July 19, 2012

İpək labirint


    Böyüyərək uşaqlığımızın qatilinə çevrilən bizlər, qocalanda uşaqlıq xüsusiyyətlərimizi geri qazanaraq cəzalandırılırıq. Gənclik və orta yaş dövrlərində ayağımıza dolanan həqiqətləri necə kəsib atdığımızı qocalanda görürük, amma bəzən yenə də anlamağa tələsmirik. Uşağa da valideyni əlini oddan uzaq tutsun deyə xəbərdarlıq edəndə, uşaq anlamağa və buna əməl etməyə tələsmir, ta ki əli yanmayınca. Qocalmaq – həyatın boyu üst-üstdən yanan əlinin külə dönməsinin qarşısını almaq üçün insana verilən ən böyük hədiyyədir . Kimi bu hədiyyəni qəbul edir, kimi qəbul etmir. 
Seçimlərinə nifrət etməyə öyrəşərək, öyrəşdikdən sonra nifrətin yerini boşluq və ya “sevgi” nikiylə avaralanan hissə verərək səbrli olmağı öyrənmişdi. Əgər həyat həvəskar oyunçu idisə, o həvəskarın yetişdirdiyi ən mahir rəqib idi. Həvəskarın yetişdirdiyi mahir rəqib... Hm... Qəribədir,amma bu həyatı məhz belə absurdlarına görə sonuna kimi müşahidə edərək yaşamağa dəyərdi. 
Ümumiyyətlə, bir tək zamana həsəd aparırdı. Gələcəkdən keçmişinə hər gün eyni şəkildə saat əqrəbləri sayəsində qayıda bilən zaman, insanlardan fərqli olaraq yaddaşını yaxşı qorumuşdu. Hər gün eyni istiqamətdə əqrəblər eyni yolu gedir, bu səyahət isə onu yeni günlə qovuşdururdu. Zamana heyran idi. İnsanlar vərdişlərinə sadiq qalaraq divar saatlarını kəşf etməklə zamanı da əhilləşdirməyə, onun hakiminə çevrilməyə cəhd etsələr də, zaman onların hazırladığı saatlara ruh verib özü isə durmadan yoluna davam edir. 
Özünə də təəccüb edirdi. Qanadlarımı itirib azadlığımı, anlamadığım hisslərə görə qurban verməkdən qorxuram dedikdə, onun qanadlarını itirməsinə heç vaxt izn verməyəcəyi qarşılığını verən bir insanı qanadları və azadlığının yerinə qurban verən biri kimi tanıyırdı özünü. Peşman olmaq üçün heç vaxt gec deyil, ancaq  peşmançılıqla yaşamaq onun yaşında gələcəyin yolunu bağlamaq idi. Xatirələr sonrakı peşmançılığı yaradan səbəblərdən olsa da, bəzən məhz onları beynində təkrar-təkrar fırlanaraq peşmançılıq, üzüntü və s. bu kimi hissləri unutmağa kömək edirdi. Həyatını günəş kimi işıqlandıran və isidən insanı həyatından çıxarıb, süni, keyfi istədiyi vaxt yanıb-sönən işıqlarıyla həyatına sızan “lampa”larla isə günəşin boşluğunu doldurmağa çalışmışdı. 
Ömrünün qırx altıncı baharını yaşayan Vüqar Canməmmədov, həyatını o qədər çox mənzərələrlə, sözlərlə, hadisələrlə, fikirlərlə, “fəaliyyətdə olan” və “fəaliyyətdə olmayan” hisslərlə doldurmuşdu ki, orta yaş dövrü sayılan bu yaş dövründə qocaldığını hiss edirdi. Daha doğrusu, qocalmaq onun üçün yaşlanıb taqətdən düşmüş və fiziki imkanları məhdudlaşmış birinə çevrilmək anlamına gəlmirdi. Özü üçün “qocalmaq” sözünü “köhnəlmək” sözü ilə əvəz etmişdi.  
İş otağında oturub üzərinə qara parça atdığı rəsm əsərini müşahidə edirdi. Rəsmi o qədər çox müşahidə etmişdi ki, üzərinə qara parça atdıqdan sonra da orada canlandırılan mənzərəni görə bilirdi. “Qadının üç yaş dövrü” adlanan,  müəllifi avstriyalı rəssam Qustav Klimt olan əsər, Vüqarın otağına orijinalı olmasa da, üzərinə qara parça atılan bir çərçivə kimi  qəribə abu-hava gətirmişdi. Sanki gözəl mənzərəyə sahib olan təbiətin qoynunda yanıb külə dönmüş bir daxma idi. Əsərdə təzadlarla canlandırılan üç qadın və onların arxasındakı fon Vüqarı düşündürəndə, o başlayırdı rəssamı qınamağa ki, niyə qadınların yerinə bu fonda kişilərin rəsmini çəkməyib. Əslində, bilirdi ki, əgər o qadınların yerinə kişilər əks olunsaydı, çərçivə və onun ifadə etmək istədikləri Vüqar üçün heç bir əhəmiyyət daşımayacaqdı. Qadınları çox yaxşı tanıdığını, onlarla necə rəftar etmək lazım olduğunu, onları necə sevindirməli olduğunu bildiyinə inanan Vüqarı bu rəsm çaşdırmışdı. Bütün bildiklərinə şübhə ilə yanaşmağa başlamış, lakin şübhədən çıxmaq üçün də heç bir tədqiqat aparmır, araşdırmır və özünün inandıqlarını yadında saxlamağa çalışırdı. Dünyagörüşü nə qədər inkişaf etmiş, zamanın ritmini nə qədər tutmuş olsa da, belə bir rəsmin iş otağında açıq-açıq nümayiş olunmasını qəbul etmirdi. Onun üzərinə atdığı qara parça isə gələn qonaqların diqqətini daha çox çəkirdi. 
İş otağında kondisioneri söndürüb pəncərələri açmışdı. Bugün üzünü güldürən amma canını sıxan bir çox şeylər yadına düşmüşdü. Əlinə üzərində qartal şəkli əks olunmuş alışqanını və nikotin miqdarı az olan siqaretini alıb təkərli kreslosunu da pəncərənin önünə çəkib on altıncı mərtəbədən şəhərin gecə mənzərəsini izləyirdi. Siqaretin tüstüsünü içinə çəkib əvvəlkindən daha çox  ciyərlərinin əsiri etdi. Ofisin binasında demək olar ki, Vüqardan və mühafizəçidən başqa heç kəs qalmamışdı. Yaşadığı şəhəri gəncliyi dövründə dəbdə olan düşüncəylə müqayisə edirdi. O vaxt oğlanlar nədənsə qızları iki hissəyə: evlənmək üçün olan qızlar və vaxt keçirmək üçün olan qızlara ayırmışdılar. Vüqarı əzəldən öz taylarının belə bir düşüncəylə seçimlər etməsi təəccübləndirirdi. İndi isə yaşadığı şəhərin gündüzlərini evlənmək üçün uyğun olan qızlara, gecələrini isə vaxt keçirmək üçün seçilən qızlara bənzədirdi. Ancaq bu şəhərin gecələrinə olan sevgisi, gündüzünə olan sevgisindən qat-qat üstün idi. Necə ki, vaxt keçirmək üçün seçilən qızlar bəzən seçimi edənlərin qurbanı olub bu səviyyəyə layiq görüləcək hala düşürlər. Vüqarın ağlı təmiz qarışmışdı, ancaq pəncərədən çölə atılan və sui-istifadə olunan bu şəhər eyni zamanda, onun ürəyinə aydınlıq, qəribə bir sərinlik gətirirdi öz mənzərəsi  ilə. 
Düz iyirmi il bundan əvvəl siqaretin dumanını paylaşdığı insan yadına düşmüşdü. Gülnarə tanışmaları uzaq, fasiləli, sonradan intensivləşən bir keçmişə dayansa da, yaşadıqları sevgi hekayəsinin ömrü qısa olmasına baxmayaraq çox maraqlı olmuşdu. O vaxt sevsə də, münasibətlərini hisslərinin soyumasıyla bitirən Vüqar indi səbəbi naməlum qalan bir peşmançılığa qapılmışdı. 
Yeni macəra axtarışı ilə ürəyi həyəcanlananda, Vüqar sonrasını düşünmədən bu hissin dalınca düşürdü. İtirmək istəmədiklərini itirmək, sadəcə həyatında olan insanlara qarşı qüvvədə idi. Axırıncı dəfə Gülnarə ilə parkda görüşmüşdürlər. Bu mənzərə olduğu kimi heç bir detalını unutdurmadan dirilmişdi yaddaşında. Hər şeyin açıqlaması keçmişdə gizliliyini itirməli idi, ya da gələcək keçmişə hesab sormadan yoluna davam etməli idi.  Nə edəcəyinə qərar verə bilməyən Vüqar, siqareti bitdikdən sonra otağının işıqlarını söndürüb ofisi tərk etdi. 
Xatirələr içində yaranan peşmançılığı öldürsün deyə, evə gəldikdən sonra iki dilim limonun üzərinə istiot səpib qabığıyla birlikdə yedi. Hər dəfə özünü hansısa mövzüda haqsız hiss edəndə, limonla istiot onu bu yükdən qurtarırdı. Ancaq bu qurtuluş müddətli idi. Subaylıq həyatını yenidən geri qazandıqdan sonra, yaşam tərzində nizam-intizam yaratmağa çalışmışdı. Nə qədər çalışsa da, bu nizamı gecə həyatına da tətbiq edə bilmirdi. Hər gün səhər evinin balkonundan günəşin dan yerini sökməsini izləyib yaşadığı binanın önündə yerləşən parka enirdi. Səhərinin 40-45 dəqiqəsini bu parkda mütaliə etməyə həsr edən Vüqar, elə olurdu ki , bəzən hər iki gündən bir kitabı bitirib  yeni kitaba başlayırdı. Təkcə bazar gününün səhərləri mütaliədən azad idi, sadəcə yemək saatlarında 10-15 dəqiqə qəzet oxuyurdu. Günün qalanını isə ağlına əsən külək onu nəyə həyəcanlandırırdısa, onu reallaşdırmağa sərf edirdi. Son iki ay isə həyatına daxil olan bir insanla keçirdiyi anları təcəssüm edirdi.
Sentyabrın 9-u hava yağışlı idi. Çölə çıxmağa tələsmirdi. Axşama kimi gününü televizorun qarşısında heç bir verilişə sonuna kimi baxmayıb kanalları çevirməklə keçirmişdi. Saat 20:00 idi. Qapının zəngi çalındı. Vüqar tənbəlliklə yerindən qalxaraq qapını açmağa getdi. İçəriyə tələsərək, telefonla danışa-danışa daxil olan Hökümə onu başıyla salamlayaraq qonaq otağına keçdi. Danışığı bitdikdən sonra qonaq otağı qapısının ağzında siqaretini yandırıb onu izləyən Vüqara sarılıb onun öpüşlərinə qarşılıq verdi. Hökümənin sual eşitmək və onlara cavab vermək həvəsində olmadığı halından bəlli idi. İki aylıq tanışlıqları ərzində onun özünə xarici görünüş kimi geydirdiyi özündən razılığı və azadlığına düşkünlüyünə Vüqar öyrəşmişdi. Bu geyimin “aksesuarlarına” isə Hökümənin istəmədiyi vaxtlarda ünvanlanan suallara cavab vermək istəməməsi idi. Vüqar ona çox öyrəşmişdi, ona görə də narahatçılığa səbəb olacaq və ya onu özündən çıxaracaq suallarla Hökümənin canını sıxmaq istəmirdi. Gecələri həmişəki kimi hər ikisinin üzündə təbəssüm doğuracaq rəngarənglik içində keçmişdi. Təbiət Höküməyə  insanları xoşbəxt etmək bacarığını deyəsən heç bir qarşılıq gözləmədən vermişdi. Vüqar düşünürdü ki, təbiətin  məhz bu hədiyyəsi Höküməni heç yerə, heç bir ürəyə bağlı saxlamır, onun anı yaşamasına səbəb olur. Belə düşünəndə isə anındaca qarşısına bu fikrin ziddi olaraq, Hökümənin də ona qarşı laqeyd olmadığı, güclü hisslərlə ona bağlı olduğunu düşünürdü. Bu get-gəllər Vüqarı öz hisslərində də çaşdırırdı, ona görə də bir neçə dəfə içinə dolan sevgi etirafını təxirə salmalı olmuşdu. Bu gecə isə təxirə salınan hər söz öz növbəsini pozmuşdu. Etirafını etdikdən sonra Hökümənin anlamsız baxan baxışlarına min cür anlam yükləyən Vüqar üzündə donmuş təbəssümlə yuxuya getmişdi. 
Səhər dan yeri sökülməmiş gözlərini açan Vüqar, Höküməni yanında görməyib və bir neçə dəqiqə onu yerində gözləyib gəlmədiyinə təəccüblənmişdi. Bu qədər tez getmək onun adətində deyildi. Vüqar ayağa qalxıb qonaq otağına keçdi. Gördüyü mənzərə isə onu daha da çaşdırmışdı. Otağı bəzəyərək bu başından o biri başını görməyə mane olan ipək parçalar qəribə bir labirint yaratmışdı. Rəngbərəng olan bu parçaları Vüqar, şirkətlərinin ərəb ölkələrindən birində fəaliyyət göstərən nümayəndəliyinə gedərkən Hökümə üçün gətirirdi. Lakin Hökümə heç vaxt onları öz evinə aparmır, Vüqargildə saxlayırdı.  Bugün isə qonaq otağında saatların əməyinə bənzəyən bir labirint halında cəmlənmişdilər. 
- Haki... Haki.... Hardasan? – adəti üzrə Höküməni “Haki” deyə çağırmağa başladı.
Heç bir cavab almadığına görə parçaların arasından keçərək, geniş qonaq otağının o biri başına 
doğru addımladı. Otağın ortasında, yazı stolu və divanla vəhdət təşkil edən kresloda oturan Hökümə Vüqarı görən kimi sakitçiliyini pozmadan, televizor pultunu əlində fırladaraq soruşdu:
- Sən bilirdin ki, Yupiter o qədər böyük planetdir ki, içinə Yer kürəsini 1300 dəfə sığışdıra bilər?
- Sənin ağlını ürəyin öz içinə sığışdırdığı kimi...
- Anlamadım? Nə demək istəyirsən?
- Heç nə demək istəmirəm. Bilmək olar bu mənzərə nə ifadə edir?
Hökümə Vüqarın sualını nəzərə almayaraq diqqətlə ona baxmağa davam etdi. Vüqar bunun nə   
demək olduğunu anlayıb dedi:
- Demək istəyirəm ki, sən də ağlının sözünü o qədər kəsərli etmisən ki, ürəyinə sığışaraq ürəyin sözlərini oradan sıxışdırıb çıxardıb. Yəqin ki, hələ də mənim gecəki etirafıma cavab vermədiyini fərqindəsən?
- Sən məndən nə cavab gözləyirsən? İstəyirsən mən də sənin kimi münasibətlərimizi etirafına qarşılıq verərək adiləşdirim?
- Adiləşdirmək? Sevmək nə vaxtdan münasibətləri adiləşdirmək olub?
- Axı niyə belə etdin? Doğrudan, mənə çox maraqlıdır. Sən mənə bu etirafı etməklə nəyə nail
oldun axı? Sən də eynilə mənim qohumlarıma oxşayırsan. Qohumlar üçün sevgi “məsuliyyət”, yadlar üçün isə sevgi ya “ehtiras” ya da ki, “keçən yaxşı anları qorumaq üçün vasitə”dir. Bilirsən məni niyə çox adam sevir? Çünki mən öz istəklərim və problemlərimlə onları narahat etmirəm, öz “skeletlərimi” öz şkafımda qoruyuram və onlar bundan xəbər tutmadıqca mənə olan sevgiləri özünü göstərməyə davam edir. Amma bir gün şkaf dözməsə və bütün skeletlərini atsa ortalığa, əminəm ki, onların mənə münasibətində danışan “sevgi” olmayacaq. Səhvlərimə verdikləri reaksiya, öz qürurlarını və şərəflərini qorumaq üçün doğan təşvişin səsi olacaq. Güldürmə məni, öz sevginlə...
- Sən mənim sevgimə inanmırsan?
- İnanmayacağam. Bunu istəmirəm. Hm... Həm sən narahat olma, əgər mənə sənin yanında 
xoşdursa, burda da qalacağam istədiyim qədər, yox əgər getmək istəsəm, o zaman sənin sevgi sübutların da məni saxlaya bilməz.
- Sən səhər-səhər alkoqol qəbul etmisən?
- Görürsən? Sən də onlar kimisən... Sən də! Nifrət edirəm hamınıza... Həm də sevirəm...
- Hökümə, sən də mənə qarşı laqeyd deyilsən... Və..
- Sus...Danışdıqca məni daha çox qıcıqlandırırsan. Sus!- deyə Hökümə Vüqara cümləsini bitirməsinə izn vermədi.
- Evlən mənimlə...
Hökümə gözlərini qaldırıb diqqətlə Vüqara baxdı. Heç nə demədi. Gözlərini ipək parçalardan açıq
mavi rəngdə olanına dikib sükuta qapıldı. Vüqar həm onun reaksiyasını bilmək istəyir, həm də artıq bir söz istifadə edərək onun etirazına səbəb olmaq istəmirdi. Ona görə də Hökümənin yanında oturub başını onun dizlərinə qoydu. 
İyirmi dəqiqəlik sükutunu özü bölən Hökümə Vüqarın saçlarını sığallamağa başladı:
- Dünən bir rəfiqəmi Sabir bağında gözləməli oldum. Qız gecikirdi, mən də oturub qarşı 
skamyadakı bir neçə yeniyetməni müşahidə edirdim. Aralarında bir-birinə sarılmış cütlük qıraqdan sevgi çərçivəsinə çox yaxşı yerləşmişdi. Bir az sonra mən diqqətimi yayındırdığıma görə o cütlük arasında nə baş verdiyini anlamadan gördüm ki, qız ağlayaraq oğlandan ayrılıb dostlarının yanından uzaqlaşdı. Qızlardan biri də rəfiqəsini tək qoymamaq üçün ona qoşulub getdi. Oğlan isə dostlarıyla qalıb zarafat edir, gülüb danışırdı. Sanki, beş saniyə əvvəl yanından ayrılan insanın onunla heç bir əlaqəsi yox idi. Mənim yanımda oturan iki orta yaşlı qadın bu mənzərəni oğlanın yeniyetməliyinə bağışlayaraq o qədər də yanlış qiymətləndirmədilər. Bax, buna təəccüblənmişdim. “Bəlkə qız sadəcə onun zaman keçirdiyi bir qız idi? Sevsəydi belə etməzdi...”- bu cümlələrlə oğlanın xeyrinə hesablar yazılırdı. Qız isə... Ağlayan tərəf haqqında heç bir mülahizə yürüdən yox idi. Mən bilmirəm, bəlkə də fikrimin yayındığı o məqamda baş verənlərdə ən çox xəta qızda olub, amma yenə də ağlayan tərəf o qız idi... Hm... Bilmirəm bunu sənə niyə danışıram.Yeganə insansan ki, səninlə,  özümün belə baş çıxarmadığı şeyləri paylaşıram... Axı niyə hər şey adiləşdirməyə çalışırsan? Eh... Bilirəm ki, sənin təklifini rədd etsəm, sonra nə olduğumdan daha xoşbəxt olacam, nə də qəbul etsəm sonra səni xoşbəxt edə biləcəm. 
- Səni belə düşünməyə nə vadar edir? Biz bir yerdə onsuz da xoşbəxtik, bunu əbədiləşdirəcək bir 
imzanın münasibətlərimizə nə ziyanı ola bilər axı? Niyə hər şeyi qəlizləşdirirsən?
Hökümə susdu... Sonra ayağa qalxıb ipək labirintdə gəzməyə başladı.Gah görünür, gah gözdən itirdi. Otuz saniyədən çox çəkməyən bu gəzintisini yekunlaşdırıb Vüqarın qarşısında dayandı və dedi: 
- Bu otağı mən bu ipək parçalarla bəzəyib bu labirinti yaratmadan öncə, biz bu otaqda xoşbəxt 
idik. Bir-birimizi görməyimizə heç nə mane olmurdu. Gördüyün bu ipəklər gözəldir, elə deyil? Çox gözəldirlər... Lakin biz otağa girən kimi bir-birimizi görmədik, bir-birimizə səslənməsək bəlkə də heç bu otaqda varlığımızdan xəbərimiz olmazdı. Evlilikdən də mən artıq, bu parçalardan qorxduğum kimi qorxuram ...İkimiz də uğursuz ailə sahibi olub, azadlığımıza yenidən qovuşmuş insanlarıq. Mən inanmıram ki, bir-birimizə olan bu bağlılığımız evliliyimizi ömür boyu sürdürəcək amillərdən olsun. İnanmıram. Sən inanırsan? Bu ipək parçalar – evliliyin qayğıların, bu otaq isə - bizim keçmişimizi təcəssüm etdirir. Sən inanırsan ki, bu otaq özündə ediləcək təhriflər üçün uyğundur?
- Mən səni sevirəm ... Səni inandırmaq üçün başqa sözlər istifadə etsəm də, onlar bu otağa və bu
ipəklərə hopub qalacaq. Mən isə sənin mənim ürəyimə hopduğun  kimi  həyatımın hər anına hopmanı istəyirəm. 
- Başqa vaxt yəqin ki, bunu sənə demək üçün gec olacaq. Mən artıq evliyəm. 
- Nə?!
- Mən artıq evliyəm. Bunu sənə demirdim, çünki sən də istəmirdin biz o biri həyatımızı, ikimizin 
yaratdığı dünyayla qarışdıraq. Bir müddət sonra demək üçün gec oldu, bir müddət sonra da səndən ayrılmaq üçün gec oldu. İndi isə hekayəmi danışmaq üçün gecdir. Bağışla məni!
Hökümə getdikdən sonra otaqda yırtılmış parçalar və Vüqar var idi. Rənglər bir-birinə daha da qarışmış, Vüqarın göz yaşları isə onların yaratdığı mənzərəni bulandırmışdı ...

July 12, 2012

Gülərkən parçaladım aynaları


Milli Parkda məzəli aynaların olduğundan xəbərim olsa da, onlarda özümü görmək imkanım olmamışdı. Dostlarımdan kimə zəng etdimsə, məşğul olduqlarına görə oraya getmək təklifimi qəbul edə bilmədilər. Musiqi dinləməkdən doymayan şəxsiyyətim qulaqcıqları taxdıqdan sonra əllərini paltosunun cibinə salıb milli parka tərəf yol aldı.
Aynalar doğrudan da, insanın əksini gülməli hala salırdılar. Aynanın birində yekəbaş, incə bədənli biri kimi əks olunsam da, digərində balaca başlı, iri cüssəli biri kimi görünürdüm.
Cizgi filmlərindən tanış olduğum bu kadrlar reallıqda baş verərkən fərqli hisslər yaşadırdı.  Mən addımlayaraq aynaları bir-bir dəyişsəm də, əksim aynadan-aynaya axır və gözlərimi alışdıraraq dəyişikliyə uğrayırdı. 

Başım gicəlləndi, birtəhər özümü zalın axırındakı divana atdım. Başımı aşağı salıb oturdum.Bir az özümə gəldikdən sonra başımı qaldırıb qarşımdakı güzgülərə baxanda onlara tamamilə başqa anlam yüklədim və əksim tamamilə başqa mənzərəyə axdı. Hər halda məhz bu səbəbdən dolayı, nəzarətçinin vaxtımın bitməsi barədə etdiyi xəbərdarlığa gec qarşılıq verdim. Olduğum yerdən ruhən çox uzaqlaşmışdım.

Buraya gələnə qədər həyatımda yaranmış hisslər üçbucağından çıxmağa çalışırdım. İndi bu güzgüdə gördüklərim məzəli hala düşmüş əksim yox, mənim yaranmış üçbucaqda dövriyyəmi çətinləşdirən iki insanın dünyasının əksi idi. Hərəsi bir güzgünü zəbt edib canlanmışdı qarşımda. Birinə sevinc, digərinə kədər adı verdim. Mənə kədərin dünyasını göstərən güzgüyə baxanda orada öz əksimi  görsəm də, o dünyanın sahibi mənə sevincin güzgüsünü göstərirdi. Üzümü sevincin güzgüsünə tuturdum, amma o güzgüdə görünənlər o qədər çox hissəcikdən ibarət idi ki, mən özümə orada yer tapa bilmirdim. Kədər bilirdi ki, mənim həmişə can atdığım dünya sevincin dünyası idi, amma bilmirdi ki, o dünyadan çıxan üçün oraya yenidən qayıtmaq əlçatmaz bir arzudur.  Sevincin güzgüsü görmədiyim bu həqiqəti mənə bütün  çılpaqlığıyla göstərməyə çalışırdı. Daimi sakinləri olmayan bu dünyaya turist kimi gəlib-gedən insanları  hərdən öz siluetimlə  səhv salırdım. Əslində, mən orada yox idim. Sevinc dünyasının yağışında heç kəs islanmırdı, heç kəs üzülmürdü, çünki, hələ o dünyada idilər. Mən isə o dünyanı tərk etdiyimə görə, indi heç bir şəkildə öz əksimi güzgüdə yansıda bilmirdim. Üzümü məni öz dünyasında susduran kədərin güzgüsünə tutdum. Onun güzgüsündə görə biləcəyim çox şey olsa da, üzərindən nazik bir qara pərdə çəkilmişdi. Öz yerimi orada tam olaraq ayırd edə bilmədim. Reallıqda o dünyanın sakini olmağa mənə izn verməyəcək bir halı var idi kədərin. Mənim azadlığa və özümə düşkün mənəviyyatımdan xəbərdar bir halı var idi kədərin. Öz dünyasında məni işıq kimi görsə də, onun gözləmədiyi bir anda sönəcəyimi düşünən bir halı var idi. Güzgüyə yansıtdığı dünyasını sevməsə də, onu yaşamağa məhkum bir halı var idi.  Məni o dünyaya cəlb edən “kədər” adı yox,  onun dünyasına sevincdən şüalar sızdıra bilib-bilməyəcəyim sualını doğuran hisslər idi. Kədər ürəyində mən varkən, ağlının sözünü dinləyib məni dünyasından uzaqlaşdırırdı.

Sevinc mənsiz özünə xırda parçalardan ibarət böyük bir dünya qurmuşdu. O dünyanı tanıyırdım ancaq gözdən qaçırdığım bir parçaya görə sevincin dünyasında da gizlilik sezirdim. Kədər  öz dünyasını nə qədər gizlətməyə çalışsa da, o pərdənin arxasında sığındığı məfhuma məni də inandırmışdı. İnandığım bu məfhumu sevsəm də, dənizində üzməyə qorxur, inamın sahilində var-gəl edirdim. Bu qorxu kədərə bağlanmağa məni qoymurdu və mən yenidən sevincin güzgüsünə üzümü çevirirdim.  Sevincin güzgüsündə görmədiyim əksim üçün darıxanda isə, yenidən kədərin güzgüsünə üzümü çevirməyə məcbur olurdum. Məcburiyyətdə istəyim də yoğrulmuşdu. Kədərin sevinc güzgüsünə doğru uzanan əlini görmək məni özümdən çıxarırdı, bununla barışa bilmirdim. Mənimlə belə davrandığına görə kədəri özümlə cəzalandırmaq, dünyasına icazəsiz girib orada qaranlığa bürünən hər şeyi silkələmək, dəyişmək, sevincdən oğurladığım  işıqla onun dünyasını işıqlandırmaq istəyirdim. Bir tərəfdən də sevinc güzgüsü məni cəzalandırırdı. Orada əks olunanlar , oyuncaq dünyasına düşmüş heyran uşaq kimi məni heyran edirdi. O dünyanın bir parçası olmaq istəyindən heç cür əl çəkə bilmirdim. Kədəri isə qaranlığından çıxarıb dəyişmək istəyirdim. Xudbinliyimə yenə azadlıq vermişdim. Yenə də ancaq öz istəklərimin rahatlıq tapmasına, qane olmasına çalışırdım. Müsbət nəticələrə ümid edib, mənfi nəticələr barədə düşünməyi özümə sığışdırmırdım.  Düşünmürdüm ki, parçaları birləşdirməyə çalışarkən, bütövü məhv etmiş olaram. Düşünmürdüm ki, mənim dəyər verdiyim anlar başqalarının dünyasından silinməzsə, onları alt-üst edə bilər.
Nəzarətçinin xəbərdarlığından sonra ayıldım və bir anlıq düşündüyüm hər şeyi unutdum. Bunun ardınca anladım ki, hiss etdiklərim düşüncələrimə musiqiyə görə çox təsir edir. Ardınca da, ani bir işıltıyla bütün düşündüklərimi xatırladım. Hər şey ən xırda detalına kimi geri qayıtdı və məni üçbucaq içində daha böyük labirintə saldı. Musiqini söndürüb qulaqcıqları çıxardım və milli parkdan  İçərişəhərə doğru addımladım. İçərişəhərdə yerləşən Cümə məscidinin yanından keçərkən tələbə yoldaşımla rastlaşdım. Hal-əhval tutub bir az ordan-burdan söhbət etdikdən sonra onun namaz qılmaq üçün məscidə gəldiyini öyrəndim. Vaxtını almayıb sağollaşmaq istəyəndə, əgər işim yoxdursa, onu gözləməyimi və namazdan sonra bir yerdə oturub yemək yeməyi təklif etdi. Üç ildən sonra ilk dəfə rastladığım tələbə yoldaşımın bu təklifinə etiraz etməyi ağlımın ucundan belə keçirmədən razılaşdım. O məscidə girdi, mən isə qədimliklə müasirliyi ağuşuna sığışdırmaq istəyən yaşlı küçədəki iri daşların birinin üstündə oturdum.
Yoxluğa çəkilən hiss və düşüncələrimə yenidən can vermək istəyirdim ki, o səs gəldi. Sevinc güzgüsünü də, kədər güzgüsünü də gözümün önündə parça-parça edən o səs. Öncə mənim əksimi kədərin güzgüsündən silib oranı aydınlatdı, sonra sevinc güzgüsündəki hər şeyi mozaiklikdən çıxardıb anlayacağım şəklə saldı. O an sevinc dünyasında gözdən qaçırdığım parçanı gördüm: mən tanıdığım dünyanı qarışıq olduğuna görə aydın dərk etməmişdim.

Bunu hiss edər-etməz o səs hər iki güzgünü parça-parça etdi. Bir tək mən qalmışdım. Azad. Sakit. Üzümdə donmuş təbəssüm. Ürəyimlə beynim ilk dəfə idi ki, mübahisə etmir, ruhum ilk dəfə idi ki, bütün dünyaya gözlərini yumurdu. Heç bir maddiyyat, eləcə də onun parçaları olan güzgüdəki iki insan  ruhuma təsir etmirdi. O səsin qarşısında bütün təsirlər aciz qalmışdı, bircə mən o səsin içində idim. O səs- hay-küylü təbiətimin dinləməyə heç vaxt cəsarət etmədiyi  azan səsi idi.  Onun məni içinə aldığı bu müdafiə divarının məni nə qədər qoruyacağından agah deyildim, ancaq o an o divarın əhatələdiyi dünyanın içində özümlə və o səslə baş-başa qalmaq məni xoşbəxt edirdi. Öncə buna xoşbəxtlik yox, sakitlik deyirdim. Çünki “sakitlik” sözüylə təbiətimi heç vaxt tanışdırmamışdım. İndi isə bu tanışlıqdan böyük məmnuniyyət duyan təbiətim özünü güvəndə hiss etdiyindən “xoşbəxtəm” deyə məni dindirirdi.  Bu xoşbəxtliyin son nəfəsimə kimi davam etməsi də mənim əlimdə idi, azan səsinin bitdiyi ana kimi təsirli olması da.  Mən üzməyə cəsarət edə bilmədiyim dənizi xatırladım. Anladım ki, bu səs o dənizin səsi idi. İndi məni xoşbəxt etdiyi qədər də, utandırmışdı. İlk dəfə idi ki, tələskən xasiyyətimlə qərar verməyə yubanırdım. Bu yubanma məni daha çox utandırırdı. Özümü kassada qanqaraçılıq salan, arxasında isə uzun bir növbənin gözlədiyi insan kimi hiss etdim. Elə bil ki, növbədə dayanan insanlar məni boş yerə vaxt apardığıma görə qınayırdılar.  Azan bitdi. Məsciddə insanlar ibadətlərinə davam edirdilər. Mən isə artıq orada yox idim. Mən – o an üzündə donmuş bir ifadə olan, üz tutduğu istiqamətə niyə getdiyini bilməyən, düşüncələri və hissləri arasındakı atəşkəsi yenidən pozan, fərqli olmağa çalışdığı dünyada artıq çoxlarından fərqlənmədiyinə inanıb adiləşən, möcüzə axtardığı dünyada möcüzədən qaçaraq uzaqlaşan, qorxaq olduğunu bilən və bundan daha çox qorxan biri olaraq metro sərnişinlərinin arasına qatılmış biri idim.