December 8, 2012

Yorğanın qırmızı qızılgüllərdi...

Artıq 10 ildir ki, aramızda olmayan əmim - General-mayor Fikrət Məmmədovun 09.12.2012 tarixində doğum günüdür(09.12.1961-15.05.2002). Bu şeir onun əziz xatirəsinə ithaf olunub.



Məzarı al qana boyayan, demə,
Al rəngli çiçəyin ləçəkləridi
Olaydım o çiçək, al qanlı ləçək,
Girəydim canına, şah damarına
Qaytaraydım səni öz  həyatına,
Bir az gec düşəydi dən saçlarına.
Əridib gözündə donan yaşları,
Ananı acıdan qurtaraydım kaş.
Hər fəsli sərt qışa döndərən qəmin
Qəddar çomağını sındıraydım kaş, 
Sakitlik tapmayan iki insanın,
Təsəlli sözünə çevriləydim kaş.
Daha sağsağanlar gəlmir həyətə,
Gətirmirlər səndən xoş xəbərləri.
Ağacda bir qəfəs ola biləydim
Uçmağa qoymazdım bu elçiləri.
Atanın sinəsi bir sipər oldu,
Gözlədi gəlmədin, dərd qubar oldu,
Yoxluğundan ödünc aldığı qəmdən
Dözmədi ürəyi , dərbədər oldu.
Sağ ikən şəninə sağlıq deyənlər
Ata ocağından ayaq kəsdilər.
Sənə sadiq olan “vəfalı” kəslər
Sən yoxkən ünvanı tez dəyişdilər.
Yatağın olubdur soyuq bir məzar
Yorğanın qırmızı qızılgüllərdi.
Səni el-obana unutdurmayan,                                   
Səni xatırladan xoş əməllərdi.                                       

No comments:

Post a Comment