April 23, 2014

“Balaca” ya da “Sahiblənməyən qərib”

KULT.AZ`da yayımlandı.

“Balaca”nın  evi  gündüz vaxtı da elektrik lampalarıyla işıqlandırılırdı. Ağır və tünd rəngli pərdələr günəş işığını içəri buraxmamaq üçün illərini xərcləmiş təqaüdçüyə bənzəyirdi. Qonaq otağının sol küncündə, divardan asılan televizora yaxın yerdə üçayaqlı yazı taxtası, texnoloji avadanlıq üçün nəzərdə tutulmuş xüsusi masa və üzərində kompüter görməyə öyrəşdiyimiz bu masanın hər boşluğunu dolduran  kitablar və dəftərlər diqqəti çəkirdi.  

- Lap müəllim evinə bənzəyir.- demişdim.
- Yazı taxtasını görən hər kəs belə düşünür. Ancaq qeydlərimi yapışqan, rəngli kağızlarda və ya
dəftərdə saxlamaqdan xoşum gəlmir. Mənim hər fikrimin ömrü növbəti dəyərli fikir gələnə kimidir. Bu yazı taxtası da mənim fikirlərimin müvəqqəti mehmanxanasıdır. – qarşılığını vermişdi.

Həmin gün yazı taxtasında adlara və həftənin günlərinə bölünmüş cədvəl çəkilmişdi. Cədvəlin sağ küncündə isə “eqoizm şkalası” yazılmışdı. Nailə, İradə və Sahil adlarının qarşısında həftənin hər gününə aid müxtəlif miqdarda ulduzlar çəkilmişdi. 

- Bu ailə üzvlərim üçün nəzərdə tutulub. 
- Mən sənin yalnız yaşadığını düşünürdüm. 
- Doğru düşünürsən. Bu ailə üzvləri yaddaşımda qalanlardır. 

Bacısı, anası və qardaşını nəzərdə tutmuşdu. Harda olduqlarını və niyə onlardan ayrı yaşadığını açıqlamasını istərdim, ancaq tələsməməyə qərar verdim. 

- Gördüyün bu cədvəldə hər kəs gündəlik eqoizm hesabatını ulduzlarla qeyd etməlidir. Beş ulduz nəzərdə tutulub bunun üçün. Hər kəs atdığı eqoist addımı neçə ulduzla qiymətləndirirsə, öz adının önünə o qədər ulduz çəkəcək. 
- Bəs sənin adın burda yoxdur?
- Mənim yalnız yaşamağım ulduzlara ehtiyac saxlamadan məni xudbin etmirmi?

Yenə də özü haqqında mənfi məqamı vurğuladı. Bu insanın özünü hamıdan çox sevdiyini, yoxsa hamıdan çox özünə nifrət etdiyini, müəyyən edə bilmirdim.  Diqqətsizliklə masanın kənarındakı qəhvəyi qeyd dəftərini yerə salacaqdım ki, refleksim vaxtında vəziyyəti qurtardı. Dəftəri yerinə qoyduqdan sonra bir müddət gözlərimi üzərində saxladım. 1998-ci ilin çapı idi. Dəftərin sahibi haqqında məlumat, aylar və həftənin günləri türk dilində yazılmışdı. Türkiyə istehsalı bir qeyd dəftəri idi. Bir az da hərbiçilər üçün nəzərdə tutulmuş dizaynı var idi. 

- Sən nə içəcəksən? Çay? Qəhvə?
- Çay, zəhmət olmasa.
- Okay.

O çıxdıqdan sonra dəftəri açıb içinə baxdım. Üçüncü səhifədə səliqəli xətlə “Sahiblənməyən qərib” başlıqlı qeyd  yazılmışdı: 

Sahiblənməyən qərib:  "Zaafımın üzerine siyah perde çeksem bile, beklediğim ışığa hayalimde öyle bir güç verdim ki, ışınları yaklaştığında perdeyi yaka bilir" – denebilirdi, eğer yaşım daha küçük olsaydı. Ama birinin kafasına "olgunlaşmak" kelimesini sokarlar ve o insan da bu kelimeyi tam anlamıyla yoğurursa, onun siyah perdeleri çelikten (poladdan) olur. O çelik öyle bi' parlar ki, gizlettiği zaaflar diri diri gömüldükten sonra ölen cisme benzerler. Yani heyecanı kalmaz. İşte, ruhun bu çelik kabuğa alışması biraz zaman alır ve kavrulur kalırsın ince düşüncenle başbaşa...Evet. Karanlık veya ışık fark etmez. Beynin içten ışınlanması lazım.

Başqa heç bir yazıya rast gəlmədim. Başqa heç bir səhifədə cızmaqara, rəsm və ya qələmdən hər hansı bir iz yox idi. Dəftəri yerinə qoydum. Görünür çox qorunan bir dəftər idi. Hər halda belə ağıllı insanın onu göz önündə saxlamağı da, hər kəsdən gizlətdiyi üçün idi. Dəftəri yerinə qoydum və mətbəxə onun yanına getdim. 

- Darıxdın deyəsən.
- Əlbəttə, sənin səsin mənim olduğum əraziyə yayılmayanda hava axınının da düzgün dövriyyə etmədiyini düşünürəm. Anomaliya.
- Ha ha ha. 

Onun evini ilk ziyarət etdiyim gün ona toxunmağıma izn verməmişdi. Gecə mənə sarılaraq yatmışdı. Açığı, mən onunla ruhumu paylaşdığım qədər cismimi də paylaşmaq istərdim. Lakin ona etiraz edə bilmirdim. Heç bir şeydə, onun heç bir istəyində ona etiraz edə bilmirdim. Ən şəhvətli arzularımın üzərinə kölgə salmağa təbəssümü kifayət edirdi. Bütün gecə sinəmdə nəfəsini hiss edərək yuxuya getmək istəsəm də, o nəfəsin ruhumu genişləndirdiyini düşünürdüm və yataraq anı durdurmaq istəmirdim.  Səhər onun oyanmasını gözləmədən getmişdim. Bilirdim ki, məndən bunun hesabını sormayacaq. Bəlkə heç bir də evinə dəvət etməyəcəkdi? Onun xasiyyəti, əhvalı mənim üçün mücərrədliyini qorumağa davam edirdi.

Bir neçə gün keçmişdi. Telefon zənglərindən və ismarıclardan başqa ünsiyyətimiz yox idi. Oktyabrın 14-ü məni yenidən evinə şam yeməyinə dəvət etdi. Çiçək və şokolad alsam, onun sevmədiyi romantizm abu-havası yaratmış olacaqdım. Spirtli içki alsam, ondan nəsə gözlədiyimi düşünəcəkdi. Bəlkə sadəcə bəyaz qızılgüllər alım? Ona nə qədər bağlandığımı ifadə etməyə qoymasa da, ağ qızılgüllər bağlılığımı onun şüuraltısına ötürər.  

Qərarsız qaldığım üçün ikinci ev ziyarətinə də əliboş getdim. Məni sehrli təbəssümüylə qarşıladı. Yazı taxtasındakı cədvəl silinmişdi. Bu gün yazdıqlarından diksinmişdim. Milyonların qarşısında çılpaq qaldığımı düşündüm oxuduqdan sonra: 

Sahiblənməyənlərin   qısqanclığı:  Sahiblənməyənlər heç vaxt onlara dəyər verən birini başqa birinə dəyər verməyə başladığı üçün qısqanmazlar. Çünki sahiblənməyənlər qarşılarındakı insan üçün “dəyərli” olduqları zaman bunu ifadə edən o şəxsin sözlərini xatırlayarlar. Bir gün öz sözlərinin əksinə davranan hərəkətlər isə sahiblənməyənlərdə qısqanclıq yox, təəssüf hissi oyadır. Bu təəssüfü isə insan qarşısındakının üzünə əlbəttə ki, vurmaq istər. Lakin daha bir təəssüf ondan ibarətdir ki, cəmiyyətdə və elə qarşındakı insanda sahiblənmək instinkti yüksəkdir və o bu “təəssüf silləsini” qısqanclıq silləsi olaraq qəbul edəcək və sevinəcək ki, dəyərlidir. Əzəldən bir şeyi dəqiq bilirəm: kartla qarşına çıxanın gərək ən son “kozır”ini gözləyəsən. Çünki oynaya bilməyənin vaxtından əvvəl qələbə sevinci qədər heç nə, onun boğazına yapışdıracağın “qalstuk”u dəyərli etmir.
  P.S. Oyundan anlayanlar anlar.

Keçən dəfə qeyd dəftərini icazəsiz oxuduğum üçün məni utandırmaqmı istəyirdi? Axı o məni həmin an görə bilməzdi. Mətbəxdə idi. Ağzımı açıb söz deməyə çalışsam, səsim məni ələ verəcəkdi. Susub heç bir reaksiya vermədən kresloda oturdum. Gəlib yanımda oturdu alnımdan öpdü. Özümü lap uşaq kimi hiss etdim. O iyirmi üç yaşında, mən isə iyirmi səkkiz yaşındaydım.  Buna baxmayaraq bəzi hərəkətləri məni qəflətən aciz duruma salırdı. Bilmirdim qarşılığında nə deyim və ya, nə edim. Başımı qaldırıb onu öpmək istədim. Dəri kreslonun kənarından yavaşca sürüşüb məndən uzaqlaşdı. Mənim üçün rəqs hazırlayıbmış. Ancaq hələ tamamlanmadığı üçün bugün nümayiş etməyəcəkmiş. Təəssüfləndim. Heç olmasa, hansı musiqini seçdiyini soruşdum. O da notebook`da reggae janrında ən sevdiyim mahnılardan birini açdı. Seçimini bəyəndiyimi söylədim. Gülümsədi və yenidən gəlib yanımda oturdu. Bu gecə danışmağa meyilli deyildi. Əhvalında isə naxoşluq hiss olunmurdu. Şəxsi məsələlərini mənimlə paylaşmamağı məni üzürdü. Bu ideya deposu olan insanın fikirlərinin haradan qaynaqlandığını, necə bir həyat tərzinin təcəssümü olduğunu bilməmək məni tanımadığı ölkəyə dil bilmədən gələn turist vəziyyətinə salırdı. Qorxumdan, bəli, onu itirməmək qorxusundan hər bir anı gözümdə böyütmədiyimi göstərirdim. 

- Səncə, birinə həqiqəti deməmək, onu aldatmaq anlamına gəlir?
- Daha doğrusu?
- Məsələn, birini incidəcəyini düşünüb ona həqiqəti demirsən sadəcə. Əgər sən deməsən, o da bilməyəcək. Amma əgər bir şəkildə öyrənsə, sən də deyəcəksən ki, soruşmadın deyə mən də demədim. Səncə bu aldatmaq sayılır?
- Fərdə görə dəyişir, məncə. Mənə qarşı belə bir şey olsaydı, mən aldatmaq kimi dəyərləndirərdim. Əgər məndən bir şeyi gizlədirlərsə, deməli mənim onu bildikdən sonra verəcəyim qərardan və ya reaksiyadan çəkinirlər. Mən bu həqiqətdən uzaq olsam, deməli onlara layiq olmadıqları varlığımı bəxş edəcəm. 

Eşidiləcək şəkildə udqundum. Gözlərimin içinə baxaraq soruşdu:
- Mənimlə paylaşmağı unutduğun bir şeymi var?


O gözlərdə insanı qorxudacaq heç bir aqressiya, heç bir kin, nifrət, həyəcan yox idi.  Məsumiyyət o gözlərdə o qədər sakit yaşayırdı ki, insan yatanlar oyanmasın deyə barmaq ucunda hərəkət etməyə məcbur hiss etdiyi kimi hiss edirdi özünü, təki o gözlərdəki sakitlik pozulmasın. Ancaq hər şeyi onunla paylaşmağa, onun fikrini almağa öyrəşmişdim. Artıq altı aydır ki, həyatıma sızan hər şüadan onun xəbəri olurdu.  Bu dəfə isə udqunaraq gözlərimi qaçırdım və unutduğum bir şey olmadığını vurğuladım. Yenə mənə sarılaraq yuxuya getdi. Axı nədən qorxursan? Düzü, mən də özümdən qorxurdum. Boşanmadan altı ay keçməsinə baxmayaraq, heç kəslə “əlaqə”də olmamışdım. Əlimdən gələni edirdim ki, ondan aqressiyamı və özümdə olmadığımı gizlədim. Son zamanlar tanımadığım bir qadından gələn ehtiraslı və tanışlıq istəkli mesajlar da, təbiətin orqanizmimə yerləşdirdiyi biozəngi çalmışdı. Qucağımda yuxuya gedən bu balaca canlıya xəyanət edəcəyimi düşünürdüm. O mesajları cavabsız qoymağa davam edirdim. 

Səhər yenə o oyanmadan çıxdım evdən. Bu dəfə dərin bir həsrət çökmüşdü içimə. Qapıdan çıxdığım andan növbəti görüşə kimi vaxtın uçmasını arzu edirdim. Bir neçə gün daha yubansaydı, özümlə bağlı bütün qorxularım özünü doğruldacaqdı. Bəlkə ona özüm yazım hər şeyi? Yox, yox... Gözləyərəm. Gözləyərəm əlbəttə. 


“Bilirəm, bilirəm məni eşidirsən. Bilirəm, məni hər kəsdən daha çox hiss edirsən. Ağlıma və ürəyimə bu qədər hakim ikən, niyə mənə yaratdıqlarının əziyyət verməsinə icazə verirsən?! Niyə istəmirsən mənim ruhumu onların təsirlərindən ayırmaq? Nə olar, al əllərimi və  hirsimi bəndələrlə paylaşmaqdan məni məhrum et! Nə olar, al ürəyimi və onu bəzədiyin qüruru ona geri qaytar. Mən onu nə vaxt itirdiyimi xatırlamıram. Niyə məni bu bəndələrə, sevmədiyim, iyrəndiyim, uzaq durmaq istədiyim bəndələrə möhtac saxlayırsan? Niyə onlara izn verirsən mənim sahiblənmək istəmədiyim hər şeyi gözümün önündən çəksinlər. Sahiblənmək istəmədiyim hər şeyi özlərinə aid etsinlər? Niyə onlara bu icazəni verirsən? Mən yoruluram axı! Mən burda təkbaşına günlərlə ağlamalıyamsa, gözlərimə dərya qədər su ver, ağlayaram amma nə olar məni ona yazmaqdan qoru! Qoru! Bax , əllərim yenə telefonun üstünə gedir! Məgər mən o qədər pis bəndəyəm? Məgər mən o qədər sevilməz hala salmışam ruhumu? Məgər bu cism özünü sənə verdiyin kimi qaytarmaq istəməkdə günahkardır? Məni ... Mən... Bilirəm, eşidirsən. Eşidirsən! Bilirəm ...”

Qapı ağzında bunları eşitdikdən sonra qapını döymədim. Gözlərimdən düşən iki damla yaşın izini silib qulağıma onun hönkür-hönkür qışqıran göz yaşlarını yığıb oradan uzaqlaşdım. Ondan ayrı qala bilmirdim, onun yanına qayıtmağa cəsarət etmirdim. İstərdim ki, yanına qayıtsam məni parçalasın, öldürsün, məhv etsin, hirsini töksün, ancaq bilirdim ki, qayıtdıqda məni yenə də o məsumiyyətin susan baxışları qarşılayacaqdı. Bu isə mənim üçün cəhənnəm əzabına bərabər bir an olardı. Mən günahkar idim. 

Ondan zənglər yubanır, ehtiraslı mesajlar yazan qadın isə dayanmırdı. Hətta bir dəfə qarşıma çıxıb özünü təqdim etmişdi.  Adminstratoru olduğum restoranın yaxınlığındakı mağazada satıcı-konsultant imiş.  Bir həftə keçmişdi və mən üçüncü dəfə aldığım dəvətə etiraz etməmişdim. Yenidən onun sinəmdə nəfəsini hiss etdikdə dözə bilmədim və ona ehtiraslı mesajlar yazan qadından bəhs etdim. Başını sinəmdən qaldırıb üzümə baxdı. Heç nə demədi, yenidən əvvəlki vəziyyətinə qayıtdı. Bir neçə dəqiqə sonra:

- Ona etiraz etmək düzgün deyil. Bu sənin səhətinə mənfi təsir göstərəcək. Madəm ki, fürsət qapına qədər gəlib , bu könüllünü qaçırmamalısan. Neçə vaxtdır bunun stresidir üzünə yansıyan?
- Mən onunla olmağı sənə qarşı xəyanət hesab edirəm. Neçə vaxtdır məhz bu xəyanəti sənə
yaşatmamaq üçün onun mesajlarına cavab yazmır, onu saymıram. Əgər onun ucbatından səni itirəcəyəmsə, mən səhətimə yansıyacaq hər mənfi təsirə razıyam. Mənim ən əsas dərmanım, vitaminim sənsən.
- Yenə başlandı sənin bu pafoslu nitqin? Mən səndən kiçiyəm, 14-15 yaşlı yeniyətmələrdən böyüyəm.

Hər halda bunun fərqindəsən ? Sən bilirsən axı, mən söz vermişəm, heç vaxt “məsumiyyətimi” itirməyəcəyəm. Sənin sevgin mənə qarşı nə qədər böyük olsa da, əbədiyyətə qədər məni gözləyəcək orqanizmə sahib deyilsən. Mən səni başa düşürəm və dəstəkləyirəm. 

Bu söhbətdən sonra mənə daha möhkəm sarılıb yuxuya getmişdi. Həmin gecə mən də yatdım. Səhər oyandıqda isə ilk dəfə onun üzümə dikilən gözləriylə bu qədər yaxından qarşılaşmışdım. Alnından öpüb demək olar ki, qaçmışdım onun yanından. 

Olan olub, keçən keçmişdi. Bunu onunla paylaşmaq lazım idi. Ancaq bunu mən ona necə dəyəcəkdim? Sanki hiss etmişdi ona xəyanət etdiyimi. İki həftədən çox idi ki, nə yazırdı, nə də zəng edirdi. Mənim də cəsarətim çatmırdı ondan öncə davranmağa. Hətta fikirləşirdim ki, bir daha məni axtarmasa, məni qurtarmış olacaq. İndi də başqa bir bədən mənə öyrəşmişdi. Görəsən, yemək və fiziki tələbatların ödənməsi ehtiyacı olmasaydı, insanlar nəyin davasını edərdilər bir-birləriylə? 

... Və qorxduğum gün gəlib çatdı. Noyabrın iyirmi yeddisi yağış səngimək bilmirdi. Fikrim dağılsın deyə internetdə gəzib dolanmadığım səhifə qalmamışdı. Bir gözüm telefonda, bir gözüm noutbukda, ürəyim qorxuda, ağlım bilinməzlikdə qalıb məni parçalayırdılar. “Balaca” zəng edib məni evinə dəvət etdi. Səsindəki laqeydlik həmişəki kimi özünü qorumaqda idi. 

Sahiblənməyənlərdən: Kəşf etmək; Tapmaq; Axtarmaq; Bunlardan heç
                                     biri “yoxlamaq” qədər təhlükəli fel deyil. 
                                  Səmimiyyətə dəvət edənlərin çoxu,
                                     Sizi tənqid edərək təhrif etmək  istəyənlərdir.

Bu yazı taxtasına yazılanların effekti hər dəfə eyni olurdu. Mən özümü onun qarşısında narahat hiss edirdim.

- Rəqsimi tamamlamışam. 
- Aaa.. Lap ya...- sözümü bitirmədən musiqi sədaları altında onun əllərinin havada anlaşılmaz naxışlar çəkərək dalğalandığını, ayaq hərəkətlərinin rəqsi yubatdığını və musiqinin taktına uyğunlaşdığının şahidi oldum.

Kaş o rəqsinə alüdə olub öz aləmində ikən, mən də ona hər şeyi danışa biləydim. Bəlkə heç nə eşitməzdi və mən də içimdəki tikandan qurtulardım. Bu həqiqəti səsli düşünməməkdən dəli olacağam.

- Mən sənə sahiblənməyənlər haqqında danışmışam?

Rəqs bitməyib axı. Niyə anidən bu sualı verdi? Nə cavab verim? Hər dəfə evinə gələndə lövhədə oxuduqlarımın məni utandırdığını etiraf edim? 

- Yox. Danışmamısan.

Əlləri havada naxışlar çəkməyə davam edir, ayaqları yerində dövrə vurur, səsinin dalğası isə rəqsə sehrini qatırdı. 

- Sahiblənməyənlər kimlərdir? Onlar başqalarının həyatında səssiz film kimidirlər. Dərin
təəssürat buraxsalar da, başqaları bu insanları ifadə edəcək söz tapa bilmirlər. Sahiblənməyənlər hər zaman başqalarının həyatının sirri kimi qalırlar. Mənsubiyyət şəkilçiləri onları başqalarına mənsub etmir. Sahiblənməyənlər heç kəsin azadlığını əlindən almır və yeni-yeni yetişən sahiblənməyən fərd, sahiblənmək istədiyinin şəklini yaddaşında əbədi xatirəyə çevirir. Beyninə ilk qurdun düşdüyü gün, o xatirənin düşdüyü gündür. Sonra hamı, hətta sahiblənməyənin özü də o qurd barədə unudaraq yaşayar. Ancaq həyatının hər bir “bağlantı” yaradan anını o qurd idarə edər və bağlantıları, bağlılıqları kəsər, içində ehtiras, eşq, sahiblənmək istəyini oyada biləcək bütün hisslərdən doğan  münasibətləri yarımçıq saxlayar.

- Mən fikirlərimi sənin kimi ifadə edə bilmirəm, ya da demək istədiklərimin əslini başqa cümlələrlə
ifadə edərək gizlədə bilmirəm. Ona görə də səni bəzən başa düşmürəm.  
- Səni narahat etmədim?
- Nə üçün belə düşünürsən?
- İsti qucaqdan ayrılmaq həmişə asan deyil. Səncə, uzun müddətdir səni axtarmamağımın səni narahat etməməsi mənə hər şeyi aşkar etmir? Bu iki şeyin göstəricisi ola bilər: ya sən məndən uzaqda olmaqdan çox xoşbəxtsən və yaşadıqlarını mənim korlamağımı istəmirsən, ya da sən o qədər dərin vicdan əzabı çəkirsən ki, mənim sənə zəng etməməyim və yazmağım səni  özündən xilas edir.
- Vicdan əzabı? Axı mən niyə vicdan əzabı çəkməliyəm? Mən sənə demişdim, bu təbii ehtiyacdır.
İnsanlar  tanıyıram ki, məhz bu ehtiyacı uzun müddətdir ödəməyiblər deyə səhətlərində ciddi problemlərlə qarşılaşıblar. Mən sənə xəyanət etmiş olsaydım, bunu öncədən səninlə paylaşmazdım. Düzdür? 
- Məncə, sən məndən edəcəyin “işin” icazəsini alacaq qədər böyük hörmətsizlik etdin mənə qarşı.
Səni yolundan saxlamamağımın tək səbəbi səhətində problemlər yaşanacağı ehtimalını önləmək idi. Bilirdim ki, mən qarşı çıxsam sən heç bir addım atmayacaqsan. Özünə və sağlamlığına ziyan vuracaqsan. Zamanla orqanizminlə yaşadığın problemlər səndə mənə qarşı neqativ hisslər oyadacaq. Kiminsə gözündən düşmək mənim üçün dözülməzdir. Mən özümü həddindən artıq çox sevirəm və hətta ən mənfi xüsusiyyətlərimin başqalarına necə “satılmasını” bilirəm. Məsələ, mən səninlə olmağa davam edərdim, lakin sən həqiqətlərinlə, yalanlarının paylaşılma zamanını düzgün nizamlaya bilmirsən.
            Qısacası, münasibətimiz burada yekunlaşır.  Bu gecə də sənə sarılaraq yuxuya gedəcəyəm. Nizam-intizamın pozulmasını sevmirəm. Səhər isə xahiş edirəm, bundan öncəki gecə kimi yubanma. Mən yeni sabaha oyanaraq səni bir daha görmək istəmirəm.

Bütün bu cümlələrin qarşılığında mən nə deyə bilərdim? Bu xilasdan imtina etməliydim? 

Səhər saat dörd-beş arası oyanıb qonaq otağına keçdim. Siqaretimi yandırıb çəkmək istədim. Sonra fikrimi dəyişib qəhvəyi dəftəri götürdüm. Qonaq otağının ruhu bu dəftərdə gizlədilib sanki. Dəftəri götürüb balkona çıxdım və səhifələməyə başladım. Oktyabr ayının 31-də eyni səliqəli xətlə “Uduzmuş sahiblənməyən” başlıqlı qeyd yazılmışdı. 

Uduzmuş sahiblənməyən: Başqa planetdən olub Yer planetində yaşamaq istərdim. Fiziki cəhətdən də, mənəvi cəhətdən də başqa təbiətə sahib olub başqa aləmin canlısı olaraq indi yaşadığım planetdə yaşamaq istərdim. Hər insanın yaşadığı dünyanı öz aləmimdə olduğu kimi təhrif etmədən yaşamaq istərdim. Uduzdum mən. 
Hər kəsə hər şeydə uduzdum. Mən artıq kim olduğumu və kim olmaq istədiyimi ayırd edə bilmirəm. Məndən heç nə saxlamadılar. Ən böyük qurbanlarda “sevgi” görüb onu adiləşdirdilər və adiləşdirdikləri qurbanları məndən tələb etdilər. Doğulduğum gündən bəri axıtdığım damla-damla qanımı görməyib, iyirmi üç illik ömürdən sonra mənə dedilər ki, qan lazımdır, donor ola bilərsən? Onlar görmürdülər ki, son damla qanım qalıb, ancaq bilirdilər ki, mən onların sualına qanımı verməklə cavab verəcəm. Mən fərqli yarpaq olmaq istədim, mənə isə yapışmalı olduğum ağacı göstərdilər. Mən ağac olmaq istədim, mənə bitməli olduğum torpağı göstərdilər. Mən torpaq olmaq istədim, mənə yararlı olacağım ərazini göstərdilər. Mən su olmaq istədim, mənə susuzluqlarını yatıra biləcəyim boruları göstərdilər. Mən başqa şey istədim, onlar başqa şey göstərdilər. Mən gördüyümə qovuşmaq istədim, onlar gördüklərində məni görmək istədilər. Mən mən dedikcə, əsərlərindən zövq almadığım “uşaq-muşaq” təbiətli insanlarla eyniləşirəm. Təhrif edilmişəm və bunun dərəcəsi yoxdur. Mən öldüm.

Onun hönkür-hönkür ağladığını və duaya bənzər nitqlərlə kiməsə müraciət etdiyini eşitdiyim gün yanlış xatırlamıramsa, 31 oktyabr günü idi. Onu mən öldürmüşəm? Yox, ola bilməz. Axı mən... Bir neçə səhifəyə də baxdım. Noyabrın müxtəlif günlərində qısa-qısa qeydlər var idi: 

Sahiblənməyən biri:  “Bir günümə keçmişdən, gələcəkdən və  günümdən əlavə bir gün qatdım və başa düşdüm niyə vaxtından tez böyüdüyümü iddia edirlər. Bağışlayın, bu həqiqətdə təvazökar ola bilmirəm.”

Sahiblənməyənlərin zəif anı:  Yaddaşı xilas edəcəyik deyib ta dibinə qədər  xatırlamaqdan “imtina edərək” irəliləyirlər. Yol qət edildikdə isə “xilas edilmiş” ərazini ani bir qoxu bürüyər. Bitdi. Əməliyyat uğursuz tamamlanmışdır. 

Sahiblənməyən yad biri: Orijinali bulmak için yetişmeniz, onların kaybını kaldıracak kadar güçlü olmanızı sağlıyor. Bulana kadar geçtiğiniz yol, kaybettikten sonra geçeceğiniz yolun kılavuzudur. Sanki bi` balıkçı bulutların üzerinde oturmuş, sizin bulduğunuz “orijinal”in hangi yemle avlandığını biliyor ve böylece onu sizden alıyor. Acaip bir sistem. 

Sahiplənməyənlərdən biri : Uzaqlaşan səslərin dalınca gedən ruhumu, yaxınlaşan  səslər nə qədər geri çağırsalar da, qayıtmaq istəmir.

Dəftəri bağlayıb yerinə qoydum. Həmin gün evə yox, ehtiraslı qadının yanına qayıtmışdım. Bir neçə ildən sonra “Balaca”nın başqa ölkəyə köçdüyünü eşitdim. Bu xəbəri öyrəndiyim gün yuxudan ayılmışdım. Bütün yuxularımdan. İndi bir həqiqət var idi: İnsan nə qədər ağıllı olur-olsun, səhvlərini edib onlarla böyümək üçün özünü hər zaman uşaq saxlayır. Ya səhvlərindən zövq alır, ya böyümə prosessindən. Hər ikisi ona əzab verir, amma bu əzab göstəriş üçündür. Yalandır. Mənim ən çox böyüdüyüm an “Balaca”nın yanında yaşanmışdı. Ondan ayrıldığım gün ehtiraslı qadının yanına qayıtmaqla, mən özümü hər şeydən məhrum etmişdim. Böyüməkdən də, səhvlərdən də, xoşbəxtlik ehtimalından da. İndi ya o xoşbəxtdir, ya da mən? Burası da gülüncdür, elə deyilmi? Ya “Balaca” xoşbəxtdir, ya da mən? Bəlkə də özünü bədbəxt hesab edən ehtiraslı qadındır içimizdə ən xoşbəxt olan şəxs. Ha ha ha...

No comments:

Post a Comment