilsən. Mən səni başa düşürəm və dəstəkləyirəm. 

Bu söhbətdən sonra mənə daha möhkəm sarılıb yuxuya getmişdi. Həmin gecə mən də yatdım. Səhər oyandıqda isə ilk dəfə onun üzümə dikilən gözləriylə bu qədər yaxından qarşılaşmışdım. Alnından öpüb demək olar ki, qaçmışdım onun yanından. 

Olan olub, keçən keçmişdi. Bunu onunla paylaşmaq lazım idi. Ancaq bunu mən ona necə dəyəcəkdim? Sanki hiss etmişdi ona xəyanət etdiyimi. İki həftədən çox idi ki, nə yazırdı, nə də zəng edirdi. Mənim də cəsarətim çatmırdı ondan öncə davranmağa. Hətta fikirləşirdim ki, bir daha məni axtarmasa, məni qurtarmış olacaq. İndi də başqa bir bədən mənə öyrəşmişdi. Görəsən, yemək və fiziki tələbatların ödənməsi ehtiyacı olmasaydı, insanlar nəyin davasını edərdilər bir-birləriylə? 

... Və qorxduğum gün gəlib çatdı. Noyabrın iyirmi yeddisi yağış səngimək bilmirdi. Fikrim dağılsın deyə internetdə gəzib dolanmadığım səhifə qalmamışdı. Bir gözüm telefonda, bir gözüm noutbukda, ürəyim qorxuda, ağlım bilinməzlikdə qalıb məni parçalayırdılar. “Balaca” zəng edib məni evinə dəvət etdi. Səsindəki laqeydlik həmişəki kimi özünü qorumaqda idi. 

Sahiblənməyənlərdən: Kəşf etmək; Tapmaq; Axtarmaq; Bunlardan heç
                                     biri “yoxlamaq” qədər təhlükəli fel deyil. 
                                  Səmimiyyətə dəvət edənlərin çoxu,
                                     Sizi tənqid edərək təhrif etmək  istəyənlərdir.

Bu yazı taxtasına yazılanların effekti hər dəfə eyni olurdu. Mən özümü onun qarşısında narahat hiss edirdim.

- Rəqsimi tamamlamışam. 
- Aaa.. Lap ya...- sözümü bitirmədən musiqi sədaları altında onun əllərinin havada anlaşılmaz naxışlar çəkərək dalğalandığını, ayaq hərəkətlərinin rəqsi yubatdığını və musiqinin taktına uyğunlaşdığının şahidi oldum.

Kaş o rəqsinə alüdə olub öz aləmində ikən, mən də ona hər şeyi danışa biləydim. Bəlkə heç nə eşitməzdi və mən də içimdəki tikandan qurtulardım. Bu həqiqəti səsli düşünməməkdən dəli olacağam.

- Mən sənə sahiblənməyənlər haqqında danışmışam?

Rəqs bitməyib axı. Niyə anidən bu sualı verdi? Nə cavab verim? Hər dəfə evinə gələndə lövhədə oxuduqlarımın məni utandırdığını etiraf edim? 

- Yox. Danışmamısan.

Əlləri havada naxışlar çəkməyə davam edir, ayaqları yerində dövrə vurur, səsinin dalğası isə rəqsə sehrini qatırdı. 

- Sahiblənməyənlər kimlərdir? Onlar başqalarının həyatında səssiz film kimidirlər. Dərin
təəssürat buraxsalar da, başqaları bu insanları ifadə edəcək söz tapa bilmirlər. Sahiblənməyənlər hər zaman başqalarının həyatının sirri kimi qalırlar. Mənsubiyyət şəkilçiləri onları başqalarına mənsub etmir. Sahiblənməyənlər heç kəsin azadlığını əlindən almır və yeni-yeni yetişən sahiblənməyən fərd, sahiblənmək istədiyinin şəklini yaddaşında əbədi xatirəyə çevirir. Beyninə ilk qurdun düşdüyü gün, o xatirənin düşdüyü gündür. Sonra hamı, hətta sahiblənməyənin özü də o qurd barədə unudaraq yaşayar. Ancaq həyatının hər bir “bağlantı” yaradan anını o qurd idarə edər və bağlantıları, bağlılıqları kəsər, içində ehtiras, eşq, sahiblənmək istəyini oyada biləcək bütün hisslərdən doğan  münasibətləri yarımçıq saxlayar.

- Mən fikirlərimi sənin kimi ifadə edə bilmirəm, ya da demək istədiklərimin əslini başqa cümlələrlə
ifadə edərək gizlədə bilmirəm. Ona görə də səni bəzən başa düşmürəm.  
- Səni narahat etmədim?
- Nə üçün belə düşünürsən?
- İsti qucaqdan ayrılmaq həmişə asan deyil. Səncə, uzun müddətdir səni axtarmamağımın səni narahat etməməsi mənə hər şeyi aşkar etmir? Bu iki şeyin göstəricisi ola bilər: ya sən məndən uzaqda olmaqdan çox xoşbəxtsən və yaşadıqlarını mənim korlamağımı istəmirsən, ya da sən o qədər dərin vicdan əzabı çəkirsən ki, mənim sənə zəng etməməyim və yazmağım səni  özündən xilas edir.
- Vicdan əzabı? Axı mən niyə vicdan əzabı çəkməliyəm? Mən sənə demişdim, bu təbii ehtiyacdır.
İnsanlar  tanıyıram ki, məhz bu ehtiyacı uzun müddətdir ödəməyiblər deyə səhətlərində ciddi problemlərlə qarşılaşıblar. Mən sənə xəyanət etmiş olsaydım, bunu öncədən səninlə paylaşmazdım. Düzdür? 
- Məncə, sən məndən edəcəyin “işin” icazəsini alacaq qədər böyük hörmətsizlik etdin mənə qarşı.
Səni yolundan saxlamamağımın tək səbəbi səhətində problemlər yaşanacağı ehtimalını önləmək idi. Bilirdim ki, mən qarşı çıxsam sən heç bir addım atmayacaqsan. Özünə və sağlamlığına ziyan vuracaqsan. Zamanla orqanizminlə yaşadığın problemlər səndə mənə qarşı neqativ hisslər oyadacaq. Kiminsə gözündən düşmək mənim üçün dözülməzdir. Mən özümü həddindən artıq çox sevirəm və hətta ən mənfi xüsusiyyətlərimin başqalarına necə “satılmasını” bilirəm. Məsələ, mən səninlə olmağa davam edərdim, lakin sən həqiqətlərinlə, yalanlarının paylaşılma zamanını düzgün nizamlaya bilmirsən.
            Qısacası, münasibətimiz burada yekunlaşır.  Bu gecə də sənə sarılaraq yuxuya gedəcəyəm. Nizam-intizamın pozulmasını sevmirəm. Səhər isə xahiş edirəm, bundan öncəki gecə kimi yubanma. Mən yeni sabaha oyanaraq səni bir daha görmək istəmirəm.

Bütün bu cümlələrin qarşılığında mən nə deyə bilərdim? Bu xilasdan imtina etməliydim? 

Səhər saat dörd-beş arası oyanıb qonaq otağına keçdim. Siqaretimi yandırıb çəkmək istədim. Sonra fikrimi dəyişib qəhvəyi dəftəri götürdüm. Qonaq otağının ruhu bu dəftərdə gizlədilib sanki. Dəftəri götürüb balkona çıxdım və səhifələməyə başladım. Oktyabr ayının 31-də eyni səliqəli xətlə “Uduzmuş sahiblənməyən” başlıqlı qeyd yazılmışdı. 

Uduzmuş sahiblənməyən: Başqa planetdən olub Yer planetində yaşamaq istərdim. Fiziki cəhətdən də, mənəvi cəhətdən də başqa təbiətə sahib olub başqa aləmin canlısı olaraq indi yaşadığım planetdə yaşamaq istərdim. Hər insanın yaşadığı dünyanı öz aləmimdə olduğu kimi təhrif etmədən yaşamaq istərdim. Uduzdum mən. 
Hər kəsə hər şeydə uduzdum. Mən artıq kim olduğumu və kim olmaq istədiyimi ayırd edə bilmirəm. Məndən heç nə saxlamadılar. Ən böyük qurbanlarda “sevgi” görüb onu adiləşdirdilər və adiləşdirdikləri qurbanları məndən tələb etdilər. Doğulduğum gündən bəri axıtdığım damla-damla qanımı görməyib, iyirmi üç illik ömürdən sonra mənə dedilər ki, qan lazımdır, donor ola bilərsən? Onlar görmürdülər ki, son damla qanım qalıb, ancaq bilirdilər ki, mən onların sualına qanımı verməklə cavab verəcəm. Mən fərqli yarpaq olmaq istədim, mənə isə yapışmalı olduğum ağacı göstərdilər. Mən ağac olmaq istədim, mənə bitməli olduğum torpağı göstərdilər. Mən torpaq olmaq istədim, mənə yararlı olacağım ərazini göstərdilər. Mən su olmaq istədim, mənə susuzluqlarını yatıra biləcəyim boruları göstərdilər. Mən başqa şey istədim, onlar başqa şey göstərdilər. Mən gördüyümə qovuşmaq istədim, onlar gördüklərində məni görmək istədilər. Mən mən dedikcə, əsərlərindən zövq almadığım “uşaq-muşaq” təbiətli insanlarla eyniləşirəm. Təhrif edilmişəm və bunun dərəcəsi yoxdur. Mən öldüm.

Onun hönkür-hönkür ağladığını və duaya bənzər nitqlərlə kiməsə müraciət etdiyini eşitdiyim gün yanlış xatırlamıramsa, 31 oktyabr günü idi. Onu mən öldürmüşəm? Yox, ola bilməz. Axı mən... Bir neçə səhifəyə də baxdım. Noyabrın müxtəlif günlərində qısa-qısa qeydlər var idi: 

Sahiblənməyən biri:  “Bir günümə keçmişdən, gələcəkdən və  günümdən əlavə bir gün qatdım və başa düşdüm niyə vaxtından tez böyüdüyümü iddia edirlər. Bağışlayın, bu həqiqətdə təvazökar ola bilmirəm.”

Sahiblənməyənlərin zəif anı:  Yaddaşı xilas edəcəyik deyib ta dibinə qədər  xatırlamaqdan “imtina edərək” irəliləyirlər. Yol qət edildikdə isə “xilas edilmiş” ərazini ani bir qoxu bürüyər. Bitdi. Əməliyyat uğursuz tamamlanmışdır. 

Sahiblənməyən yad biri: Orijinali bulmak için yetişmeniz, onların kaybını kaldıracak kadar güçlü olmanızı sağlıyor. Bulana kadar geçtiğiniz yol, kaybettikten sonra geçeceğiniz yolun kılavuzudur. Sanki bi` balıkçı bulutların üzerinde oturmuş, sizin bulduğunuz “orijinal”in hangi yemle avlandığını biliyor ve böylece onu sizden alıyor. Acaip bir sistem. 

Sahiplənməyənlərdən biri : Uzaqlaşan səslərin dalınca gedən ruhumu, yaxınlaşan  səslər nə qədər geri çağırsalar da, qayıtmaq istəmir.

Dəftəri bağlayıb yerinə qoydum. Həmin gün evə yox, ehtiraslı qadının yanına qayıtmışdım. Bir neçə ildən sonra “Balaca”nın başqa ölkəyə köçdüyünü eşitdim. Bu xəbəri öyrəndiyim gün yuxudan ayılmışdım. Bütün yuxularımdan. İndi bir həqiqət var idi: İnsan nə qədər ağıllı olur-olsun, səhvlərini edib onlarla böyümək üçün özünü hər zaman uşaq saxlayır. Ya səhvlərindən zövq alır, ya böyümə prosessindən. Hər ikisi ona əzab verir, amma bu əzab göstəriş üçündür. Yalandır. Mənim ən çox böyüdüyüm an “Balaca”nın yanında yaşanmışdı. Ondan ayrıldığım gün ehtiraslı qadının yanına qayıtmaqla, mən özümü hər şeydən məhrum etmişdim. Böyüməkdən də, səhvlərdən də, xoşbəxtlik ehtimalından da. İndi ya o xoşbəxtdir, ya da mən? Burası da gülüncdür, elə deyilmi? Ya “Balaca” xoşbəxtdir, ya da mən? Bəlkə də özünü bədbəxt hesab edən ehtiraslı qadındır içimizdə ən xoşbəxt olan şəxs. Ha ha ha...

April 12, 2014

94.7 FM

Tələbə vaxtlarımda iddia edirdim ki, mən bu rayona qayıtsam ya universitet rektoru, ya da rayon İcra Hakimiyyətinin başçısı olaraq qayıdacağam. Fələklə həmişə əks istiqamətlərdə yol aldığımız üçün indi rayon mərkəzində yerləşən Sovetdən qalma bir binanın işıqlı koridorlarıyla öz otağıma doğru hərəkət edirəm. Doğma rayonun təhsil şöbəsinin müdiriyəm. Çoxları bu vəzifəyə yüksəlməyin xəyalını qurub keçirəcəkləri islahatların siyahısını təxəyyüllərində hazır tutsalar da, mənim o xəyallardan imtina etdiyim gün - ilk iş günüm idi. Darıxdırıcı sənədlərin imzalanması, məktəb tədbirlərində iştirak və bürokratiyanın tələb etdiyi bəzi “çarəsiz” tabeliklər. “Üstü bəzək, altı təzək” misalıyla təmir edilən kabinetimdə oturub siqarətlə ağlımı dumanlandıranda ən çox düşünməyə vaxt ayırırdım. Boz görünən həyatımdan şikayət etməyi çoxdan tərgitmişdim. İndi boz rəng çox dəbdə olsa da, çalarları hər kəsin həyatında bir şəkildə özünü göstərsə də, şəxsən  mən  bu rəngin varlığına hərdən şübhə ilə yanaşıram. Deyilənə görə, Çarli Çaplin siqarət tüstüsündən ard-arda altı dairəcik buraxıb içindən də birini keçirə bilən şəxsə böyük pul hədiyyəsi vəd etmişdi. Məlumat dəqiq yadımda deyil. Otağın dumanı kimi, yaddaşım da dumanlıdır. Bildiyimə görə, siqarət çəkənlərdən heç kəs hələ də bu şücaəti göstərə bilməyib. Bəlkə məndə alınar?

Rayonun ən gənc məmuru hesab edilsəm də, bir ömür qocalıb ölüb yenidən dirilən biri kimi hiss edirəm özümü. Bəlkə ona görə belə laqeydəm? Telefonumda müasir proqramların demək olar ki, hamısı var. Canımı sıxan məmurlardan və ailəmin təzyiqiylə evləndirildiyim həyat yoldaşımdan başqa heç kimlə əlaqə saxlamıram. Cavanlıq zövqlərini çox vaxt “səhvlər” olaraq dəyərləndirən böyükləri fikrindən daşındırmaq çətin məsələdir. 

Qəti aram yoxdur telefon və nömrə dəyişməklə. Ancaq “dəblilərdən” geri qalmağı da xoşlamıram. Ona görə də telefonu yeni modelə dəyişib köhnə nömrəmi taxaraq istifadə edirəm. Nömrəm on ilə yaxındır dəyişmir. Nömrənin ömrü uzandıqca, axtaranların ömrü qısalır. 

Bu rayonda müasir tikililərin sayı nə qədər artsa da, çayxanaların varlığı mənim “boz” həyatımı rəngləndirən çalarlardandır. “Dəblilər”lə ayaqlaşsam da, qəsdən onların sevmədiyi mənzərələrin içində olmaqdan çəkinmirəm. Bəzi “yaxşılığımı düşünənlər” tez-tez gəlib qulağıma pıçıldayırlar ki, xalq arasında “çayxanada oturan maarif müdrindən təhsilimiz nə gözləyir?” sualı yayılır. İstəyirəm belə vaxtlarda məni tanıyan  bu “yaxşı” insanlara deyəm ki, bəs onlara veriləcək cavabınız yoxdurmu? Ancaq həmişə bu pıçıltılardan sonra çayımdan qurtum alıb domino oynayan dayıların oyununu müşahidə etməyə davam edirəm. On beş dəqiqə sonra isə insanı “boz” həyatdan uzaqlaşdıran bu məkanın özündən uzaqlaşıram. Sonra deyərlər ki, maarifçinin bütün günü çayxanada keçir. Bu da dəbin bir parçası olub dəbə ziyan gətirir. 

Axşam saat səkkizdir. Çiskin yağan yağış fasilə elan edib. Yağışlı havada günəş tez gizlənir. Yavaş-yavaş çökən qaranlığın çığırlarıyla evə tərəf addımlayıram. Mənim kitablarla dolu, dörd otaqlı, geniş həyətli evim iş yerimdən iyirmi dəqiqəlik uzaqlıqda yerləşir. Bu yolu piyada qət etdikdə isə yol təqribən qırx-qırx beş dəqiqə uzanır. Maraqlıdır, oxuduğum kitabların siyahısını pıçıldaşan kütlənin önünə sərsəm, mənim çayxana ziyarətimdən məmnun qalmağa başlayarlarmı?

1-ci ya da 2-ci sinifdə oxuduğum vaxtlar yadıma düşdü. Son dərs idi. Məktəb partasında iki şagirdin arasında çanta qoymaq üçün yer var idi. Bizdə isə həmin çanta qoyulan yer metal simlərdən hazırlanmışdı. Zəng vurulan kimi hər kəs çantasını götürüb qaçardı. Bir gün mənim çantamın kəməri o simlərə dolaşdı. Nə qədər özümə tərəf çəkdimsə, xeyri olmadı. Simlər inadla çantanı buraxmaq istəmirdi. Müəllim də otaqdan çıxarkən şərti reflekslə qapını bağlamadan öncə bir daha sinifə göz gəzdirdi. Məni görmədi. Başım çantanı simlərdən ayırmağa o qədər qarışmışdı ki, səsimi də çıxarmamışdım. Müəllim qapını bağlayıb otaqdan çıxan kimi çantam  da simlərdən “qurtuldu”. Tez qaçıb qapını döyməyə başladım və anında müəllim qapını açdı. Çox qorxmuşdum. 

Səhər Nilaya whatsappla “Salam” yazmışam, görəsən oxuyub? Fikirlərimin qarışdığını hiss edib ətrafıma baxdıqda gördüm ki, on bir il təhsil aldığım orta məktəbin həyətindəyəm. Bu saatlarda məni burda görən ya “oğru”, ya da  “dəli” zənn edər. Şəhərə gəldikdən sonra bu həqiqəti nə qədər rədd etməyə çalışsalar da, rayon yerində düşüncə tərzi tamam başqa cürdü. Bir siqaret yandırıb uşaqlığımızın şahidi olan palıdın altında dayandım. Paltomun cibindən telefonu çıxarıb whatsappı açdım. Nilaydan cavab gəlmişdi: “Salam, bağışlayın tanımadım.Kim idi?” Avtomatik kim olduğumu yazdım və çox şükür o da anında tanıdı. Keyf-əhval tutub haralarda olduğumu xəbər aldı. Mən də geniş açıqlamalarla cavab yazdım. Ona eyni sualı ünvanladıqda isə Bakıda mətbuat sahəsində işlədiyini bildirdi. Ailə qurmayıb. Qəribədir, görəsən niyə? İndi hardasa, iyirmi səkkiz yaşı olar. Aramızda on il yaş fərqi var. Hərdən beynim düşünmə sahəsini daraldır deyəsən. Bu nə sualdır verirəm? Qızın ailə həyatı qurub-qurmaması məni niyə narahat etsin?  Qocalıram yenidən. 

Əgər desələr ki, dünyada kişi qədər güclü, alim qədər savadlı və gözəllər gözəli bir insan yaşayır, mən Nilayın adını birinci çəkərəm. Baxmayaraq ki,uzun müddətdir ünsiyyət saxlamırdıq, yazı tərzimdən canımın sıxıldığını hiss etmişdi. Mən də heç nəyi gizlətmədən ona aydınlanan dumanlı yaddaşımın məktəb xatirələrini, bağlı otaqda qalıb qorxudan öləcəyimə dair düşüncələrimi yazdım. Nilay yazdı ki, inanmır o uşağın qorxudan ölə biləcəyi ehtimalına. İzah edə bilər. Paylaşmasını istədim. Hardasa beş dəqiqə keçdi. Uzun zamandır  beş dəqiqənin gözümdə bu qədər uzandığını hiss etməmişdim. Nəhayət ki, cavab gəldi: 

“Murad, sənin bu hekayəni oxuduqca o uşaq Muradla yanaşı böyük Muradı da təxəyyülümdə canlandırdım. Yəni ikisini paralel canlandırdım. O uşağın tək qaldığı sinif otağını iki yerə böldüm və birinə böyük Muradı, digərinə də uşaq Muradı yerləşdirdim. Böyük Muradı bildiyin kimi, mən az-çox tanıyıram. Ona görə də onun  otaqdakı vəziyyətini belə təsəvvür etdim: Böyük Murad qapının bağlandığından şikayətlənir və əsəbi-əsəbi təhqirləri havaya uçuraraq otaqda o tərəf bu tərəfə hərəkət edir. Arada dayanıb siqaretini yandırır və heç bir addım atmadan, səs də çıxarmadan halından şikayətlənir. Otaqda qalmaq istəmir, amma çıxmaq üçün də xüsusi səy göstərmir. Necə deyərlər, “canfəşanlığı” bir az boğazdan yuxarı görünür.”

Oxumağı dayandırıb siqareti küldən yüngülləşdirdim. Yaddaşımın özbaşına aydınlanması az deyilmiş kimi Nilayın bu cümlələri də təəssüratımı ağırlaşdırdı. Davam etdim oxumağa:

“Sonra keçdim uşaq Muradın olduğu sinif otağına. Bu balaca Murada baxan kimi dedim ki, əgər bu uşaq digər otaqda olan Muradın uşaqlığıdırsa, indi bu otaqda qiyamət qopacaq. O qədər çığır-bağır salacaq ki, axırda səsi də batacaq. Ancaq buna rəğmən səsini eşitməyib harayına gəlməsələr, balaca Murad yuxuya gedəcək yorğunluqdan. Oyandıqdan sonra yenə təşvişə düşəcək amma ilk dəqiqələrdəki kimi deyil. Gücü qalıbsa bir az da qapıya vurub yardıma çağıracaq. Amma anidən özü də bilmədən, şüuraltısının təşviqiylə həvəsdən düşəcək və səhəri gözləməyə davam edəcək. Qorxusu canında qalacaq ancaq təəccübünə rəğmən səhər müəllim qapını açanda sağ qaldığının şahidi olacaq.”

Nilaya təşəkkürümü bildirdim. Səbəbini soruşmadan “dəyməz” qarşılığını verdi. Əvvəlcə onun yazdıqları öz gözümdə məni alçaltmışdı, nədənsə məni zəif biri olaraq göstərmişdi. Təkrar-təkrar oxuduqca isə anladım ki, Nilay məni məndən daha yaxşı tanıyıb. O haqlı idi. Güclü uşağın silueti yaşayır hələ də. Elə bunları düşünürdüm ki, daha bir ismarıc gəldi:

“Bağışla, Murad. Ancaq mən uşaq Muradın qorxudan öləcəyinə heç cür inana bilmədim. Düzdür, mən uşaq Muradı heç vaxt tanımamışam, ancaq zamanın təsirləri və izləri o Muradı böyüdərək mənim qarşıma elə bir şəkildə çıxarıb ki, üz xətlərindən tutmuş daxili aləminə kimi əks olunan portretini rəsm sərgisində görsəm, bu insanın qorxudan ölə biləcək bir insan olduğunu ağlıma gətirə bilmərəm.”

Səhər mətbəxdən gələn həyəcanlı səsdən oyandım. Həyat yoldaşımın səsi idi. Yerimdən qalxmadım. Otuz-qırx saniyə sonra yataq otağının qapısını hirslə açaraq içəri daxil olan Münəvvər “Eşitmədin səsimi?” dedi. Mən də yuxudan yeni ayıldığımı və eşitmədiyimi bildirdim. Ardınca nə baş verdiyini soruşmaq istəmədim, Münəvvər də çox gözlətmədi və :

“Mətbəxdə siçan gördüm. Qaçıb skafın altında gizləndi. Qorxuram siçandan. Tədbir görmək lazımdı.”

Gözlərimi yerə dikib başımı təsdiq işarəti olaraq silkələdim. İşdən qayıdan kimi bu məsələni həll
edəcəyəm deyib Münəvvərə təsəlli verdim. Evdən səhər yeməyi yemədən çıxdım. Böyük məmnuniyyətlə, bugün də avtomobil istifadə etmədən işə piyada gedərdim, lakin gecikirdim. Sükan arxasında səhər baş verənlər haqqında düşündüm. Mənə elə gəlir ki, nəinki bir siçan hətta siçan ordusu mətbəxi basıb Münəvvəri gəmirsələr, mən “iş bitdikdən” sonra mətbəxə keçib hər siçana təşəkkürnamə təqdim edərdim. Qızımı qucağıma alanda onun anasına ehtiyacı olduğunu düşünürəm və Münəvvərə “ölüm” arzuladığım həqiqətini duaya çevirmirəm.Görəsən, bu dar ağacı məni özündən nə qədər asılı saxlayacaq? Görəsən, o özü nə vaxtsa başa düşəcək ki, mənimlə yaşamağı onun da həyatına heç bir xüsusilik qatmır? Axı niyə o əri var deyə məhkum edildiyi “kaktus” həyatından razıdır? Məni sevmir. Bilirəm. Belə “ifritə”lər sevməyi bacarmırlar. Siqaret lazımdı. Gecikməyimə rəğmən qəzet köşkünün önündə dayanıb sadiq dostum -  tünd göy  “Sobranie”ni götürdüm və yoluma davam etdim.

“Nilay, ay sonu Bakıya Təhsil Nazirliyinin təşkilatçılığıyla həyata keçiriləcək tədbirə gələcəm. Görüşməyə vaxtın olacaq?” 

Cavab yubanmışdı. İş günü olmasaydı, yuxudan durmadığını düşünərdim. Görəsən niyə cavab yazmır? 

Yenə işıqlı koridor, dumanlı kabinet və sənədlərlə dolu masa. Katibəmin hazırladığı qəhvəyə mədəmi qonaq edib sənədlərə göz gəzdirməyə başlamışdım ki, ismarıc gəldi. 

“Əlbəttə.”

Nə soyuq cavab idi. Yoxsa mənə elə gəldi? 

“Bakıda kinoteatrlarda hansı filmlər var indi?”

“Siyahı uzundur. İnternetlə baxıb özün hər biriylə tanış ola bilərsən...” İsmarıcın ardında filmlərin siyası olan linki göndərmişdi. Yox, nəsə olub. Görəsən niyə belə soyuq danışır?

“Nilay, hər şey qaydasındadır?” 

İyirmi dəqiqə keçdi. Cavab gəlmir, ismarıc da oxunmayıb. İyirmi beş dəqiqə sonra:

“Hə, hər şey əladı.”

Bəs niyə belə soyuq danışırsan? Hmm... Deməli Bakıya getmək üçün ay sonunu səbrsizliklə gözləmək lazımdı. Belə həyat tərzi ilə? Görəsən Barbados adalarına bilet neçəyədir? Birbaşa reys yoxdur. Deməli ... Aydındı. 

On dörd gün sonra Bakı da məni yağışlı havayla qarşıladı. Gəldiyim günün səhərisi tədbirə qatılıb sonra mehmanxanaya qayıtdım. Mehmanxanada nahar etdikdən sonra Nilaya zəng etdim. Ofislərində məni gözləyəcəkmiş. Verdiyi ünvana getdim. İkimərtəbəli bir binanın aşağı mərtəbəsini dostlarıyla kirayə götürüb  radio yayım şirkəti açmışdılar. Nilay həm menecer, həm də aparıcı idi. Mənim gəlişimdən xəbərdar personalın bir gənc üzvü məni Nilayın qəbul otağına qədər müşayiət etdi. Nilay müəllifi olduğu “Qazananlar klubu” adlı proqramını aparırmış. Gəncdən xahiş etdim ki, mənim də Nilayı dinləməyim üçün şərait yaratsın. O da onlayn radionu açıb otaqdan çıxdı. Xarici bir rock qrupu ifa edirdi. Mahnı yeni başlamışdı. İlk dəfə eşidirdim bu ifanı. Bəyəndim. 

“Qazananlar klubu” dinləyiciləri üçün Placebo`nun ifasında parça səsləndi. Dəyərli dinləyicilərimiz isə bizimlə öz buludlardakı təəssüratlarını paylaşmağa davam etsinlər...” 

Buludlardakı təəssürat?  Kaş ki, gəncdən bir az veriliş haqqında məlumat alsaydım.

“Bir mesajımız var. Qırıq Qanad imzalı bir dinləyicimiz yazır ki, mən ayaqlarımı yerdən üzə bilməyəcək qədər beynimi ayıq saxlamışam. Ancaq sizi dinləyəcək qədər geniş təxəyyül sahibiyəm. Sizinlə o qədər dərinlərə üzürəm ki, eyni dalğanı yaxaladığıma inanıram. Ətrafımda kəpənəklər uçur. Əgər mən suyun altında, dərinlikdə uçan kəpənəklər görürəmsə, deməli mən dəliyəm?”

Buna qarabasma deyirlər, ay yazıq! Deyəsən Nilaygil düzgün dinləyici kütləsinə müraciət etməyiblər. 

“Əziz Qırıq Qanad, səni dəli hesab edə bilərlər, ancaq bizim dalğada buna “azadlıq” deyirlər. Əgər sən özünü bu “azadlıq”da hiss edirsənsə, dəlilik səni qorxutmasın. Həyəcanlarını bizimlə paylaşmağa davam et.”

Mən yanılmışam. Nilaygilə də belələri lazım imiş. Görək axrı nə olur. 

“İndi qısa bir reklam fasiləsinə ayrılırıq. Daha sonra yenə də sizinlə birlikdə eyni dalğada olacağıq. Dalğanı dəyişməyin!”

Dalğanı dəyişməyin! Bu sehrli tələbi hər DJ etməsə, sanki müqəddəs andını pozar. Görəsən nə vaxt bitəcək bu “dəli terapiya”?

Qapı açıldı. Nilay içəri girdi. Tez ayağa qalxdım.

- Xoş gəlmisən, Murad. Bizim dalğanı dinləməyə başlamısan artıq? Hələ yeni yayımlanırıq,
çoxlarının xəbəri yoxdu bizim fm`in varlığından. 
- Çox saq ol, Nilay. Hə, səni gözlərkən dedim elə səni də dinləyim. “Qazananlar klubu” sözü mənə
türk filmi “Kaybedenler kulübü”nü xatırlatdı. Bir əlaqəsi varmı?
- Afərin. Bəli, əlaqəsi var. Kütlənin diqqətini yepyeni, analoqu olmayan layihəylə çəkmək bir az
çətin olur. Görürsən ki, çox maraqlı bir işin əsasını qoymusan, ancaq verilən dəyər sıfır. Ona görə də “Qazananlar klubu” adını istifadə etdik ki,  hər kəsin ağlında “Kaybedenler kulübü” işığı yansın və doğma formatla maraqlansınlar. Formatımız isə “Kaybedenler kulübü”ndən tamamilə fərqlidir. Bizdə ayaqların yerdən qopması şərtdir, necə deyərlər. Sən yəqin ki, hələ mənim tam olaraq nə dediyimi anlamamısan. Bizi dinləməyə davam et və bəlkə sən də qazananlar sırasına qoşularsan.
- Qazananlar? Nə qazananlar? Nəyi qazananlar?
- Təxəyyül, Murad, Təxəyyül. Ya da “rəng”. 

Məni suallarla baş-başa buraxıb “şüşəli otağa” qayıtdı. Beynim elə sürətlə düşünməyə başlamışdı
ki, ayılanda Nilayın dinləyiciləriylə sağollaşdığını eşitdim.

Bayaq ani gəlişiylə xarici görünüşünə diqqət etmədiyim Nilay, ağ rəngli düyməli köynək və qara rəngli jeans geyinmişdi. Köynək əyninə sanki iki bədən böyük idi və yuniseks (unisex) məhsula bənzəyirdi. Hətta kişi köynəyinə daha çox bənzəyən bir köynək idi. Ayağında isə yaşıl, hündürdaban ayaqqabı var idi. Saçları dağınıq və səliqəsiz şəkildə olduğu üçün mənə elə gəldi ki, Nilay görüşümüz üçün xüsusi hazırlıq görməyə ehtiyac duymayıb. Bir az sonra onun işlərini yekunlaşdırıb ofisdən çıxmasını gözlədikdə isə anladım ki, məhz bu dağınıqlığı onun gözəlliyini daha effektiv vurğulayır. Deyəsən rayondakı nizama öyrəşib beyindaxili çərçivələr yaratmışam. Bir az azad olsam, yaxşı olar. Həyəcanlandıran subyekt. 

Ən çox bu insanla söhbət etmək ehtiyacı hiss edirdim, lakin nə onun telefonu, nə də mənim telefonum susurdu. Mənim söhbətimin ortasında ona gələn zənglər, onun söhbətinin ortasında mənə gələn zənglər söhbətlərimizə “üzrxahlıq”la fasilələr salırdı. 

Bakıda sayı artan böyük ticarət və əyləncə mərkəzlərindən birinə getdik. Orada kinoya iki bilet alıb saatın yetişməsini gözlədik. Bir saat yarım qalmışdı kinonun başlamağına. “La Vita” adlanan kafedə oturub yemək sifariş etdik. Mənim “steyk” (stake - qızardılmış ət) vərdişim var. Hər dəfə Bakıya gələndə bu kafeni ziyarət edib onların möhtəşəm dadlı steyk zövqünü yaşadırdım özümə. İndi Nilayı da bu ləzzətə qonaq etmək istədim. 

- Belə dadlı steyk mən hələ heç yerdə yeməmişdim. Təşəkkür edirəm.

O da bəyənmişdi. Buna sevindim. Gah məni dinlədikcə üzündə özünün də xəbəri olmadan qaçan
cizgilər, gah da tez-tez burnunu qıcıqlandıraraq üzünə düşən saçları insanı danışmaqdan çox izləməyə həvəsləndirirdi. Ancaq bu mənzərəni izləmək üçün gərək danışmağa davam edəydim. 

- ... Rayonda Gənclər Mərkəzinin açılışı oldu bir neçə gün öncə. Çox gözəl bir memari incidir.
Görməlisən! Kinoteatr, bowling zalı, tədbirlər üçün nəzərdə tutulmuş xüsusi zal, kafe və restoranlardan ibarət böyük bir binadır. Geyim mağazaları üçün yer nəzərdə tutulmayıb.  Hətta tanınmış kitab mağazası şəbəkəsinin bir qolu da orda açılıb. 
- Nə yaxşı! Ümid edirəm rayon gəncləri mərkəzdən layiqincə yararlana biləcəklər. 
- Buna mən də ümid etmək istərdim. Sənə bir söz deyim, Nilay Gənclər məni qorxudur. Məsələn, biz öz vaxtımızın gəncləri idik və “inqilabi” fikirlərimizlə düşünürdük ki, nəinki öz ölkəmizi, hətta dünyanı xilas edəcəyik. Sonra isə hər kəs şəxsi həyatının seçimləriylə “inqilab”larının astanasından döndü və öz işinə başı qarışdı. Di gəl ki, o “inqilab”ların toxumları indi övladlarımızın beyninə yol salacaq. Sonra onlar bizi tam olaraq anlamayacaq və öz zamanlarının təsiriylə bizim “toxumları” təhrif edəcəklər. Mənim nəzərimdə isə təhrif olunmuş hər şey təhlükəlidir.
- Mmm... Əslində sənin dediklərini anlayıram, ancaq özüm də gəncliyin astanasında olduğum üçün
özüm haqqında hökm çıxara bilmirəm. Öz addımlarımın təhrif olunub olunmadığını bilmirəm. Məndən qorxmaq lazım olub olmadığını bilmirəm.

Nilay sözünü yenicə yekunlaşdırmışdı ki, beşinci mərtəbədə yerləşən kafenin tavanında bir sərçə göründü. 

- Aaa, sərçə bura hardan gəlib?
- Bu sərçə buranın çoxdankı sakinidir. Mən bir ay öncə Bakıya gələndə  də “La Vita”nı ziyarət
etmişdim və bu sərçəni burada görmüşdüm. 

Nilay ofisiant xanımı çağırdı. 

- Xanım, bağışlayın, eşitdiyimə görə bu sərçə hardasa bir aydan çoxdur binanın içindədir. Onu
azadlığa buraxmaq üçün nəsə ediblər?

Ofisiant xanım sifariş gözlərkən belə bir sualla qarşılaşdığına təəccüblənmədi və :

- Xanım, o sərçə binanın balkonundan girir içəri və ehtiyac duyduqda da çölə çıxa bilir. Biz ona
burda yemək də veririk. Buradan balkon görsənmir. Baxın, tam orada.-deyərək əliylə üzbəüz tərəfdəki restoranın sonuna işarət etdi. 

Ofisiant xanıma təşəkkür etdik. O getdikdən sonra isə Nilayla bir-birimizə baxıb güldük. 

- Deyəsən sərçə əhalidən daha yaxşı yaşayır. Ha ha ha.
- Elə görünür. Sərçənin əhalinin bəzi üzvlərindən yaxşı yaşamağına deyil, əhalinin öz “ehtiyaclı"
üzvlərindən daha çox sərçəyə qayğı göstərdiyinə təəssüflənirəm.
- Oh!  Murad, mən axırıncı dəfə belə “humanizm”sayağı cümləni tələbə vaxtlarımda eşitmişdim.
Sən neçənci əsrdə yaşayırsan? Bütün bu “təəssüflər” mənə süni görünür, incimə. Yəni mənə elə gəlir ki, duyarlı insanlar laqeyd insanlardan fərqləndiklərini səssiz sözləri, yəni əməlləriylə göstərməlidirlər. İncimə, ancaq məsələn səni dinlədikdə anlayıram ki, sən öz işindən razı deyilsən və ona o qədər də can yandırmırsan. Niyə? Məgər təhsilin səviyyəsinə və keyfiyyətinə rayonda cavabdeh şəxs sən deyilsən?
- Nilay, bunlar tamamilə fərqli məqamlardır. Qarışdırmayaq. 
- Xeyr. Heç də fərqli məqamlar deyil. Əgər yardımdan danışırsansa, yardım illah ki, çörəksiz qalan
birinə çörək uzatmaqdan ibarət deyil. Mənəvi aclıqlar var, mənəvi boşluqlar var, cəmiyyətin içində gün-gündən genişlənən qara dəliklər var , ki bunlar da birləşsələr böyük bir qara dəlik tərəfindən sovrulub gedəcək bir sivilizasiyanın şahidi ola bilərik.
- Görürsən, sən də “mənəvi” sözünü vurğulayırsan. Demək ki, çörək önəmli faktordur. Ha ha.
- Çörək mədəni qidalandırır. Təhsil isə beyni. Beyin isə ruhu. Ruh isə elə bir maariflənməyə
ehtiyac duyur ki, mədənin aclığını beyindən uzaq tutsun və işləməyə davam etdirsin. İşindən geri qalmayan beyin mütləq mədəni aclıqdan qurtaracaq. 
- Yəni insanlar aclıq çəkməlidirlər ki, beyinləri işləsin?
- Yox, sən məni anlamağa çalışmırsan. Demək istədiyim odur ki, təhsilin səviyyəsi aşağı olduqca,
mədəsi genişlənənlərin sayı da artacaq. Geniş mədəni doyurmağa isə hər kəsin gücü çatmayacaq. Danışmağa davam etsəm, bir anlıq düşünəcəm ki, “zombilərin” yaxınlaşdığı günü görürəm.

Filmin başlamasına 5 dəqiqə qalmışdı. Dördüncü mərtəbəyə düşüb  popcornlarımızı aldıq və
ikinci zala girdik. Həyəcanlı və ciddi ifadə etdiyi fikirlərinə baxmayaraq Nilayın üzündəki təbəssüm özünü qoruyurdu. Bu təbəssüm deyəsən yoluxucudur. Özümdən asılı olmadan onun təbəssümünə eyni qarşılıqla cavab verirdim.

Film boyu burnunun dibində uzun illərdən bəri unudulub gedən bir qoxunun yenidən daha dərinlərə yol alması insanı narahat edir. Zaman maşını zamanı geri qaytara bilsəydi, insana cavanlığının “inqilablarını” həyata keçirəcək cəsarəti geri qaytara bilməzdi. Bu qoxu isə məndən adını bilmədiyim bir məfhumu alır və əvəzində cəsarətimi qaytarırdı. Gözlərimi bağlayıb film bitənə kimi bu qoxunu içimə çəkərdim ancaq həmişə duyğularımı həm reallıqda, həm də başqa bir dünyada yaşatdığım üçün gözlərim filmin, onun qoxusu isə mənim əsirim olmuşdu. 

Sabah yenə rayona qayıtmaq lazımdır. Ani şimşək kimi vuran bu fikir filmə olan marağımı öldürmüşdü. Gizli-gizli yanımda oturan canlının cizgilərini yaddaşıma həkk edirdim. İnsanın içinə belə hallarda mücərrəd amma eyni zamanda əmin olduğu düşüncələr dolur. 

Biz bir daha görüşməyəcəkdik. Çünki bizim yollarımız hər zaman səbəbsiz və içimizə dolan bu “əminliklər”dən dolayı ayrılıb. Mənim azadlıq üçün çarpışan ancaq qəfəsinin uzun müddət qapalı qalacağını bilən ruhum, onun isə azad və kiminsə qəfəsdən çıxmasını gözləməyəcək qədər bağlantısız ruhu yollarını aramızda müzakirəsi olmadan ayırırdılar həmişə. Bu dəfə də belə olacaqdı. Kimisi həyatının adrenalinini ekstremal idman növlərindən, kimisi azart oyunlardan, kimisi uyuşdurucu maddələrdən, kimisi spirtli içkilərdən, kimisi də ruhanilikdən alar. Bəzi bizim kimi növlər də var ki, monoton həyatlarına uzunmüddətli fasilələrlə də olsa, belə əlvan rənglər yəni belə unudulmayacaq anlar qataraq yaşamağa səbəb taparlar. Bizimkimilər gələcəyə doğru addımlayıb yaddaşlarındakı keçmişi unutmayanlardır. Sanki bir iplə özlərini o keçmişə bərkidib irəliləməkdən qalmırlar.  Bu anları heç bir məfhum pozmamış, biz Nilayla ipi növbəti dayanacaqda bağlayıb irəli addımlamağa davam edirik. Hər dayanacaq bir keçmişə hamilədir. O dayanacaqlardan yola davam etməyi bacaranlar bəlkə bir gün yenə hansısa dayanacaqda rastlaşdılar. Biz həm də qorxaqıq. O qədər qorxurduq ki, dayanacaqlardan birində hər kəs tərəfindən görülməkdən və qınanmaqdan hər dayanacaqda dayanma müddətini qısaldırdıq. Nilay məni ac saxlayırdı. Bu aclığı doyurmaq üçün bu dəfə gəncliyimə geri dönmüşdüm.

Rayona qayıtdıqdan sonra yeni “inqilabi” fikirlərimi işə salıb təhsil sahəsində bir neçə maraqlı layihələr təqdim etmişdim Təhsil Nazirliyinə. Hər bir layihəyə ayırdığım vaxt və diqqət məni Nilaydan ayrıldığım dayanacaqdan sürətlə irəliyə çəkirdi. Heç nədən xəbəri olmayan kütlə üçün mən “ilhama gəlmiş maarif müdrü” idim. Ailəm üçün isə işindən başqa heç nə haqqında düşünməyən, evdə olanda da kabinetindən çıxmayan kağız-kuğuz siçanına çevrilmişdim. 

İndi xarici  filmlərin sonunda nadir hallarda “The End”  yəni “Son” kəliməsi yazılır. Bu mənimlə Nilayın hekayəsinin davam etməsi üçün uğurlu işarətdir. Ya da mənim həyatımda Nilayın hekayəsinin davam etməsi üçün yaxşı işarətdir. Bizim ortaq heç nəyimiz olmayıb ki, heç vaxt, hekayəmiz də olsun. 

Məni çayxanada görməyən dostlarım və yaşlı nəslin nümayəndələri, yolda təsadüfən qarşıma çıxanda əlimi sıxaraq hal-əhval tutub sağollaşırlar. Kimisi övladının oxuduğu məktəbin yeni təlimindən, kimisi nəvəsinin qatıldığı olimpiadaların sayının artmasından danışır və rayondakı təhsilin gözlənilməz oyanışına sevinirdilər. Bəzən xətrimə dəyirdi ki, görəsən niyə çayxanada yerim görünmürdü. Sən demə, bu insanlar məni bundan sonra orada bir də görmək istəmirdilər. Hamı bilirdi ki, bu oyanışın mənimlə birbaşa əlaqəsi var. Bəzən gözlərdən də bunu oxumaq mümkün idi. Elə bir təşəkkür şəklidir ki, gözlərdən oxunan sözlər, mən-gözlərdən oxumağı bacarmayan insan, anındaca bu təşəkkürün sahibi sayırdım özümü. 

Hekəyəm bitir, növbəti stansiya – növbəti görüş.