December 8, 2012

Gəl, uzat keçmişdən bir budaq mənə!

Əziz nənəm Tamara Cəfərliyə  ithaf olunur

Salıram yadıma uşaqlığımı,
Açılır önümdə dolu mənzərə.
Görürəm qarşımda səni, babamı,
Sızlayır qəlbimdə incə tel hələ.
Yadıma salıram məktəb illərin,
Sənin və babamın şirin sözlərin.
Məktəbə gedirəm xəyal iziylə
Duyuram nəfəsin əsən yellərin,
Əlindən tuturam zərif əllərin,
Darıxır ürəyim deyəsən hələ.
Böyümək nə yaman dərddir, ay nənə!
Unutdurur mənə ərköyünlüyü.
Keçmişdən bir budaq gəl, uzat mənə!
Yaslayım başımı mən dizlərinə,
Hiss edim saçımda sığalı yenə,
Unudum nə zaman böyüdüyümü.
Yenə qucaqlasın o dəniz məni,
Sahilindən bir az uzağa atsın,
Adımı çağıran o səsin zəhmi
Qəddar dalğalardan məni qorusun.
Qurtarsın o məni dərinliklərdən
Babamı qaytarsın həyat yenidən.
Gəl, uzat keçmişdən bir budaq, Nənə!
İnanım keçmişin gerçəkliyinə,
Gələcək gəlməsin deyirdim helə
Toxunmasın mənim əzizlərimə.
Qaytarsın babamın stulun yenə,
Bizim pəncərənin geniş önünə.
Gözləri yol çəkər bəlkə də yenə,
Təki ümid dolu nəfəsi qalsın.
Gəlsin, yalnızlığın beli qırılsın.
Gəl, uzat keçmişdən bir budaq mənə!
Nə səni, nə onu qoymazdım gedə,
Qoymazdım ocağın istisi sönə,
Qoymazdım fələyin tərs üzü dönə,
Bu böyük cismimlə uşağam yenə,
Bəlkə də gülərsən sən bu şeirimə,
Di gəl ki, bu uşaq darıxır hələ.

1 comment:

  1. Tebrikler Leman ela alinib... Her nene hesretdi bele neveye )

    ReplyDelete