December 7, 2012

Fələyin halları


Kimləri kimlərə yar etmisən, sən!
Ey fələk, çarxını dar etmisən, sən!
İnsanı ulağa  tay edib bəzən
Dünyanı gözümdə xar etmisən, sən!

Döndərə bilsəydim çarxını sənin,
Zaman anlamını yığışdırardım.
Öyrənə bilsəydim dərdini sənin,
Hər kəsin gözünü özüm açardım.

Kiçik yaşlarımdan öyrəşdim sənə,
Böyüyüb hirsimi yönəltdim sənə,
Üsyana sığmayıb azğın düşəndə
Yenə də başımı salladım sənə.

Qəlbim qıfıldaykən qınadım səni,
Sevgisiz bir yolda sınadım səni,
Azadlıq eşqiylə çöllərə düşüb
Sınmış ayaqlarla aradım səni.

Suallar cavabsız qalıbdır səndə,
Mənasız həvəslər yaranıb səndə,
İmtahan adıyla təşvişə salıb
Məzara məhəbbət yaranıb səndə.

Görən kim çalıbdır bəxtini səndən?
Kim ayrı salıbdır səni bədəndən?
İnsanla ədavət düşüb arana
Hər kəs almayıbmı payını səndən?

No comments:

Post a Comment