Əlini tutduğum günlər uzaqda,
Onların istisi hər qışımdadır.
Üzünə baxdığım günlər uzaqda,
Cizgisi hər yeni tanışımdadır.
O vaxtı üstümdə qürur çox idi,
Üzümdən sevginin izini sildi.
Nə həvəs var idi, nə söz var idi,
Ayıq qalmaq üçün şərab içirdi.
Yaddaşım keçmişə uzun yol aldı,
Həsrətə verdiyim möhlət də bitdi.
Günahlar ömrümə yolunu saldı,
Gün günü azdırdı, ömür də bitdi.
Ağ birçək kölgəsin saldı üzümə,
Ruhumla həmyaşıd oldu bədənim.
Sənsizlik bir zəhər qatdı dilimə,
Çətin mən bu dillə sevilə bilim.
No comments:
Post a Comment